Güldürən və düşündürən komediya ustası

 

Bəşir Səfəroğlu-90

 

Azərbaycan səhnəsinin böyük sənətkarı, xalq artisti, komediya ustası Bəşir Səfəroğlunu çoxmilli teatr və kino tamaşaçılarına təqdim etməyə ehtiyac yoxdur. Onu hamı - qocalar da, cavanlar da sevirdilər. Bunu sübut etmək üçün çox misal çəkmək olar. Maraqlıdır ki, Bəşir Səfəroğluda aktyor istedadından başqa tamaşaçıları özünə inandırmağa məcbur etmək bacarığı da vardı. Bununla bağlı onun tərcümeyi-halından iki misal göstərəcəyik.

1965-ci ilin yay ayları idi. Bəşir Səfəroğlu Xivəyə Xoca Nəsrəddin roluna çəkilmək üçün dəvət olunmuşdu. Filmin rejissoru Klimenti Miks aktyoru baş rola təsdiq etməmişdən əvvəl belə bir fənd işlədir. O, Bəşir Səfəroğluya Xoca Nəsrəddinin paltarını geyindirir, onu sevimli uzunqulağına mindirir və Xivənin adamlarla dolu ən gur yerinə göndərir. Rejissorun özü isə bir kənarda durub, ətrafdakıların bu mənzərəyə necə reaksiya verəcəklərinə tamaşa edir.

10-15 dəqiqə keçəndən sonra əsasən gənclərdən və uşaqlardan ibarət böyük bir kütlə Xocanın (Bəşir Səfəroğlunun) arxasınca düşüb sevinclə qışqırırdılar: “Xoca Nəsrəddin dirilib!”, “Ay camaat, baxın, Xoca bizə qonaq gəlib”.

Gələcək filmin qəhrəmanını camaat tanıyır, Azərbaycan aktyoru Bəşir Səfəroğlu isə Tacikistanda yeniXoca Nəsrəddinin 12 qəbri” kinokomediyasında baş rola təsdiq olunur.

Digər maraqlı bir əhvalat. Həmin filmdə Xoca Nəsrəddinin edam epizodunu çəkirdilər. Çəkiliş meydançasına çoxlu uşaq yığışmışdı. Onların gözlərində bir kədər var idi. Sanki özlərini itirmiş vəziyyətdə qalmışdılar. Uşaqlara elə gəlirdi ki, hamının sevimlisi olan Xocanın indicə (Bəşir Səfəroğlu) həqiqətən boynunu buracaqlar.

Birdən filmin ən kulminasiya anında cəllad rolunu ifa edən aktyorun əlindən qılıncı yerə düşür. Ətrafda onların necə sevindiyini görmək lazım idi. Uşaqlar atılıb düşür, oynayır, tez-tez bu sözləri təkrar edirdilər: “Yaxşı oldu! Cəllada bu da azdır!”

Bu günlərdə Azərbaycanın xalq artisti, milli teatrkinomuzda gülüş ustası kimi tanınan və xalq tərəfindən sevilən Bəşir Səfəroğlunun 90 yaşı tamam oldu. Biz böyük sənətkarın 90 illik yubileyini qeyd edirik. Amma...taleyin oyunlarına baxın: Bəşir Səfəroğlu 1925-ci ildə dünyaya göz açmışdır. 1969-cu ildə gözlərini əbədi yumub, Fəxri xiyabanda torpağa tapşırılmışdır. Deməli, 90 yaşı tamam olan milli komediya aktyoru məktəbinin görkəmli nümayəndəsi Bəşir Səfəroğlu bu həyatda, doğmaları arasında cəmi 44 il ömür sürmüşdür.

Tamaşaçıların yaşlı nəsli istedadlı sənətkar Bəşir Səfəroğlunun ifasında müxtəlif tamaşalara baxıblar. Hətta onun tərcümeyi-halı, yaradıcılığı ilə tanışdırlar. Bugünkü aktyorlar Azərbaycan teatr, kinoteleviziya sənətinə böyük töhfələr vermiş Bəşir Səfəroğlunu yalnız iştirak etdiyi filmlərdən, televiziya tamaşalarından tanıyırlar. Ona görə də gəlin ötən onilliklərə boylanıb şöhrətli səhnə və kino aktyorunun sənət aləminə nəzər salaq, onun qısa, lakin mənalı həyat tarixçəsini bir daha vərəqləyək.

Bəşir Səfəroğlu Rustov kəndində orta məktəbə getsə də ailəsi Bakıya köçdükdən sonra orta təhsilini 14 saylı məktəbdə davam etdirmişdir. O, səhnəyə ilk dəfə 14 yaşında ikən o vaxtkı Əli Bayramov adına Qadınlar klubunda tamaşaya qoyulanSevil” pyesində Gündüz rolu ilə çıxmışdır. Bir il sonra həmin dram dərnəyində “Ölülər” pyesi səhnədə oynanılarkən Bəşir Səfəroğlu yalnız Əli bəy rolunda çıxış edir. Həmin il o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. Bu teatrın səhnəsində müxtəlif tamaşalarda oynayır.

Böyük Vətən müharibəsi başlananda Bəşir Səfəroğlunun 16 yaşı hələ tamam olmamışdı. Buna baxmayaraq o, ərizə yazıb könüllü olaraq cəbhəyə gedir. Bir neçə çətin döyüşlərdə iştirak edir. 1942-ci ildə döyüşlərin birində ağır kontuziya alaraq, nitqini və eşitmə qabiliyyətini itirir, əsgərlikdən tərxis ediləndən sonra evinə lal-kar qayıdır. Həmin il yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur, özü də yardım heyətinə. Əlbəttə, aparılan səmərəli müalicələrdən sonra onun eşitmə qabiliyyəti bərpa olunur, nitqi də açılır.

1949-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı müvəqqəti olaraq bağlanır. Yaxşı xatırlayıram, teatrın aktyorları müxtəlif incəsənət idarələrində çalışmağa başlayırlar. Aktrisalardan N.Zeynalova Nizami kinoteatrında xəzinədar, M.Kələntərli Bakı kinoteatrında direktor müavini, Bəşir Səfəroğlu isə sürücü işləyir. Lakin o, bir müddət keçəndən sonra Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən estrada qrupuna daxil olur.

Bəşir Səfəroğlu 1956-cı ildə teatr yenidən açılana kimi, iki il ərzində Azərbaycan Dövlət OperaBalet Teatrının nəzdindəki dövlət statusu olmayan “Azərbaycan Musiqili Komediya Teatrı”nda aktyor kimi fəaliyyətini davam etdirir.

“Güldürərək düşündürən teatr” kitabında (1977) yazılır: “Azərbaycan Dövlət Musiqili Komediya Teatrı” bağlansa da, kollektivin üzvləri öz fəaliyyətini davam etdirirdi. Musiqili komediya sənətimiz ayrı-ayrı konsertlərdə, böyük şənliklərdə, gülüş ustalarının qastrol səfərlərində yaşayırdı”.

Nəhayət, 1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yeni, müstəqil binada qapılarını tamaşaçıların üzünə açdı.Teatrın bədii rəhbəri Ş.Bədəlbəyli kollektivi yenidən bir araya gətirərkən onların arasında Bəşir Səfəroğlu da var idi.

Aktyor ömrünün sonrakı illərində bu teatrın səhnəsində bir-birindən maraqlı və baxımlı obrazlar qalereyası yaratmışdır. Süleyman (“Arşın mal alan”), Uzun (“Toy kimindir”), Səlyanski (“Gözün aydın”), Baləmi (“Rəisin arvadı”), Hacı Kərim (Hacı Kərimin Aya səyahəti”), Hacı Qara (“Hacı Qara”), Firuzbala (“Altı qızın biri Pəri), Məşədi İbad (“O olmasın, bu olsun”), Gülümsərov (“Ulduz”), Polis rəisi (“Milyonçunun dilənçi oğlu”), Səbrəli (“Bizə bircə xal lazımdır”) və digər surətlər komik ampluadadır, onlar tamaşaçıda gülüş doğursa da, hər bir kəsi eyni zamanda düşünməyə sövq edirdi. Çünki aktyor bu pinajları həyatımızda rast gəldiyimiz prototiplərinə - alverçi baləmilərə, savadsız sədrlərə, quşbeyin hacı kərimlərə, avara uzunlara, qoca vaxtında cavan qız almaq xülyasına düşən məşədi ibadlara, xəsis hacı qaralara, kütbeyin polis işçilərinə yaxınlaşdıra bilirdi. Bəşir Səfəroğlu bu surətlərin xarici görünüşləri ilə daxili aləmlərini ustalıqla uyğunlaşdırır, onlardan hər biri üçün fərdi ştrixlər axtarıb tapırdı. Digər tərəfdən aktyor vokal sənəti ilə aktyor sənətini sənətkarlıqla uyğunlaşdıra bildiyi uçün hər bir surət bütöv və canlı alınırdı.

Musiqili Komediya Teatrında olduğu kimi, onun yaratdığı “Gəlməli, görməli, gülməli” miniatür teatrındakı səhnəciklərdə də ifa etdiyi minajlar öz daxili aləmləri, hərəkətləri, danışıq tərzləri ilə komizm nöqteyi-nəzərindən yaddaqalandırlar.

Çoxşaxəli imkanlara malik aktyor Bəşir Səfəroğlu teatrdan fərqli olaraq kinoya çox az çəkilmişdir, cəmisi yeddi filmdə: “Aygün” (1960), “Qəribə əhvalat” (1960), “Əhməd haradadır?” (1963), “Ulduz” (1964), “Xoca Nəsrəddinin 12 qəbri” (1965), “Yun şal” (1965), “Yaşamaq gözəldir, qardaşım” (1966).

Bəşir Səfəroğlunun “Aygünteleviziya bədii filmində ifa etdiyi Əmirxanın dostu çox kiçik bir epizoddur. Bu rol barədə əlavə bir söz demək də mümkün deyil. “Yaşamaq gösəldir, qardaşım” filmindəki Səfər də epizodik roldur. Səfər barədə onu demək olar ki, o, inqilab işi uğrunda gizli mübarizə aparan dəstəyə rəhbərlik edir.

Qəribə əhvalatqısametrajlı film-felyetondur. Filmdə spirtli içki həvəskarları tənqid olunur gülüş atəşinə tutulur. Kinofelyetonun qəhrəmanı Kefçilovdur. Bəşir Səfəroğlunun oynadığı Cəmil Kefçilovun dostudur. Kefçilovdan fərqli olaraq Cəmil gözəl ailə başçısıdır, dostluğa sədaqətlidir. Aktyorun ifasında Cəmil belə bir pinajdır.

Əhməd haradadır?” musiqili kinokomediyasında aktyoru kiçik epizodda görürük bu tip yaddaşımıza həmişəlik həkk olunur. Bəşir Səfəroğlu Sərxoşun simasında içki düşkünlərinin aqibətini bir-iki yumoristik detalla açıb göstərir. Yalqızam, yalqız...” mahnısını zümzümə edən Sərxoş yıxılmamaq üçün dirəkdən bərk-bərk yapışır. Zülümovun da ona “can ay yetimdeməsi həmin epizodu daha da zənginləşdirir.

Bəşir SəfəroğlununUlduzkinokomediyasındakı Gülümsərov onun kino rolları içərisində ən maraqlısı ən məşhurudur. Bu başa bəlaelmiişçi mənasız hərəkətlərinə görə ətrafındakıların gülüş hədəfinə çevrilir.

Xoca Nəsrəddinin 12 qəbrifilmi ümumittifaq ekranlarına çıxandan sonra aktyorun şöhrəti birə iki artdı. Filmdə cəmi bir epizod var: alimlərin elmi sessiyası keçirilir. Natiqlər bu sessiyadavacib bir məsələnihəll etməyə çalışırlar. Görəsən, Xoca Nəsrəddin tarixi şəxsiyyətdirmi? O, hansı dövrdə yaşayıb, Xoca Nəsrəddinə aid 12 qəbirdən hansı onundur?

Bu məclisdə sakitcə oturub natiqləri dinləyən Nəsrəddin təmkinini pozmadan alimlərə deyir:

- Sizin bu mübahisənizin görəsən camaata xeyri nədir?..

O da maraqlıdır ki, “Xoca Nəsrəddinin 12 qəbri” filmində çəkilmək üçün Bəşir Səfəroğlu keçmiş SSRİ-nin 250 aktyoru arasından seçilmişdi. Çəkilişlər vaxtı o, bir il Tacikistanda yaşamışdır.

Yazıçı İ.Əfəndiyevin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış “Yun şal” qısametrajlı televiziya filmi iki sevən gəncin məhəbbət əhvalatından danışır. Bu filmdə aktyor epizodik rolda çəkilmişdir. Amma qəribəsi budur ki, “El” jurnalının yazdığına görə, məhz “Yun şalfilminin çəkilişləri zamanı qoyun itləri Bəşir Səfəroğlunun üstünə cumarkən o, çarəsi olmayan xəstəliyə düçar olmuşdur...

Bu gün görkəmli sənətkar Bəşir Səfəroğlunun yaradıcılıq yolunu kiçik qızı, Azərbaycanın xalq artisti Afaq Bəşirqızı uğurla davam etdirir. O, bu gün atasının çalışdığı teatrda işləyir, filmlərə çəkilir, televiziya tamaşalarında iştirak edir.

Afaq xanım müsahibələrinin birində demişdir: “Atamın oğlu yox idi, deyə onun yolunu mən davam etdirdim. Öz ömrümdə atamın yarımçıq qalan həyatını da yaşamalı oldum. Arzumun əksinə çıxıb şərqşünas əvəzinə aktrisa oldum, müxtəlif obrazlar yaratdım və Moskvada “Bəşir Səfəroğlu” teatrını açdım”.

Rejissorssenari müəllifi R.Kazımovski 1969-cu ildə “Bəşir Səfəroğlu” televiziya filmini çəkdi. Film görkəmli teatrkino aktyoru Bəşir Səfəroğlunun həyat və yaradıcılığına həsr olunmuşdur. Burada aktyorun iştirak etdiyi tamaşalardan və filmlərdən istifadə olunmuşdur.

Bəşir Səfəroğlu teatrı, həyatı, insanları sevirdi. Buna görə də televiziya filmində o, təkcə görkəmli bir aktyor kimi deyil, eyni zamanda gözəl insan, qayğıkeş ata, vəfalı dost kimi göstərilmişdir.

Özü aramızda olmasa da, uca sənəti bu gün də minlərlə tamaşaçını güldürüb düşündürürinsanlara bol-bol sevinc bəxş edir.

 

Aydın KAZIMZADƏ,

əməkdar incəsənət xadimi

Azərbaycan.-2015.- 15 mart.- S.6.