Yaxın 5 il üçün Azərbaycan-Belarus

əməkdaşlıq proqramı müzakirə edilib

 

 

Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının Minskdə keçirilən 9-cu iclasında yaxın 5 il üçün əməkdaşlıq proqramı müzakirə edilib.

AZƏRTAC Belarus hökumətinin saytına istinadla xəbər verir ki, iclasda Belarus Baş nazirinin müavini Vladimir Semaşko və Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov iştirak ediblər.

Belarus Baş nazirinin müavini bildirib ki, statistikaya görə son dörd ildə Belarus ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 5 dəfə artıb. Təkcə dövlətlərin iqtisadiyyatı üçün heç də asan olmayan 2014-cü ildə artım 13,9 faiz təşkil edib.

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki ölkənin əməkdaşlığının möhkəmlənməsinə əhəmiyyətli töhfəsini vurğulayaraq deyib: “Belarus təkcə inkişaf etmir, həm də siyasi, iqtisadi və mədəni baxımdan möhkəmlənir”.

Tərəflər hökumətlərarası komissiyanın iclasının yekunlarına dair protokol imzalayıblar. Protokolda söhbət neft-kimya kompleksində əməkdaşlıqdan gedib. V.Semaşko fikrini belə yekunlaşdırıb: “İstəyirik ki, səriştəli biznesmenlər Belarusa gəlsinlər və neft emalı, neft-kimya kompleksinin maliyyələşdirilməsində iştirak etmək imkanlarını öyrənsinlər”.

Vladimir Semaşko jurnalistlərə bildirib ki, Belarus 2015-ci ildə neftə tələbatını Rusiyadan idxal hesabına tam ödəyəcək.

Vladimir Semaşko deyib: “Karbohidrogenlərə gəldikdə isə biz indi öz tələbatımızı Rusiya Federasiyasından idxal hesabına ödəyirik”.

Bu ilin yanacaq-energetika balansı haqqında sənəd imzalanıb. Sənədə görə, Belarus 23 milyon ton neft idxal edəcək. V.Semaşkonun sözlərinə görə, bu həcm yerli neft emalı zavodlarını yüz faiz yükləməyə yetərli olacaq. Yalnız Rusiya nefti olacaq. Bu da sərfəlidir: nəqliyyat xərclərimiz minimumdur müəyyən imtiyazlarımız var.

Baş nazirin müavini bildirib ki, Azərbaycan 2010-2011-ci illərdə neft təchizatı, o cümlədən birbaşa təchizat ilə Belarusa kömək edib.

V.Semaşko Azərbaycandan Belarusa neft məhsullarının ixracının artırılması imkanları barədə suala cavab verərək deyib: “Ölkələrimizin xalq təsərrüfatı kompleksinin necə inkişaf etdiyinə baxacağıq. Ehtimal ki, hər il 5 faiz əlavə edəcəyik”.

2014-cü ildə Belarus Azərbaycan arasında qarşılıqlı əmtəə dövriyyəsi 330,8 milyon dollara bərabər olub. Belarus ixracının əsasını ağac emalı, maşınqayırma, ərzaq məhsulları, dərman vasitələri, qara metal məmulatı, şüşə qablar, Azərbaycan ixracının əsasını neft məhsulları, karbohidrogenlər, şirələr, kənd təsərrüfatı məhsulları, alüminium məmulatı təşkil edib. Hazırda ölkələr arasında 2015-ci ilə qədər uzunmüddətli sosial-iqtisadi əməkdaşlıq proqramının yerinə yetirilməsinə dair tədbirlər həyata keçirilir. Belarusda logistika, ictimai iaşə, 20 milyon dollardan çox Azərbaycan sərmayəsi ilə ticarət layihələri icra olunur. Minsk ilə Bakı arasında müntəzəm aviareyslər həyata keçirilir.

 

Azərbaycan.-2015.- 12 mart.- S.4.