Heydər Əliyev Mərkəzi ilə tanışlıq

 

Martın 14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn və xanımı Mehmuda Məmnun Heydər Əliyev Mərkəzində olublar.

Mərkəzin fəaliyyəti ilə tanış olan qonaqlar əvvəlcə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Məlumat verilib ki, Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi Heydər Əliyev Muzeyi təşkil olunarkən burada onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Bu gün muzey həm də Heydər Əliyev irsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və zəngin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlmiş Mərkəzin binası dünya memarlıq inciləri sırasındadır.

Sonra qonaqlar Mərkəzdə “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxıblar. Məlumat verilib ki, bu sərgidə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən, ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Daha sonra Pakistan Prezidenti və xanımı “Mini Azərbaycan” sərgisi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, bu sərgidə Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş olunur. Əllidən çox maketin nümayiş olunduğu sərgi Azərbaycanla virtual tanışlıq imkanı yaradır.

Prezident Məmnun Hüseyn Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Ali qonaq ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış belə bir Mərkəzi ziyarət etməkdən şad olduğunu bildirib.

 

Azərbaycan.-2015.- 15 mart.- S.3.