Azərbaycan milli teatrının
yaradıcılıq imkanları genişlənir
Dünən ölkəmizdə Azərbaycan peşəkar milli teatrının 142 illiyi təntənə ilə qeyd edilmişdir. Bu münasibətlə əməkdaşımız mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevdən müsahibə almışdır.
- Ədalət müəllim, görüşümüz təsadüfi deyil. Ovqatınızın xoş vaxtında istərdik Azərbaycan milli teatrının keçdiyi yola qısaca ekskurs edək. 142 yaşını qeyd edən Azərbaycan milli teatrı özünü necə hiss edir, hansı qayğılarla yaşayır?
- Qəzetinizin yaratdığı imkandan istifadə
edib xalqımızı, o cümlədən, bütün
teatrsevərləri bu bayram münasibətilə təbrik edirəm.
Deyim ki, Azərbaycan milli teatrı tarixən yaşlı olsa
da, mənən çox cavandır, yaranışından
bugünkü qədər qayğıyla əhatə
olunmayıb. Məlumdur ki, 1873-cü il martın
10-da Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran
xanının vəziri” komediyasının səhnə
tamaşası ilə əsası qoyulan Azərbaycan peşəkar
milli teatrının inkişafına Prezident İlham Əliyev
xüsusi diqqət və qayğı göstərir. Ölkə
rəhbərinin 2009-cu il 3 mart tarixli sərəncamına
əsasən martın 10-u hər il ölkəmizdə “Milli
Teatr Günü” kimi qeyd edilir. Azərbaycan teatrının
tarixi və keçdiyi yol haqqında çox yazılıb, hətta
bu barədə kifayət qədər dərsliklər də
var. Həmin tarixə və keçdiyimiz yola diqqət yetirsək,
görərik ki, ənənələrindən qürur
duyduğumuz milli teatrımız əslində ölkəmiz
müstəqilliyini bərpa etdikdən sonra öz taleyinin
sahibi olub. Azərbaycan teatrının inkişafı,
teatrlarımızın yaradıcılıq
axtarışlarının genişləndirilməsi
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər Heydər Əliyev hakimiyyətə
gələndən sonra insanların üzünü həm də
teatra çevirdi. “Teatrımızın böyük tarixi,
böyük ənənələri, gözəl nümunələri
var. Milli teatr bu gün də, gələcəkdə
də yaşayacaqdır” - deyən ulu öndər ölkəmizə
rəhbərlik etdiyi illərdə milli teatrımızın
maddi-texniki bazası gücləndirilmiş, peşəkar
aktyor və rejissor kollektivi yaranmışdır. Əgər
1969-cu ilə qədər ölkəmizdə cəmi 12 peşəkar
teatr fəaliyyət göstərirdisə, hazırda Azərbaycanda
30-a yaxın peşəkar, 50-dən artıq xalq teatrı var.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
ölkəmizdə bir dənə də teatr
bağlanmamışdır, əksinə, “Yuğ”, Pantomima,
İrəvan və Azərbaycan dram teatrları dövlət
statusu almışlar. Azərbaycan teatrlarına diqqət və
qayğı daha da artırılmış, aktyor və
rejissorların səmərəli fəaliyyəti
üçün hərtərəfli şərait
yaradılmışdır. Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirən Prezident İlham Əliyevin fərmanı
ilə 2006-cı ildə “Teatr və teatr fəaliyyəti
haqqında” qanun qəbul edilmişdir. Qeyd edim ki, bu qanun MDB məkanında
və dünyanın bir çox teatrı olan ölkələrdə
ilk dəfə atılan addım idi. Bu qanun Milli Akademik
Teatrına, Opera və Balet Teatrına böyük
yaradıcılıq imkanları verdi, hər iki teatrda
çalışan insanların əməkhaqları 100 faiz
artırıldı. Həmin
fərman az sonra daha beş teatra da şamil edildi. Dövlət
Musiqili Komediya Teatrının, Gənc Tamaşaçılar
Teatrının, Azərbaycan Dövlət Rus Dram
Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının
və Dövlət Pantomima Teatrının da maddi-texniki
bazası yeniləndi, işçilərin əməkhaqları
artırıldı.
Dövlət
başçısının “Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında” 2007-ci il
19 fevral tarixli sərəncamı respublika Mədəniyyət
və Turizm Nazirliyi qarşısında Azərbaycan milli teatr
sənətinin inkişafı ilə əlaqədar həyata
keçirilməsi nəzərdə tutulan işlərə, tədbirlərə
sanki açar oldu. 2009-cu ilin may ayında Prezident İlham
Əliyevin sərəncamı ilə “Azərbaycan teatrı
2009-2019-cu illər Dövlər Proqramı” qəbul edildi. Bu proqram MDB məkanında analoqu olmayan bir
proqramdır. Dövlət proqramı
çərçivəsində Azərbaycan milli teatrı
özünün yenidənqurma və yenidənqurulma mərhələsinə
uğurla qədəm qoyub. 2006-cı ildən
bu günə qədər Azərbaycan teatrlarında 742 yeni və
bərpa olunan tamaşalara quruluş verilib. Bu tamaşaların 164-ü dövlət büdcəsindən
ayrılmış əsaslı vəsait hesabına, 578-i isə
teatrların daxili imkanları hesabına ərsəyə gətirilmişdir.
- Bu
gün Azərbaycan teatrı səhnəsində ən
çox hansı əsərlər tamaşaya qoyulur?
- Bizim
teatrlarda Elçinin, Kamal Abdullanın, Əli Əmirlinin və
digər indiki dramaturqların pyesləri ilə yanaşı,
milli klassiklərin əsərləri də tamaşaya qoyulur.
Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, İlyas Əfəndiyev
kimi dramaturqların, Nizami Gəncəvinin əsərlərinə
olan maraq azalmır. Teatrlarımız Şekspir,
Molyer, Brext, Şiller, Puşkin, Dostoyevski və Çexovun, eləcə
də dünya şöhrətli digər müəlliflərin
əsərlərinə mütəmadi olaraq müraciət
edirlər.
- Bəs
gənc yazarlarımıza necə, müraciət edəni
olurmu?
- Bu
gün təəssüf doğuran həm də odur ki, gənc
dramaturqlarımızın sayı azdır. Biz
onları daha çox görmək istərdik. Gənc yazarlar arasında eləsi var ki, bir-iki dəfə
teatra müraciət edir, əsərləri bəyənilməyəndə
inciyir, narazılıq edir. Onlar özlərinin
yaradıcılıqlarına yüksək peşəkarlıqla
və tənqidi yanaşsalar daha yaxşı olar.
-
Teatrlarımız xarici ölkələrə qastrollara gedə
bilirlərmi?
-Respublika
teatrları bu müddət ərzində 25 dəfə xarici
ölkələrdə qastrol səfərlərində olublar.
Azərbaycan
Prezidentinin müxtəlif tarixlərdə imzaladığı
sərəncamlara əsasən, Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus
Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı,
Bakı Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət
Musiqili Teatrı, Ağdam və Füzuli teatrları, Şəki
Dövlət Dram Teatrı Avropa və dünya standartları səviyyəsində
bərpa olunub, yenidən qurulub və dünyanın ən
modern texnologiyaları ilə təchiz edilib. Adını
çəkdiyim teatrlarda ən mürəkkəb quruluşlu
tamaşalara səhnə həyatı vermək
üçün lazım olan bütün mexanizmlər,
işıq və səs sistemləri,
tamaşaçıların rahatlığına
hesablanmış havalandırma və istilik sistemi, rahat
kreslolar, gözəl interyer və s. yaradılıb. Bütün bunlar dövlətin vəsaiti
hesabına ərsəyə gətirilib.
Hazırda Opera və Balet Teatrının, İrəvan
Teatrının binalarının əsaslı təmirə
dayandırılması istiqamətində tender-layihə sənədləri
hazırlanır. Bizim əldə etdiyimiz uğurlar
sırasında binasızlıq şəraitində fəaliyyət
göstərən Sumqayıt Dövlət Teatrı Prezident
İlham Əliyevin sərəncamına əsasən yeni bina
və hüquqi ünvanla təmin edilmişdir.
- Bəs,
Ermənistan silahlı birləşmələri tərəfindən
işğal edilmiş bölgələrdən
qaçqın, köçkün düşmüş
teatrlarımızın taleyi nə yerdədir?
- Ermənilərin
Azərbaycana vandal yürüşü və Ermənistan
silahlı birləşmələri tərəfindən
torpaqlarımızın işğalı nəticəsində
əvvəlcə Qərbi Azərbaycandan - 1875-ci ildən fəaliyyətdə
olmuş İrəvan Dövlət Dram Teatrı, 1988-ci ildə
isə Ağdam, Füzuli və Şuşa teatrları
respublikamızın paytaxtına pənah gətirdilər. Neçə illər idi ki, bu teatrların heç
birinin binası və truppalarının fəaliyyət
göstərməsi üçün şərait yox idi.
Azərbaycan Prezidentinin sərəncamı ilə
Sumqayıt Dövlət Teatrı yeni bina ilə təmin
edildikdən sonra, torpaqlarımız işğaldan azad edilənə
qədər Azərbaycan Neft Şirkətinə məxsus mədəniyyət
sarayı İrəvan Teatrının istifadəsinə
verilib. Dövlət proqramı çərçivəsində
Ağdam və Füzuli teatrları yeni binalarla təmin ediliblər.
Prezident İlham Əliyev həmin binaların
açılışında iştirak edib. Şuşa teatrını da yeni bina ilə təmin
etmək məqsədilə layihə-smeta sənədləri
hazırlanır. Qaçqın
teatrlarımız, eləcə də Azərbaycanda fəaliyyət
göstərən digər 15 teatr büdcə vəsaiti
hesabına təzə nəqliyyat vasitələri ilə təmin
olunublar. İndi onlar istədikləri
bölgəyə qastrol səfərlərinə gedərkən
nəqliyyat sarıdan korluq çəkmirlər. Azərbaycan
teatr tarixində ilk dəfə olaraq, qaçqın
teatrlarımız da daxil olmaqla, onların hamısı beş il müddətinə səhnə geyimləri,
eləcə də Moskva, Peterburq və digər xarici ölkələrdən
gətirilmiş qrim məhsulları ilə təmin ediliblər.
Başqa teatrlar isə cari ilin sonuna kimi qrim ləvazimatları
ilə təmin ediləcəklər. Onu da
deyim ki, respublikanın ayrı-ayrı teatrlarında gedəcək
tamaşalar haqqında əhalinin istədikləri məlumatı
almaları üçün saytlar yaradılıb. Bundan
başqa, teatrlar və tamaşalar haqqında ilkin məlumatlar
əldə etmək üçün Bakı, Gəncə,
Şəki, Qax, Lənkəran və digər şəhərlərdə
73 ədəd qədimi üslubda hazırlanmış teatr
tumbası qoyulmuşdur. Bu proses davam etdirilir. Yaxın
gələcəkdə Bakıda və bölgələrdə
daha 30 ədəd belə tumba quraşdırılacaqdır.
- Bölgə
teatrlarından söz düşmüşkən, onların
çətinlikləri, kadr qıtlığı varmı?
- Bölgə
teatrlarında problem ilk növbədə bəzi istedadlı,
lakin imkansız gənclərin Bakıda ali
təhsil alıb, geri dönmələri ilə
bağlıdır. Bu problemi aradan qaldırmaq
üçün respublika teatrlarının 13-də
teatr-studiya yaradılıb. Azərbaycan Dövlət
Kukla Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında,
habelə Naxçıvan, Gəncə, Lənkəran və
Şəki musiqili teatrlarında ikiillik təlim-təcrübə
kursları açılıb. Burada gənclər
teatr sənətinin ilkin əlifbasını öyrənmək
üçün təcrübəli sənətkarlardan dərs
alırlar, işləyə-işləyə teatr sənətinin
ən mürəkkəb sirlərinə yiyələnirlər.
Bu gün qayğı baxımından Tbilisidə,
Dərbənddə, eləcə də Moskvada fəaliyyət
göstərən Azərbaycan teatrlarının fəaliyyəti
də bizi çox narahat edir.
- İndi Azərbaycan dünya dövlətləri
sırasında xüsusi yeri olan ölkə kimi
tanınır.
Bu baxımdan Azərbaycan milli teatrının
xaricdə tanınması istiqamətində vəziyyət necədir?
- Azərbaycan
teatrı artıq öz hüdudlarından çox-çox kənarlarda
sevilməyə başlayıb. Son illər
teatrımızın, mədəniyyətimizin qorunması
istiqamətində atılan mühüm addımlar Avropa məkanında
Azərbaycan mədəniyyəti və incəsənəti
barədə dərin marağın yaranmasına səbəb
olub. Bu gün Azərbaycan teatrı bir
neçə xarici ölkə teatrları, o cümlədən
Almaniyanın İzenburq teatrı ilə əməkdaşlıq
edir. Londonda xalq yazıçısı
Elçinin “Teleskop” əsəri tamaşaya qoyulub. Üzeyir bəyin əsərləri Avstriyada,
Almaniyada və Amerikada səhnələşdirilib. İlyas Əfəndiyevin və Kamal Abdullanın əsərləri
dünyanın bir çox şəhərlərində
tamaşaya qoyulur. Azərbaycanlı
rejissorlar dünyanın ən nüfuzlu teatrlarında
quruluşlar verirlər. Bunlar
qarşılıqlıdır, xarici ölkələrdən də
Bakıya 30 nəfərdən çox bəstəkar, rejissor,
rəssam, baletmeyster və s. sənət adamları dəvət
olunub. Onu da qeyd edim ki, azərbaycanlı mütəxəssislər
də dünyanın qabaqcıl ölkələrinin teatr təcrübəsini
öyrənmək üçün xarici ölkələrə
səfərlər edirlər. İstər
bizim nümayəndələr, istərsə də xarici
ölkələrdən dəvətli olan mütəxəssislər
bir-birilərindən çox şey öyrənirlər.
Ölkə rəhbəri İlham Əliyevin sərəncamı
ilə Bakı Multikulturalizm Mərkəzi yaradılıb. Bizim teatrlar
multikultural dəyərlər sistemində çoxdan yeri olan,
bu işə xidmət edən və bu sahənin mərkəzində
dayanan ocaqdır. Adi bir misal: Azərbaycanda 80 ildən
yuxarıdır ki, rus dilində teatr fəaliyyət göstərir.
Kukla Teatrında iki dildə - Azərbaycan və
rus dillərində tamaşalar hazırlanır. Şimal bölgəmiz olan Qusarda çoxdandır
ki, ləzgi dilində teatr fəaliyyətdədir. Burada ləzgi dramaturqları ilə yanaşı, azərbaycanlı
yazıçıların da əsərləri
oynanılır. Qax Kukla Teatrı
gürcü dilində fəaliyyət göstərir. Teatrda gürcü müəlliflərlə
yanaşı, dünya klassiklərinin də əsərlərinə
müraciət olunur. Ölkəmizdə
multikultural dəyərlərlə yaşamaq hər zaman
mövcud olub. Hələ XII əsrdə
Nizami Gəncəvi “Yeddi gözəl” əsərini yazmaqla
dünyanın yeddi ölkəsinin dəyərlərini Azərbaycana
gətirmişdir.
Bir
faktı qeyd edim ki, Azərbaycan teatrı 2010-cu ilə qədər
heç bir qurumun üzvü deyildi və qastrol səfərlərində
də çox az sayda olub. Lakin
2010-2014-cü illərdə Azərbaycan teatr tarixində ilk dəfə
olaraq ölkəmizdə I, II və III Bakı Beynəlxalq
Teatr Konfransı keçirilib. Sonuncu - III
Bakı Beynəlxalq Teatr Konfransında 49 xarici ölkədən
150-yə yaxın dünya çapında tanınan çox məşhur
sənət xadimləri iştirak edirdi.
- III Bakı
Beynəlxalq Teatr Konfransı xarici ölkə mətbuatında
da böyük rezonans yaratmışdır, bunun səbəbi
nədir?
- Konfrans
zamanı Azərbaycan Prezidentinin müvafiq sərəncamları
ilə Azərbaycan milli teatrının inkişafı istiqamətində
görülən işlərlə əlaqədar xarici həmkarlarımıza
ətraflı məlumat verildi, bu barədə onlara Azərbaycan,
rus və ingilis dillərində broşuralar paylandı. Qonaqlar Azərbaycan teatr sənətinə olan
dövlət qayğısından heyrətə gəlmişdilər.
Tez-tez “Kaş bizim ölkənin rəhbəri də
sizin ölkənin Prezidentinin atdığı addımlardan
ataydı, ölkəmizə qayıdanda bu barədə mətbuatda
çıxış edəcəyik” - deyirdilər.
Qürurverici faktdır ki, ən möhtəşəm
Beynəlxalq Kukla Teatrı festivalları Bakıda keçirilməyə
başlayıb. 2011-2013-cü illərdə olduğu kimi.
2015-ci il noyabrın 5-9-u tarixlərdə
III Beynəlxalq Kukla Teatrı Forumu da ölkəmizdə
keçiriləcək. Artıq 20-dən
çox xarici ölkə bu foruma maraq göstərir. Bu forumlar həm də əlamətdar hadisələrlə
tarixə çevrilir. Məsələn, ötən il I Şəki Beynəlxalq Teatr Festivalı
Şəki şəhərində gerçəkləşdi.
Bu zaman korifey sənətkarımız Lütvəli Abdullayevə
həsr edilmiş yubiley tədbirləri mərasimə yeni ahəng
verdi, unudulmaz sənətkarın
büstünün açılışı oldu.
143 yaşına qədəm qoyan Azərbaycan milli teatrı tarixindən bəhs edən 2 cildlik Azərbaycan Teatr Antologiyası nəşr edilib, 3 cildlik Teatr Ensiklopediyası hazırlanır. “Azərbaycan teatrı dünən, bu gün, sabah” adlı portalı, Azərbaycan yazıçısı İlyas Əfəndiyevin, Şəmsi Bədəlbəylinin, Kukla Teatrının, Beynəlxalq Kukla Teatr festivallarının web-saytları yaradılıb. Dünyanın istənilən ölkəsində, istənilən şəhərində insanlar bu web-saytlar vasitəsilə Azərbaycan teatrı, mədəniyyəti və incəsənəti ilə tanış olurlar.
26 dövlət teatrında 1840 nəfərə yaxın işçi çalışır. Dövlət başçısının müxtəlif illərdə verdiyi sərəncamlara əsasən 130 nəfər mükafata layiq görülüb, 660 nəfər fəxri adlarla təltif olunub, 77 nəfər Prezident təqaüdü alır. Son 10 il ərzində teatr, mədəniyyət və incəsənət sahəsində çalışan xeyli sayda insanın mənzil və məişət şəraiti yaxşılaşdırılıb, sağlamlıq, müalicə-müayinə problemləri ilə bağlı onlara kömək göstərilib. 60 yaşdan yuxarı teatr sənətkarlarının hamısının yubileyi keçirilir. Bütün bunlar ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə reallaşır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva milli teatrın inkişafına və ayrı-ayrı fərdlərin qayğısına qalmaqla, onlara etdiyi xeyirxahlıqlarla dünyaya nümunə göstərir.
142 yaşlı Azərbaycan teatrı bu gün özünün intibah dövrünü yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan teatrı inkişaf edir, yaradıcılıq imkanlarını daha da genişləndirir. Bununla da mütərəqqi ideyaların daşıyıcısı, milli oyanış və dirçəlişin carçısı olmuş Azərbaycan teatrı bundan sonra da milli ruhun daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnəyə gətirməklə insanların estetik tərbiyəsi, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi sahəsində öz fəaliyyətini gücləndirəcəkdir.
Müsahibəni apardı:
Rəhman SALMANLI,
Azərbaycan.-2015.- 11 mart.- S.6.