Tələbkar Rusiya
tamaşaçısı Murtuza
Bülbülün
debütünü alqış və gül-çiçəklə
qarşıladı
Azərbaycanın
xalq artisti Polad Bülbüloğlunun “Şən Azərbaycan”
mahnısı Moskva Dövlət Konservatoriyasının məşhur
orkestrinin ifasında səslənib. Dirijor pultu arxasında isə
13 yaşlı Murtuza Bülbül dayanıb.
Bununla
da, Moskva Konservatoriyasının əfsanəvi səhnəsi
Bülbüllər nəslinin artıq üçüncü
nümayəndəsini qəbul edib. Hələ ötən əsrin
ortalarında dahi Bülbül bu səhnədən öz
şahanə ifası ilə milyonlara “Vətənimdir”
demişdi. Konservatoriyanın qocaman əməkdaşları Azərbaycan
opera sənətinin banilərindən biri, unudulmaz sənətkarımız
Bülbülün Rusiya paytaxtına səfərlərini,
P.İ.Çaykovski adına Moskva Konservatoriyasında
çıxışlarını məmnunluqla
xatırlayırlar. Elə Bülbüllər nəslinin ikinci
nümayəndəsi, Azərbaycanın xalq artisti, ölkəmizin
Rusiyadakı səfiri Polad Bülbüloğlu da oğlu
Murtuzanın dirijorluğu ilə Moskva Konservatoriyası
orkestrinin müşayiəti altında “Gəl ey səhər!”
mahnısını ifa etməzdən əvvəl
çıxışında belə dedi: “Bu salonda
dünyanın ən məşhur musiqiçiləri
çıxış ediblər. Odur ki, burada olmaq, bu səhnədən
çıxış etmək həm qürurverici, həm də
məsuliyyətlidir”.
Konsertin
aparıcısı, “İncəsənətə xidmətə
görə” ordeninin sahibi, tanınmış dirijor
Vyaçeslav Valeyev AZƏRTAC-ın müxbirinə deyib ki,
artıq bir neçə ildir konservatoriyada uşaqlar
üçün əyləncəli, eyni zamanda, maarifləndirici
proqramlar hazırlanır. Səhnəyə gənc
musiqiçilərlə yanaşı, ustadlar da
çıxırlar. Belə ustadlardan biri də yüksək
səviyyəli peşəkar, gözəl musiqi təhsili,
musiqi duyumu, musiqi təfəkkürü olan Polad
Bülbüloğludur”.
Murtuza
Bülbüllə ilk tanışlığından söhbət
açan dirijor dedi: “Murtuzanı ilk dəfə mənim
yanıma anası Gülnarə xanım gətirib. Biz Polad
Bülbüloğlu ilə uzun müddətdir əməkdaşlıq
edirik. Gülnarə xanım isə 70 illik yubileyi münasibətilə
oğlunun adından ona hədiyyə etməyi qərara
almışdı. Mən də bu təşəbbüsə
qoşuldum. Bakıda yubiley konserti zamanı Murtuza ilk dəfə
dirijor kimi səhnəyə çıxanda atası gözlərinə
inana bilmirdi. Bu gün də 13 yaşlı Murtuza Azərbaycan
bəstəkarlarının əsərlərindən
xüsusi olaraq onun üçün hazırlanmış
proqramla konservatoriyanın səhnəsinə
çıxdı. Musiqi aləmində müşayiətə
dirijorluq etmək xüsusi ustalıq tələb edir. Murtuza
bunu bacardı, çünki xasiyyətcə mübarizdir və
onunla işləmək olduqca xoşdur”.
Mutuza
da öz çıxışından razı
qalmışdı. Nə salonun şan-şöhrəti onu sıxmışdı,
nə də tamaşaçıların çoxluğu. Ancaq
“bundan da yaxşı ola bilərdi” dedi: “Atamı müşayiət
etmək olduqca rahatdır. O, dirijorun işini dəfələrlə
asanlaşdırır. “Gəl ey səhər!”
mahnısını hələ lap balacalıqdan çox
eşitmişəm. Odur ki, bu günkü
çıxışım heç də çətin
olmadı, ancaq bundan da yaxşı ola bilərdi”.
Tələbkar
Rusiya tamaşaçısı da Murtuzanın
debütünü alqış və gül-çiçəklə
qarşıladı. Moskva Konservatoriyasının səhnəsindən
çox musiqiçilər sənətə vəsiqə
alıb. Bu gün isə daha bir yeni Azərbaycan ulduzu parlamaqdadır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2015.- 17 mart.- S.8.