Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilib

 

Milli Məclisin martın 17-də keçirilən növbəti iclasında Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.

İclasın gündəliyi təsdiqləndikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edib.

Sədr bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatına dair fikirlərini bildirən Oqtay Əsədov deyib: “Təqdim olunmuş sənəddən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib. Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası davam etdirilib”.

Milli Məclisin Sədri bildirib ki, 2014-cü ildə ölkəmizdə ümumi daxili məhsul istehsalında 2,8 faiz artım əldə edilib. Dünya iqtisadiyyatı üçün o qədər də əlverişli olmayan bir zamanda bu, məqbul nəticə sayıla bilər.

Qeyd olunub ki, ölkənin qeyri-neft sektorunda iqtisadi artım 7 faiz təşkil edib. Ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi 61 faizə çatıb. Ötən il iqtisadi artım bütövlükdə qeyri-neft sektorunun hesabına təmin edilib.

“Azərbaycan iqtisadiyyatı investisiya qoyuluşları üçün cəlbedici olaraq qalıb. Ötən il sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə yönələn 22 milyard manata yaxın investisiyanın 59 faizi daxili, 41 faizi isə xarici investorların payına düşüb. Maraqlı məqam budur ki, qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi neft-qaz sektoruna qoyulan investisiyaların həcmindən 2 dəfə çox olub. Bu isə yuxarıda qeyd etdiyim kimi, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsidir”, - deyə sədr vurğulayıb.

Oqtay Əsədov deyib ki, ötən ilin sonlarında Azərbaycanın məcmu valyuta ehtiyatları 50 milyard dollardan çox olub. Valyuta ehtiyatları ölkəmizin təqribən 3 illik idxalı həcmindədir, xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Azərbaycan 2014-cü ildə dünyanın 150 ölkəsi ilə 31 milyard dollar məbləğində xarici ticarət əməliyyatı aparıb. Önəmlisi budur ki, xarici ticarət dövriyyəsinin 47 faizdən çoxu Avropa İttifaqı ölkələrinin payına düşüb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin göstərişinə əsasən əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması hökumətin fəaliyyətinin əsas istiqamətləri sırasında olub. İqtisadiyyatda işçilərin orta aylıq əməkhaqqı 4,5 faiz artaraq 444 manatdan çox olub, yoxsulluq səviyyəsi 5 faiz təşkil edib.

Sədr deyib: “Hökumətin hesabatının Milli Məclisdə müzakirə edilməsi qanunvericilik və icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqənin güclənməsinə, eləcə də sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılmasında və həllində deputatların iştirakına imkan yaradır. Görürük ki, hökumət deputatların təkliflərinə diqqətlə yanaşır, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında bunları nəzərə alır. Hesab edirəm ki, bu gün keçirdiyimiz müzakirə də səmərəli olacaq, hökumətin fəaliyyətinə kömək göstərə bilən təkliflər irəli sürüləcək”.

* * *

Sonra Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatla çıxış edib.

 

Baş nazir Artur Rasizadənin çıxışı

 

- Hörmətli sədr.

Hörmətli deputatlar.

Son illərdə ölkədə aparılan ardıcıl sosial-iqtisadi tərəqqi siyasəti hesabat dövründə də uğurla davam etdirilmişdir. İlin yekunlarının təhlili göstərir ki, qarşıya qoyulmuş bütün əsas vəzifələr yerinə yetirilmişdir. Makroiqtisadi sabitlik qorunub saxlanılmış, ümumi daxili məhsulun artımına nail olunmuş, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun sürətli inkişafı təmin edilmiş, xalqın rifahı davamlı olaraq yüksəldilmişdir.

Nailiyyətlərin təməlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə yaradılmış dayanıqlı ictimai-siyasi sabitlik və əvvəlki illərdə qurulmuş iqtisadi baza durur. Qeyd etmək lazımdır ki, belə nəticələr dünyada iqtisadi inkişafın zəiflədiyi bir vaxtda və beynəlxalq maliyyə bazarlarındakı qeyri-müəyyənliyin və onun fəsadlarının ölkə iqtisadiyyatına təzyiqi şəraitində əldə edilmişdir.

2014-cü ildə iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi 2,8 faiz artaraq 59 milyard manat səviyyəsinə çatmışdır. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manat olmuşdur.

Ümumi daxili məhsulun 41,5 faizi sənayedə, qalan hissəsi tikintidə, ticarət və pullu xidmətlərdə, kənd təsərrüfatında, nəqliyyatda və digər sahələrdə əldə olunmuşdur. Onun ümumi həcmində qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 61 faiz təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 7 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş 17,6 milyard manat məbləğində vəsaitin 66 faizdən çoxu qeyri-neft sektorunun payına düşmüşdür. Ölkə üzrə ümumi investisiyalar isə 27,7 milyard ABŞ dolları olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi və maliyyə siyasəti daxili sərmayələrlə yanaşı, 11,5 milyard dollar məbləğində xarici investisiyaların cəlb olunmasına da zəmin yaratmışdır.

Orta aylıq əməkhaqqı 4,5 faiz, əhalinin gəlirləri 4,8 faiz, banklardakı əmanətləri 12,4 faiz artmışdır. İllik inflyasiya isə 1,4 faiz səviyyəsində saxlanılmışdır.

Keçən il dövlət büdcəsinin daxili vergilər və xarici ticarət əməliyyatları üzrə gəlirlərinin artımla yerinə yetirilməsi bütün iqtisadi və sosial proqramlar üzrə xərclərin icrasını təmin etmişdir. Manatın sabitliyi qorunmuş, ölkənin strateji valyuta ehtiyatları artırılaraq ilin sonuna 51,3 milyard dolları keçmişdir.

Ümumilikdə, ölkənin sosial-iqtisadi inkişafı əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır. Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı bu səbəbdən 33,7 faiz azaldılmış, eyni zamanda, bir ailəyə düşən orta aylıq sosial yardım 149 manatadək artırılmışdır. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192 manat təşkil etmişdir.

Qarabağ və Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə 1453 minik avtomobili ayrılmış, 172 ailəyə yeni mənzil verilmişdir.

Bütünlükdə həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, ölkə üzrə yoxsulluğun səviyyəsi azalaraq ilin sonuna 5 faizə düşmüşdür.

Məcburi köçkünlərin sosial problemlərinin həllinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına həmişə olduğu kimi xüsusi diqqət yetirilmişdir. Onlar üçün 6 yeni qəsəbə və 11 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksi salınmış və bununla da dörd mindən artıq məcburi köçkün ailəsi yeni mənzillə təmin edilmişdir. Ümumilikdə, məcburi köçkünlərin sosial, mənzil və məişət problemlərinin həllinə 630 milyon manatdan artıq maliyyə vəsaiti xərclənilmişdir.

İqtisadiyyatda həyata keçirilən davamlı struktur siyasəti, biznes və investisiya mühitinin sağlamlaşdırılması, dövlət dəstəyi tədbirləri sahibkarlığın inkişafına stimullaşdırıcı təsir etmişdir. Hesabat ilində yeni yaradılmış müəssisələrin sayı 16 faiz artaraq 9 mini ötmüşdür. Sahibkarlıq subyektlərinin ümumi sayı 386 minə çatmış, bölgələrdən vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz yüksəlmişdir. Dövlət büdcəsinin vəsaitləri hesabına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən real sektorda istehsal və xidmət layihələrinin maliyyələşdirilməsi genişləndirilmişdir. Güzəştli şərtlərlə 5560 sahibkarlıq subyektinə 295 milyon manat məbləğində kredit verilmişdir. Kreditlərin 78 faizi regionlara yönəldilmiş və bunun hesabına 39 iri istehsal, emal və xidmət obyekti yaradılmışdır.

Eyni zamanda, beynəlxalq maliyyə qurumları ilə ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən layihələrlə bağlı ümumi məbləği 978 milyon dollar təşkil edən 12 kredit sazişi imzalanmışdır.

Ötən il regionların sosial-iqtisadi inkişafı üzrə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Məlum olduğu kimi, əvvəlki proqramların icrası çərçivəsində bölgələrdə yüzlərlə istehsal, xidmət, sosial və infrastruktur obyektləri istifadəyə verilmiş, genişmiqyaslı quruculuq və abadlıq işləri aparılmışdır. Yeni proqramda bu tədbirlərin davam etdirilməsi, istehsal müəssisələrinin, iri fermer təsərrüfatlarının, sənaye parklarının yaradılması, onların infrastruktur təminatının təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Proqramın icrasının birinci ilində regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir.

Dövlət başçısının müvafiq sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkənin qeyri-neft sektorunun keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan vermişdir. Bununla bağlı sənayenin şaxələndirilməsi, onun regional strukturunun təkmilləşdirilməsi istiqamətində sürətli və geniş əməli işlərə başlanılmışdır. Bunun nəticəsi olaraq, 2014-cü ildə respublikada 230-dan artıq sənaye müəssisəsi açılmışdır.

Azərbaycan Prezidentinin sərəncamı ilə “2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda qarşıdakı illərdə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, müasir istehsal sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqramın icrası həm də yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi tərəqqisinə, kiçik və orta sahibkarlığın inkişafına təkan verəcəkdir.

2014-cü ildə Azərbaycanın neft tarixinin yeni mərhələsinin əsasını qoymuş “Əsrin müqaviləsi”nin 20-ci ildönümü qeyd olundu. Bu müddətdə görülmüş işlər və əldə edilən nəticələr neft-qaz sektorunun hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacağını göstərir. Ötən il karbohidrogen resurslarının hasilatının sabitləşdirilməsi, neftin emalının dərinləşdirilməsi, müasir texnologiyaların tətbiqi yolu ilə məhsulun keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan və həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək “Cənub” qaz dəhlizinin təməli qoyulmuşdur. Bu nəhəng infrastruktur layihəsi “Şahdəniz”, “TANAP” və “TAP” layihələri ilə birgə uzun müddət ölkənin iqtisadi maraqlarına və xalqın rifahına xidmət edəcəkdir.

Ölkə iqtisadiyyatının əsas sahələrindən olan aqrar-sənaye kompleksində müsbət dəyişikliklər əldə edilmişdir.

2014-cü ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilmişdir. Lizinqə verilən texnikaların sayı əvvəlki ilin göstəricisini 37 faiz üstələmişdir. Fermerlərə texnika keçən ilə nisbətən 50 faiz, gübrə isə 30 faiz aşağı qiymətə verilmiş, buğda və çəltik səpini üçün 20 milyon manatdan artıq, yanacaq və motor yağlarına görə 52 milyon manatadək yardım göstərilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, növbəti dəfə 5 il müddətinə bütün vergilərdən azad edilmişdir.

Yerli istehsalın imkanlarının artırılması ilə əlaqədar iri fermer təsərrüfatlarının yaradılmasını nəzərdə tutan layihələrə 47 milyon manat güzəştli kreditlər ayrılmışdır.

Kənd təsərrüfatına yararlı torpaq sahələrinin genişləndirilməsi, onların su təminatı məqsədilə nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılmış, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanalları istismara verilmişdir.

Qeyd olunan layihələrin icrası, aqrar sektora tətbiq edilən vergi güzəştləri, məhsuldarlığın artırılması ilə bağlı görülən kompleks tədbirlər yaxın gələcəkdə ölkənin əsas ərzaq məhsulları ilə təminatına və ixraca öz müsbət təsirini göstərəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi şübhəsiz ki, aqrar sektorun gələcək inkişafına hesablanmış mühüm qərardır və sahənin perspektiv inkişafında yeni mərhələ olacaqdır.

Hesabat dövründə əvvəlki illərdə olduğu kimi, sosial infrastruktur ardıcıl olaraq inkişaf etdirilmiş, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir.

Hörmətli deputatlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar təəssüflər olsun ki, ötən il də heç bir nəticə verməmişdir. Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanılmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq, ordu quruculuğunun daim təkmilləşdirilməsini, onun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını gündəlik nəzarətində saxlayır. Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığına əyani sübutdur.

Düşünürəm ki, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlər bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır. Sevindirici haldır ki, artıq bu diqqəti və qayğını əks etdirən çoxlu qürurverici nümunələr vardır. Silahlı Qüvvələrə yardım Fonduna toplanan könüllü ianələrin ilbəil artması da milli ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür.

Ötən ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) keçirilmiş və respublikamız üçün böyük əhəmiyyət kəsb edən bu tədbirdə 34 ölkədən 200 şirkət iştirak etmişdir. Sərgidə ölkənin müdafiə sənayesinin 168 adda hərbi məmulatı nümayiş olunmuşdur.

2014-cü ildə hərbi-sənaye kompleksində yeni istehsal sahələri yaradılmış, müdafiə təyinatlı məhsulların çeşidi 900-ə çatdırılmışdır.

Hörmətli deputatlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasındakı və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına dair konfransdakı çıxışlarında görülmüş işləri yüksək qiymətləndirdi. Bununla bərabər, dövlət başçısı dünyada müşahidə olunan gərgin siyasi və iqtisadi proseslərin, yeni çağırışların ölkə iqtisadiyyatına mənfi təsirinin minimuma endirilməsi ilə bağlı qarşıda duran hədəfləri müəyyən etdi.

Nazirlər Kabineti dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsini əsas vəzifə kimi qəbul edərək, bütün icra strukturlarını onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə səfərbər etmişdir.

Hörmətli deputatlar.

Məlum olduğu kimi ilin sonunda Milli Məclisə keçiriləcək növbəti seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olacaqdır. Mən yenidən öz namizədliyini irəli sürməyi qərara alan bütün deputatlara uğurlar arzulayıram. Qeyd etməliyəm ki, Nazirlər Kabinetinin hesabatları və dövlət büdcəsinin müzakirələri zamanı deputatların verdiyi təkliflərin böyük qismi nəzərə alınmış, ümumi işimizə fayda vermişdir.

Nazirlər Kabineti adından bütün deputatlara səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edib qarşıdan gələn gözəl Novruz bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm.

Diqqətinizə görə sağ olun.

* * *

Sonra Nazirlər Kabinetinin hesabatı ilə əlaqədar müzakirələr başlanıb.

Çıxış edən deputatlar bildiriblər ki, ötən il öz uğurları ilə ölkəmizin həyatında tarixi iz buraxıb. 2014-cü ilin yekunları bir daha sübut etdi ki, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi sayəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, insanların yaşayış şəraiti daha da artıb. Azərbaycan xalqının dövlət başçısının ətrafında sıx birləşməsi, ölkədə yaradılmış siyasi sabitlik respublikamızın beynəlxalq aləmdə də mövqeyinin möhkəmlənməsinə zəmin yaradıb.

Deputatlar əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələrin əldə olunduğunu, əhalinin yaşayış səviyyəsinin yüksəldiyini söyləyiblər. Bildirilib ki, Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri tam əhatə edilib, bütün əsas göstəricilər öz əksini tapıb.

Qeyd edilib ki, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı Azərbaycanın bölgədə güclü potensiala malik dövlət olduğunu bir daha təsdiqləyib. Azərbaycan hökuməti neft gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəltməklə qabaqcıl texnologiyalar əsasında yeni sənaye sahələri yaradır, iqtisadi və sosial infrastruktur uğurla inkişaf edir.

Vurğulanıb ki, ötən il ölkəmizin beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənib. Azərbaycan həm də iri beynəlxalq layihələri uğurla reallaşdıran ölkə kimi tanınıb. Ötən il nəzərdə tutulan iqtisadi islahatlar ardıcıl həyata keçirilib. Regionların inkişafı istiqamətində həyata keçirilən proqramlar sayəsində bölgələrimiz xeyli inkişaf edib. Ölkədə sənayenin yeni sahələri üçün əlverişli şərait yaranıb.

Xüsusilə qeyd edilib ki, bu gün ordumuzun qüdrətinin artması, düşmənə layiqli cavab verməsi xalqımızı ən çox sevindirən amillərdəndir. Hərbiçilərin sosial rifahının yaxşılaşdırılması, onlara dövlət tərəfindən xüsusi diqqət və qayğının göstərilməsi xalqımızın qələbəyə olan inamını daha da artırıb. Hökumətin qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gördüyü işlər də yüksək dəyərləndirilib.

Deputatlar son illər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, xarici idxaldan asılılığın azaldılması, yerli istehsalın artırılması, yeni sənaye müəssisələrinin istifadəyə verilməsi sahələrində görülmüş işləri xüsusi qeyd ediblər.

* * *

Çıxışlar zamanı deputatların manatın məzənnəsi ilə bağlı toxunduqları məsələyə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov münasibət bildirib. Sədr deyib ki, baş verən proseslər əslində manatın devalvasiyası deyil, dünya bazarında neftin qiymətinin aşağı düşməsidir. Ötən ildən başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşmasına bütün ölkələr reaksiya verir. Hökumət, Maliyyə Nazirliyi də xərcləri real neft qiymətləri əsasında həyata keçirir və buna uyğun da düzgün siyasət müəyyənləşdirilir. Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var və ölkəmiz neft gəlirlərindən düzgün istifadə edir. Lakin köhnə siyasət davam etdirilsə idi, qısa zamanda həm Mərkəzi Bankın, həm də Dövlət Neft Fondunun ehtiyatları sıfıra enə bilərdi.

Elman Rüstəmov bildirib ki, burada qarşıya qoyulan əsas məqsəd inflyasiyanın qarşısının alınmasıdır. Qəbul olunan qərar ölkənin strateji maraqlarına xidmət edir.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq məqbul hesab edilib.

 

AZƏRTAC,

Azərbaycan.-2015.- 18 mart.- S.3.