M.M.NƏvvab: “...Bu davada fəth, nüsrət

və qələbə biz müsəlmanlarla olacaq

 

M.M.Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində təxminən 110 il bundan əvvəl Qarabağda, o cümlədən də Şuşa şəhərində ermənilər tərəfindən törədilən fitnə-fəsadı hərtərəfli təsvir etmişdir. Müəllif 1905-ci ildə Şuşa şəhərində baş verən hadisələrdən bəhs edərək yazır ki, fitnə-fəsada cavab olaraq müsəlmanlar ayağa qalxdılar. Başlanan iğtişaş nəticəsində qan su yerinə axa bilərdi. Bu qanlı hadisənin qarşısını almaq məqsədilə hər iki tərəfdən mötəbər adamlar hadisəyə müdaxilə edərək qan tökülməsinə yol vermədilər.

Ermənilər and-aman edərək, peşiman olduqlarını bildirərək şüşalılardan üzr istəmişlər. Lakin ermənilər düşmənçilik niyyətlərindən də əl çəkmirdilər. Ermənilər müsəlmanları silahsız qoymaq üçün, onlarda olan silahları ələ keçirmək məqsədilə 20 manata satılan tüfəngi 100 manata, 6 manata satılan tapançanı isə 30 manata almağa başladılar. Müsəlmanlar evlərində olan odlu silahları kütləvi surətdə ermənilərə satdılar.

Məlum olduğu kimi, bu dövrdə rus-yapon müharibəsi davam edirdi. Ona görə də Rusiya imperiyası öz daxilində baş verən siyasi hadisələrə müdaxilə etmək imkanında deyildi. Şuşa şəhərində baş verən siyasi hadisələrə ziyalılar biganə qala bilmirdilər. M.M.Nəvvab yazır ki, “şəhərdə baş verə biləcək qırğının qarşısını almaq üçün müsəlmanlar toplaşıb bir neçə nəfər tədbirli adam seçib bir məclisi-xeyriyyə yaratdılar”.

Həmin seçilmiş şəxslər müsəlman camaatına xəbərdarlıq edib bildirdilər ki, erməni tayfası hiylə işlədərək müsəlmanlardan silah toplamaq üçün həmin silahları baha qiymətə alırlar. Onların məqsədi odur ki, həmin silahlarla müsəlmanların özlərini qətlə yetirsinlər. Həqiqətən də hiyləgər ermənilərin məqsədi belə idi. Bundan sonra müsəlmanların ermənilərə silah satması qəti qadağan edildi.

Erməni quldurları silah əldə etmək və müsəlmanları qırmaq məqsədilə quldurluqdantalanlardan əl çəkmirdilər. M.M.Nəvvab ermənilərin belə hərəkətlərindən bəhs edərək yazırdı: Bu günlərdə padşahlıq postundan üç nəfər rus bir çemodanla padşah xəzinəsinə 43 min manat nəqd pul və nə qədər veksel (borc kağızı - Y.H.) aparan zaman qala (Şuşa nəzərdə tutulur) divarının arxasından çıxan erməni quldurları həmin rus xadimlərini vəhşicəsinə öldürüb pulu və çemodanı götürüb qaçmışlar. Bu məbləğdə pulu ələ keçirən erməni quldurlarının müsəlmanlara qarşı kin və nifrətləri daha da artmağa başladı. Onlar öz aralarında müsəlmanlara qarşı hücum planı hazırlamağa başladılar. Bu plana əsasən, qalada olan müsəlmanların hamısını böyükdən kiçiyə qədər qırmaq, onların əmlaklarını talan etmək, evlərini yandırmaq nəzərdə tutulurdu. Hətta planda hücumun tarixi və vaxtı da saatlara kimi nəzərdə tutulmuşdu”.

Amma ermənilər bu çirkin niyyətlərini həyata keçirə bilmədilər. Müsəlmanlar erməni quldurlarının qanlı hərəkətlərinin qarşısını vaxtında ala bildilər... Şuşalıların qarşısında aciz qalan ermənilər nəyin bahasına olursa-olsun məqsədlərinə çatmaq üçün bütün alçaqlıqlara əl atır, müxtəlif tədarüklər görür, çoxlu erməni quldurlarını Şuşaya toplayırdılar. Bütün bunlar gizli yolla həyata keçirilirdi.

Mir Möhsün Nəvvab belə bir əhvalat söyləyir: “Mənim evim erməni məhəlləsinə yaxın ərazidə yerləşirdi. Ona görə də bir neçə möhtərəm adam mənə məsləhət gördü ki, evimi dəyişim. Həmin xahişə görə mən bir gecə evdə əyləşib diqqətlə sual etdim ki, bu davada fəth, nüsrət və qələbə biz müsəlmanlarla olacaq, yoxsa erməni tayfası ilə? İstixarə etdikdən sonra belə bir cavab zühurə gəldi: “Qələbə yaxın günlərdə sizindir. Bütün düşmənlər sizin ayaqlarınızın altındadır”. Sonra bu sözləri qazixanədə yığıncaqda söylədim. İkinci dəfə istixarə etdim ki, mənim evim kilsəyə yaxın olduğundan ona zərər dəyər, ya yox? Zərər dəyərsə, köçüm. Belə cavab gəldi ki, baxmayaraq ki, sənin evin kilsəyə yaxındır, qəm yemə, axırı xeyirlidir”.

Bundan sonra M.M.Nəvvab evindən köçmək fikrindən əl çəkir və Allah-təalaya dualar oxuyub onun köməyinə bağlanır.

Erməni quldurları 16 avqust 1905-ci ildə dəfələrlə and-aman edib vədlər vermələrinə baxmayaraq, müsəlmanların üzərinə hücum etdilər. Bu xəbəri eşidən kimi müsəlmanlar bütün işlərini dayandırıb silaha sarıldılar. Qanı coşan şuşalı cavanlar nərə çəkərək ermənilərin üzərinə hücuma keçdilər. Müsəlmanlara Şuşanın ən görkəmli ziyalıları başçılıq edirdilər. Şuşa ətrafında yerləşən müsəlman kəndlərindən 700-ə qədər atlı və piyada şuşalıların köməyinə gəldi. Ermənilər çoxlu itki verdilər. Biabırcasına məğlub olan ermənilər aman diləməyə yol axtarırdılar. Erməni quldurları məğlub olduqdan sonra qaliblər kilsəyə od vurub yandırmaq istədilər. Lakin Şuşa ziyalıları buna yol vermədilər. M.M.Nəvvab yazır ki, döyüşlərə rəhbərlik edən Şuşa ziyalıları kilsəni yandırmaq istəyən, ermənilərə nifrət bəsləyən döyüşçülərə dedilər ki, kilsə və məscidlərə hörmət etmək lazımdır.

Davanın dördüncü günü Şuşa cavanları “Ya Əli” nərəsini çəkib ermənilərin son səngərini məhv etdilər. Bu qələbədən sonra qaliblər qələbə bayrağını kilsənin üzərinə və xəlifəli qapısına sancdılar. Bu qələbədən sonra erməni xəlifələri və bütün keşişlər barışıq üçün şəhər məscidinə gəlib aman istədilər. Xəlifə qabaqda (Xəlifə dedikdə başçı nəzərdə tutulur), keşişlər əllərində xaç, “İncil” və bayraqlar tutaraq gözyaşı tökə-tökə Yuxarı Gövhər ağa məscidinə daxil olaraq yalvarmağa başladılar ki, səhv etmişik, bizi əfv edin, bağışlayın, bir də belə alçaq hərəkətlərə yol vermərik. Elə yeri gəlmişkən deyim ki, erməniləri belə bir gün Qarabağda, Şuşada gözləyir, özü də tezliklə.

1905-ci ildə baş verən erməni-müsəlman davasında Şuşanın ətrafında yerləşən müsəlmanlardan ibarət olan yaşayış məntəqələrində də ermənilər soyqırımı törətməyə çan atsalar da, onlar məqsədlərinə nail ola bilmədilər. 1905-ci il erməni-müsəlman müharibəsində tamamilə məğlub olan ermənilər yenə də bəd əməllərindən əl çəkmir, qisasçılıq hissini bir an da olsun unutmurdular. Onlar arası kəsilmədən hər yerdən hərbi sursat gətirir, yeni qırğınlar törətməyə hazırlaşırdılar.

Birinci (1905-ci il) erməni-müsəlman davasından sonra sülh və əmin-amanlıq yaratmaq məqsədilə Şuşa qalasına göndərilən general Qalaşapov xəyanət edərək ermənipərəst siyasət yeritməyə başlayır. O, erməni varlılarından çoxlu məbləğdə rüşvət alaraq onları müdafiə etməyə başladı. Varlı ermənilərdən Kiki Kələntərov generalın xarakterini əvvəlcədən öyrənə bildiyindən onu tezliklə toruna sala bildi. O, hər gecə öz evində Qalaşapovun şərəfinə ziyafət verir, erməni qadınlarını xidmət üçün onun ixtiyarına verirdi.

Kiki Qalaşapovu iradəsinə tabe etdikdən sonra ona öz çirkin niyyətini aça bildi. Müsəlmanlardan qisas almaq üçün tezliklə Şuşaya 7 min erməni ordusu, 5 ədəd rus və 6 ədəd erməni topları gətirildi. Generalla ertmənilər qərara gəldilər ki, müsəlmanlara qarşı davanı 1906-cı il iyunun 12-də başlasınlar. Bu, sözün əsl mənasında, soyqırımı demək idi.

Qədim türk şəhəri Şuşa müsəlmanlardan təmizlənərək erməni ünsürlərinə verilməli idi. M.M.Nəvvab generalın ermənilərə verdiyi vədi belə izah edir: “Qalaşapov ermənilərə söz vermişdi ki, erməni silahlıları və rus əsgərləri müsəlmanların evlərini, dükan və bazarlarını tamamilə yandırıb özlərini isə qıracaqdılar. Bunun davamı olaraq rus kilsəsindən başlayaraq Böyük məscidə kimi Rastabazarı, meydanı, Şeytanabazarı və bütün evləri darmadağın edib yandırmağı da general öz üzərinə götürmüşdü. Bütün bunlardan sonra vuruşmanın davam etdirilməsini və müsəlmanlara barışıq məsələsini ermənilərin öz öhdəsinə buraxmışdır”.

Kiki Qalaşapova 10 min manat verdi. Hər topdan atılan atəşə 15 manat rus əsgərinin tüfəngdən atdığı arəşə isə 1 manat verməyi öhdəsinə götürmüşdü. Top atəşləri mütləq rus topçuları tərəfindən icra olunmalı idi.

Qalaşapovun hiyləsi ilə iki rus əsgəri gizli surətdə gedib müsəlman məhəllələrinin birindən ermənilərin yaşadığı əraziyə atəş açmağa başladı. Generalın məqsədi ondan ibarət idi ki, erməniləri müsəlmanlara qarşı qaldırsın o, buna da nail oldu.

Beləliklə, 1906-cı il iyulun 12-də İkinci erməni-müsəlman davası başladı. Müsəlman məhəllələrinə atəş açılan zaman Qalaşapovun göstərişinə əsasən müsəlmanların içərisində olan rus hərbçiləri bildirdilər ki, atəş açan ermənilər və kazaklardır. Lakin müsəlmanlar onlara inanmayıb silahı yerə qoymadılar. Səngərlərdə və küçələrdə hazır dayandıalr. Elə bu vaxt Köçərli məhəlləsindən xəbər gəldi ki, Qalaşapov ermənilərlə birləşib müsəlman məhəllələrinin məscidlərinə və evlərə od vurublar. Şəhər əhalisi bu zaman böyükdən kiçiyə kimi ayağa qalxdı.

Düşmənin birləşmiş qüvvələri şuşalıları qorxuda bilmədi. Bu ağır günlərdə ətraf bölgələrdən, hətta İrandan Şuşaya köməyə gələn dəstələr düşmənə zərbələr vururdu. Laçından gələn igidlərə Sultan bəy Paşa bəy oğluİbrahim bəy Əli Məhəmməd bəy rəhbərlik edirdilər.

1905-ci ildə olduğu kimi, 1906-cı il erməni-müsəlman davasında da ermənilər rusların köməyinə baxmayaraq, biabırcasına məğlub oldular. Qaçanları qaçdı, qalanları isə müti bir şəkildə ağlaya-ağlaya, keşişlər boyunlarında kəndir, əllərində yeddi aman bayrağı, baş keşiş isə əlində böyük xaç onların qabağında məscidə gəlib yenidən barışıq xahiş etdilər.

Bununla da beş gün davam edən erməni-müsəlman davası erməni ünsürlərinin tam məğlubiyyəti ilə başa çatdı. 1906-cı ildə beş gün davam edən davada müsəlmanlar 18 nəfər itki verdi, 21 nəfər isə yaralandı.

Erməni quldurları isə 700-ə qədər itki verdi, 287 nəfər isə yaralandı. Ruslardan ölənlərin sayı isə 31 nəfər oldu. Şuşalılar onlara xəyanət etmiş general Qalaşapovun şəhərdən qovulmasına nail olmaqla yanaşı, onu fiziki cəhətdən də məhv etdirdilər: bu işi əslən Gülablıdan olan igid, vətənpərvər Tağıyev Hüsü Əli oğlu (1875-1938) Tiflis şəhərində həyata keçirdi...

 

Yunis HÜSEYNOV,

tarix üzrə fəlsəfə doktoru

Azərbaycan.-2015.- 8 mart.- S.10.