Azərbaycan nümayəndə heyəti Serbiyada QDİƏT
Parlament Məclisinin komitə iclasında iştirak edib
Qara
Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisinin (QDİƏT PM) baş katibi Asəf
Hacıyev və Milli Məclisin deputatı, QDİƏT PM-in
iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri
üzrə komitəsinin sədri Musa Quliyev Serbiyada səfərdədir.
Məqsədi QDİƏT PM-nin iqtisadiyyat, ticarət,
texnologiya və ekologiya məsələləri üzrə
komitəsinin 44-cü iclasında iştirak etməkdır.
İclasda
“QDİƏT üzv ölkələrində informasiya cəmiyyətinin
inkişafında və güclənməsində yeni
texnologiyaların rolu” mövzusunda məruzə dinlənilib,
müvafiq istiqamətdə müzakirələr
aparılıb, rəy və təkliflər qəbul olunub.
Səfər
çərçivəsində A.Hacıyev və M.Quliyev
Serbiya parlamentinin nümayəndələri və ölkəmizin
Serbiyadakı səfirliyinin əməkdaşları ilə
birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı
təmir və bərpa edilmiş Belqrad şəhərinin mərkəzindəki
Taşmaydan parkında ucaldılmış ümummilli lider
Heydər Əliyevin abidəsini ziyarət edərək,
önünə tər çiçəklər düzüblər.
Bununla yanaşı, parkdakı görkəmli serb
yazıçısı, “Xəzər lüğəti” əsərinin
müəllifi Milorad Paviçin heykəli, eləcə də
Belqrad şəhərinin bombalanması zamanı həlak
olmuş uşaqların xatirə lövhəsi də ziyarət
edilib.
Səfər
çərçivəsində nümayəndə heyətimiz
Serbiya parlamentinin vitse-spikeri, bu ölkənin QDİƏT PM-dəki
nümayəndə heyətinin rəhbəri, Serbiya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun üzvü İqor
Beçiçin dəvəti əsasında Novi Sad şəhərində
Prezident İlham Əliyevin təşəbbüsü və
Azərbaycan hökumətinin dəstəyi ilə Dunay
çayının sahilində inşa edilmiş Üzeyir
Hacıbəyli Memorialını ziyarət edərək dahi bəstəkarın
burada ucaldılmış büstü önünə gül
dəstəsi qoyublar.
Səfər
zamanı, həmçinin A.Hacıyev Serbiya parlamentinin sədri
Maya Qoykoviç, bu ölkənin baş nazirinin birinci
müavini, xarici işlər naziri İvitsa Daçiç və
Serbiyanın Avrointeqrasiya məsələləri üzrə
portfelsiz naziri Yadranka Yoksimoviç ilə ikitərəfli
görüşlər keçirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi
müxbiri
Belqrad
Azərbaycan.-2015.- 18 mart.- S.3.