Dövlət Sərhəd Xidməti ilə Rabitə və Yüksək Texnologiyalar

 Nazirliyi arasında anlaşma memorandumu imzalanıb

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli Sərəncamının, eləcə də 2009-cu il 17 avqust tarixli Sərəncamla təsdiq olunmuş “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramının uğurlu icrası sayəsində respublikamız nüfuzlu kosmik ölkələr klubunun üzvünə çevrilib. Azərbaycan Prezidentinin qətiyyəti və iradəsi sayəsində ölkəmiz MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Qafqaz regionunda isə yeganə dövlətə çevrilib.

Kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb. Martın 13-də Dövlət Sərhəd Xidmətinin Aparatında Xidmətin rəisi, general-polkovnik Elçin Quliyev ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlət sərhədlərinin mühafizəsində yüksək texnologiyaların səmərəli tətbiqi imkanları haqqında geniş müzakirələr aparıblar. Həmçinin bu sahədə gələcək əməkdaşlıq münasibətlərini müəyyən edən qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, memoranduma əsasən ölkə hüdudlarının monitorinqində, həmçinin dövlət sərhəd xəttinin delimitasiyası və demarkasiyası tədbirlərində yüksək rabitə texnologiyalarından, o cümlədən “Azerskypeykinin imkanlarından geniş istifadə ediləcək. Memorandum çərçivəsində Dövlət Sərhəd Xidməti Akademiyasının “Uçuş mühəndisliyi” ixtisası üzrə təhsil alan kursantlarının rabitə və yüksək texnologiyalar sahəsində təcrübə keçmələrinin təşkili də nəzərdə tutulub.

 

Azərbaycan.-2015.- 14 mart.- S.5.