Bərdə türbəsində
aparılan təmir işlərinin gedişi
ilə tanışlıq
Prezident İlham Əliyevin Bərdəyə
səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 12-də
Bərdə türbəsində aparılan təmir işlərinin
gedişi ilə tanış olub.
Qeyd
edək ki, 1322-ci ildə Əcəmi memarlıq məktəbinin
nümayəndələrindən olan Əhməd bin Əyyub
Əl Hafiz Naxçıvani tərəfindən inşa
olunmuş və hündürlüyü 12,5 metr olan türbənin
yerüstü hissəsi üç əsas memarlıq
quruluşundan ibarətdir.
Türbə
daşdan hörülmüş kürsülük, dairəvi
gövdə və çadırvarı günbəzdən,
yeraltı hissəsində dəfn üçün
ayrılmış sərdabadan, yerüstü hissəsi isə
xatirə abidəsindən ibarət olub. Bolşeviklərin Azərbaycanı
işğal etmələrindən sonra abidənin kitabələri
dağıdılıb, üzərində ərəb əlifbası
ilə yazılan sözlərin bir hissəsi silinib. Uzun illər
baxımsız qalan türbənin qala qapıları uçub
dağılmış, özü bərbad vəziyyətə
düşmüş, həyətyanı sahədə
ağaclar qurumuş və yaxud qırılıb məhv
edilmişdi. Abidənin ərazisinin xeyli hissəsi
ayrı-ayrı şəxslər tərəfindən zəbt
olunaraq müxtəlif məqsədlər üçün
istifadə edilirdi.
Sonralar
tariximizin yadigarı, əsrlər boyu yadelli
istilaçılara boyun əyməyib bu günümüzədək
gəlib çıxan türbənin ətrafı təmizlənmiş,
zəbt olunmuş həyətyanı sahələr geri
alınmış və bir sıra əlavə işlər
görülmüşdü. Buna baxmayaraq, türbənin bərpası
və təmiri mümkün olmamışdı.
Nəhayət
tarixi keçmişimizə, abidələrimizə həssaslıqla
yanaşan Prezident İlham Əliyevin göstərişi ilə
2011-ci ildə Bərdə rayonunda başlanan
genişmiqyaslı abadlıq və bərpa işləri
türbənin təmirini gündəmə gətirmişdir.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni
irsin qorunması, inkişafı və bərpası üzrə
Dövlət Xidməti tərəfindən Bərdə
türbəsində bərpa işlərinə başlanıb
və bu proses davam etdirilir. Bərpaçılar tarixi abidəni
əzəli görkəminə qaytarmaq üçün qiymətli
tikinti materiallarından istifadə edirlər. Həyətyanı
sahədə abadlıq-tikinti işləri aparılır.
Azərbaycan.-2015.- 13 mart.- S.3.