Muzeylər tarixin simasıdır

 

Tariximizin və mədəni irsimizin öyrənilməsi, onun gələcək nəsillərə çatdırılması baxımından muzeylər müstəsna əhəmiyyətə malikdir.

Sumqayıtda tarix muzeyi 1967-ci ildə yaradılıb. İlk dəfə yaşayış evinin birinci mərtəbəsində yerləşib. 1987-ci ildə muzey 4-cü mikrorayondakı ikimərtəbəli binaya köçürülüb və 2010-cu ildə əsaslı təmir olunub. Sumqayıt Tarix Muzeyində şəhərin tarixini əks etdirən və turistlərdə maraq doğuran çox sayda eksponat var. Muzeydə 13 şöbə üzrə 14 mindən artıq eksponat nümayiş edilir.

Muzeyin birinci mərtəbəsində Sumqayıt haqqında məlumat verilir. Ekspozisiya  zalında  xüsusi  qurğunun  köməyi  ilə  səslənən  şəhərimiz  haqqında  əfsanə  XVI-XVII əsrlər Sumqayıtını əks etdirən maketə aydınlıq gətirir. Muzey bələdçisi ziyarətçilərə miladdan əvvəl II əsrdən etibarən Çinin  Sinan şəhərindən başlayaraq Şərq ölkələrinə doğru uzanan Böyük  İpək yolunun bir qolunun Xəzərə yaxın Sumqayıt ərazisindən keçməsindən bəhs edir. Dayaz çöl çayı kimi bilinən Sumqayıtçayın adını daşıyan şəhərlə bağlı ətraflı məlumat ikinci  mərtəbənin ekspozisiya  zalında tamamlanır. 1949-cu ildə yaradılan Sumqayıtın inkişafı xüsusi stendlə göstərilir. Boz çöllükdə yaradılan Sumqayıtın hər anı burada öz əksini tapıb. Şəhərsalma və əhalinin məskunlaşması şəkillərlə ifadə olunub. Muzeyin kiçik ekspozisiya zalında “Vətən  uğrunda ölüm - həyatın davamıdır” devizi qəhrəman sumqayıtlı oğul və qızlarımızın  keçdiyi şərəfli yola işıq salır. Məhz Sumqayıt Tarix Muzeyində daimi fəaliyyət göstərən “Şəhidlər qalereyası” yaradılmışdır. Sumqayıtlı şəhidlərin şəxsi əşyalarından, arxivlərindən seçmələr ziyarətçilərin böyük marağına səbəb olur.

Ulu öndər Heydər Əliyevin Sumqayıta səfərlərinə həsr olunmuş ekspozisiya zalı  ilə  tanışlıq, burada nümayiş olunan sənədlər, fotoşəkillər, kitablar, qəzet və  jurnallar toplusu isə ümummilli liderin “Sumqayıt kiçik Azərbaycandır” fikrini göz önündə canlandırır.

Muzeydə ideoloji tədris bölməsi də yaradılıb. Burada tariximizə, dövlətçiliyimizə və görkəmli şəxsiyyətlərə həsr edilən filmlər nümayiş olunur.

Türkiyədən, Gürcüstandan, Ukraynadan, Belarusdan, Qazaxıstandan, Almaniyadan, Rumıniyadan, Çindən, İtaliyadan gələn turistlər də muzeydə olur, Sumqayıtın tarixi ilə yaxından maraqlanırlar. Şəhərmiqyaslı ictimai tədbirlərin bir qismi muzeyimizdə keçirilir.

Şəhərimizin təşkilat və idarələri, məktəblər də qrup halında muzeyə ekskursiyalar təşkil edir və hər dəfə xoş təəssüratla ayrılırlar.  

 

Olya İSLAMOVA,

Sumqayıt Tarix Muzeyinin direktoru

Azərbaycan.-2015.- 8 mart.- S.11.