AMEA rəyasət heyətinin iclasında

bir sıra mühüm məsələlər müzakirə edilib

 

 

 

Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) “Elm və incəsənət cəngavəri” fəxri adı və döş nişanını, AMEA-nın müxbir üzvü Elmira RamazanovayaYer təkinin sistemli araşdırmaları” seksiyası üzrə RTEA-nın xarici üzvü diplomunu təqdim edib.

Sonra akademik A.Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Tədbirdə RTEA-nın vitse-prezidenti, texnika elmləri doktoru Əzizağa Şahverdiyev və AMEA-nın müxbir üzvü Geylani Pənahovun “Karbohidrogenlərin çıxarılması və nəqli üçün innovativ texnologiyalarmövzusunda məruzəsi dinlənilib. G.Pənahov yer laylarında qalıq neftlərin çıxarılması ilə əlaqədar mövcud texnologiyalardan və neftqazçıxarma sənayesində yaranan bir sıra çətinliklərin əsaslandırılmış həlli yollarından danışıb. Eyni zamanda, institutun mayeqaz mexanikası şöbəsində innovativ texnologiyaların yaradılması istiqamətində görülmüş işlər, yerinə yetirilmiş altı qrant layihəsi və əldə edilmiş 60-dan çox patent barədə də məlumat verilib.

İclasda lay daxilində qaz əmələgətirməyə həsr olunan yeni texnologiyanın yaradılması geniş müzakirə edilib, bununla bağlı tədqiqat işlərinin Azərbaycanda RiyaziyyatMexanika İnstitutu ilə yanaşı, Rusiya, Çin və ABŞ-ın müvafiq laboratoriyalarında da aparıldığı bildirilib.

Sonra Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının bölmələrinin yeni tərkibi ilə bağlı məsələ müzakirə olunub. AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamına əsasən AMEA-nın rəyasət heyəti yanında Terminologiya Komissiyasının bazasında yaradılıb. Komissiyanın fəaliyyətini və ayrı-ayrı sahələr üzrə terminoloji lüğətlərin müzakirəsini təşkil etmək üçün bölmələrin tərkibinə yenidən baxılmaq zərurəti yaranıb. Bunu nəzərə alaraq iclasda komissiyanın bölmələrinin yeni tərkibi qərarla təsdiqlənib.

İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) illik fəaliyyət planı barədə məlumat verib. Qeyd edilib ki, bu ilin yanvarında GAMŞ-ın birinci hesabat-seçki konfransı keçirilib və şuranın 2014-cü il üzrə hesabatı qəbul olunub. Həmçinin konfransda GAMŞ-a 2015-ci il üzrə fəaliyyət planını hazırlayaraq AMEA-nın rəyasət heyətinə təqdim etməsi tapşırılıb.

Məsələ ilə bağlı müzakirələrdən sonra illik fəaliyyət planı təsdiqlənib. Sənəddə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün AMEA-nın Azad Həmkarlar İttifaqı ilə əməkdaşlığın gücləndirilməsi, şuranın veb-portalının yaradılması və digər məsələlər barədə qərar qəbul edilib.

Tədbirdə “2015-2024-ñü illərdə mədəni bitkilərin genetik ehtiyatlarının istifadəsi sahəsində Dövlət Proqramı (Milli Proqram)”nın layihəsi müzakirə olunub. Milli Proqramın məqsəd və vəzifələrindən danışan AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov bildirib ki, proqram milli genofondu təşkil edən mədəni bitkilərin, onların yabanı əcdadlarının zəmanətli qorunub saxlanması, səmərəli istifadəsi, bitki materiallarına olan ehtiyacın davamlı ödənilməsi və dövlətin ərzaq, ekoloji, bioloji ehtiyatlar təhlükəsizliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə Genetik Ehtiyatlar İnstitutu tərəfindən hazırlanıb. Qeyd olunub ki, Dövlət Proqramı “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə həyata keçiriləcək.

 

Proqramın layihəsi müzakirələrdən sonra bəyənilib və prosedur qaydada baxılaraq təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

 

Tədbirdə AMEA rəyasət heyəti aparatının Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Zemfira Hacıyevanın akademiyada uzunmüddətli fəaliyyəti və 60 illik yubileyi ilə əlaqədar AMEA-nın fəxri fərmanı ilə təltif edilməsi barədə qərar qəbul olunub.

 

Azərbaycan.-2015.- 13 mart.- S.6.