Fəaliyyətinə “əhsən”,
özünə düşmən dedilər
Represiya qurbanları
Tarix boyu yaşayıb yaratmış elə şəxsiyyətlər olub ki, onların işlədiyi, fəaliyyət göstərdiyi illər müxtəlif ictimai-siyasi quruluşlar dövrünə təsadüf edib. Bu insanların bir çoxu quruluş dəyişərkən öz vətənpərvərlik mövqelərini saxlayaraq yenə də xalqına sədaqətlə xidmət yolunda əllərindən gələni əsirgəməyiblər. Əfsuslar olsun ki, əksər hallarda belələrini düzgün başa düşməyiblər.
Görkəmli ictimai-siyasi xadim Məhəmməd Həsən Hacınskinin payına da belə bir tale qismət olub. O, çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hökuməti dövrlərində yaşayıb və fəaliyyət göstərib. Maraqlısı budur ki, hər zaman da yüksək vəzifələrdə çalışıb. Ona görə ayrı-ayrı dövrlərdə Məhəmməd Həsən Hacınskiyə münasibət müxtəlif olub. Cümhuriyyət dövründə onu bolşevik hesab ediblər. Sovet hakimiyyəti zamanı müsavatçı, xalq düşməni adı ilə damğalayıblar. Ölkəmiz müstəqillik qazandıqdan sonra istiqlal mücahidləri haqqında əsərlər yazılarkən, onların fəaliyyəti yüksək dəyərləndirilərkən M.Hacınski demək olar ki, kənarda qalıb. Buna səbəb onun sovet hakimiyyəti illərində yüksək vəzifələrdə işləməsi olub.
Əslində, bu münasibətlərin hamısı nisbidir. Maarifçi-demokrat, ictimai-siyasi xadim Məhəmməd Həsən Hacınskinin həyat və fəaliyyətinə tamamilə başqa rakursdan yanaşmaq lazımdır. Onda çox aydın görünür ki, yaşadığı ictimai-siyasi quruluşdan asılı olmayaraq bu insan daim öz xalqı və vətəni üçün çalışıb. Bunu səciyyələndirən xüsusiyyətlər də məhz hər zaman təqdir olunacaq fəaliyyəti və sədaqətidir.
Olmazın işgəncələrə və əzablara
məruz qalaraq həbsxanada özünə qəsd edən
Hacınskinin keçən əsrin 30-cu illərinin repressiya
qurbanları sırasında olması böyük təəssüf
doğurur. Bu
ilin mart ayında görkəmli ictimai-siyasi xadimin anadan
olmasının 140 illiyidir.
Məhəmməd Həsən Hacınski əslən
bakılıdır. Atası Cəfərqulu Hacızadə
tacir idi və tez-tez səfərlərə
çıxırdı. Belə səfərlərin
birində Qahirədə ərəb qızı Fatiməni
sevmiş və ailə quraraq onu Bakıya gətirmişdi.
Gənc ailədə əvvəlcə qız
övladı dünyaya gəlmişdi. 1875-ci il martın 3-də ailənin ikinci uşağı
Məhəmməd Həsən anadan olmuşdu. O, Bakı
Realnı Məktəbində oxumuş və burada dəqiq
elmlər sahəsində fitri istedadı üzə
çıxmışdır.
1895-ci ildə
Hacınski Sankt-Peterburqda I Nikolay adına
Texnoloji İnstitutun tikinti mühəndisliyi fakültəsinə
qəbul olunur. Təhsilini 1902-ci ildə başa
çatdırır.
Məhəmməd Həsən bəy bir müddət
Moskvada azərbaycanlı milyonçu və xeyriyyəçi
Şəmsi Əsədullayevin neftayırma zavodlarının
tikintisində çalışır. Sonra Bakıya
qayıdıb şəhər upravasının (bələdiyyəsinin)
tikinti şöbəsinin rəisi işləyir. M.Hacınski 1908-ci ildən Bakının
abadlaşdırılmasına və inşaat işlərinin
genişləndirilməsinə çalışır.
Şəhərin hələ 1898-ci ildə fon
der Nonne tərəfindən tərtib olunmuş baş
planının layihəsini təkmilləşdirir. 1909-cu ildə
Bakı Dumasının iclasında M.Hacınski
çıxış edərək deyir: “Əhalinin asudə
vaxtının keçirilməsi üçün şəhərdə
yeganə olan Mixaylovski bağı (indiki Filarmoniya bağı
- İ.Ə.) azlıq edir və günün tələblərinə
cavab vermir”.
Ertəsi gün Bakıda çıxan bütün qəzetlər
onun çıxışını şərh edir. Sevinclə xəbər
verirlər ki, nəhayət, şəhərdə Dənizkənarı
bulvar yaradılacaq, bu işlərə Hacınski rəhbərlik
edəcək.
1909-1910-cu illərdə Bakı Dənizkənarı
parkının salınması və 1912-ci ildə bununla
bağlı tikinti işlərinin tam başa
çatdırılması, eləcə də “Olimpiya”
kinoteatrı, “Eldarado” restoranı və dəniz
hamamının inşası bilavasitə Hacınskinin fəaliyyəti
nəticəsində mümkün olur.
Tikintisi
iki il çəkən Bakı bulvarı
tezliklə şəhər sakinlərinin sevimli istirahət
yerinə çevrilir. Bulvar Qafqaz Merkuri Körpüsündən,
yəni indiki Kukla Teatrının yanından başlayaraq o
zaman Seyid Mirbabayevin evi kimi tanınan “Azneft”ə qədər
uzanır.
Memar Hacınski eləcə də 1912-ci ildə Bakı
küçələrinin abadlaşdırılması layihəsinin
müəllifi və rəhbəri olur. Filarmoniyanın
yay səhnəsinin tikintisi də onun vəzifədə
olduğu dövrə təsadüf edir.
Hacınskinin şəhərin baş planına aid təklif
etdiyi layihə o vaxta qədər Bakıda heç zaman tətbiq
olunmamışdı. Onun layihəsinə görə,
Bakının küçələri Parisin “Ulduz”
meydanında olduğu kimi bir dairədən şüalar şəklində
çəkilməli idi. “Yelpik” adlı həmin
layihə şəhərdə geniş meydanların və
bağçaların olmasını nəzərdə tuturdu.
Xatırlatmaq
yerinə düşər ki, sonralar Bakının baş
planı yenidən işlənərkən Hacınskinin və
fon der Nonnenin layihəsi əsas
götürülüb. Hacınski vəzifədə
olduğu illərdə Bakının tarixi abidələrinin
qorunmasına da böyük diqqət göstərib. Məhz onun təklifi ilə Zivər bəy Əhmədbəyov
Şirvanşahlar sarayının bərpası ilə
bağlı elmi-tədqiqat işləri aparıb.
Tikinti şöbəsinə rəhbərlik edərkən
Hacınski ilk növbədə şəhərin su təchizatı
məsələsini yenidən gündəmə gətirir. Problem nəhayət
uğurla həll olunur. Bakı Şəhər
Duması o zaman Rusiyada ən uzun su kəməri sayılan
Şollar suyu layihəsini təsdiq edir.
Mənbələrdə göstərilir ki, Məhəmməd
Həsən Hacınski aktiv siyasi fəaliyyətə gizli
yaradılmış Müsavat Cəmiyyətində
başlayıb. 1904-cü ilin sonlarında həmin cəmiyyət
əsasında Rusiya Sosial Demokratik Fəhlə
Partiyasının Bakı komitəsinin nəzdində Müsəlman
sosial-demokrat “Hümmət” təşkilatı
yaradılır. Bu qurumun yaradıcıları
üç nəfər - Məhəmməd Əmin Rəsulzadə,
Mir Həsən Mövsümov və Məhəmməd Həsən
Hacınski olur. Təşkilata N.Nərimanov, M.Əzizbəyov
və S.Əfəndiyev də daxil idilər.
1917-ci il fevral inqilabından sonra Hacınski
açıq siyasi fəaliyyətə keçir. Həmin il hadisələr çox sürətlə cərəyan
edir. Martın 5-də o, təşkil edilən
Bakı İctimai Təşkilatları Şurası
İcraiyyə Komitəsinin üzvü, martın 27-də isə
Bakı Müsəlman İctimai Təşkilatı Müvəqqəti
Komitəsinin sədri seçilir. Apreldə
Qafqaz Müsəlmanlarının Bakı qurultayının Rəyasət
Heyətinə daxil olur. May ayında Rusiya
müsəlmanlarının Moskvada keçirilən
qurultayında iştirak edir. İyulda
Bakı Müsəlman İctimai-Siyasi Təşkilatları
İcraiyyə Komitəsinin iclasında
Ə.Topçubaşov komitənin sədri, M.H.Hacınski və
M.Ə.Rəsulzadə onun müavinləri seçilirlər.
Müsavat Partiyasının oktyabrın 26-31-də
keçirilən birinci qurultayında Hacınski Mərkəzi
Komitənin üzvü olur. Noyabrın 15-də
yaradılmış Zaqafqaziya Komissarlığında ticarət
və sənaye komissarının müavini olan Məhəmməd
Həsən həmin ayın 23-də Türkiyəyə rəsmi
danışıqlara gedir. Sonra
Ümumrusiya Müəssislər Məclisinə Müsavat
Partiyasından üzv seçilərək Zaqafqaziya Seyminə
daxil olur.
Artıq bir siyasətçi və məmur kimi püxtələşmiş
M.Hacınski 1918-ci ildə seymin Osmanlı dövləti ilə
danışıqlar aparan nümayəndə heyətinin tərkibində
Trabzon konfransına yola düşür.
M.Hacınski ilk dəfə nazir kürsüsünü
Zaqafqaziya Federativ Respublikası hökumətində tutur. Batum
konfransında M.Ə.Rəsulzadə ilə birlikdə Azərbaycanı
təmsil edən də məhz Hacınski olur. Ümumiyyətlə, Azərbaycan Milli
Şurasının Milli İstiqlal Bəyannaməsini qəbul
edən 26 üzvündən biri də o, olur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti
elan olunur. Bitərəf Fətəli xan Xoyski
birinci hökumət kabinetini təşkil edir. Məhəmməd Həsən Hacınski xarici
işlər naziri təyin olunur. O, bu xəbəri Batumda
eşidir və dərhal vəzifəsinin icrasına
başlayaraq İstanbul radiosu ilə milli
istiqlalımızı müxtəlif dillərdə dünyaya
bəyan etdirir.
1918-ci il iyunun 4-də M.Hacınski Gürcüstan
hökumətinə nota göndərərək gürcü
qoşunlarının Borçalı qəzasından dərhal
çıxmasını tələb edir. Sonra
isə Gürcüstana və Ermənistana sərhədlərin
dəqiqləşdirilməsi üçün müştərək
komissiya yaratmaq təklifi verir. Ermənilərin
türk-müsəlman əhalisinə qarşı törətdikləri
soyqırımıları araşdırmaq üçün
Fövqəladə Təhqiqat Komissiyası yaradır ki, bu da
dövlət xadimi və vətənpərvər olaraq onun
müstəsna xidməti kimi dəyərləndirilməlidir.
Xalq Cümhuriyyətinin ikinci Hökumət Kabinetində
Hacınski oktyabrdan dekabradək maliyyə naziri kimi
çalışır. “Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanun”a əsasən, o, parlamentin tərkibinə
daxil edilir.
M.Hacınski üçüncü Hökumət
Kabinetində bir müddət - 1918-ci ilin dekabrından 1919-cu
ilin yanvarınadək dövlət nəzarəti naziri vəzifəsini
icra edir. Bu dövrdə Paris Sülh Konfransına gedən
nümayəndə heyətinə sədrlik etmək ona
tapşırılır.
Hacınski Parisi oktyabrın sonunda tərk edir və
Bakıya qayıtdıqdan sonra dördüncü və
beşinci hökumət kabinetlərində daxili işlər
naziri təyin olunur. Daxili işlər naziri postunda da Məhəmməd
Həsən Hacınskinin prinsipiallığı, məsuliyyəti,
xalqının xeyiri naminə çalışması və
digər müsbət xüsusiyyətləri özünü
göstərir.
Lakin bəzi müsavatçılar onun məmur
özbaşınalığına qarşı sərt
mövqeyini ittihadçılar və kommunistlərlə birləşmək
meyili kimi qiymətləndirirdilər. Ona görə də Hacınski
1920-ci il fevralın 18-də daxili işlər
naziri vəzifəsindən çıxarılır. Bununla belə, kabinetin tərkibində ticarət, sənaye
və ərzaq naziri kimi qalır.
Tarix Məhəmməd Həsən Hacınskinin
adını cümhuriyyət hökuməti kabinetinin
birincisində xarici işlər naziri, üçüncüdə
maliyyə naziri və beşincidə daxili işlər naziri
kimi qoruyub saxlayır.
1920-ci il aprelin 28-dən - Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra Hacınski Azərbaycan Ali Xalq Təsərrüfatı
Şurasında çalışır. Var
qüvvəsi ilə respublikanın şəhərlərinin
abadlıq-quruculuq işlərində iştirak edir. Azərbaycan mətbuatında tez-tez
çıxış edərək görülən işlər
barədə məlumat verir. 1922-ci ildə
nəşr olunmuş “Hophopnamə”dən görünür
ki, Mirzə Ələkbər Sabirin abidəsinin tikintisinə
də Hacınski rəhbərlik edib.
O, ailəsi
ilə Bakının Aşağı Məzarlıq
küçəsində yaşayırdı. Günlərin
birində mənzilindən yalnız həyat
yoldaşının cehizi, ailəsinin sevincinin və kədərinin
şahidi - gümüş şamdanlı fortepianonu da
götürüb Bakıdan köçür. Beləcə,
1922-ci ilin may ayından Hacınskilər Tiflisdə qərar
tutur. 1923-cü ildə Hacınski Zaqafqaziya
Dövlət Plan Komitəsi sədrinin birinci müavini təyin
olunur. O, Azərbaycanda sənaye şəhərlərinin
salınması işinə dəstək verir, xüsusilə
Daşkəsənin iqtisadiyyatının inkişafına
çalışırdı.
Hacınskilər ailəsi artıq Tiflis şəhərinin
Piroqov küçəsindəki 8 nömrəli evin ikinci mərtəbəsində
yaşayırdı. Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci
katibi Lavrenti Beriyanın və 1902-1905-ci illərdə
Bakıda “Nina” bolşevik mətbəəsində
çalışmış Vano ləqəbli İvan Fyodoroviç
Sturuanın mənzilləri isə üçüncü mərtəbədə
idi. Hacınski Beriyanın bəd niyyətli adam olduğunu hər zaman duymuş və dərk
etmişdi. Amma komissar Sturua ilə yaxşı
münasibətləri vardı, uşaqları onu “Vano
dayı” deyə çağırırdılar. Hacınski dəfələrlə Vanoya Beriya kimi
yaramazla qonşu olduğuna görə təəssüf
etdiyini söyləmişdi.
Bu həmin
dövr idi ki, Finlandiyaya gedə bilmiş M.Ə.Rəsulzadə
Almaniyadan Türkiyəyə gəlmiş,
parçalanmış milli və siyasi qrupları öz ətrafında
birləşdirərək Azərbaycan Milli Mərkəzini
(AMM) yaratmağa müvəffəq olmuşdu. Mərkəzin
Paris bölməsinə Ə.Topçubaşov rəhbərlik
edirdi. Bu bölmə Azərbaycanda gizli fəaliyyət
göstərən mərkəzin beynəlxalq əlaqələrinin
tənzimlənməsində mühüm rol oynayırdı.
AMM Rusiyadan üz çevirib neft sənayesində əsas
müttəfiq kimi nəzərdə tutduğu İngiltərəyə
arxalanırdı. Mərkəzin gizli sənədlərində
Nazirlər Şurasının sədri vəzifəsi Məhəmməd
Həsən Hacınskiyə verilməli idi. Lakin 1927-ci ildə SSRİ-nin təzyiqi ilə
Türkiyə hökumətinin mərkəz üçün
ayırdığı cüzi yardıma son qoyuldu. Beləliklə, təşkilatın Azərbaycan
bölməsinin beynəlxalq aləmlə əlaqəsi kəsildi.
1930-cu il dekabrın 3-də Hacınskinin mənzilində
axtarış aparılır. O, L.Beriyanın göstərişi
ilə həbs olunur. Dövlət Təhlükəsizlik Komitəsinin
arxivindəki P.S.75525-ci qovluqdakı 233 nömrəli orderi
Tatyan (burada da “yan”) və AK QPU-nun sədr müavini L.Beriya təsdiq
edirlər.
Hacınski
həbs olunandan 25 gün sonra - dekabrın 28-də həyat
yoldaşı Səadət xanım Moskvaya yola
düşür, Sov.İKP MK-nın Siyasi Bürosunun
üzvü Serqo Orconikidze ilə onun Kremldəki mənzilində
söhbət edir. Orconikidze Hacınski ilə həmişə
xoş münasibətdə olmuşdu. Zadəgan
əsilli Serqo Hacınskinin xanımını hörmətlə
qarşılamış və söyləmişdir ki, Məhəmməd
Həsənin günahkar olduğuna inanmır. Ona ümid verərək evinə dönməsini məsləhət
bilmişdi.
Lakin bu ümidlər özünü doğrultmur. Hacınski isə
həqiqətən günahsız idi. Yüksək
vəzifəli sovet məmuru olmasına baxmayaraq kasıb
dolanırdı. Həbsxanadan ailəsinə
və dostlarına göndərdiyi məktublar onun həyat tərzi
haqqında çox söz deyirdi.
Bəs həbsxanaya, təkadamlıq kameraya salınan
Hacınskini nədə günahlandırırdılar? Əsas ittiham
kimi mühəndis Ələsgər bəy Bəylərbəyovun
verdiyi ifadə götürülmüşdü. Bu ifadədə bildirilirdi ki, təxminən 1928-ci
ilin payızında Bakıya gəlmiş M.Hacınski Dövlət
Plan Komitəsi sədrinin kabinetində İngiltərə və
Fransanın Bakıya olan marağının
Ə.Topçubaşovla bağlanmış məxfi
müqavilədə öz əksini tapması xəbərini
verməsi olmuşdu. Yəni o, Azərbaycan
Milli Mərkəzinin işi ilə bağlı ittiham edilirdi.
Qəribədir ki, vaxtilə onu Xalq Cümhuriyyətinə
xəyanətdə günahlandırmışdılar. AXC əks-kəşfiyyat
idarəsinin rəisi Nağı bəy
Şeyxzamanlı-Keykuru “Azərbaycan istiqlal mücadiləsi
xatirələri” kitabında yazmışdı: “Hökumətimizin
daxilində çox məşum rol oynamış Məhəmməd
Həsən Hacınski gizli olaraq Moskva agentləri ilə
sözləşmiş, hökumətimizin və
xalqımızın əleyhinə
çalışmışdır. Moskvanın
göstərişi ilə hərəkət etmişdir”.
İndi isə sovet hökuməti onu dönüklükdə,
düşmənçilikdə təqsirləndirirdi.
Hacınski
1931-ci il fevralın 8-də həbsxanada mələfədən
hazırladığı kəndirlə özünü asaraq
intihar edir. Ertəsi gün Zaqafqaziya QPU-nun həkimi
Vantsyan imzası ilə bunu təsdiqləyir və sənəd
11886 nömrəli istintaq işinə tikilir.
İntihar etməzdən əvvəl Hacınskinin S.Orconikidzeyə və Ş.Eliavaya yazdığı məktub isə Hacınskinin bütün daxili düşüncələrini, siyasi baxışlarını, qulluq etdiyi quruluşa münasibətini tam açır. Fikrimizcə, Hacınski haqqında qalın-qalın kitablar yazılsa da, onu özünün bu qısa məktubu kimi xarakterizə edə bilməz. O, yazmışdı: “Tabutdan da sizə yalvarıram ki, mənim əməllərimə işıq tutub heç olmasa bu biabırçılıqların azalmasına yardım edəsiniz. Ölüm anında bildirmək istəyirəm ki, mən həqiqətən sizin quruluşa düşmən olsam da, bu hakimiyyət barədə ağzıma gələni danışsam da, əslində açıq və qəti fəaliyyət üçün hər zaman tərəddüd etmişəm. Odur ki, mənim sovet hökumətinə qarşı törətdiyim hər hansı bir ziyanlıqdan söhbət gedə bilməz”.
Bu vaxt Səadət xanım oğlu Şamillə Məhəmməd Həsənə baş çəkmək üçün həbsxanaya gəlir. Lakin burada intihar hadisəsini eşidir. Cəsədi ailəyə vermirlər. Kor-peşman evə dönən Səadət xanım uşaqlarını başına toplayır, mərhumun ruhuna dualar oxuyur.
Səadət xanım bəd xəbəri eşidən kimi S.Orconikidzeyə teleqram göndərib xahiş edir ki, ona əri ilə heç olmasa vida görüşü versinlər. Orconikidze bu barədə göstəriş verir və Səadət xanımla Şamil mərhumla vidalaşır. Onlara Məhəmməd Həsənin özü ilə apardığı kiçik çamadanı təhvil verirlər. Həmin gün Məhəmməd Həsənin qızları fəryad qoparır, oğlanlar isə çamadandan çıxan kəndiri aparıb F.Xoyskinin, H.Ağayevin və M.F.Axundzadənin məzarlarının yanında torpağa basdırırlar.
Bəs atanın dünyasını dəyişməsindən sonra bu böyük külfətin güzəranı necə olmuşdu?
Deyildiyi kimi, Məhəmməd Həsənin heç bir var-dövləti qalmamışdı. Yenə də S.Orconikidzenin tapşırığı ilə ailəyə cüzi təqaüd kəsilir. Lakin 40-cı ildə ailə üzvlərinin də təqibi başlanır, onlar məktəbdən və işdən çıxarılırlar.
1939-cu ildə Tofiq və Murad Hacınskilər əsgərliyə çağırılır. Bundan sonra ailənin vəziyyəti çətinləşir, mənzilləri də əllərindən alınır. Ailə məcbur olub Bakıya köçür. Burada onlar öz evlərinin bir otağında kirayənişin kimi yaşamalı olurlar. Bu zaman əvvəlki Məzarlıq küçəsi Arsen Əmiryan küçəsi olmuş, Hacınskinin evində isə iki erməni ailəsi məskunlaşmışdı. Onlar Məhəmməd Həsənin ailəsini incidir, “donos”lar yazırdılar.
Bir sözlə, öz ölümü ilə haqsızlıqlara qarşı üsyan edən Hacınskinin bu hərəkəti, əlbəttə, hakim dairələrin xoşuna gəlməmişdi. Ona görə də onun bütün ailəsi və nəsli repressiyalara məruz qalır. Həyatın əzablı yollarında övladlarının heç birinə yaxşı ömür yaşamaq qismət olmur.
M.Hacınski 1958-ci il mayın 29-da bəraət alır.
İradə ƏLİYEVA,
Azərbaycan.-2015.- 15 mart.- S.6.