Pakistan Prezidentinə
Bakı Dövlət Universitetinin
fəxri
doktoru diplomu təqdim edilib
Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri
Martın
13-də Bakı Dövlət
Universitetində (BDU) Pakistan İslam Respublikasının
Prezidenti Məmnun Hüseynə bu ali məktəbin
fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, Pakistan dövlətinin
başçısı əvvəlcə
universitetin şərqşünaslıq
fakültəsinin urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb.
Tələbələr ali qonağı urdu dilində salamlayıb, Azərbaycan-Pakistan
əlaqələri, Pakistanın
tarixi, mədəniyyəti,
ədəbiyyatı ilə
bağlı fikirlər
səsləndirib, məşhur
pakistanlı şair Allama İqbalın şeirlərini söyləyiblər.
Pakistan Prezidenti tələbələrin çıxışından
məmnunluğunu bildirib,
onlara təşəkkür
edib. Sonra Pakistan
dövlətinin başçısı
Heydər Əliyev Muzeyi ilə tanış olub.
Universitetin akt zalında davam edən tədbirdə BDU-nun rektoru,
Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov müasir
dünyada elmin və demokratiyanın inkişafına layiqli töhfələr vermiş
Prezident Məmnun Hüseyni rəhbərlik etdiyi ali
məktəbin kollektivi
adından salamlayıb,
onun Bakı Dövlət Universitetinə
gəlişini tarixi hadisə adlandırıb.
Rektor ali
qonağın bioqrafiyası,
dövlət başçısı
kimi gördüyü
işlər barədə
məlumat verib.
Azərbaycan ilə Pakistan arasında yüksək səviyyəli
strateji müttəfiqlikdən
danışan A.Məhərrəmov
vurğulayıb ki, dünyada Xocalı soyqırımını rəsmən
tanıyan ilk ölkə
Pakistandır. Rəsmi İslamabad, eyni
zamanda, Azərbaycana qarşı yürütdüyü
işğalçılıq siyasətinə görə
Ermənistanı dövlət
kimi tanımır.
Pakistanın zəngin tarixi,
ədəbiyyatı, mədəniyyəti
və böyük elm
ənənələri var. Dünyada fundamental elm sahələri
üzrə cəmi iki müsəlman alimi Nobel mükafatına layiq görülüb ki, onlardan biri
- dünya şöhrətli
fizik Abdus Salam pakistanlıdır.
İki dövlətin
diplomatik münasibətlərinin
1992-ci ildən başlandığını
xatırladan rektor bildirib ki, ümummilli
lider Heydər Əliyev Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələrinin
daha da inkişaf
etməsinə hər
zaman diqqət yetirib, bu münasibətlərin
strateji müttəfiqlik
müstəvisində olmasına
çalışıb. Hazırda Prezident
İlham Əliyev bu siyasəti uğurla davam etdirir, ölkələrimiz
arasında müxtəlif
sahələrdə əməkdaşlığın
inkişafını daim
diqqət mərkəzində
saxlayır. A.Məhərrəmov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iki qardaş ölkə arasında münasibətlərin
daha da möhkəmlənməsinə
yönələn xidmətlərini
xüsusi vurğulayıb.
Rektor qonağa BDU haqqında məlumat verərək bildirib ki, 1919-cu ildən fəaliyyət göstərən universitetin
hazırda humanitar,
fundamental və təbiət
elmləri sahələrini
əhatə edən
17 fakültəsində 20 minədək
tələbə təhsil
alır. Bu ali
təhsil ocağının
respublikamızda bir çox ali məktəblərin, o cümlədən
Azərbaycan Milli Elmlər Akademiyasının
yaradılmasında mühüm
rol oynadığı
qeyd olunub. BDU-da 14 dilin, o cümlədən urdu dilinin tədris edildiyi diqqətə çatdırılıb.
Daha sonra akademik A.Məhərrəmov
universitetin elmi şurasının Pakistan Prezidentinə
fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.
Pakistan dövlətinin başçısına fəxri
doktor diplomu və mantiya təqdim olunub.
Prezident Məmnun Hüseyn BDU-nun müəllim və tələbələri qarşısında çıxış edib, fəxri doktor diplomuna görə təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb. Dövlət başçısı Azərbaycan-Pakistan münasibətlərindən danışıb, iki ölkə arasında əlaqələrin hazırkı durumundan razılığını bildirib. Pakistanlıların Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərə ürəkdən sevindiklərini vurğulayıb.
BDU-da urdu dilinin tədrisini yüksək dəyərləndirən ali qonaq tələbələrin bu dili daha dərindən mənimsəmələri üçün onların təhsillərini Pakistanda davam etdirmələrinə kömək göstəriləcəyini söyləyib, bununla bağlı təqaüdlü proqramın həyata keçirilməsini təklif edib.
BDU-nun
tələbələri adından beynəlxalq münasibətlər
və iqtisadiyyat fakültəsinin tələbəsi, Pakistan vətəndaşı
Ərşad Rana çıxış edərək universitetdə
keyfiyyətli təhsil üçün yaradılan şəraitdən
söz açıb, Prezident Məmnun Hüseyni bu ali məktəbin
fəxri doktoru seçilməsi münasibətilə təbrik
edib.
Azərbaycan.-2015.- 14 mart.- S.2.