Əmək və əhalinin sosial müdafiəsi naziri Sabirabadda

 Aran zonasının sakinlərini qəbul edib

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətləri, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov martın 13-də Sabirabad Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında Sabirabad, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən ünvanlı dövlət sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunma, əhalinin məşğulluğu və digər məsələlərlə bağlı olub.

Müraciətlərdə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılmaq üçün qeydiyyata alınıb.

Nazir Səlim Müslümov müraciətlərdə qaldırılan bütün məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq konkret tədbirlər görülməsi və nəticəsi barədə nazirliyin rəhbərliyinə və vətəndaşlara məlumat verilməsi barədə aidiyyəti strukturların rəhbərlərinə göstəriş verib.

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər də qeydə alınaraq müvafiq orqanlara çatdırmaq məqsədilə nəzarətə götürülüb.

 

Azərbaycan.-2015.- 14 mart.- S.5.