Bərdə regional “ASAN
xidmət” mərkəzinin açılışı olub
Prezident İlham Əliyevin Bərdəyə
səfəri
Martın
12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə
regional “ASAN xidmət” mərkəzinin
açılışında iştirak edib.
Dövlət qurumlarının fəaliyyətində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində
son illərdə əhəmiyyətli işlər
görülüb, müvafiq hüquqi baza
formalaşdırılıb. Əksər dövlət
orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi
təmin edilib. Bu xidmətlər
bürokratik əngəlləri və mümkün korrupsiya
hallarını aradan qaldırır. 2012-ci
ilin iyul ayının 13-də bu sahədə daha mühüm
islahata imza atıldı, Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi yaradıldı. 2012-ci il dekabrın 29-da isə
pilot layihə olaraq Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə
başladı. 2013-cü il ərzində
paytaxtın bir neçə rayonunda da “ASAN xidmət” sakinlərin
istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə
etməyə başladı. Hazırda bu mərkəzlərə
daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin
alınması və dəyişdirilməsi,
sürücülük vəsiqələrinin dəyişdirilməsi,
notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak
məsələləri ilə bağlı olan xidmətlər
üstünlük təşkil edir. Əgər əvvəllər
“ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət
həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən
30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə
32 növ funksional yardımçı xidmətlər təşkil
edilib. Bütün
bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində
yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin
həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə
də üstünlük verir. Belə ki, Avropa Parlamentində
“İnnovasiya və Mobil İmza-Avropa ilə yeni rəqəmsal
inteqrasiya vasitəsi kimi” mövzusunda keçirilən
konfransda “ASAN xidmət”in fəaliyyəti ilə bağlı təqdimat
olub. Bu faktın özü bir daha təsdiqləyir
ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada
böyük maraq vardır. Təsadüfi deyil ki, bir
sıra dövlətlərin rəsmiləri ölkəmizə
gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə
yaxından tanış olurlar. Artıq Bərdə rayonunda da “ASAN xidmət” mərkəzi
fəaliyyətə başlayır.
Prezident
İlham Əliyevə məlumat verildi ki, Bərdə
regional “ASAN xidmət” mərkəzinin binasının inşasına 2014-cü ilin
aprel ayında başlanılıb və bu ilin mart ayında başa
çatdırılıb. Dördmərtəbəli
binanın tikintisi ən yüksək standartlara uyğun həyata
keçirilib. Mərkəz rayonun Heydər
Əliyev prospektində şəhər infrastruktur obyektlərinə
yaxın ərazidə yerləşir. Həyətdə
uşaq avtoşəhərciyi yaradılıb və burada
balacaların yol hərəkəti qaydalarını öyrənmələri
və yol nişanlarını tanımaları
üçün bütün şərait var. Bundan əlavə,
böyüklərin istirahəti və əylənmələri
üçün də tələblər nəzərə
alınıb.
Dövlətimizin başçısı mərkəzin
rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzdə müstəqil Azərbaycanın
inkişafında misilsiz xidmətləri olan ümummilli lider
Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev yeni xidmətin işə
başlamasını bildirən düyməni basdı.
Geniş
beynəlxalq marağın nəticəsidir ki, bu il Bərdə “ASAN xidmət” mərkəzi
OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli
sertifikata layiq görülüb. Standartın əsas tələbi
xidmət mərkəzinin fəaliyyət göstərdiyi
inzibati binalarda təhlükəsiz və sağlam iş
mühitinin yaradılmasıdır.
Hazırda ölkəmizdə 7 “ASAN xidmət” mərkəzi
fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt
Bakıda, digər 3-ü isə regional mərkəz olmaqla
Sumqayıt, Gəncə və Sabirabaddadır. Bərdə “ASAN xidmət” mərkəzi sayca 8-ci mərkəzdir.
Prezident
İlham Əliyev xidmətdə yaradılan şəraitlə
tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin
fəaliyyətindən Bərdə də daxildə
olmaqla Ağdam, Ağcabədi, Laçın, Yevlax və
Tərtər rayonlarının 800 minə yaxın sakini
yararlanacaq. Ümumilikdə fəaliyyətə
başladığı tarixdən bu günədək “ASAN xidmət”lərə 4
milyon 120 mindən çox müraciət daxil olub.
Dövlətimizin başçısına “ASAN məktəb”
layihəsi barədə də məlumat verildi. Bildirildi ki, layihə Təhsil
Nazirliyi tərəfindən həyata keçiriləcək. Layihə çərçivəsində ilkin mərhələdə
məktəbə Bərdə rayonunda qəbul aparılacaq.
Xatırladaq ki, digər mərkəzlərdə
olduğu kimi, burada da internetə açıq olan kompyuterlər
qoyulub və vətəndaşların bütün növ
elektron xidmətlərdən yararlanması üçün
şərait yaradılıb. “ASAN xidmət” mərkəzində vətəndaşların
gözləməsi və vaxtını səmərəli
keçirməsi üçün funksional
yardımçı xidmətlər -bank, sığorta,
hüquqi yardım və tərcümə mərkəzləri,
laboratoriya, tibbi xidmət, poçt şöbələri,
fotostudiya fəaliyyət göstərir. Xüsusi
terminallar vasitəsilə mobil rabitə, internet, işıq,
su, qaz və digər kommunal xidmətlərin, kredit və
sığorta ödənişlərinin həyata keçirilməsi
mümkündür. Xidmət sistemi
müasir İP telefon və İP şəbəkə ilə
təmin edilib.
Prezident
İlham Əliyev
İnnovasiyalar zalında yeni layihələrlə
tanış oldu.
Bildirildi ki, sorğu robotu - ASAN robot “ASAN xidmət” mərkəzlərinə
müraciət edən vətəndaşların istiqamətləndirilməsi
və məlumatlandırılmasına xidmət edir. Belə ki,
robot “Çağrı” mərkəzinin operatorları ilə
canlı bağlantı yaradaraq vətəndaşın
sorğu və müraciətinin qəbul olunmasını təmin
edir.
“ASAN xidmət” mərkəzində “ASAN İnteraktiv Bələdçi”
Azərbaycana gələcək turistlərin ölkəmizə
dair məlumatları heç bir fərdi bələdçiyə
ehtiyac duymadan, birbaşa öz smartfonları vasitəsilə əldə
etmələrinə imkan verən mobil yenilikdir. Proqramı
öz telefonlarına konfiqurasiya edən turistlər üzərində
xüsusi Artex markeri olan obyektlərə dair məlumatları
interaktiv və əyləncəli formada öyrənə biləcəklər.
Proqram təminatının digər bir
xüsusiyyəti də turistlərin konkret və
darıxdırıcı proqrama tabe olmağa məcbur edilməməsidir.
Bu da onların gəzinti vaxtı rahatlığına və
maraqlandıqları obyektlərlə yaxından tanış ola bilmələrinə imkan verəcək.
Proqramın təqdim olunan hissəsi üç
bölmədən ibarətdir və hər bir bölmə
Artex markeri yerləşdirilmiş fərqli posterlər üzərindən
işləyir. Bölmələrdən biri iyun ayında
“Bakı-2015” birinci Avropa Oyunlarının
açılış və bağlanış tədbirlərinin keçiriləcəyi
Olimpiya Stadionunun nümayişindən ibarətdir. Bu bölmədə Olimpiya Stadionuna dair məlumatlar
görüntülü formada yerləşdirilib.
Proqramın ikinci hissəsi Bərdə “ASAN xidmət”inin
açılışına həsr olunub. Üçüncü
bölmə isə Bərdə şəhərində yeni
inşa edilən və Ümummilli Liderin adını
daşıyan Heydər Əliyev Parkı haqqındadır.
Burada parka dair məlumatlandırıcı
videoçarx yerləşdirilib.
Buradakı “ASAN kadr” karyera mərkəzi “ASAN Məktəb”
könüllülük proqramını bitirmiş gənclərə
işə qəbul prosesində dəstək olmaq
üçün yaradılmış elektron portaldır. www.asankadr.az
portalı vasitəsilə işaxtaranlar və işəgötürənlər
üçün məlumat bazası yaradılır. Belə ki, həm könüllülük
proqramını bitirmiş gənclər öz tərcümeyi-hallarını
portalda yerləşdirir, həm də işəgötürənlər
burada vakant yerlər barədə elanlar verə bilirlər.
Portalın axtarış sistemi hər iki tərəfin öz
tələbatına uyğun iş yeri və ya kadrla təmin
olunmasına şərait yaradır.
Məlumat
verildi ki, Elektron Lisenziya üzrə Mərkəzləşdirilmiş
İdarəetmə Sistemi lisenziyaların verilməsi
prosesində sui-istifadə hallarını aradan qaldıran və
şəffaflığı təmin edən elektron informasiya
sistemidir. Sistem vasitəsilə 115 adda müxtəlif
növ lisenziyanın elektron qaydada təqdim edilməsi həyata
keçiriləcək. Sistemdən istifadə
etməklə sahibkarlıq subyekti dövlət orqanlarına
getmədən lisenziya ala biləcək. Uyğun
baza və sistemlərin yaradılması və təkmilləşdirilməsi
lisenziya alınması prosesinin daha şəffaf təşkili
və sadələşdirilməsinə, yekun sənədin
elektron şəkildə təqdim edilməsinə səbəb
olacaq.
Sonra “ASAN həyat” və “ASAN xidmət”
dünya mətbuatında videoçarxları nümayiş
olundu.
Bərdədəki “ASAN xidmət” mərkəzində işçilərin
ümumi sayı 170 nəfərdir ki, onların da 60 nəfəri
könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq
otağı, uşaq əyləncə mərkəzi də
yaradılıb.
Dövlətimizin başçısı mərkəzdə
Bərdə rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Mərasim
iştirakçılarını salamlayan Prezident İlham
ƏLİYEV dedi:
- Yenidən Bərdədə olmağımdan çox məmnunam,
çox şadam. Mən Bərdədə dəfələrlə
olmuşam. Hər dəfə burada olanda
gözəl obyektlərin açılışını qeyd
edirik. Bu gün Bərdədə “ASAN xidmət”
fəaliyyətə başlayıb. Bu
gözəl hadisə münasibətilə sizi ürəkdən
təbrik edirəm.
Gözəl binadır. Şəhərə
yaraşıq verir. Daxili dizayn da gözəldir.
Əsas məsələ ondan ibarətdir ki,
burada yüksək xidmətlər göstəriləcəkdir.
Bu, sayca səkkizinci “ASAN xidmət”dir.
Dördü Bakıda fəaliyyət göstərir. Üçü bölgələrdə - Gəncə,
Sumqayıt, Sabirabad şəhərlərində. Dördüncüsü də bölgələrdə
məhz Bərdə şəhərində
açılmışdır. Qəbələdə
və Bakıda iki mərkəz tikilməkdədir. Əminəm ki, yaxın zamanlarda Masallıda da tikiləcək.
Beləliklə, bütün ölkə üzrə
“ASAN xidmət” fəaliyyət göstərəcək.
Bərdə şəhərində “ASAN xidmət”in fəaliyyətə
başlaması əlbəttə ki, xüsusi məna
daşıyır. Qarabağ bölgəsində ilk dəfə
olaraq bu gözəl xidmət artıq fəaliyyətə
başlayır. Bu gün rəsmi
açılışını edirik. Novruz
bayramından sonra isə artıq vətəndaşları qəbul
etməyə başlayacaq.
SAKİN:
Sağ olun, cənab Prezident. Biz Sizə çox
minnətdarıq.
Prezident
İlham ƏLİYEV: Bu, gözəl hadisədir. “ASAN xidmət” Azərbaycan məhsuludur. İki ildən bir qədər çox müddət
ərzində fəaliyyət göstərir. Bu gün buradakı lövhədə göstərilən
bu dəyişən rəqəmlər, -
görürsünüz, 4 milyon 120 min müraciət olub, -
getdikcə artır. Bu müraciətlərin
sayı bu lövhədə göstərilir - 4 milyon 120 min
müraciət. Təxminən 4 milyon insan
müraciət etmişdir və bürokratiyatısız,
korrupsiyasız, rahat, mədəni şəkildə gözəl
xidmətlər almışdır. “ASAN
xidmət” doğrudan da ictimai xidmətlər, ümumiyyətlə
ictimai əlaqələr sahəsində bir inqilab olub. Bu gün dünyanın aparıcı maliyyə
qurumları bizim təcrübəmizi çox yüksək
qiymətləndirir və tövsiyə edirlər ki, bu təcrübə
başqa ölkələrdə də tətbiq olunsun. Azərbaycan indi intellektual məhsulları həm
yaradır, həm də ixrac edir. Bu,
doğrudan da çox böyük hadisədir.
Ümumiyyətlə, Azərbaycanda gedən bütün
işlər müasir səviyyədə görülür. Ölkəmiz
müasirləşir, inkişaf edir. “ASAN
xidmət”in fəaliyyətə başlaması bizim niyyətimizi
göstərir. Biz istəyirik ki, insanlar
rahat yaşasınlar, ən gözəl xidmətlərə
malik olsunlar. Azərbaycan vətəndaşları
bu xidmətdə fəaliyyət göstərir və yüksək
xidmət göstərir. Korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizədə
“ASAN xidmət” çox mühüm rol oynayır. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar,
innovasiyalar tətbiq olunur. Artıq səkkizinci
mərkəzdir ki, mən açılışında
iştirak edirəm. Hər dəfə mənə
yeni bir xidmət təqdim olunur. Sonra isə
bu, geniş şəkildə tətbiq edilir. Yəni, innovasiya, yeni fikrin, yeni yanaşmanın
yaranması məni çox sevindirir. Çünki
Azərbaycan belə inkişaf etməlidir. Bizim gözəl, təbii imkanlarımız, təbii
resurslarımız, istedadlı insanlarımız var.
Eyni zamanda, bu xidmətdə yüzlərlə Azərbaycan
gənci fəaliyyət göstərir. Keçən
dəfə Sabirabad mərkəzinin
açılışında, eyni zamanda, biz
könüllülərin forumunu keçirdik. Bu da yenilikdir. Azərbaycanda
artıq könüllülər qrupu yaranıbdır. Bu gənclər insanlara könüllü şəkildə
kömək etmək istəyirlər. Bu, ən
gözəl niyyətdir. Bu, Azərbaycanda
ictimai əlaqələr sahəsində yenilikdir. Könüllülər, eyni zamanda, bizim kadr
ehtiyatımızdır.
Bu gün mənə göstərilən təqdimatda
“ASAN kadr” sistemi də artıq fəaliyyətə
başlayıb. Bütün könüllülərin iş qabiliyyəti,
onlarla bağlı bütün məlumat artıq vahid sistemdə
cəmləşir. İstər dövlət
qurumu olsun, özəl şirkət olsun, əgər
hazırlıqlı kadr işə götürmək istəyirsə
artıq o sistemə müraciət edir. Mənə
verilən məlumata görə, artıq dörd yüzdən
çox könüllü işlə təmin edilib. Bu, bizim kadr ehtiyatımızdır, gənclərin tərbiyəsidir.
Doğrudan da hansısa bir işi
könüllü surətdə görmək əzmində
olan insan böyük hörmətə malikdir.
Gənclər bu mərkəzdə uğurla fəaliyyət
göstərirlər. Bu mərkəzlərdə işləyənlərin
mütləq əksəriyyəti gənclərdir, Azərbaycan
gəncləridir. Gələcəkdə
ölkəmizin taleyi onların əlində olacaq. Ona görə onlar gənc yaşlarından bilikli,
savadlı, Vətənə bağlı və insanlarla
ünsiyyətdə olmalıdırlar. “ASAN xidmət”in fəaliyyəti
nəticəsində, gördüyünüz kimi, bir neçə
məqsəd artıq təmin edilir: innovasiya, insanlara xidmət,
rüşvətxorluğa qarşı mübarizə, yenilik,
müasirlik, könüllülər qrupunun yaradılması,
bölgələrin inkişafı. Bu xidmətin
fəaliyyəti indi özünü başqa sahələrdə
də göstərir. Yəni, bu xidmətin
yaradılması doğrudan da məni həddindən çox
sevindirir. Çünki son illər ərzində
Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə
bir çox işlər görülmüşdür. Məsələn, bu gün biz Bərdədə məcburi
köçkünlər üçün yeni şəhərciyin
açılışını qeyd etdik.
Ancaq bu sahə xüsusi əhəmiyyət
daşıyır. Çünki adətən yeni
texnologiyalar, yeniliklər bizə xaricdən gəlir. Bu da təbiidir. Yəni,
inkişaf etmiş ölkələr intellektual məhsulun
sahibləridir. Onlar bu intellektual məhsulu
yaradır, icad edirlər. Təbii ki, o
ölkələrdə ənənələr
böyükdür, sənaye inkişaf edib və elmi fikir kifayət
qədər yüksək səviyyədədir. Ona görə adətən inkişaf etmiş
ölkələr intellektual məhsulu yaradır və ondan
sonra onu başqa ölkələrə satır. Bu intellektual məhsul isə Azərbaycanda
yaradılıb. Bu, xalqımızın
intellektual səviyyəsini, Azərbaycanın inamla
inkişafını göstərir. Şadam
ki, artıq Qarabağ torpağında “ASAN xidmət” var və
bu xidmət bütün ətraf rayonların sakinlərinə,
məcburi köçkünlərə xidmət göstərəcək.
Əminəm ki, bərdəliləri də
sevindirəcək.
SAKİN:
İnşallah, Sizin sayənizdə, Sizin rəhbərliyinizlə.
Sizə minnətdarıq, cənab Prezident.
Sizinlə fəxr edirik. Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Sağ olun. Mən də
çox şadam ki, yenidən Bərdədəyəm,
doğma Qarabağ torpağındayam. Əminəm
ki, Azərbaycanın ərazi bütövlüyü də bərpa
ediləcək. Biz buna nail olmaq
üçün daha da güclü olmalıyıq. Çünki bildiyiniz kimi, biz bu barədə dəfələrlə
fikir mübadiləsi aparmışıq. Bütün
beynəlxalq hüquq normaları Azərbaycanın mövqeyini
dəstəkləyir. Tarixi ədalət də
bizim mövqeyimizi dəstəkləyir. Dağlıq
Qarabağ əzəli Azərbaycan torpağıdır. Beynəlxalq təşkilatların qəbul etdikləri
qərar və qətnamələr bizim mövqeyimizi dəstəkləyir.
Dünən Pakistan Prezidenti ilə strateji tərəfdaşlıq
haqqında imzaladığımız Bəyannamədə
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü, suverenliyi çərçivəsində
həll edilməsi öz əksini tapıb. Bu ayın əvvəlində Bolqarıstanda da
strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul
edilmişdir. Orada da eyni cümlələr əksini
tapıb: Azərbaycanın suverenliyi, ərazi bütövlüyü,
sərhədlərin toxunulmazlığı.
Yəni, əgər bu məsələ beynəlxalq
hüquq çərçivəsində həll edilsə idi,
çoxdan həll olunardı. Əsas məsələ
ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa məhəl
qoymur, qətnamələri icra etmir. Belə
olan halda biz ancaq öz gücümüzə güvənməliyik
və güvənirik. Ordu quruculuğu,
güclü iqtisadiyyat, güclü siyasi mövqelərimiz hər
gün bizim qələbəmizi yaxınlaşdırır.
Son aylar ərzində Azərbaycan təmas xəttində
üstünlüyü tam şəkildə təmin edibdir və
bizim ordumuz, orduda xidmət edən gənclərimiz Vətəni
ləyaqətlə qoruyurlar, düşmənə çox
güclü zərbələr vururlar.
Belə də olmalıdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik. Mən buna əminəm və biz “ASAN xidmət”i Şuşada da yaradacağıq.
SAKİNLƏR: İnşallah, Sizin rəhbərliyinizlə. Çox sağ olun. Minnətdarıq.
Prezident İlham ƏLİYEV: Bir daha Sizi gözəl mərkəzin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün burada digər tədbirlər nəzərdə tutulur, Bərdədə yollar çəkilir, kənd yolları, ictimai, sosial obyektlər, məktəblər tikilir, tarixi abidələr bərpa edilir. Köçkünlər üçün gözəl evlər tikilir, mərkəzlər, Olimpiya Mərkəzi, xəstəxanalar yaradılır.
SAKİN: Bu, bizə bayramqabağı ən böyük hədiyyədir.
Prezident İlham ƏLİYEV: Əlbəttə, biz nəzərə almışdıq ki, ilk növbədə regional mərkəzlər yaradılsın. Təbii ki, bir neçə region seçilibdir. Bakıdan sonra, ilk növbədə, Gəncə mərkəzi regionu əhatə edir. Sumqayıt böyük şəhərdir. Sabirabad mərkəzi regionu əhatə edir və ondan sonra Qarabağ bölgəsini biz mütləq nəzərə almalı idik. Bu gün Qarabağda da “ASAN xidmət” var. Qeyd etdiyim kimi, növbəti mərkəzlər Qəbələdə, Masallıda və yəqin ki, gələn il şimal zonasında yaradılacaqdır. Bu, birinci mərhələdir. Eyni zamanda, səyyar xidmət də göstərilir. Yəqin ki, əvvəlki dövrlərdə Bərdəyə də avtobuslar gəlmişdir. Belə mərkəz olandan sonra indi avtobusa ehtiyac yoxdur. Sizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm.
SAKİNLƏR: Çox sağ olun, cənab Prezident, Sizin də bayramınızı təbrik edirik.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.-2015.- 13 mart.- S.2-3.