IDEA-nın “Yaşıl Marafon”
aksiyası uğurla həyata keçirilir
Ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında start götürmüş I “Ümumrespublika Yaşıllaşdırma Marafonu” layihəsi çərçivəsində respublika miqyasında xeyli ağac və gül kolları əkilmişdir. Bu layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.
Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakının Səbail rayon ictimaiyyəti nümayəndələri tərəfindən bu marafon çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Rayon rəhbərliyi, idarə və təşkilatlar, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin - ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunmuşdur.
İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilmişdir. Burada əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilmiş, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınmışdır. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı, bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilmişdir. “Yaşıl Marafon” çərçivəsində 2000 ədəd yeni ağac əkilmiş, əvvəl əkilmiş 2000 ədəd ağaca qulluq göstərilmişdir.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Qeyd olunmuşdur ki, yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur. Bu iməcilik həm də Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunları ərəfəsində paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəsini verəcək. İlin əvvəlindən RİH tərəfindən Bakı şəhərinin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə də irimiqyaslı yaşıllaşdırma işləri aparılır, burada böyük sayda ağac və gül kolları əkilmişdir və hazırda onlara gündəlik qulluq göstərilir.
Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.
* * *
Dövlət başçısı İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Rayon icra hakimiyyəti başçısının yanında şura üzvlərinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, ictimaiyyətin, könüllülərin, gənclərin, ümumilikdə 2500-dək adamın Novruz bayramı ərəfəsində yüksək fəallıq və bayram əhval-ruhiyyəsi ilə qatıldığı genişmiqyaslı iməcilikdə ətraf ərazi məişət tullantılarından təmizlənib, burada mövcud olan yaşıllıq sulanıb. Ərazidə 250-si İtaliyadan gətirilmiş Leylandra ağacı olmaqla, 1000-nə qədər müxtəlif növ ağac və kol əkilib.
Qeyd edək ki, sözügedən ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji tələblərə uyğun yaşıllığa aqrotexniki qulluq göstərilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Ətraf mühitin
sağlamlaşdırılması, ekoloji
vəziyyətin yaxşılaşdırılması naminə
həyata keçirilən belə nəcib aksiyaların gələcəkdə
miqyasının genişləndirilərək daha
böyük ərazini əhatə etməsi
nəzərdə tutulub.
Azərbaycan.-2015.- 17 mart.- S.7