Azərbaycan və Pakistan
prezidentləri mətbuata bəyanatlarla çıxış
ediblər
Pakistan Prezidenti Məmnun Hüseyn
Azərbaycana rəsmi səfəri
Martın
11-də sənədlərin imzalanması mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun
Hüseyn mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham
Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident, əziz dostlar.
Nümayəndə heyətinin üzvləri.
Cənab Prezident, Sizi və nümayəndə heyətinizi bir daha salamlamaq istəyirəm. Azərbaycana xoş gəlmisiniz. Səfərinizə çox böyük əhəmiyyət veririk. Bu səfəriniz ölkələrimiz, həmçinin Azərbaycan və Pakistan xalqları arasındakı qardaşlıq əlaqələrini gücləndirəcək. Əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh, əməkdaşlıq və dostluq şəraitində yaşamışlar. Əsrlər boyu bir-birimizi dəstəkləmişik, qardaş kimi yaşamışıq. Bu gün iki müstəqil ölkə yeni bir əməkdaşlıq formatını yaradır. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz və həmçinin strateji maraqlarımıza söykənir.
Bu gün cənab Prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bəyannaməsidir. Əslində bu sənəd əməkdaşlığımızın demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik.
Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, elə indicə imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik.
Bu gün cənab Prezidentlə ikitərəfli və çoxtərəfli əhəmiyyətə malik məsələləri, xüsusilə beynəlxalq təsisatlarda əməkdaşlığımızı müzakirə etdik. Biz bir-birimizi BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təsisatlarda dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana davamlı dəstək göstərdiyi üçün Pakistana çox minnətdarıq.
Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Azərbaycan xalqı isə Pakistandakı qardaşlarına çox minnətdardır. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu.
Biz Pakistana çox minnətdarıq ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir. Bu, qardaş münasibətidir. Bu, real dəstək rəmzidir. Hökumətimiz və xalqımız sizin bu mövqeyinizə görə hökumətinizə və xalqınıza çox minnətdardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir.
Azərbaycan öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəkləyir. Başqa sözlə desək, ölkələrimiz arasında əməkdaşlığın güclü tarixi təməli var və bu gün biz beynəlxalq arenada öz milli mənafelərimizi qorumaq üçün bir-birimizi dəstəkləyirik.
Biz bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Şadam ki, cənab Prezident Pakistanın işgüzar dairələrinin təmsilçilərinin böyük qrupu tərəfindən müşayiət olunur. Sabah biz bir yerdə biznes forumda iştirak edəcəyik. Ümid edirik ki, bu biznes forum iqtisadi əməkdaşlıq, biznes dairələri arasında təmaslar, qarşılıqlı sərmayə qoyuluşu və birgə müəssisələr üçün əlavə imkanlar yaradacaq. Bu gün nümayəndə heyətləri ilə görüşdə biz bu məsələni müzakirə etdik. Sabah nümayəndə heyətlərinin üzvləri bu istiqamətdə işləməyə davam edəcək və nəticələr haqqında bizə məruzə edəcəklər.
Biz hərbi sahədə fəal əməkdaşlıq edirik. Bu gün müdafiə sənayesi sahəsində əməkdaşlıq üzrə növbəti planları müzakirə etdik. Pakistan müdafiə sənayesində çox böyük irəliləyişə nail olub. Əlbəttə, biz də Azərbaycanda müdafiə sənayesi qururuq. Müasir texnologiyalara çıxışın əldə edilməsi üçün səylərimizi birləşdirmək, həmçinin tədqiqat, elm və müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət üçün imkanlar əldə etmək istəyirik ki, potensialımızı müasirləşdirə bilək.
Əməkdaşlığımızın mühüm bir hissəsi humanitar sahəyə aiddir. Bu, mədəniyyət, elm, sosial sahələrdir. Bunların hamısı xalqlarımız və ölkələrimiz üçün çox əhəmiyyətlidir. Çünki beynəlxalq arenada qarşılıqlı dəstək, iqtisadi və enerji sektorlarında əməkdaşlıq həqiqətən strateji tərəfdaşlığın səviyyəsinin göstəricisidir. Habelə ölkələrimiz İslam həmrəyliyinin gücləndirilməsinə aid məsələlərdə də çox fəaldır. İslam dünyasında daha çox birliyə, qarşılıqlı dəstəyə ehtiyacımız var. Bir-birimizi siyasi və iqtisadi cəhətdən, həmçinin beynəlxalq təşkilatlardakı fəaliyyətlərimiz baxımından dəstəkləməliyik.
Biz İslam
həmrəyliyinin gücləndirilməsinə böyük töhfə veririk.
Azərbaycan və Pakistan bu
istiqamətdə öz mühüm
rolunu oynamağa davam edəcək. Başqa
sözlə desək, biz bütün
sahələrdə əməkdaşlıq edirik.
Bu əməkdaşlığı
gücləndirmək üçün
aydın niyyətimiz var. Bizim
üçün Pakistan
ən yaxın dost və müttəfiqlərdən
biridir. Bu gün qardaş ölkənin
Prezidentini Azərbaycanda qəbul etməkdən
çox məmnunuq. Ümid
edirəm ki, səfərinizin çox yaxşı nəticələri və
səfərlə bağlı xoş xatirələriniz
olacaq. Cənab Prezident,
bir daha Azərbaycana xoş gəlmisiniz.
Azərbaycan.-2015.- 12 mart.- S.2.