Azərbaycan Xalça
Muzeyi Pakistan
dövlətinin başçısında
xoş təəssürat doğurdu
Pakistan Prezidenti Məmnun
Hüseynin Azərbaycana rəsmi səfəri
Pakistan
İslam Respublikasının Prezidenti Məmnun Hüseyn
martın 13-də Azərbaycan Xalça Muzeyində olub.
Ali
qonağa məlumat verildi ki, muzeyin ekspozisiyası
xalçaçılıq sənətinin əsas bədii
istiqamətlərini, xalçalara xas olan nadir gözəlliyi,
zərifliyi və bədii məziyyətləri, xalça
materialının, xalçaların yaradılması
texnikasının harmoniyasını nümayiş etdirir.
Bildirildi
ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil
edir. Burada Azərbaycanın 7 əsas
xalçaçılıq məktəbi – Quba, Bakı,
Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri
təmsil olunub. Diqqətə çatdırıldı ki,
muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri
də saxlanılır.
Məlumat
verildi ki, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri
sayəsində milli xalçaçılıq sənəti
2010-cu ildə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni
irsinin reprezentativ siyahısına daxil edilib. Hər il
noyabrın 16-sı ölkəmizdə Azərbaycan
Xalçası Günü kimi qeyd edilir.
Muzeydə
quraşdırılmış xüsusi monitorda dünya
kolleksiyalarında saxlanılan Azərbaycan xalçaları,
avropalı rəssamların əsərlərində bu
xalçaların rəsmləri nümayiş etdirilir.
Böyük Britaniyadakı Viktoriya və Albert Muzeyinin
kolleksiyasında saxlanılan məşhur “Şeyx Səfi”
xalçasının reproduksiyası da diqqəti cəlb edir.
Muzeyin ekspozisiyasında nümayiş etdirilən və ehtiyat
fondlarında saxlanılan xalçalar arasında XVII-XX əsrlərdə
yaradılmış məşhur kompozisiyaları da görmək
olar.
Muzeyin
sərgi konsepsiyası adi sərgilərdən fərqlənir.
Burada nümayiş olunan xalçalar çökük
divarlarda asılıb. Muzeyin yuxarı mərtəbələrində
istənilən nöqtədən baxanda bu xalçaların əkslərini
görmək olur. Bunun sayəsində kolleksiyanın çox
hissəsini müxtəlif rakurslardan müşahidə etmək
mümkündür. Muzeyin terrasında açıq səma
altında sərgilər keçirmək olar.
Azərbaycan
Xalça Muzeyi ali qonaqda xoş təəssürat doğurdu.
Sonda
Prezident Məmnun Hüseynə xatirə hədiyyəsi təqdim
edildi.
Azərbaycan.-2015.- 14 mart.- S.1.