Azərbaycanla Pakistan
arasında bütün
sahələrdə
əlaqələr uğurla inkişaf edir
Prezident İlham
ƏLİYEV: “Əsrlər boyu Azərbaycan
və Pakistan xalqları sülh,
əməkdaşlıq və dostluq şəraitində
yaşamışlar”
Azərbaycanın bütün sahələrdə əməkdaşlıq əlaqələrinin ildən-ilə inkişafına mühüm önəm verdiyi ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Rəsmi İslamabadın da Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin strateji-coğrafi mövqeyi və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. Diplomatik münasibətlərin uğurla qurulmasında xalqlarımızın tarixi bağlılığı da mühüm rol oynayır.
Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra iki ölkə arasında əlaqələr inkişaf etməyə başlayıb. Pakistan 12 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi isə 24 avqust 1997-ci ildə təsis edilmişdir. Ötən müddətdə iki ölkə arasında iqtisadi, sənaye, texnologiya, hərbi, elm, təhsil, mədəniyyət və digər sahələri əhatə edən sazişlər imzalanıb.
Rəsmi İslamabad Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir. Azərbaycan tərəfi də öz növbəsində Cəmmu və Kəşmir problemi ilə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edib.
Pakistan Prezidenti Məmnun Hüseynin bu günlərdə Azərbaycana rəsmi səfəri də iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Prezident İlham Əliyevlə Pakistan Prezidentinin görüşündə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın davamlı inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Bu səfərin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyəti qeyd olundu.
Prezident İlham Əliyevin və Prezident Məmnun Hüseynin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub. Bu sırada “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Pakistan İslam Respublikasının Xarici Xidmət Akademiyası arasında 2015-2017-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı misal göstərmək olar. İki ölkə arasında imzalanmış müxtəlif sənədlər əməkdaşlıq tellərinin daha da möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi: “Bu səfəriniz ölkələrimiz, həmçinin Azərbaycan və Pakistan xalqları arasındakı qardaşlıq əlaqələrini gücləndirəcək. Əsrlər boyu Azərbaycan və Pakistan xalqları sülh, əməkdaşlıq və dostluq şəraitində yaşamışlar. Əsrlər boyu bir-birimizi dəstəkləmişik, qardaş kimi yaşamışıq. Bu gün iki müstəqil ölkə yeni bir əməkdaşlıq formatını yaradır. Bu əməkdaşlıq tarixi irsimiz, ənənələrimiz, dinimiz və həmçinin strateji maraqlarımıza söykənir. Bu gün cənab Prezident və mənim aramda imzalanan sənəd ölkələrimiz arasındakı strateji tərəfdaşlıq bəyannaməsidir. Əslində bu sənəd əməkdaşlığımızın, demək olar ki, bütün istiqamətlərini əhatə edir və strateji əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm bir mərhələdir. Biz dostuq, qardaşıq, strateji tərəfdaşıq və əməkdaşlığımızı xalqlarımız, ölkələrimiz, habelə regional təhlükəsizlik və sabitlik naminə davam etdirəcəyik. Ölkələrimiz arasında siyasi əlaqələr çox yüksək səviyyədədir. Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri, imzalanmış sənədlər bunu aydın şəkildə nümayiş etdirir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bu işi davam etdirəcəyik”.
Rəsmi İslamabadın Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimad və inam getdikcə möhkəmlənir. Ölkə başçılarının qarşılıqlı səfərləri də ikitərəfli münasibətlərin genişlənməsində mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyini ön plana çıxarır. Pakistan və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafıdır. Pakistan Prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan-Pakistan Biznes Forumunun keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Forumda qeyri-neft məhsullarının ixracı, Azərbaycanda yaradılan sənaye parklarında iştirak, qarşılıqlı şəkildə infrastruktur layihələrinin icrası və mövcud infrastrukturdan istifadə, tranzit, kənd təsərrüfatı, kimya, turizm və s. sahələrdə əməkdaşlıq, biznes forumların, sərgi və yarmarkaların təşkili məsələləri barədə fikir mübadiləsi aparıldı. Sonra Azərbaycan və Pakistan iş adamları arasında ikitərəfli görüşlər keçirildi. Görüşlərdə kənd təsərrüfatı, sənaye, toxuculuq, səhiyyə və əczaçılıq, kimya sənayesi, ticarət, tikinti materialları, idman malları və məişət texnikası istehsalı, qida və mədənçıxarma sənayesi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması məsələləri müzakirə olundu.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn birgə mətbuat konfransında bildirib: “Biz ikitərəfli münasibətlərimizin bütün sahələrini nəzərdən keçirdik. Biz mükəmməl siyasi əlaqələrimizin iqtisadiyyat, sərmayə, ticarət, kommersiya, təhsil, müdafiə sənayesi, elm, texnologiya və mədəniyyət sahələrində nəzərəçarpacaq dərəcədə əməkdaşlığa çevrilməsinə olan sadiqliyimizi yenidən ifadə etdik. Biz ikitərəfli qarşılıqlı ticarət və sərmayə əməkdaşlığına təkan verilməsi ilə bağlı razılığa gəldik. Cənab Prezident, Sizin atanız və Azərbaycan xalqının ulu öndəri, mərhum Prezident Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfə və ölkələrimiz arasında əlaqələrin təşviqi baxımından baxışları Pakistan xalqını dərindən valeh etmişdi. Qardaşım Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin siyasəti dahi atasının baxışlarının həyata keçirilməsinin bariz nümunəsidir. Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub. Son 10 ildə Azərbaycanın əldə etdiyi misli görünməmiş tərəqqi dünyada inkişafda olan bir çox ölkələr üçün nümunə ola bilər. Biz Pakistanda Azərbaycanın inkişaf və tərəqqisini öz inkişafımız və tərəqqimiz kimi qəbul edirik”.
Azərbaycan Pakistanla humanitar sahədə də əməkdaşlığını genişləndirir. Fəaliyyətində ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi mühüm işləri də xüsusi vurğulamaq olar. Heydər Əliyev Fondu 2007-ci ildə Müzəffərabadın Rara qəsəbəsində zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi kimi müxtəlif humanitar layihələrdə fəal iştirak etmişdir. 2011-ci ildə daşqınlar nəticəsində zərər çəkmiş məktəb 2012-ci ildə tam şəkildə yenidən qurulmuş, təmir və təchiz edilmiş, davamiyyəti ilə seçilmiş tələbələrə isə təqaüdlər verilmişdir. 2012-ci ildə hepatit B peyvəndi İslamabadda Edhi və KPK kimsəsiz evlərinə çatdırılmış, 40 min nəfərə yaxın şəxsə həmin peyvənd vurulmuşdur. Fond, həmçinin qanköçürmə məqsədilə Həmzə Fonduna tam təchiz edilmiş təcili tibbi yardım maşınını və 2000 qan paketini çatdırmış, Peşəvərdə Xayber Göz Fondunun klinikasının yeni blokunun tikintisinə maliyyə yardımı ayırmışdır. 2013-cü ildə isə fond Azərbaycanın 12 nüfuzlu universitetində pakistanlı tələbələr üçün sosial elmlər üzrə universitetlərarası konsorsiuma 36 təqaüd ayırmışdır.
Pakistan Prezidentinin Azərbaycana rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaq.
Elnur HACALIYEV,
Azərbaycan.-2015.- 18 mart.- S.6.