Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi Daxili
Qoşunlarının yaranmasından
23 il ötür
Martın
12-də Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının yaranmasından 23 il
ötür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə martın 12-də Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Daxili Qoşunların torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hərbi qulluqçularının qardaşlıq məzarına gül dəstələri düzülüb, türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.
Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.
Əvvəlcə nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib.
Nazir şəxsi heyəti salamlayaraq əlamətdar hadisə münasibətilə təbrik edib, “Şərəf kitabı”na ürək sözlərini yazıb.
Sonra Daxili Qoşunların döyüş bayrağı təntənəli şəkildə salona gətirilib. Ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Daxili Qoşunların 23 il ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Şahin Məmmədov ulu öndər Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı Fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar Günü elan olunduğunu xatırladıb.
Qeyd olunub ki, 1993-cü il noyabrın 2-də ümummilli lider Heydər Əliyevin Vətənin ağır günlərində xalqa, Silahlı Qüvvələrin şəxsi heyətinə müraciəti böyük canlanma və ruh yüksəkliyi yaradıb. Bunun ilkin nəticəsi olaraq, Füzuli istiqamətində aparılan uğurlu döyüş əməliyyatları zamanı Daxili Qoşunların şəxsi heyəti əsl qəhrəmanlıq nümunələri göstərib. Ümumiyyətlə, döyüş əməliyyatlarında Daxili Qoşunların şəxsi heyətindən 510 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Qarabağ savaşında iştirak etmiş hərbi qulluqçularımızdan 9 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı Ümummilli Liderin və Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayıb, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb.
Şahin Məmmədov Daxili Qoşunların yaranmasının növbəti ildönümü ilə əlaqədar Prezident tərəfindən imzalanmış müvafiq sərəncamlarla hərbi qulluqçulardan 1 nəfərinə “general-leytenant” ali hərbi rütbəsinin verilməsini, 1 nəfərin “İgidliyə görə” (ölümündən sonra), 2 nəfərin “Vətən uğrunda”, 22 nəfərin “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilməsini, 1 nəfərin isə “Əməkdar artist” fəxri adına layiq görülməsini ali diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib.
General-leytenant Ş.Məmmədov Daxili Qoşunların həyatında yaddaqalan ən önəmli hadisələrdən biri kimi, ötən il sentyabrın 22-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili Qoşunların Qəbələ rayonunda yerləşən hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında iştirakını qeyd edib. Bildirilib ki, Ali Baş Komandanın hərbi hissələrə hər bir gəlişi, sözün əsl mənasında, hərbi qulluqçularda vətənpərvərlik ruhunun, əzmkarlığın daha da yüksəlməsinə səbəb olur.
Məruzəçi deyib ki, səhra təcrübəsinin təkmilləşdirilməsi, hərbi qulluqçuların fərdi bacarıqlarının və birgə fəaliyyətlərinin, istənilən hava və coğrafi şəraitlərdə tapşırıqların yerinə yetirilməsinin prinsiplərinin müəyyən edilməsi, habelə əməliyyatlar zamanı döyüş təminatının vaxtında təşkil edilməsi məqsədilə Daxili Qoşunlarda xüsusi-taktiki hərbi təlimlər keçirilir. Real əməliyyat şəraitinə uyğunlaşdırılmış bu tədbirlər hazırda da davam etdirilir. Ötən ilin iyununda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların iştirakı ilə keçirilmiş irimiqyaslı birgə əməliyyat-taktiki təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub, şəxsi heyətin peşəkarlığı Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib.
Daxili Qoşunların yüksək döyüş hazırlığına malik olduğunu deyən general-leytenant Ş.Məmmədov qeyd edib ki, bunun üçün əsas amillərdən olan maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində geniş işlər aparılır, bütün hərbi hissələr müasir tipli silah və xüsusi vasitələr, döyüş sursatları, zəruri texnika və nəqliyyat vasitələri ilə təmin olunur. Daxili Qoşunların şəxsi heyəti Ali Baş Komandanın yüksək diqqət və qayğısına fədakar xidməti ilə cavab verir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırıb.
Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayan nazir Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüzün və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən biri olduğunu qeyd edib.
Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyinə diqqət yetirən Ramil Usubov müstəqilliyimiz ilə yaşıd olan bu qurumun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini vurğulayıb. Nazir Azərbaycan xalqına və dövlətinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu bildirib.
Daxili Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayan nazir bunun təsadüfi olmadığını, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə Daxili Qoşunların hərbi hissələrində olmasının hər bir hərbi qulluqçunun döyüş əzminin daha da yüksəlməsinə böyük təkan verdiyini, dövlətimizin başçısının Daxili Qoşunların təkmilləşməsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Qeyd olunub ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini tələb edir.
Ötən müddətdə paytaxtda keçirilmiş beynəlxalq idman yarışları və digər kütləvi tədbirlərdə Daxili Qoşunların hərbi qulluqçularının polis əməkdaşları və digər hüquq mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin təmini üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla icra etdiklərini xatırladan nazir bu ilin yayında ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları zamanı da şəxsi heyətin öz missiyasını layiqincə yerinə yetirməsi üçün bütün qüvvə və səylərini səfərbər edəcəyinə əminliyini bildirib.
General-polkovnik R.Usubov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, şəxsi heyət qanunvericiliklə üzərinə düşən vəzifələri, bütün tapşırıq və göstərişləri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə, xalqa, dövlətə və Prezidentə sədaqətli xidmətini əzmlə davam etdirəcək.
Daha sonra Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi sərəncamlar, həmçinin daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunlar komandanının imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və yeni hərbi rütbələrin poqonları təqdim edilib.
Təntənəli
mərasimin sonunda tədbir iştirakçıları
adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul
olunub.
Azərbaycan.-2015.- 13 mart.- S.7.