İti zəkaya, yüksək intellektə malik insan

 

Adətən, insan əsasən, ailədə ata-anadan, məktəbdə müəllimlərindən tərbiyə alır. O həyatı boyu daim valideynlərinə müəllimlərinə oxşamağa, onların insani keyfiyyətlərini, ən yaxşı xarakter təlimlərini mənimsəyib bəhrələnərək öz şəxsi həyatına tətbiq etməyə çalışır. Bu cəhətdən həyat Habilə çox münbit şərait qismət etmişdi. Onun valideynləri: anası Səidə xanım atası Surxay Qurbanov respublikamızın görkəmli müəllimləri, ziyalıları, maarif xadimləri idi. Habilin şəxsiyyət kimi həyata, xalqına yararlı ali bir insan kimi formalaşmasında müəllim-valideynlərin rolu böyük olmuşdur. Atası Surxay müəllim iki institut bitirmişdi, çox mehriban insan, həddindən artıq məsuliyyətli, xeyirxah, ciddi, özünə qarşı tələbkar idi, daim inkişaf etməyə çalışırdı. Mütəmadi mütaliə etdiyinə görə, dünya ədəbiyyatnı gözəl bilirdi. Bu insan böyük vətənpərvər idi. O, İkinci Dünya müharibəsinin - 1941-ci ilin ilk günlərindən 1945-ci il qalibiyyətinə qədər faşistlərlə vuruşmuş, fədakarlıq, cəsarət, mərdlik nümunəsi göstərib orden medallarla təltif olunmuş, vətənə qayıdıb, məsul işlərdə fəaliyyətini davam etdirmişdir.

Habili uşaqlıqdan yaxşı tanıyıram, onun həyat fəaliyyətini uzun illərdir mişahidə edirəm. Zəhmətkeşliyi, alicənablığı, yüksək mədəniyyəti, ziyalılığı, sadəliyi, insanpərvərliyi ilə həqiqətən, o, atasının - mərhum Surxay Qurbanovun xüsusiyyətlərini, hətta onun qamətini, mülayim xasiyyətini, həzin səsini özündə əks etdirir.

Habil zəngin mənəvi dünyası, böyük xeyirxahlığı, diqqəti ilə bütün tanıyanları həmişə heyrətə gətirən təvazökar nəcib bir insandır. Öna görə insanlar - böyüklər , kiçiklər onu çox sevir, onunla təmasda olmağa, həzin, mehriban səsini eşitməyə həmişə can atırlar.

Habil ailədə, qohum-əqrəba arasında da böyük nüfuz sahibinə malikdir. Onların hər birinə məhəbbət, diqqət qayğı ilə yanaşır. Həyat yoldaşı Yeganə xanıma, uşaqlarına nəvələrinə hər cür qayğı göstərir. O, nümunəvi ailə başçısı, ata, babadır - onları həyatı qədər sevir, mən bunun canlı şahidiyəm. Bu cəhətdən o atasının gözəl davamçısıdır. Çünki Surxay müəllim anası Qərənfil xanımı atası İmanqulunu çox incə məhəbbətlə sevib, onların ehtiramını yüksək səviyyədə saxlayırdı.

Habil yüksək intellektə, iradəyə malik çox zəhmətsevər insandır. O, elm sahəsində həmişə böyük nailiyyətlər qazanmışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib, Volqoqrad istintaq məktəbində təhsil alaraq iki ixtisas sahibi olmuşdıır. Bunlarla kifayətlənməyərək elmi araşdırmalarla məşğul olmuşdur. Bunun da nəticəsində çoxsaylı monoqrafiyaların, dərsliklərin, elmi əsərlərin müəllifidir. Moskvada əvvəlcə elmlər namizədi, sonra doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında elmlər doktoru kimi alimlik dərəcəsinin təsdiqini alıb, professor elmi adına layiq görülüb.

Habil Qurbanov müxtəlif vaxtlarda bir çox müdafiə şuralarının üzvü olmuş, öz ixtisası ilə bağlı ali məktəblərdə müəllim işləmiş, Avropa Humanitar Elmlər Akademiyasının, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü seçilmişdir. Hüquq elmləri doktoru, professor Habil Qurbanov uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. Bu faktları xeyli dərəcədə uzatmaq olar. Lakin elə bunlar da Habil müəllimin məhsuldar elmi praktik fəaliyyətinin miqyasını anlamağa imkan verir. Ağdam rayonunda doğulub, orada tam orta təhsil almış Habil Qurbanovun qazandığı uğurlar onun müəllimləri, valildeynləri üçün əlbəttə, qürur doğuracaq nailiyyətlər idi.

Tam səmimiyyətlə etiraf edirəm ki, mən Habili özümə əziz dost bilirəm, o, yüksək insani keyfiyyətlərə malik, çox səmimi mərd insandır. Mənim üçün bu xüsusiyyətlərdən ən dəyərlisi Habilin dostluğa olan sədaqətidir. Səmimilik, sədaqətlilik isə insan mənəviyyatının ən yüksək göstəricisidir.

Bəlkə bir az pafoslu görünəcək, amma mütləq deməliyəm ki, şəxsən mənim üçün insanın içində olan və həm də səmimi olan vətən, millət sevgisi hər şeydən öncədir. Bu keyfiyyət birondan qaynaqlanır ki, Azərbaycan bir müstəqil dövlət kimi kövrəkdir, biz bir çox istiqamətlərdən bu dövlətin tam möhkəmlənməsi üçün hələ çox görməliyik. Habil müəllimin içində vətən və millət sevgisinin alovlarını görmüşəm. Və bironu görmüşəm ki, onun Azərbaycan sevgisi Qarabağdan, Ağdamdan keçir. Onda mənim də qəlbimdə bu adama qarşı minnətdarlıq dolu bir hörmət, bir sayğı yaranır.

Hərdən düşünürəm ki, bu qədər dolubir az da mürəkkəb bir həyatı - yad ölkələrdə təhsil, müxtəlif vəzifələr, Qarabağ uğrunda döyüşmək, üstə gəl neçə-neçə elmi kitablar, elmi məqalələr, min bir işin-gücün içində dostlarına, yaxınlarına qayğılar, hal-əhval tutmağa vaxt tapmaq, dərdini deyil, sevincini paylaşmaq kimi işləri bu adam necə yerinə yetirə bilir?! Yaddaşıma nəzər salıram və Habil müəllimin tərbiyəsinin, işgüzarlığının qaynaqlarını araşdırıram. Birzamanonun çağırışlarına diqqət yetirirəm. Dövrün bu çağırışları isə əsl ziyalının çiyninə çox böyük yük qoyur. Zaman yalnız bu yükü çəkə bilənləri üzə çıxarır, ictimailəşdirir, hamıda onlara sevgi hissi yaradır. Habil Qurbanov təkcə öz ətrafının, dostlarının, tanışlarının, doğmalarının deyil, bütövlükdə ictimai mühitin sevgisinə layiq bir insandır.

Qısa yazımı bitirərək mən görkəmli alim, bir çox nüfuzlu elmi cəmiyyətlərin fəal üzvü professor Habil Qurbanova möhkəm can sağlığı, uzun ömür, elmi- pedaqoji, ictimai fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayıram. O gün olsun ki, o, daha yüksək elmi adlara və rütbələrə layiq görülsün, bir-birinin ardınca sevimli nəvələrinin toy məclislərində iştirak etsin.

Hamımızın ürəyimizdə olan ümdə arzu tezliklə çin olsun - gözəl Qarabağımıza Böyük Qayıdış olsun, füsunkar Ağdamda və erməni faşistlərinin işğalı altından azad olmuş başqa dilbər məkanlarımızda da əl-ələ verib quruculuq işləri ilə məşğul olaq.

 

Adilə NAMAZOVA,

akademik, əməkdar elm xadimi,

 Dövlət mükafatı laureatı

Azərbaycan.-2015.- 14 mart.- S.7.