Qarsda Heydər
Əliyev adına Anadolu
texniki-peşə
liseyi istifadəyə verilib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə
işgüzar səfəri
Prezident Rəcəb Tayyib
Ərdoğanın çıxışı
- Cənab Azərbaycan Prezidenti, cənab Gürcüstan Prezidenti, dəyərli qonaqlar, sevgili qarslılar, xanımlar və cənablar. Sizləri ən səmimi duyğularla salamlayıram.
Cənab İlham Əliyev başda olmaqla dost və qardaş Azərbaycandan və cənab Giorgi Marqvelaşvili başda olmaqla Gürcüstandan gələn qonaqlarımıza, Avropadan, ABŞ-dan gələn qonaqlarımıza ölkəmizə, Qarsımıza “Xoş gəldiniz!” deyirəm.
Açılışını etdiyimiz Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyinin və digər məktəblərin Qarsa və ölkəmizə xeyirli olmasını diləyirəm. 424 şagirdə xidmət edəcək, 32 sinif, 200 şagirdi olan yataqxanası, idman zalı, müasir emalatxanaları, laboratoriyaları və digər təchizatı olan bu məktəbi nümunəvi bir tədris müəssisəsi kimi görürəm. Azərbaycanla aramızdakı qardaşlıq əlaqələrinin səmimi bir rəmzi olaraq gördüyüm Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyinin şəhərimizə bəxş edilməsində zəhməti olan hər kəsə təşəkkür edirəm. Qarsda bu məktəbin inşa edilməsinə dəstək olan Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev qardaşıma təşəkkür edirəm.
Əvvəllər də azərbaycanlı qardaşlarımız Ceyhanda Heydər Əliyev adına Anadolu Texniki-Peşə Liseyini inşa edərək adanalı qardaşlarımıza ərməğan etmişdilər. Biz də İğdırda Heydər Əliyev adına Fənn Liseyini istifadəyə vermişdik.
2011-ci ildə təməlqoyma mərasimində iştirak etdiyim Qarsdakı bu məktəb əslində 2013-cü ilin sonunda təlim-tədrisə başlayıb. Bu gün isə məktəbin rəsmi açılışını həyata keçiririk. Beləliklə, Azərbaycan xalqına və Türkiyə-Azərbaycan dostluğuna xidmətlərini daim hörmətlə, ehtiramla, təqdirlə andığımız mərhum Heydər Əliyevin adını ölkəmizin hər guşəsində yaşadırıq və yaşatmağa da davam edəcəyik. Bu gün burada, həmçinin Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən şəhərimizdə istifadəyə verilən 112 sinfin də açılışını edirik. Hamısının xeyirli olmasını diləyirəm. Qonaqlarımızla birlikdə bir müddət sonra təməlqoyma mərasimində iştirak edəcəyimiz TANAP layihəsinin də Türkiyə-Azərbaycan-Gürcüstan və layihənin Avropa hissəsində yer alan bütün ölkələr üçün xeyirli olmasını diləyirəm.
Cənab prezidentlər! Dəyərli qardaşlarım.
Çıxışımın əvvəlində martın 21-də qeyd edəcəyimiz Novruz bayramımızı indidən təbrik edirəm. Novruzdan əvvəlki çərşənbə, yəni, İlaxır çərşənbə Azərbaycanda bayramın ən şən, ən gözəl və coşqulu gecəsi kimi qeyd edilir. Bu münasibətlə oxunan Qurani-Kərimin, edilən duaların, yoxsullara verilən sədəqələrin qəbul olunmasını diləyirəm. Azərbaycan başda olmaqla Orta Asiyadan Balkanlaradək bütün coğrafiyamızın bu beş min illik ortaq bayramının birliyimizə, həmrəyliyimizə vasitə olmasını diləyirəm. Baharın müjdəçisi olan Novruzun regionumuzda və bütün dünyada sülhün və əmin-amanlığın da müjdəçisi olmasını könüldən arzulayıram.
Bu il anadan olmasının 90-cı ilini qeyd etdiyimiz və 2009-cu ildə itirdiyimiz böyük şairimiz Bəxtiyar Vahabzadənin o gözəl şeirində ifadə etdiyi kimi:
Bir ananın iki oğlu,
Bir amalın
iki qolu.
O da ulu, bu
da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum,
Ata yurda könül
verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Bəli, Azərbaycan bizim üçün sadəcə
dövlətlərdən bir
dövlət, azərbaycanlı
qardaşlarımız da
millətlərdən bir
millət deyildir. Biz eyni dili danışan,
eyni inanca mənsub, ortaq bir tarixi keçmişi
olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik.
1918-ci ildə Bakını
işğaldan azad edən Qafqaz İslam Ordusunun yarısı Anadolu xalqından, yarısı da Azərbaycan xalqından ibarət idi. Bakını, Gəncəni,
Dərbəndi, Dağıstanı
düşməndən bu
qardaşlar çiyin-çiyinə
verərək yan-yana şəhid olaraq azad ediblər. Bu gün də
Dağlıq Qarabağda
zülmə məruz qalan azərbaycanlı qardaşlarımızın dərdini,
inanın, Anadolu torpaqlarındakı hər
qardaşımız ürəyində
hiss edir. Bizim nəzərimizdə
Qarsdakı, İğdırdakı,
Ərzurumdakı vətəndaşımızla
Naxçıvandakı qardaşımız
arasında heç bir fərq yoxdur.
Bizim üçün İzmir,
İstanbul, Ankara, Antalya nədirsə,
Bakı da elədir. Eyni zamanda Trabzon, Samsun bizim üçün nədirsə, Batum, Tiflis də bizim üçün
odur.
Mən bu gün soyuq havaya baxmayaraq, burada Prezident həmkarlarımla birlikdə
bizlərlə birgə
bu həyəcanı paylaşdığınız üçün
sizlərə təşəkkür
edirəm. İnşallah, indi Selim rayonuna gedəcəyik.
Orada, inşallah, TANAP layihəsinin
təməlini qoyacağıq.
İnşallah, ən qısa
zamanda da Azərbaycan təbii qazını Gürcüstan
və Türkiyə ərazisindən Avropaya göndərəcəyik.
Hamınızı ən səmimi duyğularla salamlayıram. Sizlərə xoşbəxtlik, cansağlığı
arzulayıram. Novruzumuz xeyirli
olsun, deyirəm.
Azərbaycan.-2015.- 19 mart.- S.3.