Bərdədə Heydər Əliyev
adına park-bulvar istifadəyə verilib
Prezident İlham Əliyevin Bərdəyə
səfəri
Martın
12-də Bərdədə Heydər Əliyev adına
park-bulvarın açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı park-bulvarın rəmzi açılışını bildirən lenti kəsdi.
Ölkənin ümumi inkişaf tempinə uyğun
olaraq sürətlə müasirləşən
və gözəlləşən Bərdə şəhərində
yeni park-bulvar kompleksi yaradılıb. Ulu
öndər Heydər Əliyevin adını daşıyan bu kompleks Gəncə
şəhərindəkindən sonra ən
böyük mədəniyyət və
istirahət mərkəzlərindən biridir.
Uzunluğu 2400 metr olan park-bulvar kompleksi ilkin mərhələdə
47 hektar ərazini əhatə edir və gələcəkdə daha da genişləndiriləcək.
Parkın giriş qapısı öz əzəməti ilə diqqəti cəlb
edir. Eni 36 metr, hündürlüyü
12 metr olan giriş qapısı milli
memarlıq üslubunda ucaldılıb.
Kompleksə əlavə 6 istiqamətdən giriş
qapısı tikilib. İnşaat
işləri aparılarkən Bərdənin qədim tarixini özündə yaşadan
abidələrə xüsusi həssaslıqla
yanaşılıb. Belə ki, Tərtər
çayının yatağında göl
və şəlalələr yaradılarkən VII əsrə
aid nadir tarixi tikilinin
qalıqları saxlanılıb. Abidəyə iki
istiqamətdən asma körpü
çəkilib. On iki
fəvvarənin bir-birinə körpülər vasitəsilə
birləşdirilməsi parkın ecazkarlığını daha da artırır.
Parkın mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidə ətrafında yerli çay daşlarından rəmzi olaraq çay yatağını xatırladan kompozisiya quraşdırılıb. Ətrafda 5 fəvvarədən ibarət kompleks yaradılıb. Bütövlükdə park-bulvarda 16 min kvadratmetr qranit işləri görülüb.
Dövlətimizin başçısına məlumat verildi ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Bərdəyə xüsusi həssaslıqla yanaşmış Ümummilli Liderin adına layiq mədəniyyət və istirahət parkının yaradılması təşəbbüsü bərdəlilərin Ulu Öndərin əziz xatirəsinə ehtiramının nəticəsidir. Elə bu ərazidə 1979-cu ilin sentyabrında Ulu Öndərin öz əli ilə əkdiyi sərv ağacının indiyədək qorunub mühafizə olunması da Ümummilli Liderin xatirəsinə ehtiramın bir nümunəsidir. Ümumilikdə 12 fəvvarə, 2 süni göl, 2 su aşırımından ibarət olan, gözəl tərtibatı ilə zövqləri oxşayan kompleksdə istirahət üçün bütün zəruri infrastruktur yaradılıb.
Prezident İlham Əliyev parkda ağac əkdi.
Komplekslə tanışlıq zamanı bildirildi ki, 10 hektar ərazini əhatə edən süni göllər üçün alınmış qayıqlar istirahət edənlərin ixtiyarına veriləcək. Bulvarın qurtaracağında quraşdırılan 3 fəvvarə burada gözəl mənzərə yaradır. Kompleksdə keçiriləcək müxtəlif tədbirləri nəhəng monitor vasitəsilə izləmək mümkün olacaq. Burada velosiped həvəskarları üçün 1,2 kilometr uzunluğunda yol salınıb və 10 ədəd velosiped alınıb. Park-bulvara üz tutanların istirahətinin mənalı təşkili üçün min tamaşaçı yeri olan süni örtüklü stadion, örtülü əl oyunları meydançası, min yerlik yay kinoteatrı, 2 min kvadratmetr ərazidə uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, istirahət köşkləri, ticarət və iaşə obyektləri, inzibati bina inşa olunub.
Burada dövlətimizin başçısına Bərdə şəhərində Tərtər çayı üzərində tikiləcək yeni asma körpünün layihəsi təqdim olundu.
Hazırda mövcud olan körpünün əvəzində tikiləcək yeni qurğunun uzunluğu 128 metr, eni 18,5 metr olacaq.
Prezident
İlham Əliyevə, həmçinin tikilməsi nəzərdə
tutulan Qarabağ dövlət tarix muzeyinin eskiz layihələri
də təqdim olundu.
Parka
avtomobillə gələnlər 300 yerlik dayanacaqdan istifadə
edə biləcəklər.
Prezident İlham Əliyev parkın ərazisini elektromobillə gəzdi.
Tərtər çayının sağ sahilində yaradılmış süni təpə və yaşıllıq massivi, həmçinin əkilmiş 20 mindən çox çiçək, gül kolu və ağaclar parkın füsunkarlığına əlavə çalarlar qatır.
Prezident İlham Əliyev parkın ərazisində qorunan qədim körpü qalıqlarına baxdı.
Vaxtilə karvan yolu üzərində yerləşmiş bu körpü lap qədimdən Bərdənin yaxın və Orta Şərqdə iri ticarət və mədəniyyət mərkəzi kimi formalaşmasında mühüm rol oynayıb.
Yeni salınmış park–bulvara 22 kilometr su xəttinin, 27 kilometr yeraltı elektrik xəttinin çəkilişi, subartezian quyusunun qazılması, çoxlu sayda işıqlandırma nöqtələrinin və 10 ədəd relyef birləşdirici pilləkən quraşdırılması bu möhtəşəm mədəniyyət və istirahət mərkəzində görülən işlərin həcminin göstəricisidir.
Dövlətimizin
başçısına məlumat verildi ki, gələcəkdə
parkın daha da genişləndirilməsi, 30 hektar ərazidə
təbii göllərin yaradılması, Tərtər
çayı boyunca bulvarın ümumi uzunluğunun 4,3 kilometrə
çatdırılması nəzərdə tutulur.
Prezident İlham
Əliyev yeni park-bulvarın
imkanlarından səmərəli istifadə edilməsi ilə
bağlı tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan.-2015.- 13 mart.- S.1.