İsrailin beynəlxalq 24-cü xəbər kanalında Azərbaycanın

 müasir inkişafı haqqında veriliş yayımlanıb

 

 

İsrailin eyni vaxtda ingilis və fransız dillərində yayımlanan beynəlxalq 24-cü xəbər kanalında Azərbaycanın müasir inkişafına həsr olunmuş veriliş göstərilib (ingilis dilində: http://www.i24news.tv/en/mobile#replay/61/4100952839001 və fransız dilində: http://www.i24news.tv/fr/tv/revoir/focus-fr/4095248320001).

İsrailin beynəlxalq xəbər kanalının jurnalistləri “Fokus” verilişində Xocalı soyqırımından söz açıblar. Bildirilib ki, yüz minlərlə azərbaycanlı 23 il əvvəl Azərbaycanın Xocalı şəhərində törədilmiş kütləvi qırğının qurbanlarının xatirəsini anmaq üçün Bakıdakı Xocalı meydanına toplaşıb. Reportajda deyilir ki, iki ölkə arasında münaqişə 1992-ci ildə sərt və amansız qarşıdurma həddinə çatıb. Erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alınan Azərbaycanın Xocalı şəhəri ətraf aləmdən təcrid olunub. İsrailli jurnalistlər bildiriblər ki, qorxu və dəhşət içində olan dinc əhali, o cümlədən qadınlar, qocalaruşaqlar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Beynəlxalq 24-cü xəbər kanalının jurnalistləri Xocalıda soyqırımı aktı ilə bağlı Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova müraciət ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi müsahibəsində bildirib ki, Azərbaycan dövləti 23 ildir dünya birliyinə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımından danışır. Ə.Həsənov deyib: “Biz Azərbaycan xalqına qarşı kimin soyqırımı törətdiyini yaxşı bilirik. Biz Xocalıda kütləvi qırğın haqqında əsl həqiqəti dünya birliyinə çatdırmağa hazırıq və çatdırırıq. Faktlar təsdiq edir ki, Xocalının mülki əhalisi yalnız azərbaycanlı olduqları üçün kütləvi şəkildə məhv edilib. Erməni silahlı birləşmələrinin vəhşiliyi və barbarlığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam şikəst olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir düşüb, misli görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qalıblar. Sadəcə, bu insanlar erməni silahlı birləşmələrinin vəhşiliyindən xilas ola bilməyiblər”.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinin siyasi perspektivlərindən söz açan Əli Həsənov vurğulayıb ki, Cənubi Qafqazda sülhsabitliyi bərqərar etmək üçün Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini dayandırmaq, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrini çıxarmaq, Azərbaycan ilə sülh münasibətləri qurmaq lazımdır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi deyib: “Ölkəmiz bütün qonşu ölkələr, o cümlədən Ermənistan ilə beynəlxalq hüquq normalarına söykənən əməkdaşlığa hazırdır. Azərbaycan ATƏT-in Minsk qrupunun bütün təkliflərini, o cümlədən münaqişənin sülh yolu ilə istər paket, istərsə də mərhələli həlli variantlarını qəbul etməyə hazır olub. Lakin Ermənistan Respublikası bu nizamasalma variantlarından heç birini qəbul etməyib”.

Tovuz rayonunun Əlibəyli kəndində olan israilli jurnalistlər Azərbaycan ilə Ermənistan arasındakı çox təhlükəli qorxulu vəziyyətdən söz açıblar. Tovuz Rayon İcra Hakimiyyətinin Əlibəyli kəndindəki nümayəndəsi Valeh Rzayev İsrail kanalına müsahibəsində təcavüzkar Ermənistan tərəfindən daim atəşə tutulan kənd sakinlərinin ağır həyatı üzərində ətraflı dayanıb: “Burada normal yaşamaq çox çətindir. Uşaqlar qocalar təcavüzkar Ermənistan tərəfindən daim atəşə tutulur. Azərbaycan rəhbərliyi, dövlətimizin başçısı Ermənistan ilə problemi sülh yolu ilə həll etməyə çalışır. Lakin bu məsələ sülh yolu ilə həll edilməsə, biz ərazilərimizi hərbi yolla da işğaldan azad etməyə həmişə hazırıq”.

Sonra İsrail kanalının jurnalistləri Azərbaycan-İsrail münasibətlərinin əhəmiyyəti üzərində dayanıblar. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bildirib ki, İsrailin Azərbaycan ilə çox etibarlı və dərin qarşılıqlı münasibətləri var. Səfir deyib: “Bu münasibətlər bir çox sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanda yəhudilər arxayın yaşayır, burada yəhudilərin tarixi qədimdir və 20 minlik yəhudi icması mövcuddur. Azərbaycanda heç vaxt antisemitizm və İsrailə qarşı nifrət hissi olmayıb. Bu da unikal nümunədir. Burada yəhudilərə münasibətdə əsl dinimilli tolerantlıq hökm sürür. Bizim siyasi əlaqələrimiz yetərincə sıxdır. İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. Azərbaycan neft yataqlarının işlənməsi sahəsindəki təcrübəsini İsrail ilə bölüşməyə hazırdır. Energetika sektoru ilə bərabər, qalan sahələri, o cümlədən turizmi, telekommunikasiya sektorunu, təbabəti, kənd təsərrüfatını, su resurslarını inkişaf etdiririk”.

Jurnalistlər verilişdə Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən söz açıblar. Bildirilib ki, Azərbaycanda uzun illərdir aşkenazidağ yəhudiləri icmaları yaşayır. Quba Rayon İcra Hakimiyyətinin Qırmızı Qəsəbədəki nümayəndəsi David İsakov bildirib ki, azərbaycanlılar və yəhudilər artıq uzun illərdir dinc yanaşı yaşayır, bir-birinə böyük hörmətlə yanaşır, ümumi taleyi, sevinc və kədəri bölüşürlər. O deyib: “Qırmızı Qəsəbədən gedənlərin çoxu geri qayıdır. Biz Qırmızı Qəsəbənin gələcəyinə inanırıq və çox nikbinik. İnanırıq ki, yəhudi qəsəbəsi Azərbaycanda tolerantlıq və multikulturalizm nümunəsi kimi yaşamağa davam edəcək. Əminik ki, müasir yəhudi gənclər yəhudi ənənələrini, Tövratı və ivriti öyrənib onlara riayət edəcəklər”.

Verilişin sonunda Azərbaycandakı Xalça Muzeyi haqında süjet göstərilib. Süjetdə bildirilib ki, bu muzey dünyada ilk xalça muzeyidir. Muzeyin fondunda Azərbaycanın müxtəlif rayonlarından sənət əsərləri, ornamentlisüjetli xalçalar, çeşidbəçeşid xalça məmulatı saxlanılır. Bundan əlavə, qədim dövrə aid muzey ekspozisiyaları, XIX əsrə aid qara saxsı qablartunc məmulatı, bədii tikmə, şüşə, metal, ağac və zərgərlik məmulatı və s. eksponatlar nümayiş etdirilir.

 

Azərbaycan.-2015.- 11 mart.- S.3.