Aqrar sektorda ixrac potensialının

 yaranması bu sahəyə yeni yanaşma tələb edir

 

2015-ci il "Kənd təsərrüfatı ili"dir

 

Son zamanlar dünyada baş verən siyasi proseslər, neftin qiymətinin aşağı düşməsi neft istehsalçıları olan bütün ölkələr kimi, Azərbaycanı da “qara qızıl”ın qazancını əvəz edə bilən yeni gəlir sahələrinin axtarışına sövq edir. Elə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısının bu mövzuya toxunaraq kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracatın sistem halına gətirilməsinin vacibliyini vurğulaması da bu səbəbdən irəli gəlir. Söhbət aqrar sektorda istehsal prosesindən tutmuş məhsulların daxilixarici bazarlarda satışınadək böyük bir dövriyyədə çoxsaylı əməliyyatların, istehsalçı ilə istehlakçı arasındakı münasibətlərin elmi əsaslara söykənən vahid və işlək bir modelin yaradılmasından gedir.

Azərbaycanda son illər kənd təsərrüfatına qoyulan investisiyaların həcmi milyard manatlarla ölçülür. Aparılan islahatlar, aqrar sektorun intensiv metodlarla inkişafına təkan verən layihələrin tətbiqi, fermerlərə edilən güzəştlər, kənd təsərrüfatında bütün vergilərin ləğv edilməsi müsbət nəticələr verir. Bu istiqamətdə aqrar sektora dövlət dəstəyi yenə davam edir. Taxtakörpü, Şəmkirçay kimi nəhəng su anbarlarının tikintisi minlərlə hektar torpaq sahələrini əkib-becərməyə imkan verəcək. Yeni yaradılan aqroparklar kənd təsərrüfatının simasını büsbütün dəyişəcək. “Yaşıl market”lərin yaradılması bu günədək tarla ilə bazar arasında istehsalçıların və istehlakçıların ziyanına olan böyük qiymət fərqinin müəyyən qədər azalmasına xidmət edəcək, alıcıları daha ucuz və keyfiyyətli ərzaq məhsulları ilə fasiləsiz təmin etmək mümkün olacaq. İlkin mərhələdə Bakıda belə marketlərin yaradılması nəzərdə tutulub, gələcəkdə isə şəbəkə kimi bütün şəhərlərdə fəaliyyət göstərəcək. Tarla ilə piştaxta arasındakı qiymət fərqlərinin müasir bazar qanunlarının yol verdiyi hədlər civarında tənzimlənməsi istehsalçının qazancını artıraraq daha çox məhsul yetişdirməyə həvəsləndirəcək, istehlakçının isə alıcılıq qabiliyyətini artıracaq, istehlak zənbilini daha geniş çeşidli ərzaq məhsulları ilə zənginləşdirəcək. Üstəlik, iqtisadi baxımdan bu, manatın alıcılıq qabiliyyətini də gücləndirəcək. Beləliklə, istehsal olunan kənd təsərrüfatı məhsullarından gələn gəlirlər itirdiklərimizi tədricən bərpa etməyə imkan verəcək.

Müxtəlif çıxışlarında bu mövzuya dəfələrlə toxunan Prezident İlham Əliyev qeyd etdiyimiz konfransda aqrar sektorla bağlı daha vacib bir məqamdan - kənd təsərrüfatı məhsullarının ixracından ayrıca danışmışdır: Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik... Ümumiyyətlə, bir daha demək istəyirəm ki, ixrac olmadan Azərbaycan iqtisadiyyatı, həmçinin qeyri-neft sektoru inkişaf edə bilməz. Çünki biz daxili tələbatı artıq ödəyirik. İxrac, bir daha demək istəyirəm ki, düşünülmüş siyasət nəticəsində mümkündür”.

Qeyd edək ki, Azərbaycan bu gün özü-özünü mal əti ilə 87, qoyun əti ilə 97, quş əti ilə 98, yumurta ilə 100, südsüd məhsulları ilə 76, taxıl ilə 60, üzümlə 98, kartofla 90, bostan məhsulları ilə 100, meyvə və giləmeyvə ilə 120, tərəvəzlə 103 faiz təmin edir.

Bundan əlavə, aqrar sektorun indiki inkişaf tempi onu göstərir ki, yeni texnologiyaların, müasir dünya təcrübəsinin və iqtisadi biliklərin tətbiqi fermerlərin xarici bazar üçün ciddi ehtiyatlar yaratmalarına zəmin yaradır. Məhz bu baxımdan xarici bazara rahat çıxışın təmin edilməsi, istehsalın həmin bazarın tələblərinə uyğun qurulması və paralel olaraq MDB məkanına, hətta Avropaya və digər beynəlxalq bazarlara çıxış üçün ölkəmizin böyük potensialı mövcuddur. İmkanlar nəinki məhdud deyil, əksinə, İpək yolunun üstündə yerləşən Azərbaycanın iqtisadi əlaqələrinin tarixinə nəzər salsaq, daha böyükgeniş perspektivlərin olduğunu görərik.

Müasir dövrün siyasiiqtisadi burulğanlarından aydınlığa çıxmaq üçün düzgün kursun, dəqiq məqsədlərin və real perspektiv planların seçilməsi vacibdir. Bu baxımdan Rusiyanın meyvə-tərəvəz bazarları xüsusi əhəmiyyət kəsb edir. Həmin bazarda liderliyi indi Ekvador və Türkiyə kimi dövlətlər etsələr də, biz ona daha yaxın və daha çox bələdik. Əkib-becərdiyimiz meyvə-tərəvəzin böyük qismi sovet hakimiyyəti illərində Rusiyanın müxtəlif şəhərlərinə göndərilərdi. Minlərlə soydaşımızın həmin bazarlarda ən çətin şəraitdə belə, işləmək təcrübəsi varindinin özündə də şimal bazarlarında azərbaycanlılar müəyyən çəkiyə malikdir. Digər tərəfdən isə Qərb dövlətləri tərəfindən sanksiyalara məruz qalaneyni zamanda siyasi rəqiblərinə müəyyən qadağalar tətbiq edən Rusiya da üzünü Azərbaycana çevirir. Bu gün şimal qonşumuz meyvələrin 60-70, tərəvəzin isə 20-40 faizini idxal edir. Ümumiyyətlə, hazırda Rusiya bazarında ildə təxminən 6 milyard dollarlıq meyvə-tərəvəz satılır ki, onun da 4 milyard dollarlığı idxal olunur. İllik istehlak isə hər il bir neçə faiz artır. Düzdür, meyvə-tərəvəzin istehlak olunmasında Rusiya Avropa dövlətlərindən 2,5 dəfə geridə qalsa da, son bir ildə istehlakın səviyyəsi 7 faiz çoxalmışdır.

İndi isə keçək ölkəmizə. Ötən il Azərbaycandan xaricə 66,8 milyon dollarlıq təzə tərəvəz, 191,9 milyon dollarlıq təzə meyvə, 31,9 milyon dollarlıq kartof, 31,2 milyon dollarlıq çay ixrac edilib. Etiraf edək ki, bu, sovet hakimiyyəti illərində həm plan üzrə göndərilən, həm də həyətyanı təsərrüfatlardan digər respublikalara daşınan malın həcmindən xeyli aşağıdır. Halbuki indi də ölkədə istehsal olunan meyvə-tərəvəzin bir qismini daxili bazarda gərginlik yaratmadan xaricə göndərməklə əlavə qazanc gətirmək mümkündür. Lakin statistik göstəricilərdə 2013-cü illə müqayisədə ötən il yalnız təzə tərəvəzin ixracının 17 faiz artdığı göstərilir, təzə meyvə, kartof və çayın ixracında isə təxminən 9-28 faiz arasında azalmalar qeydə alınıb. Baxmayaraq ki, Rusiya bazarındakı qıtlıq bizə daha çox məhsul ixrac etməyə imkan verir.

Amma bunun Azərbaycan fermerlərindən asılı olmayan obyektiv səbəbləri də var. Belə ki, ötən ilin payız mövsümünün əvvəlindən axırınadək aramsız olaraq rus rublunun dəyərinin ciddi şəkildə aşağı düşməsi kənd təsərrüfatı məhsulları istehsalçılarını, o cümlədən Azərbaycan fermerini şimala mal aparmaqdan çəkindirdi. Nəticədə Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı kəskin surətdə aşağı düşdü. Rusiya mətbuatının etiraf etdiyinə görə, təzə meyvə idxalı 47, tərəvəz idxalı isə 40,6 faiz azaldı.

Odur ki, məhsulunu Rusiya bazarına aparan fermerlərimiz qazanacaqlarını, ya da ziyana düşəcəklərini dəqiq bilmirlər. Allaha təvəkkül deyib, yola çıxırlar. Hərə bir maşın tutub malını yükləyir, gömrükdə boşaldıb, o biri tərəfdə yenidən yükləyir və nəticədə xərcləri nəzərə çarpacaq dərəcədə artır. Halbuki bir neçə fermer birləşərək soyuducusu olan vaqonla məhsulunu daha az məsrəflə apara bilər. Bu baxımdan kənd təsərrüfatı mallarının ixracında dövlət başçısının qeyd etdiyi yeni sistemin qurulması zəruridir.

Azərbaycan Prezidenti konfransda çətinliklərdən digər bir çıxış yolunu da göstərmişdir: “Qeyd etdiyim kimi, təşviq sistemi yaradılmalıdır. Bir çox ölkələrdə belə sistem var. Əvvəllər biz buna o qədər də meyilli deyildik, çünki bizim ixrac potensialımız da yox idi, ancaq hələ idxaldan asılılığı azaltmaqla məşğul idik. İndi isə ixrac potensialımız var, ona görə təşviq sistemi yaradılmalıdır. Mən İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırıram ki, bu mexanizmi işləyin. Yaxın vaxtlarda biz bunu müzakirə edəcəyik. Bu, sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlaröz məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə güzəştlər olacaq”.

 

Bahadır İMANQULİYEV,

Azərbaycan.-2015.- 18 mart.- S.6.