Prezident İlham
Əliyev Böyükşor gölünün və ətraf ərazilərin
ekoloji
vəziyyətinin kompleks bərpası
işləri ilə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva martın 18-də
Böyükşor gölünün və ətraf ərazilərin
ekoloji vəziyyətinin kompleks bərpası ilə
bağlı görülən işlərlə tanış
olublar.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, bu layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq həyata keçirilir. İlk Avropa Oyunlarına aid tədbirlərin böyük əksəriyyəti Böyükşor gölünün şərq sahilində yerləşən Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək. Burada çoxsaylı qonaqların, idmançıların və turistlərin qəbul edilməsi gözlənilir. Bu baxımdan gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası və Böyükşor bulvarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Böyükşor gölünün kompleks bərpası iki mərhələdə həyata keçirilir. Birinci mərhələ bu ilin mayınadək başa çatdırılacaq. Bu mərhələdə işlərin sürətlə aparılması üçün layihə ərazisində 1570 metr uzunluğunda müvəqqəti bənd çəkilərək göl iki hissəyə ayrılıb. Bu bənd gələcəkdə Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək magistral yolun özülü olacaq. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək. Sovet dövründən etibarən Böyükşor gölünə sənaye və məişət tullantı sularının və neft qalıqlarının axıdılmasının qarşısı artıq böyük həcmdə alınıb. Layihənin icrasına başlamazdan əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları axıdılırdı. İndi bu mənbələr layihə ərazisində tamamilə ləğv edilib, qalan sahədə isə 36-ya endirilib və bu göstərici azalmaqdadır. Gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 120 min mq/kiloqramdan 86-ya enib ki, bu da gölün dibinin artıq ekoloji normalar çərçivəsində olması deməkdir. Layihə ərazisinin cənub sahili boyunca çirkab suların qarşısının alınması üçün kanalizasiya xətti çəkilib və bu hissədə çirklənmə mənbələrinin qarşısı tamamilə alınıb. Gölə axıdılan bütün mənbələrin qarşısının alınması suyun keyfiyyətini yaxşılaşdırır. Neftlə çirklənmiş əsas ərazi - layihə ərazisinin Balaxanı qəsəbəsi tərəfindədir. Qədim Balaxanı neft yataqlarının gölün bu hissəsini çirkləndirən neft tullantılarının qarşısının alınması üçün Balaxanı qəsəbəsi tərəfdən gölün tarixi məcrasının sərhədləri boyunca 1850 metr uzunluğunda bənd inşa edilib.
Bildirildi ki, gölün birinci mərhələsi üzrə əsaslı tikinti işləri başa çatdırılıb. Layihə ərazisinin şərq və cənub sahilində bulvar və park salınır. Ümumi abadlıq işlərinin sahəsi 15 hektara yaxındır. Gölün dibinin xüsusi qurğular vasitəsilə təmizlənməsi işləri qrafik üzrə icra olunur və artıq layihə ərazisinin dibinin 92 faizi təmizlənib. Park-bulvarın bu ilin mayında paytaxt sakinlərinin və qonaqların istifadəsinə verilməsi planlaşdırılır.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Qısa müddətdə görülmüş işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin dinamikası müsbətə doğru dəyişib.
Prezident İlham
Əliyev görülən işləri yüksək qiymətləndirdi,
müvafiq tapşırıq və
tövsiyələrini verdi.
Azərbaycan.-2015.- 19 mart.- S.2.