Bolqarıstanın nüfuzlu qəzetləri Azərbaycan Prezidentinin

 bu ölkəyə rəsmi səfərini geniş işıqlandırıb

 

 

Bolqarıstanın bir sıra nüfuzlu qəzetləri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərini geniş işıqlandırıb.

Standart” qəzeti oxucuların diqqətini Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşündə müzakirə olunmuş məsələlərə, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin önəminə cəlb edir.

Müəllif Bolqarıstan Prezidenti Rosen Plevneliyevə istinadla yazır: “Azərbaycan nəinki Bolqarıstanda, eləcə də Cənub-Şərqi Avropada şaxələndirmə və enerji təhlükəsizliyinin artırılması ilə bağlı cəhdlərimizdə əsas tərəfdaşdır. Bolqarıstanı və Azərbaycanı səmimi dostluq münasibətləri, Qara dəniz regionunda əməkdaşlıqla bağlı gündəlikdə duran bir çox məsələlərdə ortaq mövqe birləşdirir. Ölkələrimiz ikitərəfli münasibətləri, xüsusilə energetika, əczaçılıq, informasiya texnologiyaları, kənd təsərrüfatı və yeyinti məhsulları istehsalı, infrastrukturturizm sahələrində əlaqələri inkişaf etdirməyə hazırdır”.

Bolqarıstan Prezidenti qeyd edib ki, Avropa Komissiyasının Enerji İttifaqı ilə bağlı elan etdiyi konsepsiyada Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşı kimi göstərilir. Bolqarıstana ildə bir milyard kubmetr təbii qazın nəqlini nəzərdə tutan müqavilə ölkənin bir təchizatçıdan asılılığının aradan qaldırılması baxımından energetika sahəsində əməkdaşlığın əsasını təşkil edir. Bu, həm də regionun bütün ölkələri üçün real şaxələndirmə baxımından zəruri şərtdir.

Prezident Rosen Plevneliyev vurğulayıb ki, Bolqarıstan və Yunanıstan arasında təbii qazla bağlı əlaqə “Cənub” qaz dəhlizinin ayrılmaz tərkib hissəsidir. Bu vacib layihənin reallaşması Bolqarıstan üçün Trans-Adriatik qaz kəmərinə çıxışa imkan yaradacaq. Bolqarıstan dövlətinin başçısı Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün dəstəyini bildirib.

Standart” qəzetində dərc olunan digər məqalədə isə Bolqarıstanın Baş naziri Boyko Borisovun ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti barədə fikirləri yer alıb.

Baş nazir bildirib ki, Bolqarıstan və Azərbaycan arasında dostluq münasibətləri perspektivdə böyük təhlükəsizlik vəd edir.

Eyni zamanda, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ölkələrimizin əlaqələrin yüksək səviyyədə olması, “Cənub” qaz dəhlizinin əhəmiyyəti, Azərbaycan-Bolqarıstan münasibətlərində Avropa İttifaqının rolu barədə fikirləri diqqətə çatdırılır.

 

“24 Çasa” (24 Saat), “Trud” qəzetləri Azərbaycan Prezidentinin Bolqarıstana səfəri zamanı müzakirə olunan məsələlər arasında enerji sahəsində əməkdaşlıqla bağlı məqamlara daha çox diqqət ayırıb. Bu qəzetlərdə dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Bolqarıstanın da “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olması, gələcəkdə tranzit ölkə kimi həmin layihədə mühüm rol oynayacağı ilə bağlı fikri diqqətə çatdırılıb. Dövlətimizin başçısına istinadən bildirilib ki, “nəqliyyat infrastrukturunun yaradılması, birgə addımlar bizim iqtisadi maraqlarımıza xidmət göstərəcək və ölkələrimizi bir-birinə daha da sıx bağlayacaqdır”.

“24 Çasa” qəzetində dərc olunan məqalədə dövlətimizin başçısının aşağıdakı fikirləri yer alıb: “Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır”.

Trud” qəzetində dərc olunan yazıda Prezident İlham Əliyevə istinadən bu gün Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın əsasının qoyulduğu vurğulanır. Dövlətimizin başçısının “Bolqarıstan bizim üçün əziz dostdur, çox yaxın ölkədir, bolqar xalqına bizim çox böyük rəğbətimiz varfikri oxucuların diqqətinə çatdırılır.

 

Azərbaycan.-2015.- 11 mart.- S.2.