Təhsil gələcəyin uğur
qapısıdır
Qədimlərdən
insanlar gələcəyi bilmək istəyiblər. Bir az
maraqdan, bir az qorxudan. Onu gah həyatda, gah yuxuda,
gah da zəhmətdə axtarıblar. Qorxunu
təbiətin hökmü gətirirdi. Muğan
muğan olanda biri üç edər, Muğan tufan olanda
üçü heç edər. Təbiətdən
qorxanlar da, qorxmayanlar da, işgüzarlar da, tənbəllər
də həmişə təbiətə
tapınırdılar. Bir parası şükür edib
gözlərdi, az bir qismi də
qışa hazırlaşardı. Amma həyatlarını
planlaşdırmaq üçün gələcəyi bilmək
istəyənlər də öz yolları ilə gedirdilər,
ətraflarına biliciləri yığırdılar.
Yazı-pozunu, savadı, məktəbi həmin bilicilər
yaratdılar.
Aydın oldu ki, gələcəyi tək-tək
adamlar yarada bilməz, çünki bu, hamının gələcəyidir
və bu yolu hamı getmək istəyir. Məktəblər
artdı, böyüdü və gələcəyin
qapısı oldu. Gələcəyi qurmaq,
görmək üçün hamı bu qapıdan keçməlidir.
O cəmiyyətlər gələcəyə hazır oldu ki,
onlar böyük məktəblər qurdular və onun
qapısından içəri keçməklə öz gələcəklərini
axtarmağa başladılar. Müsəlmanlar
arasında bu məktəbi birinci quranlardan biri də biz olmuşuq.
Elə bilirəm ki, indinin özündə də
birincilər sırasındayıq.
Amma qoca dünya da yerində durmur. Gələcəyə
elə sürətlə qaçır ki, irəlidəkilərlə
aramızdakı məsafə azalmır ki, azalmır. Həm də gələcəyə sarı bu yolda cəmiyyətlərin
yeganə dayağı yenə onların məktəbidir, təhsilidir.
Təhsil naziri Mikayıl Cabbarovun
yazısını oxuyanda mən son 10 ilin faktlarını bir
daha gördüm və yenidən heyran qaldım. Prezident İlham Əliyev bizim təhsil sisteminə nə
qədər qayğı göstərib. Nə
qədər vəsait ayrılıb və ayrılır, nə
qədər sənədlər qəbul olunub, layıhələr
reallaşıb. Bu istiqamətdəki
islahatlar yönündə nə qədər məclislər,
diskussiya və müzakirələr keçirilib.
Bütün
bunlar asan başa gəlməyib: çünki müstəqillik
illərində ölkəmiz ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə ağır bir yol
keçib. Qarabağda müharibə aparıb,
yeni Konstitusiya qəbul edib, dağılmış dövləti
və iqtisadiyyat qurumlarını bərpa edib, misilsiz bir
sürətlə siyasi və dövləti islahatlar həyata
keçirib. Yeni xarici siyasət -
dünyaya inteqrasiya sahəsində fasiləsiz işlər
görüb və əngəllərə qarşı
mübarizələr genişləndirilib. Bütün
bunların içərisində milli təhsilimizin də əsasları
qorunub, onun müasirləşdirilməsinə və gələcəyimizin
həqiqi bələdçisinə çevrilməsinə
çalışılıb. Son 11 ildə
3000 təhsil ocağı tikilib istifadəyə verilib və
ya əsaslı təmir edilib. Bu,
böyük rəqəmdir. Təkcə 2014-2015-ci dərs
ili üçün 271 adda 7,8 milyon
nüsxə dərslik çap olunub məktəblərimizə
verilib. Bu quru rəqəmlər ölkəmizdə
təhsilə, gənc nəslə nə qədər
böyük qayğı göstərildiyini, bu
qayğının siqlətini təsəvvür etmək
üçün kifayətdir. Yəni,
Prezident İlham Əliyev təhsilə bütün digər
sosial sahələrdən artıq qayğı göstərir,
ona hər çür maddi resurslar ayırır.
Təhsildə islahatlar necə illərdir ki, davam edir. Amma yenə
görürük ki, onların əsas hissəsi irəlidədir.
Nə mənada? O mənada ki, təhsildə
inkişafın sonu yoxdur, məqsəd təhsilin yeni keyfiyyətinə
nail olmaqdır. Bu sahədə isə işlər
çoxdur. Ona görə əvvəlcə
təhsildə islahatların ümumi prinsipləri ilə
bağlı bəzi fikirlərimi bildirmək istəyirəm.
Birinci məsələ şübhəsiz ki,
islahatları necə başa düşmək məsələsidir. İslahat - təkmilləşdirmə,
zamanın, günün tələbinə uyğunlaşma deməkdir.
Ona görə bir məsələdə aydınlıq
olmalıdır: biz sovet dövründən qalan təhsil
sistemini təkmiləşdiririk, yoxsa yeni, qabaqcıl ölkələrdən
bir model gətirib hər şeyi dağıdıb yenidən
qurmaq istəyirik? Təhsillə maraqlanan bəzi
qeyri-hökumət nümayəndələrində elə
ovqat var ki, sovetlərdən qalan hər şey
atılmalıdır. Mən bu ovqatları
yanlış sayıram, çünki təhsil konservativ bir işdir
və onun tərkibində iki-üç, bəzən daha
çox nəslə məxsus müəllim kadrları
çalışır. Biz onları
çaşqın vəziyyətdə qoya bilərik və bu,
təhsilin keyfiyyətinə yüngül desək, mənfi təsir
göstərər.
Belə hesab edirəm ki, biz sovetlərdən qalan təhsil
sisteminin ən yaxşı cəhətlərini qoruyub
inkişaf etdirməli, pislərini atmalıyıq. Dünya təcrübəsindən
də özümüzə uyğun olanı, ən zəruri
qaydaları gətirib tətbiq etməliyik. Açıq deyək ki, bəzi xarici sponsorlar yeni
proqramları, məsələn, tarix dərsliklərini təzələmək
üçün qrantlar paylayırlar. Çoxları
düşünür ki, ukraynalılarla ruslar arasındakı
indiki münaqişə məhz yeni tarix dərsliklərinin səpdiyi
cücərtilərdir ki, onun nəticəsi iki qardaş
xalqı müharibə vəziyyətinə gətirib.
Xaricdən
qrant alan QHT nümayəndələri
arasında “sovet ideologiyası” deyilən bir anlam var ki, sovet
vaxtı təriflənənlər indi pislənməlidir.
“Koroğlu” operası, “Sevil” pyesi, “Muğan” poeması”, “Gələcək
gün” romanı sovet vaxtı da dəyərli idi, indi də
bizim milli sərvətimizdir. Üstəlik, onların müəllifləri
və onların bütün irsi də! Bizim
tarixi şəxsiyyətlərimizə, böyük ədiblərimizə,
maarifçilərimizə qarşı iddialı qınaqlar,
qrant pullarına onların “məhkəmələrini” təşkil
etmək dəbə çevrilib. Hesab edirəm
ki, xarici fondların təhsilə aid proqramları məsələsində
çox ehtiyatlı olmaq lazımdır. Bizə
insanların şüurunu, dəyərlərimizi dəyişmək
istəyən proqramlar deyil, təhsili müasirləşdirən
ideyalar lazımdır. Bu, bizim cəmiyyətin
öz daxili təkamülü ilə bağlı məsələdir.
Ümumiyyətlə, xarici fondların bizdə
dərslik hazırlığında iştirakına,
xüsusilə humanitar dərsliklər hazırlanmasında
iştirakına ehtiyac varmı?
Hər şeyi təftiş etmək bizim milli
şüurun vəhdətini dağıda bilər, bizi
parçalaya bilər. Məsələn, M.Ə.Rəsulzadənin
və N.Nərimanovun hər birinin öz mübarizə yolu
olub. Bu iki yol Azərbaycan xalqının
tarixi taleyinin əksi və nəticəsi idi. Bu gün onların birini satqın, o birini vətənçi
elan edəndə biz manqurtlaşmağa doğru gedə bilərik.
Çünki bu iki siyasi və ədəbi
şəxsiyyət arasındakı münasibətlər bizim
tarixi taleyimizin açarıdır. Onların
birini satqın elan edəndə bizim tariximiz satqınlar və
vətənçilər arasında mübarizə kimi
görünər. Amma bu, qətiyyən belə deyil! Bizim tariximiz və bu iki şəxsiyyətin fərqləri
daha mürəkkəbdir və əsl tarix də buradadır.
Biz bunu doğru-dürüst anlamasaq,
özümüzü və gələcəyimizi də
doğru-dürüst təsəvvür edə bilmərik.
Ədəbiyyat və tarix dərsliklərimiz də
bunları doğru əks etdirməli, tarixi proseslərin sxemləşdirilməsinə
yol verilməməlidir. Elə “sovet ideologiyası” da
düzgün və ədalətli şərh edilməlidir.
Bu ideologiyanın mənfi cəhətləri vardı:
demokratik mərkəziyyət, marksizmi ehkama çevirmək, həqiqətin
partiya qərarlarında olması haqqında ehkam pis idi,
kollektivin süni ideallaşdırılması və
güclü şəxsiyyətin inkarı ziyanlı idi və
s.
Bir sıra Qərb ölkələrində tarixin tədrisində
ideologiyalardan qaçmaq üçün hadisələrin
özlərinin konkret təhlilinə geniş yer verilir. Məsələn,
müharibənin səbəblərindən çox, onun
yaranma mexanizmi addım-addım izlənir, tələbələrə
və şagirdlərə öyrədilir. Bunun da öz üstünlükləri var. Məsələn,
Azərbaycan Demokratik Cümhuriyyətinin dağılma səbəblərini
tarixi nəzəriyyələrin bir-ikisi ilə izah etmək
olar. Lakin bu, bütün hallarda bir qədər
sxematik olur. Amma baş verənlər
bütün detalları ilə xüsusi kursda öyrədilsə,
bunun da öz nəticələri olar. Görünür
bu, tarixilik prinsipinin ən düzgün tətbiqidir. ABŞ təhsilində böyük tarixi hadisələr,
siyasi və iqtisadi böhranlar həmin üsulla tədris
olunur. Bu, ideoloji sxemlərdən
qaçmağa, tarixi hadisənin necə baş verdiyi
haqqında tələbə və şagirdlərdə təsəvvür
yaratmağa imkan verir. Artıq marksist hökumətlər
də bu üsula əl atırlar: məsələn, Çində
SSRİ-nin dağılmasını öyrənən
xüsusi institut açılıb. Bu da
satqınlar və vətənçilər mifindən
qaçmaq istəklərindən yaranıb. Çünki həyat heç vaxt bir fikrə
sığmır.
Etiraf edək ki, sovet tarixçiliyində sxematizm
güclü idi və bu, bizim oxuduğumuz dərsliklərdə
də öz əksini tapmışdı. Belə
sxematizmdən qaçmağın ən sadə və
etibarlı üsulu tarixi hadisələrin konkret
ardıcıllığını öyrətməkdir. Əlbəttə, burada faktlar içində
dolaşmaq təhlükəsi də qalır. Amma hadisəni ixtisaslı mütəxəssis şərh
edirsə, faktlar çoxluğu çaşdırıcı
olmur, yaxşı mütəxəssis onlarda seçmə
aparır. Tarixi hadisələri belə
öyrətmə metodu plüralist düşüncənin
inkişafına gətirir. Ayıq
şagird hadisələrdə özü üçün
maraqlı olanlara daha çox diqqət yetirir ki, bu da müxtəlif
görmə bucaqlarına yol açır. Əlbəttə, bunlar bütün tarixi öyrətmək
üçün yararlı sayıla bilməz. Amma taleyüklü tarixi hadisələri öyrədəndə
deyilən üsul daha çox tarixi faktorların nəzərə
alınmasına imkan yaradır.
Lakin
tarixilik prinsipi, dövlətlərlə xalqlara fərq
qoyulması, fanatizmin inkarı, xəstə millətçiliyin
rədd olunması, xalqlar dostluğu ideyası, dinin mədəniyyətdən
ayrılmazlığı, dinin dövlətdən ayrı
olması prinsiplərində pis nə vardı ki? Marksizmin sağlam tərəflərindən Qərbdə
də geniş istifadə olunur. Ona görə
sovet dövrünə məxsus hər şeyi dərsliklərdən
qovmaq doğru hesab edilə bilməz. C.Cabbarlının
“1905-ci ildə” pyesi çarizmin ermənilər və azərbaycanlılar
arasında milli ədavəti qızışdırmasına
qarşı idi. Sovet vaxtı bunu ehtiyatla
pisləmək olardı, bu gün açıq pisləmək
və tənqid etmək olar və lazımdır. Lakin bu o demək deyil ki, biz “1905-ci ildə” kimi milli,
xalqın gözünü açan əsərləri
qadağan edək. Və ya N.Nərimanovun
“Bahadır və Sona”sını götürək. Sovet vaxtı xalqlar dostluğu ideyası süni və
ifrat şəkildə təbliğ olunurdu. Biz bu gün həmin ifratdan imtina edirik. Amma bununla xalqlar bir-birinə düşmən olmur və
N.Nərimanovun bu əsərinin gözdən salınması ədalətli
sayıla bilməz.
Dünyada əks proseslər gedir, işçi, yanacaq,
informasiya bazarları birləşir. Bunu görə-görə
biz məktəblərimizdə milli ədavət
ideyalarının təbliğınə, məsələn,
rus xalqına qarşı mənfi hisslərin tərbiyəsinə
yol verməməliyik. Bunun mənfi nəticələri
indi də var: Rusiyanın imperiya kimi tarix dərslərində
yeri gəldi-gəlmədi tənqidi uşaqlarda rus dilinə də
münasibətin pisləşməsinə səbəb olur. Məktəblərdə, hətta şəhər məktəblərimizdə
rus dilinin mənimsənilməsi səviyyəsi xeyli
aşağı düşüb. Bu, ilk
növbədə, şagirdlərin öz ziyanınadır.
Onlar işləmək üçün
keçmiş sovet respublikalarına gedəndə dil bilməməyin
əziyyətini çəkirlər. Axı,
belə hallarda hamı rus dili vasitəsilə ünsiyyət
saxlayır. Deməli, rus dili heç bir
ideologiyadan asılı olmayaraq azərbaycanlı mütəxəssisin
keçmiş SSRİ-nin əmək bazarında rəqabət
qabiliyyətini aşağı salır. Bütün
dünyada gərəkli dili bilməyənlər daha
aşağı ödənişli və ağır işlərdə
çalışmalı olur. Göründüyü
kimi, burada ideologiya məsələsi yoxdur.
Sovet orta təhsil sisteminin digər üstünlükləri
var. Məsələn, ümumi-icbari təhsil ciddi nəzarətdə
olan məsələ idi. Bir şagirdin məktəbdən
yayınması problemə dönürdü, milisə qədər
bu məsələyə qarışmalı olurdu. Amma bu gün məktəbdən yayınmaya laqeyd
münasibət yaranıb. Sovet vaxtı niyə
bu məsələyə diqqət edilirdi? Çünki
mədəni inqilab vaxtı ev-eşiksiz yetim uşaqları
küçələrdən yığmağa dövlət
külli miqdarda enerji və vəsait sərf etmişdi. Cəmiyyət
yaxşı bilirdi ki, məktəbdən yayınan hər bir
uşaq sabah həm cəmiyyət, həm
də öz ailəsi üçün çoxlu problemlər
yaradacaq. Görünür, gənclərin dini
sektalara qurşanması bir tərəfdən də onların
hansı mərhələdəsə təhsil və məktəbdən
yayınmasının nəticəsidir. Gənclər
arasında yayılan neqativ halların hamısı bu və ya
başqa şəkildə ümumi-icbari təhsil prinsipinə
lazımi diqqət yetirilməməsi, uşaqların məktəbdən
yayınmasına barmaqarası münasibətlə
bağlıdır.
Sovet məktəb sisteminin digər
üstünlüyü təhsilin keyfiyyətinə nəzarət
idi. Əslində, o zamanlar rayon təhsil şöbələri
ən çox bu işlə məşğul olardılar.
Müəllimlərin dərslərində
direktor və dərs hissə müdirlərindən başqa,
maarif şöbələrinin inspektorları da oturar, nəticələr
barədə sənəd hazırlayardılar. Yaxşı nəticələr göstərən
istedadlı şagirdlərə böyük diqqət yetirilərdi.
Mən demirəm ki, biz keçmişə
qayıdaq, amma keşmişin yaxşı ənənələrindən
də istifadə edək.
Sovet məktəbinin və elminin yaxşı ənənələrindən
biri texniki və dəqiq elmlərin tədrisinə
üstünlük verilməsi idi. Fizika, riyaziyyat, kimya,
anatomiya, fiziologiya, coğrafiya, astronomiya kimi dərslərə
xüsusi üstünlük verilirdi. Dəqiq
elmlər üzrə qabiliyyət göstərən uşaqlar
orta məktəblərdə qayğı ilə əhatə
olunurdu. Bu da təbii idi, çünki
texniki təhsilin keyfiyyəti ölkədə istənilən
texnoloji problemin həllinə imkan verirdi, SSRİ-nin kapitalist
ölkələri ilə texniki və hərbi rəqabətində
əsas rol oynayırdı. Məktəblərin
əyani vəsaitlərlə təminatına xüsusi fikir
verilirdi. Fənn olimpiadaları
keçirilirdi. Nəticəsi də o
olurdu ki, Qərb ölkələrindən qat-qat kasıb
yaşayan sovet alimləri dövlətin texniki geriliyinə yol
vermirdilər.
Bütün dünyada bu gün orta təhsildə profil
ixtisasları üzrə bölgü geniş yayılıb. Bu, bizim orta təhsil
sistemində ən zəif yerimizdir. Sovet
vaxtı, 60-cı illərin əvvəllərində belə
təşəbbüslər oldu. Qızlar
üçün təbabət, evdarlıq, oğlanlar
üçün traktor və avtomobil texnikasının əsasları
fənləri keçilməyə başladı. Sonra bunları artıq vəsait tələb etdiyinə
görə yığışdırdılar. Bu gün kənddə torpaq üzərində
xüsusi mülkiyyət, ailə təsərrüfatları
bir reallıqdır. Onların gəlirli
olmasından ötrü ailə üzvləri torpağı əkib-becərmək
üçün texnikadan tam istifadə edə bilməlidirlər.
Bu gün bizim kənd məktəblərində
bunlar öyrədilmir.
İlk baxışda deyilənlər bilik məsələsinə
oxşamır, həm də təhsilin təşkilində
ciddi məsrəflər tələb edir. Lakin bu məsrəflər
öz səmərəsini göstərir. Doğrudur,
bu bilik və bacarıqlar olimpiadalarda da ortaya gəlmir. Amma xalqın kökü olan kənddə iqtisadi tərəqqiyə,
burada qalıb yaşayan gənclərin sayının
artmasına, orada dolanışığın
yaxşılaşmasına mühüm kömək edər.
Azərbaycan kəndinə iqtisadi çiçəklənmə,
ərzaq təhlükəsizliyi, bolluq və firavanlıq gətirər.
Regionda şərabçılıq, turizm infrastrukturu
varsa, müvafiq liseylər təşkil edilməlidir. Meyvə
emalı, ət-süd istehsalı varsa, yenə də bu
cür. Bu həm təhsili həyata
yaxınlaşdırır, həm də gənclərin öz
regionunda iş tapmasına yol açır. İndi
Milli Məclisə “Kooperasiya haqqında” yeni qanun layıhəsi
təqdim olunub. Bu qanundan sonra kənd yerlərində
istehsal fəaliyyətinin aktivləşəcəyi gözlənilir.
Ona görə məktəblərdə də
buna uyğun proqram və dərslər tətbiq
olunmalıdır. Hazırda kənd yerində
fermer balasının 15 yaşından traktor və avtomobil
sürməsi, elektrik təsərrüfatından baş
çıxarması, bitkiçiliyin əsaslarını bilməsi
sadəcə, zərurətdir.
Yaxşı müəllim və yaxşı dərslik tədrisin
ən köklü şərtləridir və burada təzə
bir şey yoxdur. Bizim üçün dərslik problemi
daha aktualdır. Çünki biz
keçid cəmiyyətindəyik və fəal islahatlar
aparırıq. İslahatlarımızın
istiqaməti ən çox dərsliklərdə və
onların öyrədici istiqamətində görünməlidir.
O biri tərəfdən, müasir təhsil çöx
mürəkkəbləşir və böyük sürətlə
bu proses davam edir. Məktəbdə öyrədilən
biliyin keyfiyyəti, konkretliyi getdikcə daha artıq əhəmiyyət
kəsb edir. 30-40 il bir dərsliklə
dərs deyən müəllimin bu təzə meyarlara cavab verməsinin
bir köməkçisi ola bilər: keyfiyyətli yeni proqram və
dərsliklər.
Bizim təhsil müstəqillik illərində
plüralizm prinsipinə keçib. Bu məsələ
ciddi əhəmiyyətə malikdir. Lakin tədrisin
özündə, təbiətcə çox konservativ olan bu
sahədə ciddi çətinliklər də yaranır.
Cəmiyyətdə fikir müxtəlifliyi
artır və bu müxtəlif informasiya kanalları vasitəsilə
həm şagirdlərin, həm də müəllimlərin
evlərinə və yaddaşlarına daxil olur. Buna müqavimət göstərmək mənasızdır,
amma buna öyrəşmək və onu qəbul etmək də
çətindir. Xüsusilə köhnə
nəsil müəllimləri üçün.
Təhsil Nazirliyində son vaxtlar dərslik probleminə
ardıcıl diqqət yetirilməsi və bu sahənin yenidən
qurulması təşəbbüsləri böyük əhəmiyyət
kəsb edən məsələdir. Dərslik
komissiyasının tərkibi yenilənib, bu tərkib
müsabiqə əsasları ilə yaradılıb. Əvvəllər bunlar yox idi. Dərslik
- islahatların da əsas alətidir, müvafiq dərsliklər
vermədən islahatlar ümumi söhbət olaraq qala bilər.
30 ilin müəllimi yeni proqrama nə qədər
müqavimət göstərsə də, sonda dərslik əsasında
dərslərinə hazırlaşmalı, onu yenidən qurmalıdır.
Təhsildə plüralizmin ən mürəkkəb sahəsi
dərslik çoxluğunda müəllimlərə istiqamət
verməkdir. Yaxşı dərsliklərimiz çoxdur. Amma müəllim onlardan necə baş
çıxarsın, yaxşısını necə
seçsin? Bu, ciddi bir problemdir. Bunun
üçün metodiki iş qat-qat təkmilləşməli
və yenidən qurulmalıdır. Bunun ən
sadə üsulu dərsliklərin sorğu yolu ilə reytinqə
cəlb edilməsdir. Müəllimlər
hansı dərsliklərdən və vəsaitlərdən
istifadə edirlər? Bu, obyektiv sorğular
vasitəsilə müəyyən edilə bilər. Yəni,
nə qədər ki, biz dərslik və vəsaitlərin
obyektiv və şəffaf saf-çürük edilməsinə,
monitorinqinə nail ola bilməmişik, təhsildə
plüralizm söz olaraq qala bilər. Çünki
seçim imkanı, peşəkar rəqabət yoxdursa, deməli,
faktiki fikir çoxluğu da hələ müəyyən
deyil.
Sovet vaxtı təbiət elmləri üzrə dərsliklərin
hamısı ruscadan tərcümə olunurdu. Bunun da
müsbət və mənfi nəticələri var idi. Müsbət nəticələri o idi ki, dərsliklərin
elmi tərəfi daha səviyyəli olurdu, böyük mütəxəssislər
tərəfindən yazılırdı. Ümumiyyətlə,
bu məsələyə həmişə diqqət etmək
lazımdır. Hər bir dərslik ən əvvəl
elmin konkret bir sahəsini əks etdirir və elmi informasiya
daşıyır. Ona görə dərsliyin
müəllifi, ilk növbədə, müvafiq elm sahəsində
sanballı mütəxəssis olmalıdır. Heç bir pedaqoji təcrübə dərsliyin elmi
səviyyəsini və əsaslarını əvəz edə
bilməz. Mən bu məsələyə
niyə diqqət edirəm? Ona görə ki, bizdə ali məktəblərə uşaq hazırlayan
fənn müəllimləri xeyli dərsliklər yazıblar və
çap da etdiriblər. Bunlara test imtahanlarına
hazırlıq üçün metodiki vəsait demək daha
doğru olar. Əslində, bunların
buraxılmasında mənfi bir şey yoxdur.
Yaxşı hazırlıqlı müəllim belə vəsaitlərdən
asanlıqla baş çıxarır. Amma bu dərsliklərin
əksəriyyəti tədris üçün deyil, test
imtahanlarına hazırlaşmaq üçündür. Burada adətən, məsələlər əzbərlənmək
üçün rahat olsun deyə, qısa formulə edilir.
Lakin mövzunun mahiyyəti üzrə şərhinə
diqqət yetirilmir, test imtahanında buna ehtiyac yoxdur. Amma təhsil və keyfiyyətli bilik
baxımından mövzuları mahiyyəti üzrə bilmək
mühüm məsələdir, bəlkə də
yaxşı təhsilin məqsədi elə budur. Təhsil
mütəxəssisləri bunu çoxdan deyirlər: mahiyyət
üzrə bilikli olanlar əzbərçilərdən
uğurlu olurlar. Elə buna görə test imtahanlarına
hazırlıq üçün yazılan vəsaitləri dərsliklərlə
qarışdırmaq olmaz. Başlıcası isə
bu vəsaitlərdən dərslərdə istifadə etmək
mexaniki əzbərçiliyin yayılması ilə nəticələnə
bilər. Yaxşı deyiblər,
zamanın yeganə meyarı yaddaşdır.
Tərcümə dərsliklərin və vəsaitlərin
mənfi tərəflərindən biri də dil və
terminologiya ilə bağlıdır. Məlumdur ki, dərsliklərin
əsas məqsədlərindən biri milli tədris məkanında
vahid terminoloji standartların tətbiqidir. Vahid
dərsliklərdən istifadə həm də elə bu
standartların yaranması və möhkəmlənməsidir.
Orta və ali təhsildə, elmi mətnlərin
yazılmasında və onlardan istifadə prosesində
terminoloji sabitlik fundamental əhəmiyyət
daşıyır. Həm təhsil alanlar, həm
elmi yaradıcılıqla məşğul olanlar arasında
normal anlaşmanı təmin edir. Məsələn,
cənubi azərbaycanlılar o tayda başqa dildə
yazılmış dərsliklərdən istifadə edirlər.
Ölkəmizə elmi iş müdafiə etməyə gələndə
onlar bizim elmi kitabları mənimsəməkdə çətinlik
çəkirlər. Bəzən açıq
deyirlər ki, sizin dərslikləri anlamırıq. Bu, heç də Azərbaycan dilini pis bilməkdən
doğmur. Bu problem ilk növbədə,
müxtəlif dərsliklərlə təhsil almaqdan irəli
gəlir. Müxtəlif dərsliklər isə
müxtəlif terminoloji aparat deməkdir. Terminlər
elmin qapısıdır, onları mənimsəmədən,
onların dəqiq mənalarını öyrənmədən
elmi mətnləri anlamaq çətindir. Eyni problemlə
bizim ali təhsilli gənclər Türkiyədə
elmi iş aparmaq istəyərkən onların dərsliklərindən
istifadə edəndə üzləşirlər.
Mən termin məsələsinin üstündə ona
görə dururam ki, dərslik və vəsaitlərin
çoxluğu terminoloji baxımdan da pintilik yaradır. Xüsusilə,
xarici dil bilən dərslik və vəsait müəllifləri
bildikləri digər dildəki dərsliklərdən paralel
terminlər işlədirlər. İlk baxışda
bu, adi bir hal kimi görünür. Amma dərslik
və vəsaitlərdə terminoloji pintilik, artıq paralel
terminlərin işlədilməsi cəhdi təhsilin keyfiyyətinə
böyük ziyan gətirə bilər. Orta
təhsil nədir? Müəyyən mənada
müvafiq fənlərin terminoloji bazasını mənimsəməkdir.
Paralel terminlərdən lüzumsuz istifadə
bizi, necə deyərlər, həm Əli aşından, həm
də Vəli aşından məhrum edə bilər.
Orta məktəbdə şagirdə bir məna verən beş sinonim termini öyrətməyə
ehtiyac yoxdur. O, ali təhsil zamanı ehtiyac
yaranarsa, bunu öyrənəcək.
Belə dolaşıqlıq bütün dərsliklərdə
müşahidə oluna bilir. Amma qrammatika və
informatika dərsliklərində daha çoxdur. Bu da
müəllimlərdən gəlir: xarici dildə dərslikdən
istifadə edən müəllim orada rast gəldiyi terminlərdən
sərbəst tərcümə və istifadə edir. Vacibdir ki, dərslik yazan müəllif terminoloji
sabitliyin köklü əhəmiyyətini həmişə nəzərdə
saxlasın və terminlərin tərcümə ənənəsinə
riayət etsin. Ədəbiyyatşünaslıqda
Mir Cəlalın, qrammatikada Muxtar Hüseynzadənin dərslikləri
terminoloji sabitlik üçün əsas götürülə
bilər və götürülməlidir. Terminologiya sahəsində təftişçilik
müəllim üçün şəxsi
yaradıcılıq işi deyil. Burada sərbəstlik
təhsilin keyfiyyətinə tərs mütənasibdir. Hər bir müəllim terminoloji sabitliyin qoruyucusu
olmalıdır və bu, çox ciddi bir məsələ - təhsilin
keyfiyyəti məsələsidir.
İnformatika indi həyatın bütün sahələrində
var və hər yerdə onun tədrisi həyata keçirilir. Bu fənn
üzrə sabit terminoloji baza yaratmaq, paralelliyi aradan
götürmək üçün xüsusi heyət yaratmaq
olar ki, onlar da nazirlikdəki dərslik komissiyası xətti ilə
normativ informatika dərsliyi yaradıb buraxsınlar. Yeni kompüter proqramları bir-birinin ardınca həyatımıza
daxil olur. Bunların öyrədilməsinə
banklardan universitetlərə qədər bütün sahələrdə
ehtiyac yaranır. Belə yeni proqramları
asan öyrətmək üçün bu sahədəki
bütün tədrisi sabit terminoloji özülə qoymaq
lazımdır. Bu sahədə özfəaliyyət
həddən artıq çoxdur. Kompüter
sahəsində yaxşı savadı və vərdişləri
olan kadrlara ehtiyac isə gündən-günə artır.
Fikrimcə, biz xarici dillərdən dəqiq elmlərə
aid ən keyfiyyətli dərslik və vəsaitlərin tərcüməsinə
hər vasitə ilə kömək etməliyik. Lakin bu tərcümələrə
diqqətlə yanaşmaq, bu işə səriştəli
mütəxəsissləri cəlb etmək şərti əsas
götürülməlidir. Bu da Azərbaycanda
təhsili müasirləşdirməyin üsullarından
biridir. Nazirlər Kabineti nəzdində
yaradılmış tərcümə mərkəzini də bu
işə cəlb etmək olar.
Dəqiq elmlərə aid dərsliklərdə
terminologiya məsələsi daha mürəkkəbdir. Buradakı
terminlərin çoxu şifahi dildə işlənmir,
şagirdlərin eşitmədiyi beynəlmiləl və
düzəltmə terminlərə əsaslanır. Onların yadda saxlanmasına müvafiq olaraq daha
artıq yaddaş enerjisi gedir. Lakin ölkəmizin bu
gün və sabah sürətli tərəqqisi,
neftdən sonrakı beynəlxalq əmək
bölgüsündə yeri və iştirakı dəqiq elmlərin
orta və ali məktəblərdə tədris səviyyəsindən
asılı olacaq. Ona görə müvafiq
profilli məktəb və liseylərin təşkilinə,
onların hər cür vəsaitlə təmin olunmasına,
yaxşı oxuyanlar üçün hər cür stimullar
yaradılmasına diqqət yetirilməlidir. Texniki ixtisaslı kadr hər yerdə rəqabət
qabiliyyətli sayılır. Belə insanlar xaricı
ölkələrə işləməyə gedəndə də
humanitar təhsili olanlara nisbətən asan və daha yüksək
ödənişli iş yerləri tapırlar.
Dərsliklərin, vəsaitlərin, müəllim təcrübəsinin
monitorinqi geniş və dövlət əhəmiyyətli bir
məsələdir. Bəlkə də dərslik
komissiyasına paralel olaraq ayrıca bir dərsliklərin və
vəsaitlərin monitorinqi mərkəzi də yaratmağa dəyər.
Çünki dərslik yazmaq ayrı, onu qiymətləndirmək,
bu sahədə daim araşdırma aparmaq başqa bir işdir.
İndi dövlət və özəl təhsil
yanaşı gedir. Hər ikisində yeni dərsliklər
və vəsaitlər, proqramlar hazırlanır. Bunları dərc etməkdə hər müəssisə
sərbəstdir. Bu böyük sahədə
şəffaflıq yaratmaq, pisi yaxşıdan, müasiri
köhnəlmişdən ayırmaq böyük dövlət əhəmiyyətli
işdir, birbaşa tədrisin təşkili, məzmunu və
effektivliyi ilə bağlı məsələdir.
Belə hesab edirəm ki, xaricdə təhsil bu sahədə
apardığımız islahatların tərkib hissəsiidir. Ölkə rəhbəri
bu sahəyə daim qayğı göstərir və
böyük vəsait ayırır. Bu da təsadüfi
deyil. Xaricdə oxuyub gələn mütəxəssislər
vətənimizə qabaqcıl ölkələrin təhsil
standartlarını və nailiyyətlərini gətirirlər.
Ona görə bu sahəyə ən istedadlı
gənclərimizi yönəltməliyik, ən çox onlar
qayıdıb ölkəmizin tərəqqisinə töhfə
verə bilərlər. Buradakı
seçimdə də texniki profilli ixtisaslara
üstünlük verilməlidir.
Əvvəllər insanlar cavanlıqda təhsil
alırdılar. Sonra isə bu bilikləri praktikada tətbiq
edir, həyat təcrübəsi toplayırdılar. Amma
müasir texniki tərəqqinin sürəti insanlardan yeni bir
şey tələb edir: ömür boyu təhsil almaq indi bir
normaya çevrilib. Kim geri qalmaq istəmirsə,
öz ixtisasının inkişafı qayğısına
qalırsa, həmişə oxumalıdır. Fasiləsiz təhsil indi həyatın
reallığı və deyərdim ki, sərt tələbidir.
Bu təhsil indi hələ məktəbəqədər
tərbiyə müəssisələrində başlanır. Dövlətimiz
həmin müəssisələrin inkişafına
böyük qayğı göstərir, mülkiyyət
formasından asılı olmayaraq onların şəbəkəsini
genişləndirir, onlara vergi güzəştləri tətbiq
edilir. Bu sahədəki dövləti və
humanitar işlərin əsas təşkilatçısı Heydər
Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı
Mehriban Əliyevadır. Onun insanpərvər,
sülhməramlı fəaliyyəti bütün dünyada əks-səda
verir, xalqımızın və dövlətimizin nüfuzunu
yüksəldir.
Mehriban xanım Əliyevanın təhsilə, məktəb tikintisinə qayğısı, ölkənin dünya humanitar düşüncə məkanına inteqrasiya sahəsindəki miqyası görünməyən işlərini saymaqla bitməz. Onların başında şübhəsiz ki, kimsəsiz və şikəst körpələrə, onların müalicə ocaqlarına maddi və mənəvi qayğısı durur. Birinci xanımın layihələrinə baxanda az qala, bütün Azərbaycan qadınlığı ona bənzəməyə çalışır, nəsə xeyirxah bir iş görməyə, bir xeyriyyə aksiyasında iştirak etməyə can atır. Bu, mənəvi kamillikdir, milli düşüncəmizin ən ali cizgilərinin təzahürüdür.
Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu xalqımızın sabahı üçün köklü şəkildə əhəmiyyəti olan yeni bir layihəyə start verib. Bu, məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramıdır. Bəli, fasiləsiz təhsil həm də körpəlikdən başlayır. Nə qədər vaxtında və uzaqgörənliklə seçilmiş layihədir! Müasir, qabaqcıl təhsil sistemi yaratmaq üçün bu işi uşaqların körpə yaşlarından başlamaq lazımdır, çünki tədris olunan biliklərin zəruri həcmi gündən-günə artır. “Uşağa tərbiyə ver, tərbiyə almamışdan” deyib atalar. Hər bir azərbaycanlının təhsildəki, ixtisas biliyindəki rəqabət qabiliyyəti körpəlikdən inkişaf etdirilməlidir.
Bu qayğıdır, həm də gələcəyimizə, nəvələrimizə qayğıdır. Keçid dövründə ən çox ziyan çəkən məktəbəqədər təhsil və tərbiyə müəssisələri olub. Bu barədə çox yazılıb, çox deyilib, indi konkret işlər məqamı gəlibdir. Şübhəsiz ki, bu sahədə tələbin təklifi üstələməsi bir faktdır. Müvafiq xidmətlərin bahalığı da buradan doğur. Bu düzəldilməlidir. İşləyən analarımız, qadınlarımız üçün bu, mühüm sosial problemdir. Məktəbəqədər uşaq müəssisələri qadınlarımızin şəxsi, peşə və sosial həyatını daha məzmunlu etməlidir.
Təhsil cəmiyyətin özəyi olan hər evə, hər ailəyə bağlanan mürəkkəb prosesdir. Bu prosesdə başlıcası, dövlətin qayğısı, bunun üçün vəsaitlərin olmasıdır. Bunların hər ikisi xoşbəxtlikdən bizdə kifayət qədərdir. İndi əsas vəzifə müəllimləri və cəmiyyəti bu işə daha fəal cəlb etmək, bu sahədəki formalizmi və laqeydliyi aradan götürməkdir. Təhsildə xırdalıq, detal yoxdur, burada hər şey mühümdür. Bu, bütün cəmiyyətin işidir.
Nurlana
ƏLİYEVA,
Azərbaycan
Dövlət Pedaqoji Kollecinin direktoru,
YAP Qadınlar Şurasının sədri,
filologiya elmləri doktoru, professor
Azərbaycan.-2015.- 17 mart.- S.5.