Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

 

Rusiya paytaxtında Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 65-ci iclası keçirilib. İclasda ölkəmizi baş nazirin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edirdi.

İclasda MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətinə dair bir sıra məsələlər müzakirə edilib. Maliyyə-iqtisadi sahədə aktual məsələlərin həlli üzrə Birgə Tədbirlər Planının, 2020-ci ilə qədər olan dövrdə dövlətlərarası innovativ əməkdaşlıq proqramının həyata keçirilməsinə dair 2015-2016-cı illər üçün tədbirlər kompleksinin, 2025-ci ilə qədər olan dövrdə meşə təsərrüfatı və meşə sənayesi sahəsində əməkdaşlığın əsas istiqamətlərinin layihələri bəyənilib.

İqtisadi Şuranın üzvləri 2020-ci ilə qədər olan dövrdə dövlətlərarası innovativ əməkdaşlıq proqramının 2014-cü ildə icrasının və 2012-2014-cü illər üçün həmin proqramın reallaşdırılması üzrə tədbirlər kompleksinin həyata keçirilməsinin gedişi haqqında informasiyanı dinləyiblər.

İclasda kiçik və orta sahibkarlığın vəziyyəti və vergitutma məsələləri, 2015-ci il üçün MDB məkanında ən mühüm məhsul növlərinin istehsalı, istehlakı, idxalı və ixracının proqnozu, habelə intellektual mülkiyyət sahəsində qanunvericiliyin vəziyyəti, Birliyin üzvü olan dövlətlərdə arxiv işinin vəziyyəti haqda məlumat təqdim edilib.

Bundan əlavə, təşkilatı xarakterli və büdcə-maliyyə sahəsinə aid bəzi məsələlərə baxılıb.

Müzakirələrin gedişində səslənmiş irad və təkliflər nəzərə alındıqdan sonra sənədlərin layihələri MDB Hökumət Başçıları Şurasının müzakirəsinə təqdim ediləcək.

MDB İqtisadi Şurasının növbəti iclasının 2015-ci ilin iyun ayında Sankt-Peterburqda keçirilməsi qərara alınıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2015.- 14 mart.- S.3.