“Mənə yaşamaq
yox, şeir yazmaq gərəkdir”
(Vaqif
Səmədoğlunun əziz xatirəsinə)
Vaqif Səmədoğlu. Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri - ustad şair. O, dünyasını dəyişsə də, həyatının son anına qədər Ölüm haqqında düşünmürdü.
Vaqif böyük Azərbaycan şairi Səməd Vurğunun oğludur. Səməd Vurğun isə Azərbaycan deməkdir. Və Vaqif həm də Azərbaycanın oğludur.
Mən Yusifli Vaqif isə həm Səməd Vurğunun, həm də Vaqif Səmədoğlunun oxucularından biriyəm. Səməd Vurğunun “Vaqif” pyesi məşhurlaşandan sonra atam bu adı mənə götürüb. Deməli, adaşıq. İllər gəlib keçdi, mən kənddən Bakıya gəldim, günlərin birində Vaqif Səmədoğlu ilə tanış oldum. Onu bir şair kimi də, insan kimi də çox sevdim. Əlbəttə, bu sevginin əsasında onun poeziyası durur. Oxuduğum çox-çox şairlər mənə şairdən başqa ictimai həyat adamı, siyasətçi, rəssam, musiqiçi təsiri bağışlayırlar. Vaqifə isə şairlikdən başqa bir ad yaraşdıra bilmədim... Hərçənd Vaqif Səmədoğlu təhsilinə görə musiqiçidir, cazı çox sevir və təbliğ edirdi.
Vaqif Səmədoğlu ilə onun şeirləri arasında heç bir təzad görmürəm. Əslində, əsl şair şeirində yaşamalıdır. İllər keçəndən sonra o şairin obrazı yaddaşlardan silinə bilər, o şair haqqında təsəvvürlər tamam yox ola bilər. Amma şeir yaddaşdır və nəsildən-nəslə ötürülür, şairi yaşadan da elə budur... Bu gün çox şairin şeiri özünə bənzəmir. Şeiri özünə, özü şeirinə bənzəməyən çox-çox şairlər görürəm bu gün... Vaqif Səmədoğlu şeirlərinin birində yazır:
Mənə sevib ayrılmağa
bir qadın verin.
Ürəyimdə bir ayrılıq qəribsəyib
və bu ayrılıqdan bir şeir.
Mənə baş götürüb
getməyə
bir yol göstərin.
Ürəyimdən bir yol keçir
və bu yoldan bir şeir.
Mənə yaşamağa bir qürbət verin.
Ürəyimdə bir vətən
qəribsəyib
və bu vətəndən bir şeir.
Təkrirlər üzərində qurulan bu şeirin hər bəndində bir istək, bir duyğu səslənir. Ayrılıq, Yol, Vətən, bir də bu
üç duyğunu
birləşdirən şeir.Yeri
gəlmişkən deyim
ki, Vaqifin şeirlərində məxsusi
poetik obrazlar var: Ayrılıq, Yol, Vətən, Qadın, Ömür, Ölüm... bunlardan öncə Allah və Azadlıq. İstəyirəm söhbətimə sonunculardan başlayım.
Son otuz ildə doğrudan da şeirimizdə Allaha müraciətlər, xitablar
çoxalıb. Bu, yaxşıdımı,
pisdimi, - deyə bilmərəm, çünki
şairin də sığındığı Allahdır,
sözün də... Ancaq istənilən müqəddəs
bir sözü şeirdə həddindən
artıq istismar etdikdə o sözü adiləşdirib gözdən
salmaq da olar. Yaxud o müqəddəs söz az və
ya çox işlənməyindən asılı
olmayaraq, hər dəfə şeirdə yeni məna kəsb edə bilər. Vaqif Səmədoğlunun şeirlərində “Allaha
müraciətlər” cavabsız
qalmır. Ulu Tanrının
cavabı yaşadığımız
bu dünyadır, hər birimizin və hamımızın birlikdə ömrüdür,
həyatıdır, taleyidir”
(Anar).
Kimin var, Ulu Tanrı,
Məndən savayı bu dünyada?
Kimim var Səndən başqa
bu aləmdə mənim?
Sən tək, mən tək,
Ulu Tanrı...
Vaqif Səmədoğlunun
bu mövzulu şeirləri, mənim fikrimcə, poeziyamızda
ilk dəfə olaraq
Allah üzərindəki mistik
örtüyü götürdü. İnsanla Allah doğmalaşdı və
bu doğmalıq insanın son pənahı
olan Allaha doğru yolu da qısaltdı.
Vaqif Səmədoğlunun şair
kimi susan
vaxtları da olub. Onun şair dostları
tribunalardan, meydanlardan,
şeir məclislərindən
qışqıranda o, daş
səbri ilə susurdu. Daha doğrusu, yazırdı, amma susurdu... Sən demə, Azadlıq və İstiqlal haqqında hamıdan çox düşünürmüş.
Bizim içimizdə yaşayan kədəri hamıdan çox çəkirmiş:
Mənə Vətən yolu
dar gəlir yenə,
üzümə bahar yox,
qar gəlir yenə.
Mənə elə gəlir,
bu şeiri o zaman Vaqif heç
cür işıq üzünə çıxara
bilməzdi:
Sən mənim
doğma anamsan, Azadlıq,
Mən sənin
Yad qapısında
böyümüş balan.
Heç
bir QLAVLİT Vaqifin bu misralarını da yaxına buraxmazdı:
Belə
gündə şəhər
üstüaçıq qəbristanlığa
bənzər.
..Məğlub Vətən bayrağı tək
Ayaq altda qalıb bahar.
Deyirlər ki, şeir zamanına
görə yazılır
və öz vaxtında meydana çıxmalıdır. Guya zaman
ötəndən sonra
o şeirlər millət
üçün heç
bir əhəmiyyət
kəsb etmir. Təbii ki, bu fikrin
böyük poeziyaya dəxli yoxdur. Əsrin o başında yazıb-yaradan
Sabirin şeirləri öz zamanında yazılıb, öz zamanında deyilib, amma elə bil
bugünün şeiridir.
Öz zamanında yazılan və deyilən çoxlu şeirlər də var ki,
onların heç biri bu gün
yaşamır. Vaqif
Səmədoğlu bir
şeirində yazır:
Şair
kimi yox,
şeir kimi ölmək istəyirəm.
Vaqif Səmədoğlunun
şeiri fərdi, intim olduğu qədər də ictimaidir. Ümumiyyətlə, kim deyirsə
ki, şeir ancaq ruhun ifadəsidir
və onun ətraf mühitə, cəmiyyətə heç
bir dəxli yoxdur, onunla razılaşmaq olmaz. Yaxud, kimsə deyirsə ki, şeir cəmiyyət
üçün yazılır,
o fikir də yanlışdır. Qışqıran şairlərin “ictimai” şeirləri də, öz daxili dünyasına qapılan şairlərin “fərdi” şeirləri də dünyadan təcrid oluna bilməz. Pıçıltıda da, həzinlikdə
də, səssiz fəryadda da böyük dünyanı
görmək olar.
Böyük dünya dediyimiz
isə mənəm, sənsən, cəmiyyətdi,
təbiətdi. Və Vaqif
Səmədoğlu o böyük
- son dərəcə ziddiyyətli,
ağlamalı, gülməli,
komik, faciəli dünyanı bizim içimizdən keçirə
bilir.
Vaqif Səmədoğlunun
şeirlərindəki ağrı-acını,
kədəri-qəmi, Allah, Dünya, Ömür və Ölüm haqqında düşüncələrini
bir yerə toplayanda belə qərara gəlirsən ki, o, bu dünyanın
- faniliyin içində
əzab çəkirmiş. Onun şeirlərinin
hər biri əzabın səslərdə,
sözlərdə ifadə
olunan nəqşidir.
Vaqifin “dərdli”
şeirlərində pataloji
ağrı yoxdur, cismani əzabların sıxıntısından doğan
qüssəyə rast
gəlməzsən, bu,
mənəvi ağrıların
yaratdığı hisslərin,
duyğuların ifadəsidir.
Ayrılıq da, qürbət
də xəstəlikdir,
Yoluxucu azardır
ikisi də.
Doğulub yaşadığın vətəndə
mühacir üşütməsiylə
titrəyirsən
illər uzunu, bir tale boyu.
Sonra qərib məzarı qazılır sənə
ana torpaqda...
Vaqif Səmədoğlu
şeiri öz poetik sanbalına, yükünə görə
çağdaş poeziyamızda
ayrıca bir qoldur desəm, səhv etmərəm. Burada Söz
adilikdən və hər cür təmtəraqdan, ritorikadan
xilas olur. Söz fikirlə hissin poetik daşıyıcısına
çevrilir. Biz Vaqif şeirində bəlkə də çoxları üçün
qəribə təsir
bağışlayan ifadələr,
deyimlərlə qarşılaşırıq.
Fikrimizcə, Vaqif Səmədoğlu poeziyası Azərbaycan və dünya şeirinin ən müasir meyillərinin bir nöqtədə birləşdiyi, vəhdət
təşkil etdiyi bir poeziyadır. Vaqif Səmədoğlu ilə
beş əsrlik
Füzuli arasında qırılmayan poetik tellər gözə göründüyü kimi,
atası Səməd Vurğun arasında da oxşarlıq, yaxınlıq tapmaq mümkündür. Həmçinin Vaqif Səmədoğlu şeirləri ilə müasir postmodernist poeziya
arasında da belə bir uyuşmanı
açıqlamaq müşkül
deyil. Dünyada bütün gözəl
şairlərin yolu bu vəhdətdən keçir. Amma ilk növbədə V.Səmədoğlu yalnız
özünə bənzəyən
şairdir. Onun “Günün
baxtı” (1972) ilk şeirlər
kitabı ilə son şeirləri arasında təbii, poeziya üçün qanunauyğun
bir inkişaf prosesini izləmək çətin deyil, amma o ilk şeirlərlə
son şeirlər arasında
elə bir bağlılıq var ki, bunu başqa
bir şairdə tapmaq çətindir.
Vaqif Səmədoğlu şeirlərində tez-tez atasını - XX əsrin böyük söz ustadı Səməd Vurğunu xatırlayır. Bu, sadəcə oğul məhəbbəti deyil, həm də böyük poeziya qarşısında ehtiram əlamətidir. Vaxtilə Vaqifin şeirlərindən söz açanda bəziləri onu qınayırdılar ki, niyə atası kimi yazmır. İndi deyə bilərik ki, məhz Səməd Vurğun kimi yazmadığı üçün Vaqif Səmədoğlu öz poetik istedadını tam mənada sübut edə bildi. Poeziyada Səməd Vurğun yolunu tutanlar onsuz da çox idi və bu yolu tutanların çoxu, açığını desək, orijinal şair ola bilmədi.
Vaqif Səmədoğlu şeiri məzmunca da, formaca da yenidir, lakin öncə dediyim kimi, Azərbaycan poeziyasının qaynaqlarından üzülməyir, öz minor kökü, həzin və elegik ruhu, yeri gələndə ironik tərzi ilə Füzuli, Sabir, Hadi şeirinə, xalq ədəbiyyatına ilişiklidir.
Yer altından min ah kimi
Çıxdı çiçəklər səhər.
***
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa.
***
Mənə bir az yağış,
bir az konyak
bir az da göz yaşı lazımdır.
Bir də elə bu otaq,
bu işıq, bu kağız, qələm
Bu gün lazımdır
yaman.
Və bir də qapısının
açarı
öz cibimdə olan bir məzar
lazımdır mənə.
Bu qapının dalında,
bu otaqda oturub
rahat şeir yazmaqdan ötrü.
Bu da Vaqifin şeiridir. Bu şeir
onun taleyidir. Vaqifin taleyi isə sirlərlə doludur.
Mənə yaşamaq yox,
şeir yazmaq gərəkdir.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Azərbaycan.-2015.- 11 mart.- S.7.