Tolerantlığın Azərbaycan modeli bütün bəşəriyyət üçün nümunədir

 

 

Tolerantlıq hər bir xalqın keçdiyi inkişaf yolundan, qarşıya qoyduğu məqsədlərdən asılı olaraq formalaşan mütərəqqi və bəşəri dəyərdir. Azərbaycanda tarixən heç vaxt millidini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olub. Ona görə bu gün sürətli inkişaf yolunda olan Azərbaycan Respublikası həm də müxtəlif millətlərin və dini konfessiyaların dincmehriban şəraitdə yaşadığı ən unikal məkandır.

Bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin inkişaf etməsi, yeni keyfiyyət mərhələsinə yüksəlməsi göz önündədir. Təsadüfi deyil ki, Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Hələ 2002-ci ildə Roma Papası II İoann Pavel respublikamıza etdiyi tarixi səfər zamanı Azərbaycandakı dini dözümlülük ənənələrini xüsusi qeyd etmişdi. Azərbaycanın bir çox xalqların və dinlərin mədəni dəyərlərini özündə cəmləşdirdiyini deyən Papa bildirmişdi ki, xristianlar Azərbaycanda digər dinlərin nümayəndələri ilə sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşayırlar ki, bu da yalnız “tolerantlıq və qarşılıqlı dözümlülük sayəsində” mümkün olub.

Ölkəmizdə müxtəlif millətlərdən, dinlərdən olan, müxtəlif adətlərə və mədəniyyətə mənsub insanlar arasında tarixən mövcud mehriban münasibətlərin daha da gücləndirilməsi müstəqil Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Bu sahədə vaxtilə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsi olaraq Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Son illərdə ölkəmizdə dini tolerantlıq, sivilizasiyalararası dialoq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilibbütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq ücün bir mərkəzə çevrilib. Bununla yanaşı, Prezident İlham Əliyev mütəmadi olaraq ölkəmizdə yaşayan dini icmaların və xalqların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, millidini bayramları münasibətilə təbrik edir. Bakıda pravoslav kilsəsinin bərpa edilməsi, katolik kilsəsinin tikilməsi, Vatikanın Apostol nunsisinin fəaliyyətə başlaması, vaxtilə ləğv edilmiş rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı bölgə Yeparxiyasının fəaliyyətinin bərpa edilməsi Azərbaycandakı dini tolerantlığın bariz nümunələridir.

Azərbaycanda nümunəvi tolerantlıq mühitinin mövcudluğu Prezident İlham Əliyevin martın 5-də Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri zamanı bir daha qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edildi, münasibətlərimizin yaxşı perspektivlərinin olduğu, Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi vurğulandı. Söhbət zamanı mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırıldı, ölkəmizdə nümunəvi tolerantlıq mühitinin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirildi. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə Vatikanda həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti vurğulandı.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşündə də Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma etimad mühitinin hökm sürdüyü bildirildi, ölkəmizdə multikulturalizmin yaxşı ənənələrinin olduğu nəzərə çatdırıldı. Bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu bildirildi.

Tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Bu da ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır.

Heydər Əliyev Fondu Vatikanda da yaxşı tanınır və fəaliyyətinə yüksək ehtiram göstərilir. Belə ki, fondun Roma katakombalarının və Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması ilə bağlı layihələri Vatikanda böyük rəğbətlə qarşılanıb. Xatırladaq ki, Heydər Əliyev Fondu ilə Romada Müqəddəs Taxt-Tac arasında 2012-ci ilin iyun ayında imzalanmış ikitərəfli sazişə əsasən Roma katakombalarının bərpası həyata keçirilib. Roma şəhərinin ətrafında yerləşən katakombalar xristian aləmi üçün ən mühüm abidələrdən hesab edilir. Aparılan bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini daha da artırıb. Bu layihənin icrası xristian aləminin müqəddəs abidələrinə müsəlman dünyasının töhfəsi kimi də qiymətləndirilir. Belə ki, müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə Roma tarixində ilk hadisədir və bu da ölkəmizin dinlər və mədəniyyətlər arasında oynadığı tarixi roldan qaynaqlanır. İtaliya ictimaiyyəti tərəfindən fondun bu addımı dinlər və mədəniyyətlərarası dialoqun inkişafına verilən ən önəmli töhfələrdən biri kimi qəbul olunur.

Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrdən biriVatikan Apostol Kitabxanasında olan bir çox qədim və tarixi, o cümlədən Azərbaycana və regiona aid müxtəlif əlyazmaların bərpa olunmasıdır. Bu yazışmalar Azərbaycan tarixinin daha dərindən araşdırılması istiqamətində olduqca nadir maddi sübutlardır. Vatikanın Apostol Kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma aşkar olunmuşdur. Bu sənədlər IX əsrdən XVIII əsrədək olan dövrü əhatə edən çox nadir əlyazmalardır. Onların arasında Nizaminin, Füzulinin, Nəsiminin və digər dünya şöhrətli Azərbaycan şair və mütəfəkkirlərinin nadir əlyazmaları, eləcə də indiyədək ölkəmizdə məlum olmayan bir çox orta əsr alimlərinin elmin müxtəlif sahələrinə aid qiymətli əsərləri var.

Romaya səfər zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu günlərdə Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb. Canfranko Ravazi Mehriban xanım Əliyevanın Azərbaycanla Vatikan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəki fəaliyyətini yüksək qiymətləndirib. İki dövlət arasında humanitar və mədəniyyət sahələrində həyata keçirilən layihələrin nadirliyindən danışan Canfranko Ravazi Roma katakombalarının, Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması, həmçinin digər layihələrin icrası ilə bağlı Mehriban Əliyevanın göstərdiyi xidmətləri müsəlman ölkəsi olan Azərbaycan tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirib. Nazir Azərbaycandakı tolerantlığın və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin Müqəddəs Taxt-Tac tərəfindən yüksək dəyərləndirildiyini bildirib.

Azərbaycanın Vatikan ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini deyən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac ilə bağlı bir sıra layihələrdə iştirakının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Bildirib ki, bu layihələrin təkcə xristian dünyası üçün yox, bütün bəşəriyyət üçün xüsusi dəyəri var.

Azərbaycan hər bir xalqın mədəni irsini ümumbəşəri dəyər kimi qəbul edir. Bu mənada Heydər Əliyev Fondu tərəfindən RomadaVatikanda həyata keçirilən layihələr də Azərbaycanın unikal tolerantlıq modelinin bir hissəsidir. Bütün bunlar onun göstəricisidir ki, tolerantlığın Azərbaycan modeli həqiqətən bütün bəşəriyyət üçün bir nümunədir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2015.- 15 mart.- S.1.