Məktəblilərin iştirakı ilə “Azərbaycan dövlətçilik tarixi

 mövzusunda elmi-praktik konfrans keçirilib

 

Sumqayıt Şəhər İcra Hakimiyyətində “Azərbaycan dövlətçilik tariximövzusunda məktəblilərin növbəti elmi-praktik konfransı keçirilmişdir.

Tədbir öncəsi şəhərin Bayraq meydanında Azərbaycan xanlıqlarının tarixini canlı şəkildə iştirakçılara çatdırmaq üçün məktəblilər tərəfindən yaradılan kompozisiya ilə tanışlıq oldu. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və konfrans iştirakçıları Şəki, Lənkəran, Bakı, İrəvan, Quba, Gəncə və Qarabağ xanlıqlarının şərəfinə qurulmuş çadırlarda XVII-XVIII əsrləri özündə ehtiva edən tariximizlə tanış oldular.

Konfransı giriş sözü ilə açan sumqayıtlı məktəblilər Fidan Məmmədova və Elxan Əliyev şəhər icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildirdilər. Qeyd edildi ki, dövlətçilik tariximizin öyrənilməsi, məktəblərdə elmi araşdırma işlərinin aşılanması istiqamətində son illər ardıcıl keçirilən elmi işlərdə  məktəblilər sərbəst şəkildə mövzular hazırlayırlar. Şəhər təhsil şöbəsi və Sumqayıt Dövlət Universitetinin birgə layihəsi əsasında 17 min şagird arasında elmi araşdırmalar aparılmışdır. Həmin işlərdən 20-si yaradılan təşkilat komitəsinin icazəsi ilə müzakirəyə buraxılmışdır.

Sonra məktəblilər Vaqif Quluzadə, Rövşən Hümmətzadə, Orxan İlyasov, Nərmin Bayramova, Səma Məmmədzadə, Sevil Bağırova, Könül Paşayeva və digərlərinin Azərbaycan xanlıqlarının tarixinə həsr edilən araşdırmaları dinlənildi. Bildirildi  ki, ötən əsrin 90-cı illərində də ölkəmiz parçalanmaq ərəfəsində idi. Lakin ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti mənfur düşmənlərimizin planlarının qarşısını aldı.

Məktəbli-alimlər onlara ünvanlanan sualları cavablandırdıqdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  tariximizin öyrənilməsinin vacib olduğunu vurğuladı. E.Əzizov bildirdi ki, şanlı tarixə malik ölkəmizin keçmişibu günü hər bir gəncin yaddaşında əks olunmalı, bizim gələcəyimiz üçün dərindən öynilməlidir. Düşmənlə üzbəüz dayandığımız indiki zamanda məktəblərdə və digər təhsil müəssisələrində hərbi  vətənpərvərlik geniş  təbliğ edilməlidir. Bu gün ermənilər tərəfindən tariximiz saxtalaşdırılır, haqq işimizə xaricidaxili düşmənlərimiz kölgə salmaq istəyirlər.

Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov isə çıxışında bildirdi ki, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi onların təhsilə olan marağı ilə ardıcıl həyata keçirilməlidir. Elmi-texniki tərəqqi nətəcəsində əldə edilən biliklərlə yanaşı, tariximiz yaxından öyrənilməli, informasiya texnologiyalarından istifadə edərək ölkəmizin dövlətçilik ənənələri nəsildən-nəsilə ötürülməlidir.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini E.Həbibullayev gənclərimizin qarşısında duran vəzifələrdən, tariximizin qorunub saxlanması və təbliğindən geniş söhbət açdı. Bildirdi ki, Sumqayıtda  həyata keçirilən layihələr nəticəsində şəhər günbəgün inkişaf edir. Gənclərimizin elmi araşdırmalarda iştirakı onların dünyagörüşünün formalaşmasında böyük rol oynayır. Bu da onların gələcəkdə layiqli vətəndaş olacaqlarının bu gündən başlayan təminatıdır.  

Konfransda belə tədbirlərin gələcəkdə də davam etdirilməsi qərara alındı.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2015.- 12 mart.- S.8.