Qarsda Heydər Əliyev adına Anadolu

texniki-peşə liseyi istifadəyə verilib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri

 

Martın 17-də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili açılış mərasimində iştirak ediblər.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.

Əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi.

 

Sonra Türkiyənin milli təhsil naziri Nəbi AVCI çıxış etdi. Nazir 960 şagird yerlik bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz arasında qardaşlıq və dostluq münasibətlərinin gözəl nümunəsi adlandıraraq dedi: “Bu məktəb ölkələrimiz və xalqlarımız arasındakı sarsılmaz əlaqələrin güclü nişanəsidir”. Nəbi Avcı məktəbin qurulmasındakı xidmətlərinə görə azərbaycanlı qardaşlarına minnətdarlığını bildirdi.

 

X X X

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

 

- Çox hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Çox hörmətli Gürcüstan Prezidenti, əziz qardaşım Giorgi Marqvelaşvili.

Əziz bacılar və qardaşlar.

İlk növbədə qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam, bunu ifadə etmək istəyirəm. Xüsusilə, qədim türk torpağı olan Qarsda olmağımdam çox məmnunam. Qars qədim türk dünyasının tarixi yeridir və belə məktəbin məhz Qarsda açılması böyük məna daşıyır.

 

Bu məktəb mənim atamın, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adını daşıyır. Bu gün Qarsda hava limanına enərkən ilk növbədə, Heydər Əliyevin adını daşıyan parkı, onun abidəsini ziyarət etdim. Azərbaycan xalqının lideri Heydər Əliyevin xatirəsinə Türkiyədə, Qarsda olan hörmətə görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

 

Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük xidmətlər göstərmişdir. Daim çalışırdı ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı daha da möhkəm olsun. Onun məşhur kəlamı bizim hamımız üçün bir nümunədir. O demişdir: Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Biz bu siyasətə sadiqik və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla son 11 il ərzində Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirmək üçün böyük səylər göstəririk.

 

Biz bütün məsələlərdə bir yerdəyik. Siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıra bilmişik. Bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Türkiyənin artan gücü bizi də gücləndirir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər ərzində böyük yol keçmişdir. Bunu bu gün Qarsda görülən işlər də təsdiqləyir. Burada tikilən binalar, məktəblər, xəstəxana, sosial obyektlər Qarsın simasını dəyişmişdir. Türkiyənin hər bir yerində inkişaf göz qabağındadır. Türkiyə bu gün dünyada böyük güc mərkəzinə çevrilmişdirböyük iyirmilərin - “G-20”nin toplantısına qardaş ölkəni - Azərbaycanı dəvət etmişdir. Buna görə bir daha əziz qardaşıma - Türkiyə Prezidentinə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu, əsl qardaşlıq yanaşmasıdır. Biz hər yerdə bu qardaşlığı möhkəmləndiririk.

 

Bu gün, eyni zamanda, Qarsda TANAP layihəsinin təməli qoyulur. TANAP bizim müştərək layihəmizdir. Üç il bundan öncə İstanbulda TANAP layihəsi imzalandı. Bu gün biz artıq bu layihənin təməlini qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni bir mənzərə ortaya qoyur. Birgə həyata keçirdiyimiz enerji layihələri bizi gücləndirir, xalqlarımız üçün yeni imkanlar, yeni yerləri yaradır, iqtisadi, siyasi gücümüzü artırır. Azərbaycan Türkiyəyə sərmayələr qoymağa başlamışdır. SOCAR - Azərbaycan Dövlət Neft Şirkəti Türkiyəyə 20 milyard dollar dəyərində sərmayə qoymağa başlamışdır. Bu sərmayə nəticəsində bizim bütün önəmli enerji layihələrimiz həyata keçiriləcəkdir. Eyni zamanda, SOCAR Türkiyənin təhsil sektoruna da sərmayə qoymağa başlamışdır. Qarsda, Ankarada, Kocaelidə, Ceyhanda, Əliağada beş lisey və məktəb tikilmişdir. Bu, təhsil sektoruna qoyulan sərmayədir. Yəni, bu, bizim gələcəyimizə qoyulan sərmayədir. Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Biz çalışmalıyıq ki, həm Azərbaycanda, həm Türkiyədə bu məsələləri bundan sonra da inkişaf etdirək.

 

Bizim gənclərimiz gərək bilikli, savadlı olsunlar. Bilik, savad bu dünyada hər şeyi həll edir. Bilik, savad texnoloji tərəqqini, inkişafı şərtləndirir. O ölkələr gələcəkdə daha da güclü olacaqlar ki, orada təhsilin səviyyəsi yüksəkdir. Belə olan halda Türkiyədə bu sahəyə ayrılan diqqət bizi həddindən artıq sevindirir.

Azərbaycanda da təhsil sahəsi prioritetdir. Son 11 il ərzində Azərbaycanda 3 minə yaxın məktəb tikilib təmir edilmiş gənclərimiz üçün çox gözəl imkanlar yaradılmışdır.

 

Bu məktəbdə peşə sahibləri oxuyacaqlar. Buranı bitirən peşə sahibləri sonra Türkiyə və Azərbaycan maraqlarını qoruyacaqlar. Bu, artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə məktəbin açılması əlbəttə ki, bizim hamımızı ürəkdən sevindirir. Gənclər bilikli, savadlı, eyni zamanda, vətənpərvər, öz Vətəninə bağlı olmalıdırlar. Tarixi də yaxşı bilməlidirlər və tarixi həqiqətləri həm bilməli, həm təbliğ etməlidirlər.

 

Əfsuslar olsun ki, Türkiyəyə və Azərbaycana qarşı bu gün çirkin kampaniya aparılır. Bizim keçmişimizi qaralamaq, bizə şər, böhtan atmaq, bugünkü uğurlu inkişafımızı inkar etmək üçün bəzi xarici dairələr durmadan bizə qarşı kampaniya aparırlar. Biz isə buna öz işimizlə cavab veririk. Bu gün Türkiyə və Azərbaycan kimi dünyada inkişaf edən ikinci ölkələr tapmaq çox çətindir. Bütün böhranlara baxmayaraq, bu gün biz inkişaf edirik. Bizim inkişafımız siyasi iradə, tarixi həqiqət üzərində qurulubdur. Biz gələcəyimizi tarixi həqiqət üzərində qururuq, tarixi gənc nəsillərə olduğu kimi təqdim edirik. Bəzi başqa ölkələr kimi, tarixi təhrif etmirik, öz gələcəyimizi yalan, böhtan üzərində qurmuruq. Əfsuslar olsun ki, bu gün Türkiyəyə və Azərbaycana qarşı əsassız iddialar irəli sürən işğalçı erməni dövləti yalan üzərində qurulubdur. Onların tarixi də yalandır, onların bizə qarşı irəli sürdüyü iddialar da əsassızdır. Tarix var, həqiqət var, tarixi sənədlər var. Onlar açıq sənədlərdir. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Türkiyə-Azərbaycan birliyi bu gün dünya miqyasında artıq inkaredilməz amildir. Türkiyə dünya birliyinin önəmli ölkəsidir. Azərbaycanın da imkanları artır. Biz enerji, nəqliyyat layihələrimizi həyata keçirməklə birliyimizi daha da gücləndiririk. Təsadüfi deyil ki, Bakı-Tibilisi-Qars dəmir yolunun təməl daşı da Qarsda qoyulmuşdur, TANAP layihəsinin təməli də Qarsda qoyulacaqdır.

 

Bu gün bizimlə bərabər qardaş Gürcüstan dövlətinin Prezidentiiştirak edir. Buna görə mən çox minnətdaram ki, o, bu gün bizimlə bərabərdir. O, TANAP layihəsinin təməlqoyma mərasimi üçün Qarsa gəlmişdir. Amma, eyni zamanda, bu gün Heydər Əliyev adına olan məktəbin açılışında da iştirak edir. Bizim üçtərəfli əməkdaşlığımız, qardaşlığımız, birliyimiz əbədidir. Üç ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə bundan sonra da bir yerdə olacaq, bir yerdə öz gələcəyini quracaq, bir-birinə həmişə dayaq, arxa olacaqlar.

 

Əziz bacı və qardaşlarım, mən Qarsda olmağımdan çox məmnunam. Mən Qarsı yenilənmiş, inkişafda olan şəhər kimi görürəm və buna görə sizə, Türkiyə hökumətinə, dövlət başçısına minnətdaram. Qars bütün türk dünyası üçün əziz diyardır, əziz şəhərdir. Əminəm ki, bu gün Qarsda görülən işlər, xüsusilə TANAP layihəsinin icrası Qars üçün yeni imkanlar açacaqdır.

Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

 

Azərbaycan.-2015.- 19 mart.- S.3.