Belarus Azərbaycanla bütün
istiqamətlər
üzrə əməkdaşlıq etməyə
hazırdır
Belarus
Azərbaycanla bütün istiqamətlər üzrə əməkdaşlıq
etməyə hazırdır. AZƏRTAC BELTA agentliyinə
istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko
bu fikri martın 10-da Azərbaycanın Baş nazirinin birinci
müavini Yaqub Eyyubovla görüşdə söyləyib.
Belarus
dövlətinin başçısı vurğulayıb: “Biz
sizə, ölkənizə, sizin rəhbərliyə çox
etimad bəsləyirik və sizinlə bütün istiqamətlər
üzrə əməkdaşlıq etməyə
hazırıq, bizim aramızda heç bir qapalı mövzu
yoxdur”.
Aleksandr
Lukaşenko bir məqama diqqəti cəlb edib ki, Belarus və
Azərbaycan qarşıya çıxan problemli məsələləri
həmişə uğurla həll ediblər. Belarus dövlətinin
lideri deyib: “Hər hansı məsələlər yarananda biz
həmişə görüşüb onları operativ şəkildə
müzakirə və həll etmişik. Üstəlik,
bütün çətinliklərə baxmayaraq, keçən
ilin yekunlarına görə, Azərbaycanla Belarus arasında əmtəə
dövriyyəsi artıb. İndi bu cür ölkələr
azdır. Azərbaycanla ticarət bizim üçün
çox sərfəlidir”.
“Biz
ayrı-ayrı dövlətlərdə öz
istehsalatlarımızı yerləşdirmək lazım
olub-olmaması barədə götür-qoy edirik, Azərbaycana
münasibətdə isə bu cür tərəddüdlərə
ehtiyac yoxdur, biz orada öz istehsalatlarımızı
yaratmağa hazırıq, burada sizin investisiyaları qəbul
etməyə hazırıq, burada buna tam zəmanət veririk”,
- deyən Belarus Prezidenti xatırladıb ki, Azərbaycanda
Belarus traktorları, yük avtomobilləri, liftlər və
başqa məhsullar istehsal edən müştərək
müəssisələr fəaliyyət göstərir.
Aleksandr
Lukaşenko razılıq hissi ilə qeyd edib ki, bəzi istiqamətlər
üzrə istehsalatların lokallaşdırılması məsələsi,
demək olar ki, yarıbayarı həll edilib. Belarus dövlətinin
başçısı daha sonra deyib: “Biz artıq 40 faiz həddinə
çatmışıq. Bu, çox yaxşı göstəricidir.
Bu o deməkdir ki, mənim sizə vəd etdiyim kimi, İlham
Əliyevə vəd etdiyim kimi, siz bizdən texnologiyalar
alırsınız və Azərbaycan ərazisində normal
istehsalat yaradılır”.
O
vurğulayıb ki, növbəti addımda birgə məhsulları
üçüncü ölkələrin, Qafqaz regionunun
bazarlarına çıxarmaq nəzərdə tutulur.
Aleksandr
Lukaşenko ölkəsinin dəstəklənməsinə
görə Azərbaycan tərəfə təşəkkürünü
bildirərək vurğulayıb: “Siz həmişə bizə
kömək etmisiniz, bizi dəstəkləmisiniz, biz də azərbaycanlı
qardaşlarımıza eynilə bu cür münasibət bəsləyəcəyik”.
Yaqub
Eyyubov öz növbəsində qeyd edib ki, Azərbaycan
xalqı Belarus dövlətinin başçısının
münasibətini olduqca yüksək qiymətləndirir. O
deyib: “Belarus bütün dövlətlər üçün
cəlbedici ölkədir. Siz bu dövlətin rəhbəri
kimi, xalqın içindən çıxmış insan
olduğunuzu, xalqdan təcrid oluna bilmədiyinizi göstərmisiniz,
siz bütün həyatınızı bu xalqa həsr
edirsiniz. Əgər Belarusun başqa təbii sərvətləri,
ehtiyatları olsaydı, güman edirəm ki, dünyada birinci
ölkə olardı, çünki əsas məsələ nəyə
malik olmaq deyil, malik olduğundan lazım olanı əldə
etməkdir”.
Yaqub
Eyyubov Azərbaycan Prezidenti İlham Əliyevin
salamlarını Belarus dövlətinin
başçısına çatdırıb və “təkcə
iqtisadi sahədə deyil, ticarət, siyasət sahələrində
dəstəyə görə, qardaşcasına, dostcasına,
qonşu kimi münasibətə” görə təşəkkürünü
bildirib.
Azərbaycan.-2015.- 11 mart.- S.2.