Qarabağda törədilən qanlı hadisələrdən 110 il keçir. Həmin qırğınları o dövrün bir çox tərəqqipərvər ziyalıları qələmə alıblar. Bu baxımdan qanlı-qadalı illərin
dəyərli abidəsi olan Mir Möhsün Nəvvabın
“1905-1906-cı illərdə erməni-müsəlman
davası” kitabında həmin hadisələri əks etdirən
parçanı oxuculara təqdim edirik.
Qarabağın Şuşa şəhəri
və ətrafında baş verən erməni-müsəlman
iğtişaşları və ermənilərin
məğlub olması
Ermənilər öz qarşılarına qoyduğu məqsədə çatmaq üçün durmadan səngərlər tikir, müxtəlif tədarüklər görür, vilayətlərdən və kəndlərdən Şuşaya kömək gətirirdilər. Odur ki, şəhər erməni tayfası ilə dolmuşdu.
Mən, Mir Möhsün Nəvvab evim erməni məhəlləsinə qonşu olduğuna görə qarşıdan gələn təhlükəni nəzərə alaraq şəhərin bir neçə izzətli şəxsləri evimi dəyişməyi mənə məsləhət bildilər. Həmin xahişə binavən bir gecə əyləşib diqqətlə sual etdim ki, bu davada fəth, nüsrət və qələbə biz müsəlmanlarla olacaq, yoxsa erməni tayfası ilə! İstixarə etdikdən sonra bu növ cavab zühura gəldi: “Qələbə yaxın günlərdə sizinlədir. Bütün düşmənlər sizin ayağınızın altındadır”.
Sonra bu beyti yazıb qazixanədə yığıncaqda söylədim. Bir para adamlara isə bu beyti yazıb verdim ki, cürətləri daha da artsın, ümidsizlər cəsarətə gəlsinlər.
İkinci dəfə istixarə etdim ki, mənim evim kilsəyə yaxın olduğundan ona zərər dəyər, ya yox? Zərər dəyirsə, köçüm. Belə cavab gəldi:
Baxmayaraq ki sənin evin kilsəyə yaxındır,
Qəm yemə, axırı xeyirlidir!
Bundan sonra Allah-təalanın köməyinə arxalanaraq evimdən köçmək fikrindən daşındım. Allah-təalaya dualar oxuyub onun köməyinə ümid bağladım.
Xülasə, çeşənbə günü (çərşənbə axşamı) günortadan sonra camadi üs-sani ayının 23-də 1323-cü ildə (16 avqust 1905-ci il) ermənilər hücuma başladılar. Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə isə meydana tərəf getdilər. Köçərli məhəlləsində qədim bir tayfaya mənsub, gözəl ev-eşiyi olan doxsan yaşlı Abbas bəy adlı bir nəfər yaşayırdı. Köçərli məhəlləsinə gedən dəstənin içərisində olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni Abbas bəyi çağırdılar. Abbas bəy evdən çıxanda ona dedilər ki, sən bizim qonşumuzsan, səninlə bizim işimiz yoxdur. Sonra isə Abbas bəyi sözə tutub tüfənglə vurdular. O biçarə güllədən al qana boyanıb yıxıldı. Ermənilər bir neçə güllə də Abbas bəyin yeganə oğluna vurub öldürdülər. Bundan sonra onlar evə benzin və neft töküb odladılar. Vurulanların da meyitlərinə od vurdular. Bundan sonra ermənilər üç gün idi ki, gəlin gətirmiş Nuşirəvan adlı bir yazığı da güllə ilə vurub öldürdülər. Sonra isə gəlinin cehizinə və evə, eləcə də meyitlərə neft töküb evlə bərabər yandırdılar. Beləliklə, onlar on beşə qədər evi mal-dövləti ilə yandırıb külə döndərdilər. Ev sahibləri övrət-uşaqla çıxıb qaçsalar da, onlardan iki-üç nəfəri şəhid oldu.
Xəlifəli qapısına gedən erməni dəstəsi isə on evə hücum etdi. Ev sahibləri xəbərsiz olduqlarından onların arasında çaşqınlıq düşdü. Ermənilər bu evləri gülləbaran etdilər. Bu evlərin sakinləri qaçıb yaxındakı rus kazarmasına doldular. Buna baxmayaraq, üç nəfər erməni gülləsinin qurbanı oldu. Ermənilər isə müsəlmanların mal-dövlətini talan edib evlərinə od vurub yandırdılar.
ƏLAVƏ: Meydandakı qımdat dəstəsi isə bazara gəlib əlləri ilə bütün dükanlara işarə etdikdən sonra ermənilər şaraqta-şaraq dükanları bağlayıb əllərində tüfəng və tapança ilə meydana töküldülər və böyük hay-küy qalxdı. Onlar əvvəlcə iki nəfər Zarıslı müsəlmanı şəhid etdilər.
Ermənilərin bazarında on beşə qədər müsəlman dükanı var idi. Ermənilər hücum edən kimi bu dükanların hər birində bir və ya iki müsəlman var idi. Hücum başlayan kimi onların bir parası qaçdı, bir parası isə dükanları bağlayıb içərisində qaldı. Bir parası isə yaxın dostluq etdikləri erməni dükan sahiblərinin dükanına və evlərinə pənah gətirdi. Ermənilər isə onları güllə ilə qarşılayıb hamısını öldürdülər. Ermənilər müsəlman dükanlarının qapılarını açıb içəridəkiləri öldürüb mal-dövlətlərini qarət və talan etdilər. Quru meyvələri isə yemək üçün səngərlərdə vuruşan qımdatlara göndərdilər.
Həmin gün erməni bazarına alış-verişə gəlmiş müsəlmanlardan bir parası qaçıb canını qurtarsalar da, yaşlıları güllələyib öldürdülər. Ermənilər yara alanlara da rəhm etməyib tutduqları yerdə çox əzabla öldürdülər. Bu qırğında ermənilər əllərinə keçən müsəlmanları işgəncə ilə öldürərək onların burun-qulağını, cinsi əlaqə üzvlərini kəsərək başlarına mıx və mismar çalmışdılar. Meyitləri ip ilə sürüyüb dərələrə, xəndəklərə ataraq gizləyir, üstlərində olan pulları isə götürürdülər. Ələkeçən cəsədlərin çoxunda beş-on yerindən yara aldığını görürdülər. Bəzi cəsədləri isə ermənilər od vurub yandırırdılar. Müsəlmanlar isə öldürdükləri adama bir yaradan artıq güllə vurmazdılar. Cəsədlərə isə toxunmayaraq düşdüyü yerdə də qoyub gedərdilər. Dəxi namərdlik edib ermənilər kimi ölənə və cəsədə işgəncə verməzdilər.
Ermənilərin hücum etdiyi həmin gün müsəlmanlar heç nədən xəbərsiz öz işlərində və alverlərində idilər. Müsəlmanların əyan-əşrəfləri isə Cümə məscidində təziyə məclisində əyləşmişdilər. Mərhum olmuş lənbəranlı Mehralı əfəndinin cənazəsini bir neçə molla ilə Lənbərana göndərdikdən sonra onlar məsciddə təziyə saxlayırdılar. Bu zaman bir neçə nəfər gəlib xəbər verdi ki, nə oturmuşsunuz? Ermənilər dünyanı qarışdırıb, ələ düşəni öldürürlər. Oranın hakimi Xosrov bəy atla gedərkən nökəri ilə birlikdə onu gülləbaran ediblər.
Xalq bu xəbəri eşidən kimi qalxıb məscidi və dükan-bazarı bağlayıb hər yana səs saldı. Sonra salavat çəkib və “ya Əli!” deyə qışqıraraq on beş dəqiqə ərzində igidlər və cavanlar silahlanıb əllərində tüfəng, tapança, qılınc, balta, bel, külüng, ling bazar və küçələrə çıxıb dəstə-dəstə hazır oldular. Onların “ura” sədası hər yana yayıldı.
Bu qovğa qalxarkən müsəlman bazarında olan erməni sazdəgər və sənətkarları qorxuya düşüb dükanları bağladılar. Onların bəzisi dükanların içərisində gizləndilər, bəziləri isə müsəlmanların evlərinə pənah gətirdilər. Müsəlmanlar onlara pənah gətirən erməniləri hörmətlə qarşılayaraq evlərində gizlədib mühafizə etdilər. Elə ki gecə oldu bazar darğası (polisi) İsmayıl bəy müsəlman bazarındakı dükanlarda gizlənmiş erməniləri oradan çıxarıb dükanları bağladı, onları isə evlərinə aparıb orada saxladı.
Beləliklə, müsəlmanlar dəstələrə bölündükdən sonra əllərində silah nərə çəkə-çəkə erməni məhəllələrinə tərəf üz qoydular.
Otuz ildən bəri ermənilər tədarük etdikləri və evlərdə, məxfi yerlərdə, qəbiristanlıqda, kilsələrdə, qayalıqlarda gizlətdikləri müxtəlif növ silahları bu gün aşkara çıxararaq müsəlmanlara tərəf yönəltmişdilər. Həmin silahlara sarılaraq müxtəlif səngərlərdən, evlərin pəncərələrindən və gizli yerlərdən küçə ilə gəlib-gedən, evlərin balkonlarında dayanan və görünən böyük-kiçiyi gülləyə tuturdular.
Erməni məhəlləsi şəhərin hündür yerində olduğundan və müsəlman məhəllələri aşağıda yerləşdiyindən onların mövqeyi daha əlverişli idi.
ƏLAVƏ: Şuşakəndin və Keşiş kəndinin erməniləri müsəlman məhəllələrinin müqabilində Topxana deyilən yerdə səngərlər tərtib etmişdilər. Odur ki, ermənilər həmin kəndlərdən gəlib bu səngərlərdən də müsəlmanları atəşə tuturdular. Bütün bu hazırlığa baxmayaraq, Allah-təalanın köməyi ilə heç bir iş görə bilmədilər.
Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər isə mərhum Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi.
Şəhərin əyanları və nücabaları şəhər sakinlərini, cavanları və igidləri müdafiəyə qaldıraraq səngərlərə göndərirdilər. Özləri də tez-tez gəlib səngərlərə baş çəkib gedirdilər. Xüsusən cənab Nəcəfqulu ağa, cənab Şeyx Hüseyn və cənab Axund Molla Qasım paltarını dəyişərək döyüşçü libası geyinmiş halda, tüfəng çiynində dəstə-dəstə Qala və Çöl cavanlarını götürüb “ya Əli!” nərəsi çəkə-çəkə səngərləri gəzir, döyüşçüləri ruhlandırmaq üçün heyrətamiz sözlər və şüarlar deyirdilər.
Ermənilər hündür evlərdən və səngərlərdən müsəlman binalarını və küçələrini gülləbaran edir, xalqın gediş-gəlişinə mane olurdular.
Müsəlman tərəfdən isə İran konsulluğunun müavini Ağa Məmmədcəfər də cavanlarla məscidlərin minarələrinə çıxıb gözəgörünən erməni quldurlarını güllə ilə vurub həyatlarını kəsirdilər.
Davanın ilk günü müsəlmanlar səngərlərdən güllə atmaqla erməniləri məşğul etdilər. Müsəlman səngərlərinin yaxınlığındakı erməni evlərinin bir parasının sakinləri qaçmış, bir parası isə darvazaları bağlayıb içəridə gizlənmişdilər. Müsəlman səngərlərinin qarşısında olan həmin evlərin divarlarını linglə deşib içəri daxil olub, od vurub yandırdılar. Od vurulmuş evlərin hamısını alov bürüdü. Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünürdü.
İkinci gün ermənilərin evlərini yandıraraq onları geri oturtdular. Üçüncü gün ikinci və üçüncü səngərin igidləri Xoca Söhrab kilsəsi adlanan Böyük kilsəyə çatdılar. Evlərə düşmüş yanğın artıq gəlib Təzə kilsənin ətrafına çatmışdı. Ermənilər oradan da geri çəkildilər. Dördüncü səngərin cavanları isə gəlib Cəmşid bəyin evinə çatdılar.
Bir para adam Cəmşid bəyin və Bəhram bəyin evlərinin yandırılmasını məsləhət görmədilər. Çünki Şahnəzərovlar həmişə müsəlmanların dostu olublar. Buna görə də onlara hörmət əlaməti olaraq evləri yandırılmasın. Lakin qabaqcadan qərara alınmışdı ki, hansı evdən müsəlmanların üzərinə güllə atıldı, o ev mütləq tar-mar edilməlidir. Cəmşid bəyin evinin balkonundan isə iki minə qədər güllə atılıb. Bu güllələrdən bir neçəsi uşaqlara dəyib yaralayıb. Yüz güllədən artıq isə məscidin taxtapuşuna, minarələrinə dəyib deşibdi. Bundan başqa, bizim hörmətli seyidimiz Mir Möhsün Ağanın hücrəsinin pəncərəsinə iki güllə vurulub deşik-deşik edilmişdi. Amma yenə hörmət əlaməti olaraq evi yandırmayıb getdilər. O evin ətrafında qəbiristanadək od vurdular. Külək vasitəsilə ətraf evlərdən Cəmşid bəyin evinə də od düşüb yandı. Bəhram bəy və Qriqor bəyin evləri də alovların cənginə keçdi.
Cavanlar evlərə od vurduqdan sonra qəbiristanlıqdan keçib yaxınlıqda yerləşən bir erməni fahişəxanasına çatdılar. Fahişəxananın darvazasını sındırıb evə on yerdən od vurdular. Orada olan erməni fahişələrinin bir neçəsi öldü, bir neçəsi isə bayıra qaçaraq müsəlman döyüşçülərinin ayağına sərilərək aman istədilər. Döyüşçülər onları bağışladı.
Üçüncü gün hər bir müsəlman kəndindən yeddi yüzə yaxın atlı və piyada köməyə gəldi. Onlar səngərlərə paylanaraq döyüşü davam etdirdilər.
Bu davadan əvvəl erməni tayfası məktəb tikdirirdi. Həmin binanın tikintisində on səkkiz nəfər İran müsəlmanlarından fəhləlik edirdi. Dava başlayan kimi bina sahibi onları bir evə dolduraraq heç yana çıxmamalarını tapşırdı və bildirdi ki, əks-təqdirdə ermənilər onları görsələr, hamısını öldürəcəklər, sonra vaxt tapıb sizi yola salarıq. Onlar da bu erməninin sözünə inanıb o evdə gözləməli olurlar. İranlı fəhlələrdən biri erməninin sözünə inanmayıb nə yollasa sonradan qaçıb canını qurtarır. Ev sahibi isə axşam ermənilərə xəbər verib onlarla birlikdə İran fəhlələri gizlənən evə gəlirlər. Qələmlə yazılması qeyri-mümkün olan erməni vəhşiliyi nəticəsində orada olan 17 nəfər İran fəhləsi böyük zülm və işgəncə ilə öldürülür. Ermənilər onların başına mismar çalaraq əzdikdən sonra cəsədlərini bir dərəyə ataraq üstlərini peyinlə basdırmışlar.
Müsəlmanlar əhvalatdan xəbərdar olduqdan sonra gedib onların cəsədlərini çıxarıb gətirirlər. Onların bəzilərinin cəsədləri parça-parça olduğundan qəyəmmüm (təmizləyib) edib o birilərinə qüsl verib kəfənə tutdular və hörmətlə Cıdır düzündə dəfn etdilər.
Qalaya kənd yerlərindən köməyə gəlmiş atlılar dalbadal şəhərə daxil olduqdan sonra dəstə-dəstə olub səngərlərə və keçidlərə doluşdular. Bir azdan sonra “ya Əli!” nərəsi çəkib hücuma keçdilər. Onlar erməniləri geri oturdub evlərinə və dükanlarına od vurub yandırdılar. Hər hansı erməni qaraltısı görürdülərsə, gülləbaran edirdilər. Ermənilər get-gedə geri çəkilir, müsəlmanlar isə qələbə ilə irəliləyirdilər. Həmin gün səs-küy, çığırtı və “ya Əli!” sədaları, tüfənglərin gurultusu və ermənilərin qışqırtısı yeri-göyü lərzəyə gətirirdi. Yanan evin və dükanların alovu və tüstüsü kəhkəşana yetişmişdi. Həmin günün gecəsi yanan evlərin işığına neçə mil məsafədə yazıb-oxumaq mümkün idi. Vəzirzadələrin evlərinin qabaq səmtinə od vura-vura gedirdilər. İki yolun ortasında bir ev var idi. Müsəlmanlar ona da od vurmaq istəyərkən bir nəfər evdən çıxıb onların yanına gəldi və iztirabla cavanlardan xahiş etdi ki, Allah xatirinə, bu evi yandırmayın! Çünki mən bu evi icarəyə götürmüşəm və külfətim hal-hazırda burada yaşayır, bütün mal-dövlətim bu evdədir. Cavanlar həmin müsəlman kişinin dediklərindən sonra buyurdular ki, bütün evlərdən çox bu evi odlamaq fikrində idik. Çünki bir erməni bu evin altında şirəxana (tiryək çəkilən yer) dükanı düzəltmişdi.
Həmin erməni gedib Allahın
evini ziyarət etdikdən sonra gəlib bu şərəbxananı
açıb oraya hər gün, hər gecə fasiq, facirlər
gəlib bu dükanda müsküratdan içib zinakarlıq və
əlli cür fasiq əməllərlə məşğul
olurdular. Evin yandırılmasının
qeyri-mümkün olduğunu görən cavanlar qərara
aldılar ki, heç olmasa onun altındakı şərab və
tiryək dükanını dağıdıb tar-mar etsinlər.
Onlar bu məqsədlə dükanın qapısını
sındırdılar və içəri daxil oldular.
Gördülər ki, hər biri otuz-qırx pud şərab
tutan neçə boçka vardır. Onlar güllə ilə
boçkaları dəlik-deşik etdikdən sonra şərab
sel kimi axmağa başladı. Rus kazakları isə əhvalatdan
xəbərdar olan kimi bu axan şərabları vedrələrə
doldurub aparmağa başladılar. Bir müddət
üfunət iyindən o dükanın qabağından
keçmək mümkün olmadı. O dükanda olan yüzlərlə
şüşəyə doldurulmuş cürbəcür
içki və müskürat da çölə atılaraq
sındırılmışdı. Bir neçə gündən
sonra həmin evdə yaşayan müsəlman başqa
bir müsəlman evinə köçmək məcburiyyəti
qarşısında qaldı. Ondan sonra bu erməni evini yenidən dağıdıb
tar-mar etdilər.
Məhəmməd adlı bir oğlan danışır
ki, bütün aləmi insan çığırtısı,
nalələri, döyüşçülərin nərələri
və tüfənglərin səsləri bürüyəndə
və evlər alovlanaraq yananda gördüm ki, bir rus
keşişi yanan evlərin arasında icarə etdiyi evdən
çıxaraq bir övrətlə müsəlmanların
içinə gəldi. Həmin keşiş mənim əlimdən tutub dedi ki,
sənin evin hardadır? Mən də dedim:
- O
müqabildə görünən ev mənimdir.
Rus keşişi xahiş etdi ki, bu övrət
yanğından qorxduğuna görə, onların evlərini
alov əhatə etdikləri üçün bir neçə
gün onları öz evində saxlasın. Məhəmməd
onları sakitləşdirib öz evini onlara verəcəyinə
razı oldu. Bundan sonra o, rus keşişi ilə övrəti
öz evinə gətirib onlara dedi:
- Nə qədər
istəsəniz bu evdə qala bilərsiniz.
Onlar Məhəmmədin evində üç gün
qaldılar.
Ara bir az sakitləşdikdən sonra
keşiş Məhəmmədi çağırıb dedi ki,
bu qədər ki sən bizə hörmət etdin, bunun əvəzini
çıxmağa bizim heç nəyimiz yoxdur. Qoy Allah-təala sənə əvəzini versin.
Keşiş üzünü Şərqə tərəf tutub
çoxlu dualar oxudu və övrət də “Amin” dedi. Ondan sonra onlar Məhəmmədlə əl tutub
xudahafizləşərək yola rəvan oldular. Məhəmməd onları ötürüb geri
qayıdır.
ƏLAVƏ:
İkinci səngərdən yuxarı daşlıq yolda bir
böyük imarət var idi. İmarət
keşiş Xaçikinki idi. İçində kazak alayı olurdu. Müsəlmanların
səngəri o evin qabağında yerləşirdi. Müsəlman igidləri həmin mövqedə erməni
səngərlərini gülləbaran edirdilər. Bir də
gördülər ki, o evin taxtapuşundan neçə erməni
və neçə kazak onları gülləyə
tutub. Bunu görən kimi igidlər
qışqırıb tüfənglərin ağzını
taxtapuş səmtə çevirib onların üstünə
güllə yağdırdılar. Kazaklar
bu fitnəkarlığın üstünün
açılacağından ehtiyat edərək və
böyüklərin tənbehindən qorxaraq taxtapuşdan endilər
və öz mənzillərinə getdilər. Sonra məlum oldu ki, həmin kazaklar ermənilərdən
pul və patron alıb müsəlmanlara qarşı ermənilərə
kömək etmişlər. Sonra kazaklar ermənilərlə
əlbir olub həmin evə od vurdular. Kazaklar da həmin yerdən köçüb ayrı
yerdə məskunlaşdılar. Yenə həmin
gecə kazaklar ermənilərlə əlbir olub müsəlmanların
səngərlərinə güllələr atdılar.
Elə ki sakitlik oldu, kazaklardan biri belə nəql etdi ki,
bizim hər birimizə bir manat pul və iyirmi patron verirdilər
ki, onlara kömək edək.
ƏLAVƏ:
Davadan əvvəl Şuşanın erməni tayfası hər
yerə kağızlar yazıb göndərərək kömək
istəmişdi. Həmin kağızların
birini də Tiflis şəhərinə yazıblarmış.
Tiflisdən neçə yüz erməni və gürcü
gəlib Şuşada müsəlmanlara qarşı
vuruşmuş və əksəriyyəti burada həlak
olmuşdu. Əhvalatdan xəbərdar olan
gürcülər istəyirlər ki, toplaşıb həlak
olanların əvəzinə oradakı İran müsəlmanlarını
qırsınlar. Lakin gürcülərin
bir parası buna razı olmayıb mane olmuşdular.
Xülasə, ikinci səngərin cavanları ermənilərə
güc gəlib onları geri oturtduqdan sonra gördülər
ki, iki erməni övrəti və bir erməni kişisi “Ya Həzrəti
Abbas!” deyə-deyə müsəlmanlara tərəf gəlirlər. Kənd yerindən
gəlmiş müsəlmanlardan biri onların üstünə
bir neçə güllə atdısa da, onların heç
biri dəymədi. Buna kimi onlar səngərlərə
çatdılar və ağlaya-ağlaya “Ya Həzrəti
Abbas, bizə kömək ol!” deyə müsəlmanlardan aman
istədilər.
Bu üç erməni əsirini gətirib bizim evə
(M.M.Nəvvabın evinə) qoydular. Ermənilərlə
müsəlmanlar arasında barışıq olduqdan neçə
gün sonra həmin ermənilər öz yerlərinə
getdilər. Erməni kişisinin adı
Baxış, övrətdən birinin adı Bənövşə,
o birinin adı isə Zəri imiş.
Müsəlmanlar hər ləhzə “Ya Əli!” nərəsi
çəkə-çəkə səngərdən-səngərə
irəli gedib hər saat qələbələr əldə
edirdilər. Abbas bəyin dəstəsi
yürüşünü davam etdirərkən yolunda evləri
odlaya-odlaya Manast Muğdusi oğlunun evinə kimi
çatdılar. Mir İbrahim və
Ağa Şəmilin dəstələri isə litoqrafiya
çapxanasına çatmışdılar. Dördüncü və beşinci səngərlərə
rəhbərlik edən Əfrasiyab və Məşədi
Abış bəy öz dəstələri ilə südxana
istiqamətində hücuma keçərək gəlib oraya
çatdılar.
Bu dəstələrin igidləri ermənilərin üzərinə
yürüş edərkən cənab qubernator durbinlə
vuruşa baxırmış. Müsəlmanların əllərində
tüfəng əyilə-əyilə gedib ermənilərin səngərlərinə
daxil olaraq onları gülləbaran etdiyini görən
qubernator əl-ələ vurub təəccüblə
demişdi:
- Bu
hünər heç yaponda da olmayıb. Heç
bir nizam görməyən bir millətin belə bir hünər
göstərərək səngərlər tutması çox
qəribədir.
Kəndistan yerindən gəlmiş igidlər və cəngavərlər bir-birinin ardınca küçələri və səngərləri tutduqca şur və fərəh, “ya Əli!” sədası, “Ura-ura!” səsləri və tüfəng gurultusu fələyə qalxırdı. Alovlanan dükanlar və evlər hər tərəfdən alışıb yanırdı. Xüsusən taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin yanına qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş.
Kərkicahan kəndinin adamları deyirdi ki, həmin gün yanğın altında saysız-hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü.
Müsəlmanlar Manas Muğdusi oğlunun evinə, yuxarı meydanın üstünə və Xublar oğlunun şirəxanasına kimi bütün dükan və evlərə od vurub yandırmışdılar. Eləcə də dərədə olan neçə mərtəbəli evlər, dükanlar və karvansara tamam od tutub yanırdı.
Üçüncü səngərin adamları da kilsənin qiblə tərəfindən basmaxanaya qədər evlərə və dükanlara od vurmuşdular. Təzə kilsənin ətrafındakı evlər də yandırılmışdı.
Dördüncü səngərin əhli Cəmşid bəyin evinin dövrəsində olan imarətlərə vurduqları alovdan Cəmşid bəyin və Şahnəzərovların mülklərinə, üzbəüzdə olan evlərə, o cümlədən Ümrüd bəyin, Xandəmir oğlunun, Cavid bəyin və Ümrüd bəyin oğlanlarının evlərinə də od vurub yandırmışdılar. Bundan əlavə, südxana və Duma divanxanası, xülasə bu qəbildən böyük evlər və ətrafında da olan imarətlər, dükanlar tamam alışıb yandı.
Kilsələr məbədgah olduğuna görə onlara toxunmayıb od vurmadılar. Buna baxmayaraq, bir neçə tərəkəmə darvazaya od qoyub kilsəni yandırmaq istəyərkən şuşalılar onu söndürüb onlara acıqlanaraq demişdilər:
- Kilsə və məscidlərə hörmət etmək lazımdır.
ƏLAVƏ: Bunu da bilmək lazımdır ki, ermənilər Xəlfəli qapısının müsəlman evlərini, o cümlədən köçərlilərin, kazakların, Süleymanın, Allahverdinin, Məşədi İsmayılın evlərini, sud və Duma divanxanalarını yandırmışlar. Davadan əvvəl ermənilər sud və Duma divanxanalarını yandırıb günahı müsəlmanların üstünə yıxmaq istəyirdilər. Məhz dava başlanarkən həmin imarətləri yandırdılar ki, müsəlmanlar müqəssir hesab olunsun.
Elə ki bu evlər yanmağa başladı, onların
alovları və qığılcımları qərb tərəfə
- erməni məhəlləsi tərəfə yönəldi.
Vahid Allahın iradəsi isə od-alovun hər tərəfə
yayılmasının nəticəsi olaraq erməni məhəllələrinin
əksər evləri, imarətləri və dükanların
içində olan əşyaları və malları tamam yanıb
divarlardan başqa bir şey qalmadı.
Azərbaycan.-2015.- 8 mart.- S.10.