Azərbaycan Moskvada keçirilən “Conde Nast
Traveller
Luxury Travel Fair” sərgisində təmsil olunur
Martın 17-də Moskvadakı “Metropol” otelində Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyinin tərəfdaşlığı ilə ikinci “Conde Nast Traveller Luxury
Travel Fair” ilk qlobal lüks
səyahət sərgisi
açılıb. Sərgidə ölkəmizi mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə geniş nümayəndə heyəti
təmsil edib.
Azərbaycan üçün ayrılmış
304 kvadratmetrlik sahədə
qonaqlara ingilis və rus dillərində
müxtəlif reklam-çap
məhsulları təqdim
olunub. Bundan əlavə, sərginin dəvətnamələrində, rəsmi elektron poçt yazışmalarında,
döş nişanlarında
və reklam lövhələrində Azərbaycan
turizm loqosu, 6 ay ərzində tədbirin
www.cntfair.com rəsmi internet səhifəsində Azərbaycanın
turizm potensialına dair baner yerləşdirilib,
həmçinin, ölkəmizin
turizm potensialına dair reklam çarxlarının
nümayişi təşkil
olunub.
Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev
AZƏRTAC-ın müxbirinə
müsahibəsində bildirdi
ki, “Conde Nast Travelle” jurnalının Moskvada təşkil etdiyi sərgi Rusiya bazarında ölkəmiz üçün
mühüm rol oynayan bir seqmenti
əhatə edir. Sərgidə dünya turizm
sənayesinin yüksək
səviyyəli 500-dən çox
aparıcı şirkəti
iştirak edir.
Nazir deyib: “Hazırda zəngin və imkanlı turistlərin ölkəmizə cəlb
olunması bizim üçün mühüm
əhəmiyyət kəsb
edir. Azərbaycana gələn hər
bir turist təxminən 700 dollar vəsait
xərcləyir və
biz bu rəqəmin artmasında maraqlıyıq”.
Ə.Qarayev vurğulayıb ki, Azərbaycan Turizm Assosiasiyası və Mədəniyyət və
Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində sərgidə ölkəmizin
27 ən böyük oteli təqdim olunur. Əlbəttə, viza tətbiq
olunmaması, nəqliyyat
strukturunun rahatlığı
Rusiya bazarının Azərbaycan turizmi üçün önəmini
artırır. Biz bu sərgi ilə
yanaşı, Moskva Beynəlxalq Turizm sərgisində, Rusiya regionlarında keçiriləcək
sərgilərdə də
iştirak etməyi planlaşdırırıq. Lakin bu sərgi bizim
üçün daha önəmlidir. Belə ki,
“Conde Nast Travelle” dünyanın ən nüfuzlu turizm jurnallarından biridir.
Jurnal dünyanın
12 ən böyük şəhərində yerləşən
qərargahları ilə
yanaşı, lüks
səviyyəli turizmin
maraq dairəsində olan “Vogue” “GQ”, “Architectural digest” kimi nəşrlərdə
təmsil olunur.
Qeyd edək ki, martın 16-da Moskvada “Conde Nast Travelle” jurnalının oxucuları arasında keçirilən sorğuda ”Ən qonaqpərvər şəhərlər” nominasiyasında 5 şəhər – Paris, Poma, Banqkok və Dubayla yanaşı, Bakının da namizədliyi irəli sürülmüşdü. Sorğuda bu nominasiyada İtaliyanın paytaxtı Roma qalib gəldi. Mükafatı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. Nazir həmçinin qeyd edib ki, Bakının namizədliyinin dünya turizminin aparıcı şəhərləri ilə eyni siyahıda irəli sürülməsi, Azərbaycanın turizm industriyasında özünəməxsus yer tutmasından xəbər verir.
Ə.Qarayev deyib: “Qarşıda bizi Birinci Avropa oyunları gözləyir. Oyunlar zamanı turistlərin ölkəmizə cəlb olunması üçün Azərbaycanın müasir görkəminin, tarixinin, mədəniyyətinin, adət və ənənələrinin təbliği əsas vəzifələrdəndir”.
Sərgidə
Azərbaycan üçün ayrılmış sahədə
ölkəmizin qabaqcıl turizm obyektləri, o cümlədən
“Gilan tourism”, “İmprotex travel”, “Khazar travel” turizm şirkətləri,
“Absheron hotel Group”, “Caspian Sea Resort hotel”, “Four Seasons hotel Baku”,
“Hilton Baku”, “Hyatt Regency Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski
hotel Badamdar” və başqaları təmsil olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2015.- 18 mart.- S.4.