Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə uğurla inkişaf edir

 

Xətai rayonunun nümayəndə heyəti Mersin vilayətində səfərdə olmuşdur

 

Azərbaycanın sosial-iqtisadi inkişafı paytaxt Bakıda daha aydın hiss olunur. Bu inkişafda paytaxtın bütün rayonlarının, o cümlədən 270 minə yaxın sakinin yaşadığı və mühüm iqtisadi-sənaye müəssisələrinin yerləşdiyi Xətai rayonunun öz payı var. Bakıda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Xətaidə ildən-ilə artan templə davam edirbu rayon paytaxtın inkişaf mənzərəsinə layiqli töhfələrini verir.

Ümumiyyətlə, Xətai paytaxtın həm əhalisinin say çoxluğu, həm iqtisadi potensialı, həm də ərazisinin böyüklüyü baxımından hər zaman xüsusi diqqət mərkəzindədir. Mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır.

Azərbaycanın şəhər və rayonları dinamik inkişaf etməklə yanaşı, xarici ölkələrin vilayətləri ilə də əlaqələr yaradır, qardaşlaşırlar. Bu sırada Xətai rayonunun Türkiyənin Mersin vilayətindəki Tarsus şəhəri ilə qardaşlıq əlaqələri də xüsusi qeyd olunmalıdır. 320 mindən çox əhalisi olan qədim Tarsus Türkiyənin Aralıq dənizi bölgəsində, öz tarixi, gözəlliyi, ənənələri və son illərdə nail olduğu yüksəlişi ilə seçilən şəhərlərdən biridir.

Xətai rayonu ilə Türkiyə Respublikasının Mersin vilayəti arasında əməkdaşlıq əlaqələri genişlənir. Bu vilayətdə yerləşən Tarsus şəhəri ilə Xətai rayonu 2007-ci ildən qardaşlaşmışdır. Bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir, o cümlədən Azərbaycanla Türkiyə arasındakı dostluq və qarşdaşlıq münasibətlərinə mühüm töhfələr verir. Xətai rayonu tərəfindən bu əməkdaşlığın inkişaf etdirilməsi sahəsində indiyədək xeyli görülmuş, mühüm layihələr həyata keçirilmişdir. Belə ki, Tarsus şəhərində Xətai parkı və Berdan çayı üzərində ulu öndər Heydər Əliyevin adını daşıyan körpü inşa edilərək 2011-ci ilin mart ayında əhalinin istifadəsinə verilmişdir. Bu münasibətlə 2011-ci ilin 16-20 mart tarixlərində Xətai rayonunun nümayəndə heyəti Tarsusa səfər etmişdir. Mövcud qardaşlıq münasibətlərini daha da sıxlaşdırmaq məqsədilə 2012-ci ilin 12-15 aprel tarixlərində Tarsus şəhər bələdiyyəsinin sədri Burhanettin Qoçamazın rəhbərliyi ilə nümayəndə heyəti Bakı şəhərinə və Xətai rayonuna işgüzar səfər etmişdir. Qarşılıqlı səfərlər zamanı əldə edilmiş razılığa əsasən ümummilli lider Heydər Əliyevin adını daşıyan körpü ilə Tarsusun məşhur şəlaləsi arasında yerləşən 2,5 hektar ərazidə yeni parkın salınması və həmin parka ulu öndər Heydər Əliyevin adının verilməsi qərara alınmışdır.

Hazırda parkın tikintisi işləri yekunlaşmaq ərəfəsindədir. Görülən işlərlə yaxından tanış olmaq üçün Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədovun daxil olduğu, həmçinin Xətai RİH məsul əməkdaşlarından ibarət nümayəndə heyəti bu ilin 9-11 mart tarixlərində Türkiyənin Mersin vilayətində səfərdə olmuşdur.

Səfər proqramına əsasən martın 9-da Tarsus şəhər bələdiyyəsində Azərbaycan nümayəndə heyətinin şərəfinə rəsmi qarşılanma mərasimi keçirilmişdir. Tədbirdə Tarsus bələdiyyəsinin sədri Şövkət Can nümayəndə heyətini səmimi salamlayaraq mövcud qardaşlıq münasibətlərinin perspektiv inkişafından, eləcə də parkda aparılan abadlıq və yenidənqurma işlərindən danışmışdır.

Xətai RİH başçısı Razim Məmmədov səmimi qəbula görə nümayəndə heyəti adından bələdiyyə sədrinə minnətdarlığını bildirərək Azərbaycan və Türkiyə dövlətləri arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən söz açmış, bu cür səfərlərin ölkələrimizin bölgələri arasında əməkdaşlıq tellərinin inkişafına təkan verdiyini qeyd etmişdir. Bildirilmişdir ki, münasibətləri daha da möhkəmlətmək üçün qarşılıqlı maraq və kifayət qədər baza var.

Görüşdə qardaşlaşmış Tarsus və Xətai rayonu arasındakı əməkdaşlığın inkişafı çərçivəsində atılacaq yeni addımlar haqqında fikir mübadiləsi aparılmış və bu məqsədlə Tarsus bələdiyyəsinin rəhbərliyi Bakıya dəvət edilmişdir. Səfərin bu ilin yayında təşkil edilməsi planlaşdırılır.

Sonra Azərbaycan nümayəndə heyəti, azərbaycanlı və türkiyəli mütəxəssislər Heydər Əliyev Parkında görülən işlərlə tanış olmuş, ərazinin abadlaşdırılması, idman meydançaları, uşaqlar üçün əyləncə məkanlarının yaradılması, peyzaj işləri ilə bağlı müzakirələr aparılmışdır. Qeyd olunmuşdur ki, məqsəd son illərdə tarsusluların, rayonun qonaqlarının sevimli istirahət yerlərindən biri kimi tanınan parkın daha müasir standartlara uyğun istirahət mərkəzinə çevrilməsidir.

Martın 11-də Azərbaycan nümayəndə heyəti regionun mühüm liman şəhərlərindən biri olan Mersin şəhərinə gəlmişlər. Həmin gün Mersin Böyük Şəhər Bələdiyyə Məclisinin keçirilmiş toplantısında Xətai rayonunun nümayəndə heyəti də iştirak etmişdir. Toplantıda Mersin Böyükşəhər Bələdiyyə Məclisi Xocalı soyqırımının pislənməsi ilə bağlı qətnaməni öz gündəliyinə daxil etmişmüvafiq qərar qəbul etmişdir. Qeyd edək ki, Xocalı qətliamının pislənməsi ilə bağlı məclis tərəfindən qəbul edilmiş qətnamə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının növbəti konkret nəticələrindən biridir.

Toplantıdan sonra Mersin Böyükşəhər bələdiyyəsinin sədri Burhanettin Qoçamazla görüşən Xətai RİH başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov və nümayəndə heyətinin digər üzvləri bu qərara görə minnətdarlıqlarını ifadə etmişlər. Bələdiyyə sədri Burhanettin Qoçamaz isə bu addımı Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi qiymətləndirmişdir. B.Qoçamaz Xətai rayon rəhbərliyinin dəvəti ilə 2012-ci ildə Bakıya etdiyi səfər zamanı paytaxtımızda gördüyü inkişafın onda dərin təəssüratlar yaratdığını bildirmiş, ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyəsindən, Azərbaycanda gördüyü qonaqpərvərlikdən məmnunluq ifadə etmişdir. B.Qoçamaz Azərbaycanın gündən-günə inkişaf etdiyini, beynəlxalq layihələrə qatıldığını, regionun lider ölkəsinə çevrildiyini diqqətə çatdıraraq, bütün bunların qardaş ölkə kimi Türkiyəni çox sevindirdiyini qeyd etmişdir. Gələcəkdə həyata keçiriləcək layihələrdən danışan bələdiyyə sədri bütün bunların əlaqələrin daha da inkişafına layiqdi töhfələr verəcəyini demişdir.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları haqqında ətraflı fikir mübadiləsi aparılmış, tələbə mübadiləsi, müxtəlif birgə tədbirlərin təşkil edilməsi və digər təkliflər səslənmişdir. Novruz bayramı ərəfəsinə təsadüf edən görüşdə Mersin Böyükşəhər bələdiyyəsinin sədrinə xalqımızın qədim mədəniyyətini əks etdirən hədiyyələr və Novruz sovqatları təqdim edilmişdir.

Bununla da, Xətai rayonunun nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başa çatmışdır.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 14 mart.- S.6.