Qardaşlığımız - xoşbəxt
gələcək naminə
(bir səfərin
təəssüratı)
Müasir dünyada bir çox siyasətçilər, müxtəlif yönlü millətçi təşkilatlar, müxtəlif ölkələrin xüsusi xidmət orqanları bu və ya digər məqsədlər üçün ölkələri, mədəniyyətləri, xalqları ayırmağa, qarşı-qarşıya qoymağa yönəlmiş tədbirlər həyata keçirirlər. XXI əsrin ikinci onilliyində belə onların öz məqsədlərinə nail olduqlarının - beynəlxalq miqyasda qalmaqalların yarandığının, insanlarda bu və ya digər millətlərə qarşı nifrət oyandığının, təhqir və hədələrin “şüarlara” çevrildiyinin şahidi oluruq. Özündə xeyirxahlıq və humanizm daşıyan hərəkatlar isə daha çox səs-küysüz və sülh şəraitində baş verir, şəri, kini və nifrəti qarış-qarış sıxışdıraraq dünyanı ondan xilas etməyə davam edir. Bu xeyirxah missiyanın bir hissəsi də yaşı 70-i adlayan “qardaşlaşmış şəhərlər” ənənəsidir ki, bu gün də o ənənə dünya xalqlarının yaxınlaşmasına, insanlığın təyinatından doğan həyat fəaliyyətlərində onların bir yerdə olmasına, bir-birlərinə dəstək verməsinə xidmət edir...
Bölüşdüyüm bu səpkidən olan düşüncələri Bakının Xətai rayonunun nümayəndə heyətinin tərkibində Türkiyənin Mersin şəhərinə səfərim zamanı qələmə almışam. Bəri başdan bildirim ki, bu səfərimiz Bakının Xətai rayonunun 2007-ci ildə qardaşlaşdığı Mersin şəhərinin ən böyük rayonlarından biri olan Tarsus bələdiyyəsinin dəvətilə həyata keçirilirdi.
Qardaşlaşmış şəhərlər hərəkatı
Yeri gəlmişkən, bu hərəkatın yaranma tarixini də yada salmaq, onun məram və məqsədlərindən söz açmaq oxucularımız üçün də maraqlı olardı.
Tarixi arayış: Qardaşlaşmış şəhərlər beynəlxalq hərəkatı hələ İkinci Dünya müharibəsi illərində meydana gəlmişdir. İlk dəfə 1942-ci ildə İngiltərənin Koventri və SSRİ-nin Stalinqrad şəhərləri qərara gəldilər ki, vətəndaşların sülh və əmin-amanlıq naminə əməkdaşlıqlarını inkişaf etdirmək məqsədilə dostluq münasibətləri qursunlar. 1944-cü ildə Böyük Britaniyada Qərbi Midlends ingilis qraflığının şərqində yerləşən Koventri şəhərinin sakinləri stalinqradlılara üzərində 830 koventrili qadının və Mayoressa xanımı Emeli Smitin adının tikmə ilə qeyd olunduğu süfrə göndərirlər. Süfrənin üzərində adlardan əvvəl bu sözlər yazılırdı: “Böyük təəssüfdənsə kiçik yardım yaxşıdır”. Süfrə və koventrililərin topladığı pullar SSRİ-nin Londondakı səfirlik vasitəsilə müharibənin xarabazara çevirdiyi Stalinqrada çatdırıldı. Bu gün də “koventrililərin süfrəsi” “Stalinqrad döyüşü” muzeyində qorunub saxlanır.
Bundan sonra “qardaşlaşmış şəhərlər” hərəkatı daha da genişlənməyə başladı və 1957-ci il aprelin 28-də qardaşlaşmış şəhərlərin nümayəndələri Fransanın Eks-le-Ben şəhərinə toplaşıb Ümumdünya Qardaşlamış Şəhərlər Birliyinin (ÜQŞB) əsasını qoydular.
Məqsədi müxtəlif dövlətlərin şəhərləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi olan, mənzil qərargahı Parisdə yerləşən bu qeyri-hökumət təşkilatının 1963-cü ildə qəbul etdiyi qərara görə, hər il aprelin axırıncı bazar günü Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü elan olundu. 2000-ci ildə federasiya artıq 160 dövlətdən olan 3500 şəhəri birləşdirirdi. 2004-cü ildə isə Parisdə Ümumdünya Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatı (UCLG) təsis edilir. Bununla da yerli təşkilatları birləşdirən nəhəng dünya təşkilatlarının - Ümumdünya Qardaşlamış Şəhərlər Birliyini, Beynəlxalq Yerli Hakimiyyətlər İttifaqını, həmçinin nəhəng şəhərlər assosiasiyası “Metropolis”in birləşməsi başa çatdı.
Hazırkı ÜQŞB-nin əsas məqsədi dünyanın müxtəlif dövlətlərinin şəhərləri arasında iqtisadi və mədəni əməkdaşlıq, təhsil, mədəniyyət, ətraf mühitin qorunması və digər sahələrdə dostluq əlaqələrinin inkişaf etdirilməsidir. Federasiyada ayrı-ayrı üzv şəhərlər kimi, şəhərlərin assosiasiyaları və ya birlikləri də iştirak edirlər. ÜQŞB-nin məqsəd və məramı onun nizamnaməsində - “Qardaşlaşmış şəhərlər xartiyası”nda və “Qardaşlaşmış şəhərlərin siyasi proqramı”nda aydın göstərilir. Şəhərlərin əməkdaşlığı nümayəndə heyətlərinin, incəsənət və idman kollektivlərinin qarşılıqlı səfərləri, şəhərlərin həyatı haqqında ədəbiyyatların, kinofilmlərin, sərgilərin, fotomaterialların və şəhər təsərrüfatının idarə olunması təcrübəsi barədə informasiyaların mübadiləsi ilə ifadə olunur.
Bu kontekstdən yanaşsaq, şübhəsiz, Bakının Xətai rayonu ilə qardaşlaşmış Mersinin Tarsus rayonu arasında 8 ilə yaxın davam edən münasibətləri yüksələn xətlə inkişaf edən və Türkiyə ilə Azərbaycanın dostluq əlaqələrinə öz töhfələrini verən məhsuldar əməkdaşlıq hesab edə bilərik.
* * *
Nümayəndə heyətimiz Adanadakı hava limanından ayrılıb birbaşa Türkiyənin cənub-şərqindəki Mersin vilayətinə yol aldı. Komfortlu avtobus Mersinə yaxınlaşdıqca təbiət sanki çox böyük sürətlə dəyişir, qışın şaxtasının qurutduğu yaşıllıqlar yazın ilıq nəfəsindən bir andaca cana gəlirmiş kimi yaşıl libasa bürünürdü. Qardaş ölkənin cənub-şərqində yerləşən bu əyalətin adı da Mersin idi, baş şəhəri də. Cənubdan əyalətin ətəklərinə Aralıq dənizinin Mersin körfəzindəki mirvari suları sığal çəkir, şimaldan isə Tavr dağları sanki bu ilahi yaşıllığı qışın sazağından qoruyurdu.
Bakının soyuq qışından yenicə ayrıldığımızdan Mersinə yaxınlaşdığımız hər addımda Aralıq dənizinin ilıq nəfəsini daha yaxından duyurduq. Əslində, bu qardaş ölkəyə də hələ yaz gəlib çatmamışdı. Lakin dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşən əyalətin inzibati mərkəzi Mersində qışda çox nadir hallarda hərarət müsbət 9 dərəcədən aşağı düşür. Bizi müşayiət edən Mersin bələdiyyəsinin nümayəndəsi ətrafdakı peyzajlara heyran baxışlarımızdan içimizdəki sualları eşidirmiş kimi deyir ki, Tavr dağlarının əhatəsində olmağımız bizi həm soyuq qışdan, həm də yayın dözülməz istisindən qoruyur. Türk qardaşımız ona maraqla qulaq asdığımızı görüb yaşadığı şəhər haqqında bir qədər də ətraflı məlumat verir: “Mersində kurort mövsümü aprel-may aylarından başlayır və oktyabr ayına qədər davam edir. Havanın hərarəti 30 dərəcə civarında olur və dənizin suyu da çimməyə çox münasib olur. Qışda hava əsasən yağışlı keçir və çox nadir hallarda şaxta olur”. Elə buna görə idi ki, yol boyu bağlarda ağacların budaqları naringi, portağal və limondan az qala yerə dəyirdi.
Şəhərə daxil olanda körfəz boyu saysız-hesabsız palma ağaclarının boy verdiyi bulvarlarla, geniş parklarla, Avropasayağı hotellərlə, ticarət mərkəzləri ilə yanaşı, həm də çoxsaylı tarixi abidələr diqqətimizi çəkdi. İlk baxışdan Mersin özünün infrastrukturu ilə mənə daha çox Avropa şəhərlərini xatırlatdı, lakin bununla belə, şəhər özünün Şərq koloritini qoruyub saxlaya bilmiş və kurort rayonu kimi cazibədarlığına daha yeni rənglər qatmışdır. Mas-mavi suyu olan dənizin sahilində ruhu oxşayan təmiz hava, qızılı narın qumu olan çimərliklər, sitrus bağları və banan plantasiyaları buranı dünyanın ecazkar bir guşəsinə çevirir.
Mersinin münasib coğrafi mövqeyi buranı Türkiyənin dörd min gəmiyə xidmət göstərmək gücünə malik olan mühüm liman şəhəri kimi də inkişaf etməsinə imkan vermişdir. Buradan istənilən dəqiqədə Şimali Kiprə, cəmi bir saata isə Türkiyənin məşhur dağ-xizək kurort şəhəri olan Kayseriyə getmək mümkündür. Kayseridə xizək meydançaları dəniz səviyyəsindən 2 min 200, 3 min 100 metr yüksəklikdə yerləşir. Hazırda isə şəhərin yaxınlığında nəhəng Çukurova beynəlxalq hava limanının tikintisi davam etməkdədir.
Bizə bələdçilik edən bələdiyyə nümayəndəsinin məlumatlarına qulaq kəsilib eşitdiklərimizi baxışlarımızla axtarırmış kimi ətrafı seyr edir və mənzil başına nə vaxt yetişdiyimizi belə hiss etmirik. Hoteldə yerləşəndən bir saat sonra Tarsus şəhər bələdiyyəsinə yollanırıq.
Tarsus çayının üzərində yerləşən Mersin vilayətinin Tarsus rayonu həm də şəhər kimi tanınır. 300 mindən çox əhalisi olan rayonun rahat və geniş yolları bizi birbaşa mərkəzə gətirib çıxarır. Atatürk bulvarından keçib İsmət Paşa bulvarına dönürük. Bulvarın axırında Çanaqqala döyüşünün qəhrəmanı Nüsrət Mayının kapitanı olduğu əfsanəvi gəmiyə həsr edilmiş muzey yerləşir. Onun niyə məhz Tarsusda dayandığını soruşanda bildirdilər ki, gəmiyə burada yeni həyat veriblər. Tarsusda bələdiyyənin dəstəyi ilə təmir olunmuş gəmi indi Mersin-Adana magistralı ilə şəhərə girən qonaqları qürurla qarşılayır.
Tarsusun çox qədim bir tarixi var. Şəhər
eramızdan əvvəl VIII əsrdə Assuriya çarı
Sanheribom tərəfindən salınmışdır. O dövrün əzəmətini
xatırladan çox az şey qalsa da, mərkəzdəki
abidələr qədim dövrün simvolu kimi qalmaqdadır. Bakının İçərişəhərini
xatırladan qədim mərkəzi - “Antiuk şəhəri” hələ
romalıların vaxtında tikilmiş “Kleopatra qapısı”
adlandırılmışdır. Antik
şəhərdən şimalda, Ədalət Məhkəməsi
kompleksinin arxasında isə 1102-ci ildə tikilmiş Maqami və
Əski Kamıi məscidləri qərarlaşıb. Onlardan bir qədər kənarda isə Şahməran
fontanı yerləşir. Bir qədər də
şimalda Şəlalə kompleksi, park və çay
bağlarını görmək mümkündür. Parkdan yuxarı, təpənin başında isə
haqqında müxtəlif əfsanələr dolaşan
“Əshabi-Kəhf” mağarası diqqət çəkir.
Beləcə, antik dövrün sirlərilə zəngin
olan Tarsusu dolaşıb şəhər bələdiyyəsinin
binasına çatırıq. Bələdiyyənin
sədri Şövkət Canın rəhbərliyi ilə
nümayəndə heyətimizin şərəfinə rəsmi
qarşılanma mərasimi düzənlənir. Xətai rayon icra hakimiyyətinin
başçısı Razim Məmmədov son dərəcə
səmimi qarşılandığımıza və isti
münasibətə görə Şövkət Cana və bələdiyyənin
bütün üzvlərinə minnətdarlığını
bildirdi. Qardaş gəlişinə necə şad
olduqlarını ifadə edən şəhər bələdiyyəsinin
sədri uzun illər belə səfərlərin həsrətində
olduqlarını bildirərək əlavə etdi ki, “dost gəlişi
bayram olar, deyirlər. Bu günsə
qapımızı qardaşlarımız açıb və
bu ikiqat bayramdır.”
Həsrət eyni kökdən olan iki qardaş xalqı,
türk soylu iki milləti bir-birindən nə qədər
ayırsa da, uzaqlaşdıra bilməmişdir. Azərbaycan müstəqillik
qazanandan bir an sonra belə Türkiyə onun səsinə səs
verdi və əlaqələr sürətlə
inkişaf etməyə başladı. Bu
münasibətlərin inkişafında “Biz bir millət iki
dövlətik” kimi tarixi gerçəyi son dərəcə sərrast
ifadə edən Türk dünyasının böyük
simalarından biri Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin xidmətləri əvəzsizdir. Onun sərrast ifadəsi bu gün Türkiyə Azərbaycan
münasibətlərinin dəyişməz strateji xəttinə
çevrilmişdir. Elə bu səbəbdən
də Türkiyənin bir çox yerlərində bu
böyük türkün xatirəsi məmnunluqla əbədiləşdirilir.
Tarsus da istisna deyil. 2007-ci ildə
Bakının Xətai rayonu ilə qardaşlaşmış
Mersinin Tarsus rayonu birgə əməkdaşlıq layihəsi
çərçivəsində 2011-ci ilin mart ayında
Tarsusun məşhur Berdan çayı üzərindən
salınan körpüyə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin adı verilib.
Qarşılıqlı səfərlər zamanı əldə
edilmiş razılığa əsasən körpünün
yaxınlığında yerləşən 2,5
hektar ərazidə yeni parkın salınması və həmin
parka ulu öndər Heydər Əliyevin adının verilməsi
isə artıq reallaşmaq ərəfəsindədir.
Qəbulda bu mövzu ətrafında söhbətimiz
davam edərkən 1993-cü ildən - ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından
başlayaraq Azərbaycan Türkiyə əlaqələrinin
necə sürətlə inkişaf etdiyinin tarixi xronikası
gözlərim önündə canlandı. Heydər Əliyev istər
“Əsrin müqaviləsi”nin, istər Bakı-Tbilisi- Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin,
istərsə də Bakı -Tbilisi-Qars dəmir yolu regional layihələrinin
hazırlanmasında necə böyük təkidlə
Türkiyəni dəstəklədiyini xatırladım. Əgər nəzərə alsaq ki, bu layihələrin
reallaşmasında və maliyyələşməsində
dünyanın bir neçə qabaqcıl dövləti
iştirak edirdi və onlar heç də çox sakitcə
Türkiyənin iştirakına razılaşmırdılar,
o zaman ulu öndərin qardaşlığa bunca böyük sədaqət
nümunəsi tapmaq məncə çox çətin olar.
Belə məqamlar tarixin müxtəlif
dolaylarında olub və zaman keçdikcə bizim
qardaşlığımız daha da möhkəmlənib.
Bu mənada, əlbəttə, Türkiyədə Heydər
Əliyevin abidəsinin ucaldılması, onun adına
parkların, körpülərin salınması və digər
bu kimi aksiyalar tam səmimi qəbul olunur.
Parkda aparılan abadlıq və yenidənqurma işlərindən
də geniş söhbət açıldı. Razim Məmmədovun,
Şövkət Canın, bu yazının müəllifinin və
nümayəndə heyətinin digər üzvlərinin
danışıqları nə qədər səmimi və
isti olsa da, sonda təklif olundu ki, sabah ulu öndərin
adını daşıyacaq parkda işlərin gedişi ilə
yerində tanış olaq. Səfərimizin
növbəti ünvanı da elə bu park oldu. Yerli bələdiyyə
rəhbərləri, biz qonaqlar, eləcə də azərbaycanlı
və türkiyəli mütəxəssislər
qızğın iş gedən parkı dolaşıb
görülən işlərə nəzər saldıq. Nümayəndə heyətinin rəhbəri
çox böyük, qardaşyana ərklə Xətai
rayonunda olduğu kimi hər işi diqqətlə nəzərdən
keçirir, münasibətini bildirir, tövsiyə və təkliflərini
söyləyirdi. Sözün əsl mənasında,
rayon miqyası üçün çox görkəmli bir park
təsiri bağışladı. Burada
mersinlilərin, şəhərə gələcək
qonaqların xoş istirahəti üçün hər
şey - idman meydançaları, uşaqlar üçün əyləncə
kompleksi, xoş ovqat yaratmaq üçün peyzajların
işlənməsi ciddi nəzərdə tutulurdu.
Səfərimizin növbəti gününü Mersin bələdiyyəsində
keçirməli olduq. Gün başlanandan Xətai rayon icra
hakimiyyətinin başçısı Razim Məmmədov
başda olmaqla bütün nümayəndə heyətinin üzvləri
Mersin Böyükşəhər Bələdiyyəsi Məclisinin
toplantısına dəvət olundu. Dəvətin
məramı bəlli olmasa da, hamımız bunu bizə
göstərilən böyük sayğı kimi qəbul
etdik.
Mersin də
“Xocalıya ədalət” istədi
Yalnız
toplantı başlayandan sonra aydın oldu ki, Mersin
Böyükşəhər Bələdiyyəsi Məclisinin
toplantısı Xocalı faciəsinin 23 illiyinə həsr
olunub və mersinlilər Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
olan “Xocalıya ədalət” beynəlxalq təbliğat və
təşviqat kampaniyasına qoşularaq dünyanı ermənilərin
XX əsrin sonunda törətdikləri azərbaycanlıların
soyqırımına - Xocalı qətliamına ədalətli
qiymət verməyə çağırırlar.
Toplantıdakı çıxışların
ritorikasının, daxili bir yanğı və daha çox qəzəblə
ifadə olunan fikirlərin ilk andaca qardaşlıq münasibətlərindən
doğduğunu hiss etməmək mümkün deyildi. Mersin Böyükşəhər
Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz kifayət
qədər təmkinli insan təsiri bağışlasa da,
Xocalıda baş verənlərə və onun qan qardaşlarına
qarşı ermənilərin törətdikləri
amansızlığa, vəhşiliklərə heç
cür sakit yanaşa bilmir:
- Faciədən,
azəri qardaşlarımızın soyqırımından 23
il keçsə də, Xocalıda qanı tökülən,
başlarının dərisi soyulan yaşlı insanların,
qulaqları, burunları kəsilən kiçik
uşaqların iniltisi, fəryadı hər gün bizim
qulaqlarımızda səslənir. Biz bundan daha
çox dünyanın bu soyqırıma biganəliyindən
hiddətlənirik. Yüz il bundan əvvəl
heç bir şəkildə var olmayan, “soyqırımı”
hekayəsini uyduranlar XX əsrin sonunda lentə alınan,
şahidləri və şəhidləri müasirlərimiz
olan gerçək soyqırımı görmür. Nədən bəşəriyyət bu ədalətsizliyə
göz yumur?
23 il əvvəl baş versə də, Xocalı
acısını bu gün yaşayırmış kimi
görünən mersinlilər, adanalılar, istanbullular,
ümumən bütün Türkiyə məni nə qədər
kövrəltdisə, bir o qədər də
qürurlandırdı. Məclisdə səslənən
bütün fikirlər doğma bir qəlbdən, həm də
təmənnasız olaraq Azərbaycana, Xocalıya ədalət
istəyirdi. Bu yerdə ixtiyarsız olaraq
içimdən, neçə ildən bəri bu aksiyanı irəli
sürərək ədalətin təntənəsinə
bütün gücü ilə qətiyyət göstərən
Leyla xanım Əliyevanın ağlına, cəsarətinə
və dönməzliyinə vicdanımın səsi “eşq
olsun” deyə hayqırdı. Çünki
Mersində bir daha şahidi oldum ki, bu qətiyyət
bütün türk dünyasını Xocalıya ədalət
istəmək üçün ayaqda saxlayır. Mersin bələdiyyə
məclisi onlardan yalnız bir parça idi və var səsi ilə
deyirdi: “Böyük millətlər böyük acı dadsalar
da, acılarını öz içində yaşayırlar. Erməni millətçiləri
olmamışları olmuş kimi göstərərkən,
yaşadığımız XX əsrdə texnologiyanın təsbit
etdyi bir qətliamı bütün dünyanın görməməsi
mümkün deyil. Biz bütöv bir
türk dünyası olaraq, bizə qarşı törədilən
qətliamı, verilən bu zülmü bütün dünya
görüb, onu törədənləri lənətləyənə
qədər susmayacağıq və susmağa haqqımız
yox”.
Səmimi etiraf edim ki, dünyanın ədalət
savaşında uzun zaman təklənən Azərbaycanın
indi tək olmadığını, Türkiyənin hər
zaman yanında olduğunu Mersində təkrar duydum və
sevincdən qəhərləndim. Haqqımızı haqqa
qovuşdurmaq istəyən, dünyaya bağıran səsimizə
səs verən qan qardaşlarımıza “haqq gec-tez bizimlə
olacaq” dedim. “Olacaq, buna heç şübhə
etmərik” - dedilər.
Mersin Bələdiyyə Məclisindəki müzakirələr,
sadəcə, təsirli çıxışlarla işini
yekunlaşdırmadı. Məclis Xocalı qətliamının
pislənməsi ilə bağlı qətnamə qəbul
edilməsi məsələsini gündəliyə
çıxartdı və bununla bağlı qərar yekdilliklə
qəbul olundu.
Bu səmimiyyətin və yüksək diqqətin minnətdarlığını
sonraya saxlamadıq. Ağrımızı, acımızı
bölüşən insanlara minnətdarlıq borcumuzu Xətai
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov
nümayəndə heyətimizi şəxsən qəbul edən
Mersin Böyükşəhər Bələdiyyəsinin sədri
Burhanəddin Kocamaza açıqladı. Məclisdə
qardaşlarımızın göstərdikləri
canıyananlıqdan necə kövrəldiyimizi də dilə
gətirdik. Burhanəddin bəy bunu
bütün türklərin qardaşlıq borcu və vəzifəsi
olduğunu söylədi və bildirdi ki, dünyanın
gözü qarşısında ermənilərin törətdiyi
bu qətliama ilk növbədə bizlər qiymət verməliyik.
Bu həm də bizim faciəmizdir.
Burhanəddin
Kocamaz 2012-ci ilin aprelində Bakıya səfərini,
qonağı olduğu Xətai rayonundakı görüşlərini
də yada saldı: “Bakıya iki il öncəki səfərimiz
bizə ən xoş duyğular yaşatmışdır. Yaşadığımız o üç
günün mutluluğunu hələ də
unutmamışıq. Biz Bakıda, Xətai
rayonunda gördüklərimizdən yaxşı mənada heyrətləndik.
Bizə qardaş olan bir ölkənin az
bir zaman içində bu cür sürətli
inkişafını ancaq alqışlamaq olar. Avropanı
yetərincə tanıyan insanlar kimi bildiririk ki, Bakı nəinki
Avropanın, bütün dünyanın ən gözəl
şəhəri olmuşdur”. Avropanın
inkişaf etmiş şəhərlərindən heç də
geri qalmayan, əksər hallarda “Türkiyənin cənnəti”
adını almış bir şəhərin bələdiyyə
sədrinin doğma Bakımız haqqında söylədiyi bu
fikirlər məni həddən ziyadə sevindirdi.
Bürhanəddin bəyin söylədikləri tam həqiqət
idi və biz özümüz də dünyanın ən
inkişaf etmiş ölkələrinə səfərlərimiz
zamanı müşahidə və müqayisələrimizdə
Bakının, ümumiyyətlə, Azərbaycanın digər
regionlarının - Gəncənin, Bərdənin, Yevlaxın
və digər rayonlarımızın necə sürətlə
dəyişdiyinin fərqini aydın görürük.
Bütün bunlar və təbii ki, Azərbaycan
-Türkiyə qardaşlığının indiki səviyyəsi,
şübhəsiz, yalnız hörmətli Prezident İlham
Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin
məntiqi nəticəsidir. İstər Mersində,
istərsə də Tarsusda keçirdiyimiz bütün
görüşlərdə Türkiyədə bunu bizdən
daha yaxşı bildiklərinin şahidi olduq. Azərbaycan Prezidentinin beynəlxalq tədbirlərdə
Türkiyənin mövqeyini Azərbaycanın mövqeyi kimi dəstəkləməsi
də türk dünyasında böyük sayğı ilə
dilə gətirilir. “Budur əsl
qardaşlıq”, deyə Burhanəddin Kocamaz XXI əsrin lideri
kimi yüksək qiymət verdiyi Azərbaycan Prezidenti İlham
Əliyevin fəaliyyətini
alqışladığını söyləyir.
Görüşümüz, sadəcə, bu mövzuların müzakirəsilə bitmədi. Azərbaycan və Türkiyə arasında mövcud dostluq əlaqələrindən, qardaşlaşmış Tarsus rayonu ilə Xətai rayonu arasında münasibətlərin gələcək inkişaf perspektivlərindən söz açıldı, müxtəlif təkliflər səsləndi. İşgüzar dairələrin birgə layihələrinin həyata keçirilməsi imkanları, tələbə mübadiləsi, müxtəlif birgə tədbirlərin təşkil edilməsi və digər təkliflər ətrafında fikir mübadiləsi etdik. Bu söhbətlər qardaş süfrəsi arxasında da davam etdi. Hər bir tərəf qardaşlaşmış şəhərlərin iqtisadi, mədəni həyatına hansı faydanı verə biləcəyi barədə layihə və təkliflərini, tövsiyələrini səsləndirdi. Beləcə, işgüzar səfər proqramımız başa çatdı.
Amma Mersinlə tanışlığımıza da vaxt
ayıra bildik.
Şəhərin simvollarından sayılan və 1987-ci ildə
tikilmiş Türkiyənin 177 metrlik ən hündür
binası “Metrim-Tauer”lə, Osmanlı imperiyasının
arxitektura yadigarlarından biri, 1870-ci ildə tikilmiş və
müxtəlif dövrlərdə təmir olunmuş Əski məscidlə
tanış olduq. Amma buradakı zəngin tarixi irs
adamı çox-çox qədimlərə çəkib
aparır.
Mənbələr göstərir ki, Mersin torpaqları
eramızdan əvvəl 7 mininci illərdən məskunlaşmağa
başlamışdır. Yumuk-Təpə deyilən
ərazidə ingilis arxeoloqu Con Qarstanqın apardığı
arxeoloji qazıntılar zamanı burada 23 mədəni qat
aşkarlanmışdır. Ən qədim
qatın tarixi eramızdan əvvəl 6300-cü illərə
gedib çıxır. Bir çox antik
müəlliflər tərəfindən müxtəlif məsələlərlə
bağlı şəhərin adı çəkilir. Türk qardaşlarımız Mersini “Ak dənizinin
incisi” adlandırırlar. Türk səyyahı
müdrik Ebliya Çələbinin nəzəriyyəsinə
görə isə şəhər öz adını
Mersinoğulları tayfasının adından
götürmüşdür.
Tarixi
minilliklərlə ölçülən Mersin Makedoniyalı
Böyük İskəndər, Antoniy və Kleopatra kimi məşhurların
yer üzündən silinmiş sivilizasiyalarından xəbər
versə də, indi bura, sadəcə, “Türkiyənin cənnəti”
olan müasir, sürətlə inkişaf edən və
gözəl Mersin şəhəridir. Bütün
şəhər sanki xüsusi bir enerji qaynağıdır və
burada hər şey müasir baxımdan qəbul olunur. Hətta günəş şəfəqləri zərifliyi
ilə seçilir, ətrafdakı hər şeyə aydın
və anlaşılan cizgilər verir.
Amma nə olur-olsun, necə olur-olsun, bura bir şəhərdir. Axı şəhərlər
yalnız ikinci növbədə binalar, tarixi abidələr,
zavodlar, fabriklər, muzeylərdir. İlk
növbədə isə şəhərlər -
insanlardır. Bakıda, Xətai rayonunda azərbaycanlılar,
Mersində, Tarsusda isə türklər, bir soydan olan
qardaşlar. Bu şəhərlərdə,
bu rayonlarda sülh və əmin-amanlıq, firavanlıq,
xoşbəxt gələcək naminə qoy
qardaşlığımız sonsuza qədər davam etsin.
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı
Bakı-Mersin-Bakı
Azərbaycan.-2015.- 18 mart.- S.7.