Novruz bayramı münasibətilə
Azərbaycan xalqına təbrik
Hörmətli
həmvətənlər!
Sizi əziz
Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik
edir, hər birinizə cansağlığı, səadət və
uğurlar arzulayıram.
Novruz
bayramı mənşəyini uzaq keçmişimizin ən dərin
qatlarından alıb Azərbaycan xalqının mənəviyyat
aləminin zənginliyini günümüzədək layiqincə
yaşadır. Tanrının misilsiz hikmətlə
yaratdığı təbiətə sonsuz sevgi və yüksək
ehtiramın parlaq təzahürü olan bu bayramda ulu
babalarımızın minilliklərin sınağından
çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü
tapmışdır. Odlar diyarını sivilizasiyaların
qovuşuğundakı qədim mərkəz olaraq
tanıdıb şöhrətləndirmiş mədəni sərvətlər
xəzinəmizdə Novruz mərasimləri müstəsna
mövqeyə malikdir. Ali ümumbəşəri dəyərlərin
daşıyıcısı Bahar bayramının dünya
irsinin şah əsərləri sırasında olması hər
bir azərbaycanlıya qürur verir.
Yaz
bayramı özündə qoruyub saxladığı misilsiz mənəvi
qüvvət sayəsində tariximizin ən çətin və
mürəkkəb dövrlərində belə gələcəyə
nikbin baxmağımızı təmin etmişdir. Ötən
əsrin sonlarına doğru müstəqil dövlətçilik
idealımıza yenidən qovuşduqdan sonra o, rəsmi milli
bayram statusunu qazanmışdır. Builki Novruz bayramını
Birinci Avropa Oyunları ərəfəsində qeyd edirik. Yeniləşən,
müasirləşən Azərbaycan müxtəlif ölkələrdən
çoxsaylı iştirakçıları Novruz günlərində
xüsusən aydın ifadəsini tapan ənənələrimizə
uyğun böyük qonaqpərvərliklə qəbul etməyə
hazırlaşır. Ümidvaram ki, xalqımıza xas ürək
açıqlığı bu Oyunları mühüm idman və
mədəniyyət bayramına çevirəcək, onun
insanların yaddaşlarında unudulmaz hadisə kimi həkk
olunmasına xidmət göstərəcəkdir.
Novruz
bayramını ölkəmizin hüdudlarından uzaqlarda
bütün soydaşlarımız azərbaycançılıq
məfkurəsi işığında bizimlə birgə
qarşılayırlar. Bu ümumxalq bayramı qoy hər
ocağa, hər ailəyə bol sevinc, firavanlıq və
ruzi-bərəkət bəxş eləsin.
Novruz
bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il.
Azərbaycan.-2015.-
19 mart.- S.1.