“Xocalıya
ədalət!” kampaniyası
Dublin radiosunda
Avropa Azərbaycan
Cəmiyyətinin (TEAS) London ofisinin ictimaiyyətlə əlaqə və marketinq məsələləri
üzrə direktoru
Leon Kuk İrlandiyanın
103.2 FM dalğasında yayımlanan
Dublin şəhər radiosunun
“Mediascope” proqramına
müsahibə verib. Proqramın
aparıcısı Ellen Qanninqin
suallarını cavablandıran
Leon Kuk Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya
ədalət!” təbliğat
–təşviqat kampaniyası
çərçivəsində görülən işlər,
həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı həqiqətlər
barədə ətraflı
məlumat verib.
L.Kuk deyib ki, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə törədilmiş
Xocalı qətliamı
Dağlıq Qarabağ
münaqişəsi zamanı
öz qəddarlığı
ilə seçilən
ən dəhşətli
qanlı hadisə olub. 106-sı qadın,
63-ü uşaq, 70-i qoca
olmaqla 613 nəfər
qəddarlıqla qətlə
yetirilib. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının
dəstəyi ilə erməni silahlı qüvvələri şəhəri
tərk etməyə çalışan mülki
əhaliyə qarşı
hücuma keçərək
onlarla amansız davranıb. Həmin müdhiş gecədən
23 il köçməsinə
baxmayaraq, heç kəs bu soyqırımı
ilə bağlı mühakimə edilməyib,
Beynəlxalq Cinayət
Məhkəməsi qarşısında
cavab verməyib. TEAS Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan
“Xocalıya ədalət!”
kampaniyası çərçivəsində
Dublin də daxil olmaqla Avropanın bir çox şəhərlərində tədbirlər
təşkil edərək,
avropalıları bu dəhşətli qətliam
haqda məlumatlandırmağa
çalışır.
Faciə
ilə bağlı çəkilmiş “Sonsuz
dəhliz” sənədli
filmi barədə danışan L.Kuk deyib: “Sonsuz dəhliz” litvalı rejissor və prodüser Andreas Brokas,
ABŞ Prezidenti Cimmi Karterin administrasiyası zamanı Ağ Evin ictimaiyyətlə əlaqə üzrə direktoru vəzifəsində
çalışmış Cerard Rafşunun prodüserliyi ilə çəkilmiş bir saatlıq sənədli filmdir. 15 ölkəni təmsil edən peşəkarlardan ibarət
yaradıcı heyətin
5 illik əməyi nəticəsində ərsəyə
gəlmiş bu film Xocalı qətliamının
baş verdiyi gecə təmas xəttinin yaxınlığında
olan və son 23 il ərzində
gördüklərindən söhbət açan jurnalist Riçard Lapaytisin Azərbaycana dönüşündən bəhs
edir. O, təmas xəttinə səfər
edərək, qətliamdan
sağ çıxmış
xocalılılarla yenidən
görüşür. Filmdə, həmçinin
həmin gecə öz məkrli planlarını həyata keçirən erməni komandirləri ilə müsahibələr də
yer alıb. Filmdə sağ qalan insanların həyat hekayələri, onlara kömək etmiş insanlar, o cümlədən müharibənin
amansızlığı barədə
danışılır”.
Filmin yaradıcı
heyətinin erməni komandirlərinin həmin gecə barədə danışmasına nail olması
barədə sualı
cavablandıran L.Kuk bildirib: “Bu, özü-özlüyündə
bir dönüşdür. Lakin qəribəsi budur ki, əks tərəfdə
olan şəxslərin
bu qətliamda rol oynadıqlarını etiraf etmələrinə baxmayaraq, beynəlxalq ictimaiyyət işğal altındakı torpaqları
Azərbaycanın suveren
ərazisi kimi tanıyan BMT Təhlükəsizlik
Şurasının və
Avropa Parlamentinin qətnamələrinin hələ
də həyata keçirilməsinə təkid
etmir”.
L.Kuk bildirib ki, film Dublindən başqa London,
Paris, Brüssel, Berlin, Vilnüs,
Moskva, İstanbul,
Ankara və Berndə nümayiş olunub. Hazırda Avropa və ABŞ-ın aparıcı telekanalları ilə danışıqlar aparılır.
Lakin ötən illər ərzində, yəni 2008-ci il mayın 8-dən etibarən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
başladılan “Xocalıya
ədalət!” kampaniyası
çərçivəsində dünyanın 100-dən artıq
ölkəsində film nümayişləri,
konsert, yürüşlər
də daxil olmaqla müxtəlif xarakterli tədbirlər həyata keçirilməkdədir.
Müxtəlif sahənin nümayəndələri,
sıravi vətəndaşlar,
media təmsilçiləri, diplomatik korpusun nümayəndələri, o cümlədən
siyasətçilər bu
tədbirlərə gəlməkdə,
baş verənlərə
şahidlik etməkdə
sərbəstdirlər.
Biz mümkün qədər
mesajımızı geniş
kütlələrə çatdırmaqda
maraqlıyıq. Xüsusən də jurnalist
və siyasətçilərin
öz gördüklərini
cəmiyyətin digər
üzvlərinə çatdırmağını
istərdik. Düşünürük ki, “Sonsuz dəhliz”
filmi hər bir insanın ürəyində dərin
iz buraxacaq. Ona görə də hər kəs ona baxmalıdır. Hazırda danışıqlar gedir.
Ümid edirik ki, bu il ərzində dünyanın aparıcı
telekanalları bu filmi nümayiş etdirməyə hazır olacaq.
L.Kuk deyib: “Biz faciə ilə bağlı “Müharibə cinayətinin
Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”
adlı kitab da nəşr etmişik. Bu kitab Xocalı qətliamı barədə
Qərbdə ingilis dilində işıq üzü görən ilk
müstəqil nəşrdir.
İnkaredilməz faktları özündə
birləşdirən bu
nadir kitaba Xocalı şahidlərinin ifadələri,
beynəlxalq mətbuatda
dərc edilən materiallar, beynəlxalq təşkilatların hesabatları
və xarici fotoqraflar tərəfindən
çəkilən nadir şəkillər
daxil edilib.
E.Kuk bu filmin insanlarda Xocalı həqiqətləri
ilə bağlı məlumatın artırılması
baxımından önəmini
qeyd edib. O deyib ki, Xocalı faciəsi körfəz müharibəsi, Balkan savaşı,
Ruanda hadisələri ilə
eyni vaxta təsadüf etdiyi üçün beynəlxalq
ictimaiyyətin diqqətindən
kənarda qalıb. Lakin qətlə yetirilən insanların sayından asılı olmayaraq, bu, 23 il öncə
baş vermiş çox dəhşətli
bir hadisədir. Cəmi bir nəsil öncə öz doğmalarını itirmiş
insanların ailələri,
qohumları hələ
də bu faciəni unuda bilmirlər. Azərbaycanda bir milyondan artıq
qaçqın və məcburi köçkün
var ki, hələ
də öz doğma evlərinə qayıda bilmir. Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı
altındadır. Məhz
buna görə də insanlar bu təcavüzün acı nəticələrini
gündəlik həyatlarında
hiss edirlər. Məhz bu
səbəbdən biz bu
mesajı dünyaya çatdırmağa çalışırıq.
Jurnalistin “həmin axşam Dublindəki tədbirdə
oxşar vəziyyətlə
çox yaxından tanış olan və bu məsələnin
tezliklə həllinin
vacibliyini vurğulayan
siyasətçilər Pət
Keri və Terri Leyden də
orada idilər. Diplomatik
korpusun nümayəndələrini
və jurnalistləri filmlə tanış
etdikdə, hansısa bir nəticə hasil oldumu? Ümumiyyətlə,
sizə diplomatik və media dairələrindən
hər hansı bir reaksiya daxil
olurmu?” sualına cavabında L.Kuk deyib: “Media ilə bağlı danışdıqda
əlbəttə, xüsusilə
film nümayişindən sonra
bu tədbiri və ümumiyyətlə,
münaqişəni işıqlandırmaq
istəyən jurnalistlər
oldu. Diplomatik ictimaiyyətə gəldikdə isə, Azərbaycanın mövqeyi
beynəlxalq ictimaiyyətin
əksər üzvləri
tərəfindən dəstəklənir.
Kolumbiya,
Çexiya, Rumıniya,
Serbiya, Peru, Panama, Pakistan, Meksika
və digər ölkələr öz milli parlamentlərində Xocalı soyqırımını
rəsmən tanıyıblar.
Digər
ölkələrin də
məsələyə bu
cür qiymət verməsini istəyirik”.
“Mediada məqalələrin
dərc olunmasından
əlavə, daha nəyə nail olmaq istəyirsiniz? Filmin televiziyalarda yayımından
sonra insanların sizinlə “Twitter” vasitəsilə
əlaqə saxlamasını
istəyirsiniz? Ümumiyyətlə,
sıravi insanlar sizin üçün nə edə bilər?” sualına cavab verən L.Kuk bildirib: “Onlar öz siyasətçilərinə,
media vasitələrinə müraciət
edə bilərlər.
Müxtəlif internet saytları var ki, oradakı
məcburi köçkün
və qaçqınların
doğma yurdlarına qayıtmalarına dəstək
verən petisiyaları
imzalaya bilərlər.
Təbii
ki, əsas hədəf cinayətkarların
məhkəmə qarşısında
cavab verməsidir.
Xocalı qətliamı
zamanı hərbi komandirlərdən biri olmuş Ermənistanın
hazırkı prezidenti
Serj Sarkisyan 2000-ci ildə münaqişə
ilə bağlı britaniyalı jurnalist Tomas
de Vaala müsahibəsində
bu ifadələri işlətmişdir: “Xocalıya
qədər azərbaycanlılar
düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilən bir xalq deyil.
Biz bu stereotipi sındırdıq və bunlar baş verdi”. Beləliklə, Ermənistanın prezidenti
boynuna alır ki, onlar mülki
əhalini hədəf
olaraq seçmişdilər.
Bu, yanlışdır, bu, ədalətsizlikdir və düşünürük
ki, beynəlxalq ictimaiyyət və sıravi vətəndaşlar
bu məsələdən
agah olmalıdırlar.
Sonda L.Kuk
qeyd edib ki, insanlar www.teas.eu
internet səhifəsinə girməklə
bu kampaniyaya dəstək
verə bilərlər. Yaxud
www.justiceforkhojaly.org kampaniyasının internet
səhifəsinə daxil olmaqla
bu dəhşətli qətliama
qarşı başladılmış kampaniyaya
dəstək olmaq üçün
öz ad və
soyadlarını yaza bilərlər.
Azərbaycan.-2015.- 11 mart.- S.5.