Azərbaycan və Bolqarıstan arasında

 əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

 

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında diplomatik münasibətlərin qurulması Azərbaycanın dövlət müstəqilliyinin ilk dövrünə təsadüf edir. Bolqarıstan Respublikası ölkəmizin müstəqilliyini 14 yanvar 1992-ci il tarixində tanımış və iki ölkə arasında diplomatik münasibətlər 5 iyun 1992-ci ildə qurulmuşdur. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Bolqarıstanın Azərbaycanda səfirliyi 1999-cu ildə fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev 16 aprel 2004-cü ildə Bolqarıstanda Azərbaycan səfirliyinin təsis edilməsi haqqında sərəncam imzalamışdır. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir.

Ölkə başçılarının qarşılıqlı səfərləri son illərdə sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermişbir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Bolqarıstan Azərbaycanla mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Bu maraq ilk növbədə Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerjikommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması ilə şərtlənir.

Bolqarıstan Respublikası iqtisadiyyatın bütün sahələrində ölkəmizlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu maraq Azərbaycan və Bolqarıstan respublikalarının prezidentləri arasında aparılmış danışıqlarda, həmçinin iki dövlətin yüksək vəzifəli rəsmilərinin və adamlarının keçirdikləri görüşlərdə bir daha təsdiqlənmiş, bu münasibətlə bir sıra hökumətlərarası sənədlər imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Bolqarıstana rəsmi səfəri də mühüm nəticələrlə yadda qalmışdır. Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə keçirdiyi görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmiş, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanmışdı. Dövlət başçıları son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişaf etdiyini qeyd etmiş, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivin olduğunu vurğulamışlar. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması da ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün çox möhkəm hüquqi baza yaradır.

Sofiyada Prezident İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə də geniş tərkibdə görüşü keçirilmişdir. Görüşdə siyasi əlaqələrin yüksək səviyyədə olduğu və Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfərinin iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi üçün önəmli olduğu vurğulanmışdır. Ölkələrimizin energetika sahəsində, həmçinin “Cənub” qaz dəhlizi layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunmuşdur.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanma mərasimi keçirilmişdir. Bu sırada “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolu misal göstərmək olar. Təqdirəlayiqdir ki, Azərbaycan-Bolqarıstan əlaqələri humanitar, elm və təhsil sahələrində də uğurla inkişaf etməkdədir. Məhz bunun sayəsində xalqlarımız arasındakı dostluq əlaqələri daha da möhkəmlənir.

Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı da keçirilmişdir. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələri belə xarakterizə etmişdir: “Bu gün biz Sizinlə Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini çox səmimi şəkildə müzakirə etdikbir daha gördük ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq əlaqələridir. Bu əlaqələrin çox gözəl perspektivləri vardır. İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir. Biz Sizinlə mütəmadi qaydada görüşürük. Siyasi əlaqələrin güclü olması, əlbəttə ki, bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də görüşümüz zamanı müzakirə edilmişdir və Bolqarıstan bu əlaqələrin inkişafında çox mühüm rol oynayır. Təbii ki, əsas danışıqlar mövzusu ikitərəfli əlaqələr olmuşdurbu sahədə biz çox müsbət nəticələri görürük. İqtisadi sahədə çox gözəl imkanlar var. Bilirəm ki, həm Bolqarıstan, həm Azərbaycan şirkətləri birgə fəaliyyət aparmaq üçün böyük səylər göstərirlər. İnvestisiya imkanları araşdırılır. Azərbaycan şirkətləri çox böyük həvəslə Bolqarıstana investisiya qoymağa hazırlaşırlar. Eyni zamanda, Bolqarıstan şirkətlərini də investorlar kimi Azərbaycanda görmək istəyərdik. Bolqarıstan şirkətləri, eyni zamanda, Azərbaycanda infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər”.

Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri ikitərəfli əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqlədi. Əldə edilən nəticələr deməyə əsas verir ki, Bolqarıstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Bolqarıstan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin gerçəkləşməsində əsas söz sahibi kimi çıxış edən Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir, respublikamızla enerji sektorunda fəal əməkdaşlıq niyyətini izhar edir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Bolqarıstan üçünvacib önəm daşıyır. 2006-cı ilədək Rusiyadan qaz idxal edən Azərbaycan məhz “Şahdəniz” yatağından hasil olunan təbii qaz hesabına nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Avropa bazarlarına çıxarmaq imkanı qazanmışdır.

2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Türkiyə ilə Transanadolu Boru Kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. “Cənub” qaz dəhlizinin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə “Cənub” qaz dəhlizinin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçüngeniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaq. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq. Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi isə Avropada bu gün reallaşan ən böyük infrastruktur layihəsidir.

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov bildirib: “Azərbaycan nəyə görə bizim strateji tərəfdaşımızdır? Bu ölkə neftqaz sərvətlərinə malikdir. İnvestisiya qoymaq iqtidarında olan bir dövlətdir. Eyni zamanda, bizim coğrafi baxımdan da bənzər ölçülərimiz var. Qədim ənənələrimiz var. Xalqlarımız arasında sıx dostluq münasibətləri var. Xalqlarımız bir-birini çox yaxşı tanıyır. Siz bizim vasitəmizlə Avropa İttifaqı ilə təmaslar baxımından əlavə imkan əldə edirsiniz. Biz isə sizin sərvətlərdən bəhrələnmək imkanını əldə edirik. Biz bu məsələlərin bir sıra elementlərini - infrastruktur layihələrini, kənd təsərrüfatı sahəsinin inkişafını müzakirə etdik. Qaz nəqliyyatı sahəsində infrastrukturu inkişaf etdirmək əzmindəyik. Əlavə qaz həcmi olduğu təqdirdə qaz təminatı şəbəkəsinin inkişaf etdirilməsi, kompressor stansiyalarının inşası və digər sahələrdə də layihələri genişləndirə bilərik. Bu gün elə bir vəziyyətdir ki, biz bir-birimizə yaxından yardım göstərə bilərik”.

Azərbaycan-Bolqarıstan münasibətləri inkişaf dinamikliyi, sanballı hüquqi bazası və qarşılıqlı mənfəət kəsb edən məqamlarla səciyyələnir. Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərindən biri kimi sərhədlərin toxunulmazlığını rəhbər tutan Bolqarıstan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmiş, Azərbaycanın, habelə beynəlxalq ictimaiyyətin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləmiş və bu dəstəyi davam etdirməkdədir.

Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında mövcud olan əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaq.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2015.- 15 mart.- S.2.