Bakıda III Beynəlxalq
“Caspian Energy Forum–2015” keçirilib
Martın 11-də Bakıda III Beynəlxalq
“Caspian Energy Forum–2015” keçirilib. Forum Azərbaycan
Respublikası Energetika
Nazirliyinin, Azərbaycan
Respublikası Dövlət
Neft Şirkətinin
(SOCAR) və Caspian European Club-un dəstəyi ilə baş tutub.
AZƏRTAC
xəbər verir ki, forumda çıxış
edən “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev tədbirin keçirilməsində
əsas məqsədin
biznes-dövlət ünsiyyətinin
yaradılması olduğunu
deyib. “Bundan
əvvəlki iki forum
Bakıda təşkil
olunmuşdu. Belə forumlar
dünyanın 50 ölkəsində
keçiriləcək. Ümid edirik ki, bu forum da
uğurlu olacaq”, - deyə T.Əliyev bildirib.
“Caspian
Energy” jurnalının 100-cü buraxılışının 2016-cı ildə işıq üzü görəcəyini
deyən “Caspian European Club”un baş icraçı direktoru bu münasibətlə dövlət səviyyəli
beynəlxalq tədbirin
təşkil olunacağını
qeyd edib.
Sonra forum öz
işini sessiyalarla davam etdirib.
Milli Məclisin sədr müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun moderatorluğu
ilə keçirilən
birinci sessiyada ekologiya və təbii sərvətlər
nazirinin müavini Firdovsi Əliyev “Azərbaycanın enerji siyasətinin ətraf mühit aspektləri” mövzusunda məruzə ilə çıxış
edib. Azərbaycanın ekologiya siyasəti
və görülən
işlər haqqında
məlumat verən nazir müavini bildirib ki, ötən
dövrdə 122 min hektar
ərazidə yeni meşə sahələri
salınıb.
Sessiyada
“Azersun Holding”in Müşahidə Şurasının
sədri Abdulbari Gözəl, Akkord Sənaye, Tikinti, İnvestisiya Korporasiyasının
baş direktoru Göksel Aybek və başqaları çıxış edərək
forumun keçirilməsinin
əhəmiyyətindən danışıblar.
SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi
üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin
sədrliyi ilə keçirilən forumun ikinci sessiyasında “Müstəqillik illərində
Azərbaycanda neft sənayesinin nailiyyətləri
və gələcək
perspektivləri” mövzusunda
fikir mübadiləsi aparılıb.
Sessiyada
çıxış edən
akademik X.Yusifzadə Azərbaycanın neft və qaz sənayesinin
tarixindən, həm karbohidrogen ehtiyatlarının,
həm də qoyulan sərmayələrin
həcminə görə
dünyanın ən iri sazişləri sırasına aid edilən
“Əsrin müqaviləsi”nin əhəmiyyətindən
danışıb. Bildirilib
ki, 1997-ci ilin noyabrından bu ilin əvvəlinədək
“Azəri-Çıraq-Günəşli”
yataqlar bloku üzrə hasil edilən 360 milyon ton neftin 196 milyon tonu mənfəət nefti kimi Azərbaycanın
payına düşüb.
X.Yusifzadə Azərbaycan neftinin dünya bazarına çıxarılmasında əhəmiyyətli
rola malik Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərindən
də danışıb. O bildirib
ki, kəmər istifadəyə verilən
gündən indiyədək
BTC ilə 260 milyon ton
Azərbaycan nefti dünya bazarına yola salınıb.
SOCAR-ın birinci
vitse-prezidenti Azərbaycanın
iştirakı ilə
reallaşdırılan TANAP, TAP və “Şahdəniz” layihələrindən, o cümlədən
də Dövlət Neft Şirkətinin xarici ölkələrdəki
fəaliyyətindən söhbət
açıb.
Sessiyada
SOCAR Fugro LLC-nin baş direktorunun müavini Fikrət Əliyevin “SOCAR Fugro LLC-nin fəaliyyəti”,
Caspian Wireline Services LTD-nin
baş icraçı
direktoru Kelvin Uilsonun “Neft quyularında geofiziki alətlərin üstünlükləri ”, SOCAR Polymer MMC-nin baş direktoru
Fərid Cəfərovun
“Azərbaycan qlobal sənaye istiqamətləri
kontekstində” mövzularında
məruzələri dinlənilib.
Qeyri-neft sektorunun inkişafına həsr edilən və Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin moderatorluq etdiyi forumun üçüncü sessiyasında isə maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm və digər sahələrə innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun yaradılması məsələləri müzakirə olunub.
Sessiyalar həm mühazirə, həm də diskussiya formasında keçirilib.
Tədbirdə Azərbaycanın, habelə Xəzər-Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, ölkəmizdə akkreditə edilmiş diplomatik və beynəlxalq missiyaların nümayəndələri, iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər.