Azərbaycan və Pakistan dostqardaş ölkələrdir

 

Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri

 

Martın 12-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident Məmnun Hüseyn əvvəlcə Milli Məclisin iclas zalları ilə tanış olub, parlamentdəki Heydər Əliyev xatirə zalına baxıb. Pakistan Prezidenti muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Əlaqələrimiz yüksək səviyyədədir. Bu səfər ikitərəfli münasibətləri yeni mərhələyə qaldıracaq və əlaqələrimiz daha sürətlə inkişaf edəcək. Pakistan və Azərbaycan xalqları ümumi dəyərlərə malikdir, dini, mədəni əlaqələrimiz ikitərəfli münasibətlərin sürətlə inkişaf etməsinə imkan verir.

Milli Məclisin sədri deyib: “Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Artıq 24 ildir ki, Pakistan Azərbaycan arasında diplomatik əlaqələr var. Şadıq ki, bu müddətdə beynəlxalq müstəvidə Pakistan Azərbaycanı hər zaman dəstəkləyib. Bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri böyük rol oynayıb. Ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb bu sənədlər mövcud hüquqi bazanı daha da möhkəmləndirəcək.

Oqtay Əsədov Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlığın da digər sahələrdə olduğu kimi inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sədr parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində çox yaxşı əməkdaşlıq etdiyini vurğulayıb.

Oqtay Əsədov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləməsinin yüksək qiymətləndirildiyini söyləyib. Pakistanın Azərbaycana dostluq, qardaşlıq münasibətinin bir nümunəsi kimi onu deyə bilərik ki, Azərbaycan torpaqları işğal edildiyinə görə rəsmi İslamabad Ermənistanla heç bir əlaqə qurmayıb”, - deyə sədr əlavə edib.

Pakistan Prezidenti Məmnun Hüseyn qonaqpərvərliyə görə Azərbaycan xalqına, hökumətinə təşəkkürünü bildirib. Prezident ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini söyləyib. Pakistan dövlətinin başçısı hər iki ölkənin adamlarının qarşılıqlı səfərlərinin işgüzar əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Prezident Məmnun Hüseyn deyib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir. Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Pakistan parlamentinin yuxarı palatasıSenat Xocalıda baş vermiş hadisələri soyqırımı kimi tanıyıb.

Pakistan Prezidenti ölkəsinə göstərdiyi dəstək yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

 

Azərbaycan.-2015.- 13 mart.- S.5.