Kənd təsərrüfatı naziri Goranboy rayonunda vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, martın 13-də kənd təsərrüfatı naziri Heydər Əsədov Goranboy rayonunda Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Müraciətlər əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, suvarma sistemindəki vəziyyət, subartezian quyularının qazılması və bərpası, gübrələrin çeşidlərinin artırılması, arıçılığın inkişafı, quşçuluq üçün yem bazasının yaradılması, toxumçuluğun inkişaf etdirilməsi və sertifikatlaşdırılması ilə bağlı olub.

Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2015.- 14 mart.- S.5.