Qaz ixracı strategiyası Azərbaycanın
davamlı inkişafının təminatçısıdır
Azərbaycan
xalqı imperiya buxovlarını qırdıqdan sonra yenidən
müstəmləkəyə çevrilmək ehtimalından
uzaqlarda dayanmaq ölçülərini dəqiq müəyyən
edərək başqa fövqəlgüclərin diktəsi ilə
idarə olunmaq təhlükəsindən birdəfəlik
uzaqlaşmış oldu.
Beləliklə, Azərbaycan öz ayaqları üzərində dayanmağı, milli maraqlardan irəli gələn şərtləri cəsarətlə diktə etməyi və daha sonra isə beynəlxalq aləmin diqqətini çəkərək sivil dünyaya inteqrasiyanı çox məharətlə icra etməyə başladı. Bütün bu proseslər - iqtisadi inkişaf, elmi-texniki tərəqqi, sosial rifahın yüksəlişi Azərbaycanın müstəqillik qazanmasından da əvvəl məcburən cəlb edildiyi münaqişə - erməni silahlı birləşmələrinin işğalı nəticəsində torpaqlarının (təbii sərvətləriylə bərabər) 20 faizindən məhrum olması və doğma yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq vətəndaşının bitib-tükənməyən qayğılarının həlli ilə paralel aparılmışdır.
Həyata keçirilən çoxsaylı daxili, regional və beynəlxalq layihələr Azərbaycanın sülhsevər, demokratik, mütərəqqi imicini daha da möhkəmləndirərək onu bölgənin liderinə çevirməklə yanaşı, həm də Azərbaycan xalqının ayrı-ayrılıqda müxtəlif aspektlərdən dəyərləndirilən alicənablığını xarakterizə edir. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, bu xalq zəngin sərvətlərə sahib olmaqla, həm də onun bəşəriyyətin mənafeyi naminə düzgün idarə edilməsi qabiliyyətinə malik olan “Böyük Siyasət”in müəllifinə və onun layiqli davamçısına da malik oldu. Elə ona görə də Azərbaycanın enerji təsisatları üzrə əldə olunan razılaşmaların hər biri siyasi, iqtisadi, sosial statuslarından asılı olmayaraq, humanizm rəmzi olan ən zəruri istiqamətləri də özündə cəmləşdirir. Ümummilli lider Heydər Əliyevin və həmin kursun layiqli davamçısı Prezident İlham Əliyevin zəngin təcrübəsi, rəhbər uzaqgörənliyi, siyasi iradəsi hesabına bu gün Cənubi Qafqazda və Şərq-müsəlman aləmində çətin düyünlərin açılması üçün rəsmi Bakı ilə məsləhətləşmələr aparılır. Azərbaycan nəhəng enerji ixracatçısı kimi bütün dünyanın nəzər-diqqətini özünə cəlb edir. Beləliklə, ən nüfuzlu şirkətlər və transmilli korporasiyalar Xəzərdəki karbohidrogen ehtiyatlarının hasilatı, eləcə də digər siyasi-iqtisadi əhəmiyyət kəsb edən sahələrdə bizimlə əməkdaşlığa can atırlar. Azərbaycan cəmiyyətində bərqərar olan ictimai sabitlik və tolerantlıq turizm potensialımızı artırır, məmləkətimizi müxtəlif dinlərin beşiyinə çevirir, sosial sahədə atılan fundamental addımlar isə insanların rifah halını yaxşılaşdırır, vətəndaşın dövlətə inamını daha da gücləndirir.
Ona görə də dövlətimiz ilk növbədə özünə qarşı münasibətdə hörmət və qarşılıqlı anlaşma prinsiplərini əsas tutur, taleyüklü məsələlərdə bütün təzyiqləri rədd edərək müstəqil qərarlar verir, yönümündən asılı olmayaraq reallaşacaq hər hansı beynəlxalq layihələri milli maraqların süzgəcindən keçirir və onu Milli Təhlükəsizlik Konsepsiyasına uyğunlaşdırır.
Müstəqilliyimizin ilk illərindəki proseslərin gedişi heç də unudulmamalıdır. 1994-cü ilin əvvəllərində demokratik şəraitdə bütün ölkə ərazisində mütəxəssislər, siyasi partiyalar, mətbuat işçiləri, iş adamları, sıravi insanlar səviyyəsində neftimizin dünya bazarına çıxarılması marşrutu diskussiya mövzusu idi. Bir neçə variantın təklif edilməsi zəminində, nəhayət ki, müzakirələrə uğurla son qoyuldu. Heydər Əliyev dühası Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin üzərində dayandı. Həmin il sentyabrın 20-də “Gülüstan” sarayında imzalanan “Əsrin müqaviləsi”nin miqyası və təntənəsi dahi siyasətçinin uğurlu seçiminin təzahürü sayılmalıdır. Həmin vaxt Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi müqaviləsində 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (ARDNŞ, “Amoko”, BP, “MakDermott”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “Türkiyə Petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) iştirak edirdi. Onu da qeyd etmək lazımdır ki, “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyuston mərhələləri olduqca ağır keçmişdi. O zaman ARDNŞ-nin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev həmin anları belə xatırlayır: “Xarici təmsilçilərə deyirdik ki, siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz, biz isə ölkənin və xalqın mənafeyini qoruyuruq. Siz səhv buraxsanız, bu, şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz nöqsana yol versək, bütün Azərbaycan xalqının maraqlarına xələl gələcəkdir. Bir sözlə, biz heç bir səhvə yol verə bilmərik”.
Cənab İlham Əliyev harada və hansı səlahiyyətlərə malik olmasından asılı olmayaraq daim, həm də var gücü ilə Azərbaycan xalqının maraqlarını müdafiə etmişdir. Bunu bu günlərdə Bolqarıstanda rəsmi səfərdə olarkən Bolqarıstan Prezidenti Rosen Plevneliyev ilə görüşlər zamanı söylədiyi kəlamlar da bir daha təsdiqləyir: “Azərbaycanın çox zəngin qaz ehtiyatları vardır və əlbəttə ki, “Cənub” qaz dəhlizinin əsas resurs bazası “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” qaz yatağının resursları 1 trilyon kubmetrdən çoxdur. Ancaq Azərbaycanın ümumi qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. “Cənub” qaz dəhlizi əslində bir neçə layihəni özündə ehtiva edir. Bu barədə mən öz fikirlərimi bildirdim. TAP layihəsi “Cənub” qaz dəhlizinin ayrılmaz hissəsidir. TAP marşrutu əsas ixrac marşrutu kimi seçiləndə bəzilərinə elə gəldi ki, “Nabucco” layihəsi artıq tarixdə qaldı. Ancaq reallıqda biz nəyi gördük? Biz gördük ki, “Nabucco”nun üzvü olan Bolqarıstan artıq “Cənub” qaz dəhlizinin üzvüdür”.
Yeri gəlmişkən qeyd etməliyik ki, hələ 1997-ci ilin noyabrında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika və Azərbaycan Ticarət Palatasının təşkil etdiyi toplantıda Ermənistanın ABŞ-dakı səfiri Ruben Şuqaryan cənab İlham Əliyevə “Azərbaycan “Əsrin müqaviləsi”nin imzalanması prosesinə Ermənistanı dəvət etməyərək həmin bölgədə sülhü təhlükə qarşısında qoymadımı” sualına cənab İlham Əliyev belə cavab vermişdi: “Biz qonşularımızla mehriban yaşamağın tərəfdarıyıq. Lakin ədalətli tərəfdaşlıq münasibətləri qorunub saxlanılmalıdır. Bu kimi münasibətləri saxlayanlarla biz dostluq qatarında gedirik, lakin arxadan ona çatmaq çox çətin olacaqdır”.
Göründüyü kimi, hər cür çətinliklərə baxmayaraq, müqavilə ölkəmizin və xalqımızın milli mənafeyinə uyğun hazırlandı, Milli Məclis tərəfindən təsdiqlənərək 12 dekabr 1994-cü ildə qüvvəyə mindi və artıq 20 ildir yüksək brendli Azərbaycan nefti Avropanın, Qərbin enerji damarları ilə hərəkət edərək bir çox sivilizasiyalara həyat verir.
Zaman keçdi, dünya xəritəsində yeni strateji işarələrin qoyulduğunu, uzunmüddətli konturların cızıldığını görən bəşər övladı tədricən XXI əsrə keçməyə başladı. Müasir dövr isə qütbləşmənin sürətlənməsi, əks mövqelər arasında münasibətlərin gərginləşməsi ilə müşayiət edilir. Təsadüfi deyil ki, neft-qaz faktoru istər silahlı münaqişə, istərsə də soyuq müharibə şəraitində olan tərəflər arasında yenə əsas amil olaraq qalmaqdadır. Daha doğrusu, indi zəngin karbohidrogen ehtiyatlarına yiyələnmək istəyi hegemon qüvvələri müharibəyə sürükləyən başlıca səbəbə çevrilmişdir. Əlbəttə, belə bir vəziyyətdə dövrün məşhur sənayeçilərini danışıq masası arxasında əyləşdirmək, pay bölgüsündə biznesmen təmənnasının məhdudluğuna təminat almaq, söhbətin gedişindən irəli gələn şərtləri diktə etmək bacarığı Heydər Əliyevin idarəçilik məktəbinin və onun layiqli davamçısı cənab İlham Əliyevin yeritdiyi siyasi kursun məziyyətləridir. Bu, eyni zamanda, böyük siyasətin uğurlu davamını təsdiqləyən amillərdən biri, həm də əsası kimi qiymətləndirilməlidir.
Azərbaycanın qeyri-neft sektorunun inkişafı ilə bərabər onun enerji potensialının düzgün istiqamətləndirilməsi ölkəmizin nəinki iqtisadi gücünün, həm də diplomatik gedişlərinin təsirinin artırılmasına, strateji tərəfdaşlarımızın getdikcə çoxalmasına, Avropa İttifaqı ilə birbaşa təmasların təmin edilməsinə gətirib çıxarmışdır. Bunu Bolqarıstanın Baş naziri Boyko Borisovun mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən söylədiyi ifadələr bir daha təsdiq edir: “Azərbaycan nəyə görə bizim strateji tərəfdaşımızdır? Bu ölkə neft və qaz sərvətlərinə malikdir. İnvestisiya qoymaq iqtidarında olan bir dövlətdir. Eyni zamanda, bizim coğrafi baxımdan da bənzər ölçülərimiz var. Qədim ənənələrimiz var. Xalqlarımız arasında sıx dostluq münasibətləri var. Xalqlarımız biri-birini çox yaxşı tanıyır. Siz bizim vasitəmizlə Avropa İttifaqı ilə təmaslar baxımından əlavə imkan əldə edirsiniz. Biz isə sizin sərvətlərdən bəhrələnmək imkanını əldə edirik. Biz bu məsələlərin bir sıra elementlərini - infrastruktur layihələrini, kənd təsərrüfatı sahəsinin inkişafını müzakirə etdik. Qaz nəqliyyatı sahəsində infrastrukturu inkişaf etdirmək əzmindəyik. Əlavə qaz həcmi olduğu təqdirdə qaz təminatı şəbəkəsinin inkişaf etdirilməsi, kompressor stansiyalarının inşası və digər sahələrdə də layihələri genişləndirə bilərik. Bu gün elə bir vəziyyətdir ki, biz bir-birimizə yaxından yardım göstərə bilərik”.
Göründüyü kimi, dövrün dəyişməsi, istehsal vasitələrinin təkmilləşməsi və qazla zəngin yataqların kəşfi Xəzərdə yeni səhifələr açır. Parlamentimizin 20 noyabr 2012-ci il tarixli iclasında Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək 7 milyard ABŞ dolları dəyərindəki Transanadolu (TANAP) layihəsinin iki sazişi təsdiqləndi. Mavi yanacağı 2000 km məsafəni qət edərək Türkiyənin şərqindən qərb sərhədinə daşımalı olan borunun inşası ilə bağlı əsas müqavilə hələ beş ay əvvəl, yəni iyunun 26-da İstanbulda imzalanmışdı. Dörd mərhələdə reallaşmalı olan həmin layihənin ilk mərhələsinin 2018-ci ildə başa çatması nəzərdə tutulur. 2020-ci ildə kəmərin daşıma qabiliyyətinin 16 mlrd., üç il sonra 23 mlrd., 2026-cı ildə isə 31 milyard kubmetrə yüksəldiləcəyi gözlənilir. İlk dövrdə TANAP-la nəql olunacaq qazın 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyəyə satılacaqdır. Layihədə ARDNŞ 80%, qardaş ölkənin “Botaş” və TPAO şirkətləri isə birlikdə 20% pay haqqına malikdirlər. “Şahdəniz-2” çərçivəsində hasil olunacaq təbii qazın nəqlinin təmini üçün Bakı-Tbilisi-Ərzurum boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin (Səngəçaldan Gürcüstan-Türkiyə sərhədinədək) daşıma gücünün artırılması da nəzərdə tutulur.
Beləliklə də dünənə qədər “qızıl imperiya” tərkibində ən adi hüquqlardan belə məhrum olan, iqtisadi, elmi, idman və sair potensialı beynəlxalq arenaya yalnız “SSSR” tanınma nişanı ilə çıxarılan Azərbaycan müstəqilliyinin ilk illərindən nəinki inkişafda olan ölkələr arasında layiqli yerini tutdu, hətta zamanı qabaqladı, ötən onilliklər ərzində sərbəst yaşamağa, bütün sahələr üzrə öz gəlir-çıxarını hesablamağa nail oldu.
Azərbaycanın qaz ehtiyatları həm xalqımızın rifahına, həm də Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Onu da etiraf etməliyik ki, bütün bu sülhməramlı layihələr, bəşəriyyətin əmin-amanlığı, insanların sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət etmək niyyətindən irəli gələn planlar bəzi bədniyyətli qüvvələr tərəfindən müxtəlif qısqanclıqlarla qarşılanmaqdadır. Qərb və Avropa rəsmiləri sadalanan layihələrə investisiya yatıraraq maliyyə dividendi qazanmaqla hegemon rıçaqları ələ keçirməklə yanaşı, Rusiyadan enerji asılılığını tədricən azaltmaq niyyətlərini də gizlətmirlər. Şimal qonşumuzun qaz ehtiyatlarını bazara çıxaran boru xətti mövcud olsa da, ötən ilin ortalarınadək Ukraynadan yan keçməsi nəzərdə tutulan “Cənub axını”nın tikintisindən də danışılırdı. Lakin son hadisələr fonunda Avropa Komissiyasının etirazını adıçəkilən “axın”ın qarşısında keçilməz sipərə bənzətmək olar. Vladimir Putin həmin itkilərin kompensasiyası məqsədilə hardasa Türkiyə-Yunanıstan sərhədində ixrac qaz qovşağı yaratmaq istəklərini gizlətmədən dilə gətirmişdir. Hal-hazırda “Qazprom” köhnə qitədə - Avropada istehlak olunan qazın 30 faizini verir ki, bunun da 15 faizi Ukraynanın ərazisindən ötürülür. Rusiyanın Avropa ilə münasibətləri korlanarkən istismardakı həmin xətdən siyasi təzyiq vasitəsi kimi bəhrələndiyinin dəfələrlə şahidi olmuşuq.
Bəli, Transanadolu boru kəməri Türkiyə daxilində qaz tranziti məsələsini qaydaya salmaqla ölkənin qərb sərhədindən Avropaya gedən istiqamətin müəyyənləşdirilməsi vəzifəsi də bir problem olaraq qalırdı. Baxmayaraq ki, bir müddət öncə 1320 kilometrlik “Nabucco” barədə söhbətlər gedir və marşrut Qərb dövlətləri tərəfindən dəstəklənirdi, ancaq 2013-cü ildə konsorsium iştirakçıları bundan 450 km qısa, deməli, çəkilişi daha az məsrəf tələb edən və iqtisadi cəhətdən rentabelli Transadriatik boru kəməri üzərində dayandılar. 2014-cü il sentyabrın 20-də, yəni “Əsrin müqaviləsi”nin imzalanmasından 20 il sonra Bakının növbəti möhtəşəm görüşə ev sahibliyi etdiyi “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dünya düzənində yeni enerji siyasətinin ölkəmizin bilavasitə iştirakı ilə müvəffəqiyyət qazanacağı barədə səslənən fikirlərə möhür vurdu: “...Bu, görülmüş işlərin qısa tarixçəsidir. Bir daha demək istəyirəm ki, artıq Azərbaycanda və qonşuluqda yaradılan mühüm elementlər olmadan “Cənub” qaz dəhlizi yalnız yaxşı ideya və ya istək kimi səslənərdi. Onu da bildirmək lazımdır ki, bu ideya gerçəkliyə çevrilərək artıq bu gün həyata keçirilmə mərhələsində olan layihədir”.
Tarixdə ən böyük sərmayə (45 mlrd. dollar) yatırılan bu layihə “Şahdəniz”in ikinci fazasında hasil olunacaq mavi qazın Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcəkdir. Uzunluğu 870 kilometrə bərabər Transadriatik boru kəməri Türkiyənin qərb sərhədindən başlayaraq Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya qədər uzanacaq. Gözləntilərə əsasən, ikinci fazada işlər 2016-cı ildə start götürəcək, TAP-ın inşasına təxminən 3 il müddət lazım gələcəkdir. İkinci mərhələdə mavi yanacaq nəqlinin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Hazırda layihənin üç səhmdarı var: hər birinə 42,5 faiz payla İsveçrənin “Expo” və Norveçin “Statoil” şirkətləri və 15% payla Almaniyanın “Puhrgaz” korporasiyası. Layihənin ümumi dəyəri isə 2,2 milyard ABŞ dolları civarında hesablanır.
TAP anlaşması Avropanın enerji ehtiyaclarının müəyyən hissəsini ödəməklə yanaşı, bölgə ölkələri üçün də xüsusi statusa malikdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan təbii ehtiyatlarını daha çox ehtiyacı olan qitəyə birbaşa, özü də bazar qiymətləri ilə çıxarmaq imkanı qazanır. Deməli, həm də ölkəmizin bir bazardan asılılığı ortadan qalxmış olur. Bakının enerji ixracatında mühüm rol oynaması amili digər problemlərin həllinə də şərait yaradır. Ona görə də “Cənub” qaz dəhlizinin təkcə iqtisadi deyil, həm də siyasi-diplomatik baxımdan misilsiz əhəmiyyəti var ki, bu mövzuya aşağıdakı fikirlərdə daha geniş şəkildə qayıdılır. Eyni zamanda, müqavilədən bəhrələnən tərəflər qonşu Gürcüstan və Türkiyədir. Tranzit ölkələrdir, layihənin reallaşmasına yönəldilən 45 milyard dolların yarıdan çoxu ölkəmizlə bahəm Gürcüstanın da iqtisadiyyatının inkişafına təkan sayılmalıdır. Türkiyə öz daxilində TANAP-ı reallaşdırmaqla TAP-a da həyat vəsiqəsi verəcək, əvəzində ondan da faydalanmaq imkanı qazanacaqdır. Bu ölkəyə nəql olunan qazın illik həcmi 12,6 milyard kubmetrə çatacaq. Heç də təsadüfi deyil ki, təməlqoyma tədbirinə qatılan qardaş ölkənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız layihəni “TANAP-a qardaş gəlir” deyə şərh eləmişdi.
Dəfələrlə qeyd olunduğu kimi, “Cənub” qaz dəhlizinin təkcə maddi mənfəət deyil, ümumiyyətlə strateji baxımdan möhtəşəmliyi məsələsi də yalnız siyasi təhlilçilərin və iqtisadi ekspertlərin deyil, həm də bəşəriyyətin təsdiqinə nail olmuşdur.
Birinci, adıçəkilən müqavilənin imzalanması dövlət müstəqilliyimizə uzunmüddətli təminatdır. Azərbaycan Xəzər hövzəsinin karbohidrogen ehtiyatları üzrə Avropa Birliyi ilə müzakirələrdə bir dəfə də olsun öz mövqeyini dəyişməməklə suverenliyini de-yuredən əlavə de-fakto meydanında da təsdiqlədi. Yəni bu sahədə Azərbaycanın gedişləri ilə razılaşmayan və fikrini açıq şəkildə bildirən dövlətlər mövcud idi. Həmin təzyiqlər nəticəsində rəsmi Aşqabad “Cənub” qaz dəhlizində iştirakdan imtina etmişdir.
İkincisi, Yer kürəsinin ayrı-ayrı guşələrində baş verən siyasi kataklizmlərin, meydan sulayan iqtisadi böhranın dünyanın aparıcı dövlətlərini çökdürdüyü məlum hadisələrdəndir. Hər hansı siyasi səhvə cavab kimi süni, yaxud təbii amillər fonunda yaranan böhranların aradan qaldırılmasından ötrü neçə illər və xeyli miqdarda vəsait lazım gəlir. Yaxın keçmişin təcrübəsinə söykənsək görürük ki, superjandarmların enerji mənbələrinə sahiblənmək uğrunda savaşı çox vaxt təbii ehtiyatlara malik ölkələrin bədbəxtliyi ilə nəticələnir, yetər ki, rəsmi dairələr şəxsi mənafelərini güdsünlər, yaxud rəhbərlik səviyyəsində qeyri-peşəkarlıq üzündən nöqsanlar buraxılsın.
İlkin hesablamalara görə, “Şahdəniz” yatağının I və II fazalarının istismarından əldə edəcəyimiz gəlir 200 milyard dollardan artıq olacaq. Bunu isə Ermənistanın Azərbaycana qarşı tarixi işğalçılıq siyasəti nəticəsində məruz qalan maddi itkilərin dəyərinə bərabər hesab etmək olar. Digər tərəfdən isə, belə böyük məbləğdə daxilolmalar dövlət fondlarındakı yığımın artmasına və əhalinin fərdi qazancının ciddi formada çoxalmasına səbəb olacaqdır. Digər tərəfdən isə, Azərbaycan Transadriatik boru kəməri vasitəsilə dövlət gəlirlərini daha uzunmüddətli dövr üçün təmin eləmiş olmaqla, həm də 2018-ci ildən etibarən mavi qazımızın bazarlara mərhələli şəkildə çıxarılması maliyyə mədaxilinin də sabit tənzimlənməsinə və nəhayət, hasilatin pay bölgüsü üzrə qazdan əldə edilən gəlirlərin artması hesabına neftin ucuzlaşması zəminində itirdiklərimizi konpensasiya etməyə imkan verir.
Üçüncüsü, “Cənub” qaz dəhlizinin açdığı imkanlar sayəsində ölkəmizin bir bazardan asılılığına son qoyulur, belə ki, istehsalçı öz məhsulunu çoxsaylı istehlakçılara satmaq üstünlüyü qazanarkən həm də qiymətlərin azalması təhlükəsi də aradan qalxmış olur. Bu sırada Gürcüstan, Türkiyə, Rusiya, Albaniya, Yunanıstan, İtaliya, Bosniya-Herseqovina, Bolqarıstan, Monteneqro və başqalarını sadalamaq mümkündür.
Dördüncüsü, iqtisadçılar yaxşı bilirlər ki, hər hansı uyğun ideya irəli sürüləndə rentabellik məsələsi əsas müzakirə mövzusudur. Layihənin inşasının minimum xərc tələbi (keyfiyyətinə xələl gəlmədən) onun rentabelliyini şərtləndirən amillərdəndir. TAP da belə layihələrdən sayılmalıdır. Çünki onun digər marşrutlarla müqayisədə tikilib başa çatması xərcləri az olmaqla, həm də həmin ölkələrin tələbatına müvafiqliyinə görə qiymətlərin azalması ehtimalı tamamilə aradan qalxır.
Azərbaycan Prezidenti İlham Əliyev də mavi yanacağın ixracı strategiyamıza toxunarkən qazın xaricə ancaq respublikanın maraqlarına uyğun qiymətlə satılacağını bəyan etmişdir.
Beşincisi, Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramı kontekstində Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verməsi danılmazdır. İlk etapda ildə 10 mlrd., ikinci mərhələdə 21 mlrd. kubmetr qaz şimal qonşumuzdan yan ötməklə Avropaya göndəriləcək, “Abşeron” yatağı da işləndikdən sonra TAP 60 milyard kubmetrlik nəql qabiliyyətilə çalışacaqdır. Nəzərə alsaq ki, mavi yanacaq nöqteyi-nəzərindən Bolqarıstan 96 faiz, Macarıstan isə 97 faiz Rusiyadan asılıdır, gələcəkdə bu marşrutdan yararlanmaların miqyası göz qabağındadır. Ümumiyyətlə, layihənin reallaşması Mərkəzi, Şərqi və Cənubi Avropada enerji təminatı sabitliyinin bərqərar olmasına müsbət təsir göstərəcək.
Altıncısı, Transadriatik qaz kəmərinin tikintisi əlaqədar ölkələrdə yeni iş yerlərinin açılışı ilə müşayiət olunacaq. Sözügedən layihə ən azı 30 min iş yerinin açılmasını diktə edir ki, bunun da böyük əksəriyyəti daimi iş yeri olmaqla, həm də Azərbaycanla bağlıdır. İşlərin həcmi müqavilədə yer alan başqa ölkələrin məşğulluq sferasındakı boşluqların da doldurulacağına təminat verir.
Bu gün Cənubi Qafqazda və Xəzər hövzəsində 25 il öncə kimsənin ağlına gəlməyəcək, yaxud da ən yaxşı halda fantastik janrda çəkilmiş şedevr filmin ssenarisinə bənzəyəcək hadisələr baş verir. Heç bir şübhə yoxdur ki, indi dünyanın bütün aparıcı dövlətlərinin siyasətçiləri, iqtisadçıları, elm xadimləri, iş adamları bölgəmizin siyasi xəritəsi üzərinə əyilərək baş sındırır, qeydlər edir, möhtəşəm layihələrdən necə bəhrələnməyin yollarını arayırlar. Həmin müzakirələr fonunda təbii sərvətlərimizin hasilatı genişlənir, yeni sazişlər imzalanır, Avropaya nəhəng neft-qaz boru kəmərləri uzanır. İlkin hesablamalara əsasən, ölkəmizin neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində təsdiqlənib ki, bu da onilliklər ərzində adıçəkilən qitə ölkələrinin mavi yanacaq ehtiyaclarını ödəmək imkanının əldə edilməsi deməkdir. Mütəxəssislərə görə, sadalanan rəqəmlər enerji potensialımızı tamamilə ifadə eləmir, hələ kəşf olunmamış yataqlarda emalını gözləyən xeyli xammal mövcuddur. Amma daha heyrətamiz və təqdirəlayiq hal geosiyasi çarpışmalar durumunda həmin var-dövlətin əsl sahibi kimi çıxış etmək, ondan milli maraqlar - vətənin qüdrətlənməsi, ərazi bütövlüyünün bərpası, yaşam tərzinin yaxşılaşdırılması naminə bəhrələnməkdir. Avropa Birliyi uzunmüddətli müqavilələrdə sülhsevər və sadiq tərəfdaş olan Azərbaycana güvənir; zatən elə Xəzər bölgəsinin karbohidrogen resurslarının Rusiyadan yan keçməklə yalnız bizim ərazidən dünya bazarına çıxarılmasının mümkünlüyü də mühüm məqamdır. Son vaxtlar beynəlxalq arenada enerji təhlükəsizliyi məsələsinin qlobal çətinliklər törətdiyini nəzərə alsaq, respublikamızın təkcə ixracatçı deyil, həm də tranzit ölkə kimi əhəmiyyəti anlaşılır. Bir sözlə, “Cənub” qaz dəhlizi ölkəmizin neft dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.
XIX əsrin sonunda xalqın canı, qanı bahasına dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası əsrin əvvəlində yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılır. 97 il öncə xarici və daxili irticanın mühasirəsində doğulan azadlıq arzuları cəmi 23 ay yaşasa da, əzilən kütlələrə əsl özgürlüyün şirin tamını dadızdıraraq, mübariz, zülmlə barışmaz insanların timsalında böyük ənənələrin təməlini qoyaraq gələcək nəsillərə müqəddəs mesajlar göndərdi. Bundan ruhlanan III minilliyin suveren dövlətimiz və xalqımız 23 ildən çoxdur ki, ümummilli lider Heydər Əliyev dühasının işığında yeni-yeni zirvələr fəth edir. İstiqaməti ulu öndər tərəfindən müəyyənləşən enerji siyasəti də ölkəmizin milli maraqlarını əsas prioritet olaraq qoruyub saxlamaqdadır. Strateji tərəfdaşların sayının artırılması üçün Azərbaycan tərəfi təkcə enerji paketi amilindən deyil, digər vasitələrdən də istifadə edir.
Eyni zamanda bu gün Azərbaycanın qlobal enerji bazarında statusunu möhkəmləndirməsi, Avropa dövlətləri ilə iqtisadi əlaqələrini gücləndirməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin təntənəsi, böyük siyasətin uğurlu davamıdır. Bu siyasi kurs hələ çox illər yüksələn xətlə davam edəcək və riyakar qüvvələr Azərbaycana qarşı yaratdığı problemlərlə inkişafımıza maneçilik törətməyə nail olmayacaqlar. Dövlət başçısının bu kəlamları zamanın tələbləri ilə ayaqlaşmaqla həm də qətiyyətli səslənir: “Azərbaycan enerji resurslarını neft və qaz ilə müxtəlif istiqamətlərə ixrac edir. İxrac coğrafiyamız ildən-ilə genişlənir və mən tam əminəm ki, biz yeni bazarlara da çıxacağıq. Çünki dünyada ölkəmizin təbii resurslarına ehtiyac vardır. Azərbaycan bu istiqamətdə çox düşünülmüş, dəqiq, məqsədyönlü siyasət aparır və onilliklər ərzində uğurlu inkişafını təmin edəcəkdir”.
Xanhüseyn
KAZIMLI,
Milli Məclisin
deputatı, Avrasiya Qiymətləndiricilər
Birlikləri Assosiasiyası İdarə
Heyətinin üzvü
Azərbaycan.-2015.- 12 mart.- S.6.