Brüsseldə “Enerji
və qeyri-enerji sahələrində Azərbaycan-Belçika
əməkdaşlığı”
mövzusunda beynəlxalq konfrans keçirilib
Brüsseldə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və “Fluxys” şirkətinin birgə təşkilatçılığı ilə “Enerji və qeyri-enerji sahələrində Azərbaycan-Belçika əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın hazırda və gələcəkdə enerji təchizatçısı və tranzit ölkə kimi oynadığı rol diqqət mərkəzində olub. TEAS-dan AZƏRTACA bildiriblər ki, tədbirdə nazirlər, diplomatlar, belçikalı siyasətçilər və iş adamları iştirak edib.
Avropa Azərbaycan Cəmiyyətinin Belçikadakı nümayəndəliyinin rəhbəri və Belçikanın sabiq enerji naziri Mark Vervilgen giriş nitqində bildirib ki, Azərbaycanın karbohidrogen resurslarını Türkiyə vasitəsilə Avropaya daşıyan kəmərlər sistemi 10 il öncə yaradılıb və bununla da Avropa onun üçün çox mühüm olan alternativ enerji mənbəyi ilə təchiz edilib.
Belçika baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders tədbirdə çıxış edərək qeyd edib ki, bu konfrans Belçika ilə Azərbaycan arasında ticarət və investisiya səviyyəsinin artırılması üçün yeni imkanların yaradılmasına səbəb olacaq. Onun sözlərinə görə, bu ilin aprel ayında Belçika nümayəndə heyətinin Bakıya iki səfəri planlaşdırılır. “Səfərin birinin məqsədi ticarət yönümlüdür, digərinə isə Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi mən rəhbərlik edəcəyəm”, - deyə nazir bildirib. Belçika ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan nazir vurğulayıb ki, əlaqələr yüksələn xətlə inkişaf edir və əsasən tikinti, səhiyyə, günəş enerjisi sektorunu əhatə edir.
“Tədbirin təşkilatçılarından və Belçikanın qaz infrastrukturu sahəsində aparıcı şirkətlərindən olan “Fluxys” bu yaxınlarda “TAP” layihəsində öz payını 16 faizdən 19 faizə qədər artırıb. Bu nəhəng layihə Azərbaycan qazını Avropa bazarlarına çatdıracaq və qitədə enerji coğrafiyasını dəyişəcək. “Fluxys” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə yaxından əməkdaşlıq edir. Beləliklə, onun bu layihədə rolu artacaq. Belçika ilə Azərbaycan arasındakı ikitərəfli ticarət dövriyyəsi 2009-cu ildə 33.7 milyon avro təşkil etmişdirsə, bu məbləğ 2013-cü ildə 51.7 milyon avroya çatmışdı”, - deyə Belçikanın xarici işlər naziri Didye Reynders qeyd edib.
Azərbaycanın energetika naziri Natiq Əliyev çıxışında qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında həyata keçirilən “Bakı-Tbilisi-Ceyhan” (BTC) neft və “Bakı-Tbilisi-Ərzurum” (BTE) qaz kəmərləri kimi uğurlu enerji layihələri artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki önəmli rolunu göstərib. 2011-ci ildə Bakıda imzalanan “Cənub” qaz dəhlizi üzrə Aİ-Azərbaycan birgə deklarasiyası Azərbaycanı Avropanı yeni qaz mənbəyi ilə təmin edən vacib ölkə, layihənin əsas iştirakçısı və həyata keçirən tərəf kimi tanıdır. “Bu, “TAP” və “TANAP”la bağlı müqavilələrin imzalanmasına səbəb oldu və “Cənub” qaz dəhlizi Məşvərət Şurasının ilk iclası bu ilin əvvəlində Bakıda baş tutdu. Avropa İttifaqı və çoxlu sayda maliyyə institutları eləcə də, bütün tərəfdaşlar “Cənub” qaz dəhlizi layihəsinə dair öz sadiqliyini bir daha təsdiq etdilər. “Cənub” qaz dəhlizinin təxminən 25 faizi artıq hazırdır və ilk qaz Avropaya 2020-ci ildə çatdırılacaq”, - deyə Natiq Əliyev məlumat verib.
Beynəlxalq Enerji Agentliyinin Avropa, Yaxın Şərq və Afrika bölməsinin rəhbəri Stevin Gallogly öz şərhində bildirib ki, Azərbaycan Belçika da daxil olmaqla Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Onun sözlərinə görə, 2020-ci ilə qədər bütün Avropada kömürlə işləyən nüvə elektrik stansiyaları istismardan çıxarılacaq. Qaz idxalatına böyük tələbat yaranacaq və “Cənub” qaz dəhlizi Şərqi Avropa, Aralıq dənizi, Mərkəzi Asiya, İraq, İran, eləcə də digər ölkələrdən qaz idxalatı üçün geniş imkanlar yaradacaq.
“Fluxys” şirkətinin baş icraçı direktoru Valter Piraer qeyd edib ki, təmsil etdiyi şirkət istehsalçıdan istehlakçı bazara qədər enerjini daşıyan infrastrukturu həm inşa, həm də istismar edir. O, qeyd edib ki, Azərbaycan qazı Avropa üçün yeni əlavə mənbə olacaqdır. Natiq Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təmin edilməsində hazırkı və gələcək potensialını yüksək qiymətləndirib.
SOCAR prezidentinin müşaviri Murad Heydərov yekun çıxışda vurğulayıb ki, “Cənub” qaz dəhlizi layihəsi bir çox tərəfdaş şirkətləri bir araya gətirib. “Cənub” qaz dəhlizi Məşvərət Şurasının iclası əməkdaşlıq səviyyəsinin göstəricisidir və onun məqsədi bürokratiyanı azaldaraq, praktiki icraat üçün həqiqi çərçivəni təmin etməkdi. Azərbaycanla bağlı Avropa İttifaqının Enerji Birliyi tərəfindən iki həftə öncə çap edilmiş “Yekun Çərçivə Sənədində” birbaşa istinadlar yer alıb. “Cənub” qaz dəhlizi Avropa İttifaqının enerji təhlükəsizliyinin hazırkı çağırışlarına praktiki cavabdır.
Xatırladaq
ki, 2013-cü ilin dekabr ayında bp-nin rəhbərlik etdiyi
“Şahdəniz” Konsorsiumu ilə Azərbaycan hökuməti
arasında “Cənub Enerji Dəhlizi” layihəsi ilə
bağlı 45 milyard dollar məbləğində son
investisiya qərarı barədə razılığa imza
atılmışdı. Şahdəniz-2
yatağından çıxarılan Azərbaycan
qazı Türkiyə, Yunanıstan, İtaliya
və Bolqarıstan kimi Avropa
ölkələrini qazla təmin edəcək.
Səngəçal terminalında təməlqoyma mərasimi
2014-cü ilin sentyabr
ayında baş tutub
və Türkiyəyə ilk qazın
2020-ci ildə çatdırılacağı gözlənilir.
Bu qaz Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və
Trans-Adriatik kəmərlərindən
(TAP) keçəcək.
Azərbaycan.-2015.- 12 mart.- S.4.