70 ildən sonra tapılan itkinlər

 

Faşizm üzərində Qələbənin 70 illik yubileyi qarşısında

 

Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə olduğu kimi, milli ordu quruculuğu və hərbi vətənpərvərlik sahəsində də uğurla davam etdirir. 1941-1945-ci illər müharibəsi iştirakçılarının, döyüşlərdə qəhrəmancasına həlak olanların xatirəsinin əbədiləşdirilməsinə, yubileylərinin keçirilməsinə, sosial təminatlarının yaxşılaşmasına, habelə itkin düşənlərin axtarılıb tapılmasına, bir sözlə, müharibədə Qələbənin təmin olunmasında əməyi olanlara, eləcə də onların ailələrinə həmişə böyük diqqət və qayğı göstərir. Prezidentin “Azərbaycan Respublikasında olan iştirakçıların “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif edilməsi haqqında” 2 fevral 2015-ci il və “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” haqqında imzaladığı 23 fevral 2015-ci il tarixli sərəncamları buna bariz nümunədir.

“Azərbaycan” qəzetinin 2014-cü il 27 sentyabr tarixli sayında “71 il əvvəl “itkin düşən” döyüşçü əsgər tapıldı” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Eldar Əsgərovun babası, 1903-cü il təvəllüdlü Mikayıl Yusif oğlu Əsgərov 1941-ci ildə müharibə başlayanda Gədəbəy Rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə səfərbər olunmuşdur. Qanlı döyüşlərin iştirakçısı olduğu illərdə Mikayıl Gədəbəyə, evlərinə bir neçə məktub da yazmış, sonradan bu məktubların arası kəsilmişdi. Müharibə qurtarandan üç il sonra isə Gədəbəy Rayon Hərbi Komissarlığının 1948-ci il 13 oktyabr tarixli məktubunda onun itkin düşdüyü bildirilmişdi. İtkin döyüşçünün doğmaları, xüsusilə Eldar Əsgərov babasının, eləcə də müharibədən qayıtmayan həmkəndlilərinin axtarışları ilə bağlı keçmiş SSRİ Müdafiə Nazirliyinin arxivinə sorğular göndərmiş, döyüş gedən bəzi ərazilərdə araşdırmalar aparmışdır.

İtkin babasının axtarışları ilə əlaqədar Eldar Əsgərov ötən ilin iyul ayında ailəsi ilə Krasnodar vilayətinin, Slavyansk-na-Kubani rayonunun Anastasiyevskoye qəsəbəsinə getmiş, qəsəbə nümayəndəsi Aleksandr Qriqoryeviç Zavoloka və ictimaiyyətin nümayəndələri ilə birlikdə alman faşizmi ilə müharibədə həlak olmuş əsgərlərin Prikubansk kəndindəki Qardaşlıq qəbiristanlığını ziyarət etmişdir. Bu zaman məlum olmuşdur ki, Eldar Əsgərovun indiyədək adı itkinlər siyahısında olan babası Əsgərov Mikayıl Yusif oğlu bir neçə azərbaycanlı ilə birlikdə Anastasiyevskoye uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş və burada dəfn edilmişdir. Ziyarət zamanı o da məlum olmuşdur ki, 580 nəfər sovet əsgərinin uyuduğu Qardaşlıq qəbiristanlığında qeyri millətlərdən olan yüzlərlə şəhid arasında “itkin düşmüş” Mikayıl Əsgərovdan başqa, Gədəbəydən Hacıyev Yunis Məmməd oğlu, rayonun Rəsullu kəndindən Əliyev Əli Qasım oğlu, habelə Azərbaycanın digər bölgələrindən onlarca azərbaycanlı var.

HAŞİYƏ. 1941-1945-ci illər müharibəsi zamanı Stalinqrad və Kursk döyüşləri ilə yanaşı, Şimali Qafqazda da qanlı-qadalı ölüm-dirim savaşı gedib. Alman komandanlığının 1942-ci il 23 iyun tarixli “Edelveys” planı SSRİ-ni limanlardan və Qara dəniz donanmasından məhrum etməyə, Hərbi Gürcüstan yolunu tutmaqla Bakının neft istehsal etdiyi rayonları ələ keçirməyə istiqamətləndirilmişdi. Alman ordusuna qarşı general-leytenant R.Malinovskinin rəhbərliyi altında Cənub cəbhəsi ordusu və marşal S.Budyonnunun rəhbərliyi altında Qara Dəniz Donanması, Azov Hərbi Donanmasının köməyi ilə Şimali Qafqaz cəbhəsinin silahlı qüvvələri vuruşurdu. 1942-ci il iyulun 25-dən dekabrın 31-nə kimi Sovet ordusunun bölmələri Şimali Qafqazda ağır müdafiə döyüşləri aparıb. Sonda düşmən qüvvələrinin hücumuna tab gətirə bilməyən sovet əsgərləri Baş Qafqaz sıra dağlarına və Terek çayına çəkilərək Şimali Qafqazın rayonlarını tərk etmişlər. 1942-ci ilin noyabr-dekabr aylarında düşmənin hücumu dayandırılmış, alman rəhbərliyinin Qafqazın neft yataqlarını tutmaq cəhdi boşa çıxmışdır.

Qardaşlıq qəbiristanlığını ziyarət edən yerli ağsaqqallar söhbət zamanı Eldar müəllimə demişlər ki, Şimali Qafqazda gedən döyüşlər Stalinqrad və Kursk uğrunda gedən döyüşlərdən qat-qat dəhşətli olub. Şimali Qafqazda əsir düşmüş bir alman əsgəri ifadələrində bildirir ki, “bura əsl cəhənnəmdir, cəhənnəm odudur, cəbhələrin cəbhəsidir, qaynar qazandır, ət maşınıdır...”

Burada aparılan əsas döyüş əməliyyatlarından biri almanların “Qotenkopf”- “Mavi xətt” əməliyyatı olub. Şərti adı 1943-cü ilin yanvar-fevral aylarında Krasnodar-Taman istiqamətində alman ordusunun müdafiəsinin sərhədləri idi. Yeri gəlmişkən deyək ki, gədəbəyli Mikayıl Əsgərov məhz “Mavi xətt” əməliyyatı zamanı həlak olmuşdur. Bu döyüşlər barədə Şimal qrupunun qərargah rəisi general-mayor A.A.Zabaluyev belə demişdir: “Bizim piyada qoşunları qızıldır, onlar bütün məhrumiyyətlərə tab gətirirlər. Azərbaycanlılardan ibarət olan piyada qoşunlarının əsgərləri cəsarətlə hücuma keçirdilər, hücuma keçən tankların hücumundan qorxmayaraq geri çəkilmirdilər, bəzən də vaxtında kömək olmadığından onlar lazımi qaydada tank əleyhinə qumbaralardan və butulkalardan istifadə edə bilmədiklərindən böyük itkilər verirdilər”.

Bu itkilər arasında Eldar müəllimin babasından başqa daha 47 nəfər həmyerlimiz var. Onların adları qəzetimizdə dərc edildikdən sonra 15 nəfər itkinin əzizləri də üzə çıxdı. Bu 15 əsgərin ailəsinin, yaxınlarının indiyədək onların nə öldüsündən, nə qaldısından xəbərləri var idi. İtkin düşənlərin siyahıda adını görən Ermənistanın Toğulca kəndindən olan, 1943-cü il 30 mart tarixdə Şimali Qafqazda gedən qanlı döyüşlərdə həlak olmuş Qasımov Abbas Yolçu oğlunun nəvəsi Abbasəli Əhmədov, 1943-cü il 2 avqust tarixdə qəhrəmancasına həlak olmuş Süleymanov Əli Qəhrəman oğlunun nəvəsi Qabil Süleymanov böyük sevinc hissi ilə redaksiyamıza zəng edərək ilk növbədə ölkə rəhbərliyinə və redaksiyamıza, o cümlədən öz təşəbbüsü ilə bu xeyirxah axtarışda olan Eldar Əsgərova dönə-dönə minnətdarlıqlarını bildirdilər.

Şəmkir rayonunun Zəyəm qəsəbəsinin sakini, 84 yaşlı Əsəd Hacıyev redaksiyamıza göndərdiyi məktubda yazır: “Hörmətli redaksiya, qəzetinizin 27 sentyabr 2014-cü il tarixli nömrəsində Böyük Vətən müharibəsində Şimali Qafqazda gedən döyüşlər zamanı həlak olaraq Qardaşlıq qəbiristanlığında dəfn edilənlər siyahısında qardaşım Hacıyev Hacı İsa oğlunun adının olduğunu eşidəndə inanmağım gəlmirdi. İki gündən sonra məni Şəmkir Rayon İcra Hakimiyyətinə dəvət etdilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində də oldum. Öyrəndim ki, Şimali Qafqazda, Prikubanski kəndi yaxınlığında Qardaşlıq qəbiristanlığında uyuyan həqiqətən də mənim qardaşım - 70 ildən çox itkin bildiyimiz Hacı Hacıyevdir.

Qardaşım cəbhəyə gedəndə mənim 10-11 yaşım olardı. Onun qapı-qapı düşüb ağsaqqal və ağbirçəklərlə “Mən vətəni qorumağa gedirəm” deyə sağollaşması, atamla, anamla, bacılarımla, qohum-əqrəba ilə görüşəndə məni bağrına basaraq öpməsi indi də yadımdadır.

Cəbhəyə gedəndən sonra qardaşımdan bir neçə dəfə məktub almışdıq. Sonuncu məktublarından birində döyüşlərdə uğur qazandığını, hətta buna görə ona fəxri fərman verildiyini yazmışdı. O vaxt elə bilirdim ki, qardaşım ucaboy, cüssəli olduğundan müharibədə heç kimin ona gücü çatmaz, heç kim onu öldürə bilməz...

Yadımdadır, kəndimizdən cəbhəyə gedənlərin çoxu qayıtmadı, qayıdanların da əksəriyyəti əlil və şikəst idi. Bəziləri də iki-üç il sonra gəlib çıxdılar. O vaxt ailəmizə rayon hərbi komissarlığından rəsmi olaraq bildirmişdilər ki, Hacı itkin düşüb. Həmin gündən haradasa bir itkin haqqında yazılanda, özü, ya məzarı tapılanda, yeri-yurdu məlum olanda məndə belə təəssürat yaranırdı ki, qardaşım ölməyib, nə vaxtsa gələcək. Atam, anam, bacılarım dünyadan köç edənə kimi Hacının sorağında oldular, yolunu gözlədilər.

Qardaşımın məzarının tapılmasına çox sevindim. İlahi, insan buna da sevinərmiş?! Evimdə uşaqlarımla ehsan süfrəsi açıb, doğmalarımla birlikdə qardaşımın, eləcə də onunla birlikdə qürbətdə Qardaşlıq qəbiristanlığında uyuyan əsgərlərin ruhuna dualar oxudum.

Allahdan bir diləyim var: ömrümün qurub çağında qardaşımın məzarını ziyarət edə bilim. Atamın-anamın məzarı üstündən götürəcəyim torpağı şəhid qardaşımın məzarı üstünə, qardaşımın məzarı üstündən götürəcəyim torpağı atamın-anamın qəbri üstünə səpmək istəyirəm...”

Tapılan itkin müharibə iştirakçılarından Axverdiyev İzaməddin (İsmayıl) Murtuzəli oğlunun (Yevlax stansiyası, Püştətala sovetliyi) qardaşı oğlu Qurban Haxverdiyev, Bəşirov Becan Baxış oğlunun (Şamaxı rayonu) qardaşı oğlu Ramiz Baxışov, Osmanov Mustafa Səlim oğlunun (Vartaşen (Oğuz) rayonu) qardaşı oğlu Sakit Osmanov da redaksiyamıza göndərdikləri teleqram və telefon bağlantılarında bu xeyirxah işin səbəbkarlarına minnətdarlıq edib, Qardaşlıq qəbiristanlığında uyuyan əzizlərini ziyarət etmək arzusunda olduqlarını bildirirlər. Oxucular soruşa bilər ki, niyə adları çəkilən itkinləri o vaxtlar axtarmayıblar? Çünki onlar müharibəyə gedəndə subay olublar, onların ilk eşqi, ilk məhəbbəti elə özləri ilə bərabər ürəklərində qərib eldə Qardaşlıq qəbiristanlığında dəfn edilib. Həyatda onların qardaş, bacı, əmi, dayı, xala, bibi uşaqlarından başqa əzizləri olmayıb, o da əgər varsa.

70 ildən sonra tapılan itkin əsgərlərin yaxınları istəklərinin Müdafiə Nazirliyinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı, ya da hər hansı xeyriyyəçi iş adamının yardımı ilə reallaşacağı gümanındadırlar.

Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun yaxından köməyi sayəsində daha 17 nəfərin adı və soyadı tam dəqiqləşdirilib. Araşdırma zamanı o da məlum olmuşdur ki, Samux rayonundan olan Məmmədov İbrahim Həmzə oğlu Şimali Qafqazda gedən qanlı döyüşlərdə almanların 4 tankını vurmuş və dəfələrlə əsgər yoldaşlarını mühasirədən çıxarmışdır. Həmyerlimizin bu fədakarlığı Krasnodar vilayəti rəhbərliyinin diqqətinə çatdırılmış, faktların araşdırılmasına kömək göstərilməsi xahiş olunmuşdur. Axtarışların uğurlu alınmasında Milli Məclisin deputatı Aydın Mirzəzadənin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Şəmkir, Samux, Lerik, Laçın, Biləsuvar, Balakən, Zaqatala və Şamaxı rayon icra hakimiyyətləri başçılarının da əməyi az olmamışdır.

HAŞİYƏ. Amerikalıların bu sahədə nəcib bir təcrübəsi var: Vyetnam müharibəsinin veteranı Yan Skraqqs tərəfindən 1979-cu ilin aprelində Vyetnam veteranlarının memorial fondu yaradılmışdır. 1980-ci il iyulun 1-də ABŞ Konqresi tərəfindən Avraam Linkolnun Monumenti yaxınlığında belə bir memorialın tikintisi üçün ərazi ayrılmışdır. 1980-ci ilin oktyabrından 1981-ci ilin may ayına kimi ən yaxşı layihə üçün müsabiqə keçirilmişdir.

Komissiya 1400 təklifdən çinli tələbə Mayya Linin layihəsini bəyənmişdir. Amerika şirkətləri və 275.000 Amerika vətəndaşından bu nəcib təklifin həyata keçirilməsi üçün 8,4 milyon ABŞ dolları toplanmışdır. Nəticədə uzunluğu 75 metr olan möhtəşəm abidə ucaldılmışdır. Abidə üzərindəki lövhədə 58 min 159 nəfər hərbçinin adı yazılmışdır. Hətta sağ qalan veteranların da adı bu siyahıda yer almışdır, sonradan bu rəqəm 58.256-ya çatdırılmışdır.

Amerikalılar bu abidə ilə fəxr edirlər, gələn qonaqları bu abidəni görməyə aparırlar, dünyanın müxtəlif ölkələrindən olan minlərlə turist hər il bu monumenti ziyarət edir. Yaxşı olar ki, respublikamızda da müharibədə itkin düşənlərin şərəfinə abidə kompleksi ucaldılsın. Keçmişimizə hörmət, gənclərimizə vətənpərvərlik tərbiyəsi baxımından böyük bir iş görmüş olardıq. Belə də dünyada beynəlxalq tədbirlərin keçirildiyi mərkəz kimi şöhrətlənən Bakıya, turizm ölkəsinə çevrilməkdə olan Azərbaycana gələn əcnəbi qonaqlar da müharibədə Qələbə naminə canından keçən azərbaycanlı əsgərlərlə qiyabi də olsa tanışlıq imkanı əldə edərlər.

Şimali Qafqazdakı Qardaşlıq qəbiristanlığında uyuyan, siyahısı dərc edilmiş daha 27 nəfər həmyerlimizin, ailəsinə nə vaxtsa “qara kağız”ı gəlmiş bu “itkin” sovet əsgərlərinin yaxınlarını, doğmalarını bəlkə tanıyanınız oldu, bəlkə onlardan hansısa elə illərlə axtardığınızdır. Belədə redaksiyamıza məktub yazın, telefon əlaqəsi yaradın. Onu da qeyd edək ki, bu siyahı hələ tam deyil, axtarışlar davam edir, elə adlar və soyadlar var ki, dəqiqləşdirilməsinə ciddi ehtiyac duyulur. Odur ki, bu xeyirxah işdə siz də yaxından iştirak edin.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2015.- 15 mart.- S.5.