Trans-Anadolu qaz boru kəmərinin
təməli qoyulub
Xəbər verdiyimiz kimi, martın 17-də Türkiyənin
Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri –
TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli
mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan
Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.
Əvvəlcə TANAP layihəsinə həsr olunmuş
film nümayiş etdirildi. Filmdə qeyd olunur ki,
TANAP Türkiyə və Azərbaycan
qardaşlığının Anadoluya atılan
imzasıdır. Azərbaycanın və
Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə
üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb.
Layihə Azərbaycandan başlayan genişlənmiş
Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə
kəmərlə əlaqələndirəcək.
Beş il ərzində reallaşması nəzərdə
tutulan layihə bir neçə mərhələdə həyata
keçiriləcək və ilk mərhələ 2018-ci ildə
başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql
olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23
milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə
çatdırılacaq. İlk dövrdə TANAP kəməri
ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan
qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə
Türkiyəyə satılacaq. Avropa
üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan
və ya Türkiyə-Yunanıstan sərhədində təhvil
veriləcək.
Mərasimdə
Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət
himnləri səsləndi.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Rövnəq ABDULLAYEV mərasimdə çıxış edərək
dedi:
- Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan.
Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşvili.
Hörmətli nazirlər və dəyərli
iştirakçılar. Sizi bu tarixi gündə salamlamaqdan
böyük qürur duyuram. Xoş gəlmisiniz.
Müasir Azərbaycanın qurucusu ulu öndərimiz Heydər
Əliyevin tarixə düşmüş “Bir millət, iki
dövlət” kəlamı məfkurəyə çevrilərək
hər iki dövlət tərəfindən mənəvi olaraq
mənimsənildi. Biz də SOCAR olaraq cənab Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələri
ilə ölkələrimizin arasındakı qardaşlıq əlaqələrini
iqtisadi istiqamətdə də gücləndirmək, strateji sərmayələrlə
dəstəkləmək üçün üzərimizə
çox önəmli bir vəzifə götürdük.
Beləliklə
2008-ci ilin mayında Türkiyənin ən dəyərli
şirkətlərindən biri olan, bu il 50 illiyini qeyd etdiyimiz
“Petkim”in satın alınması, sonra isə Petkim
yarımadasındakı neft emalı zavodu, enerji, neft-kimya və
liman investisiyaları Azərbaycanı Türkiyənin ən
böyük xarici sərmayəçisi etmişdir.
Bütün bunlara əlavə olaraq, SOCAR-ın
qarşısında qoyulan bu vəzifə sayəsində
2012-ci ildə əsrimizin qızıl layihəsi olan və
maliyyə dəyəri 10 milyard dolları ötən TANAP
layihəsinə sərmayə qoyulmasına başladıq. Bu layihə
ideya kimi ortaya çıxdıqdan cəmi altı ay sonra –
rekord qısa vaxtda dövlətlərarası müqaviləyə
çevrildi.
TANAP kimi meqalayihənin belə qısa müddətdə
inşasına başlanılması bu günədək tarixdə
görülməmiş bir uğurdur. Bu uğurun əsl
memarları isə bu gün bizim mərasimə təşrif
buyuraraq bizi şərəfləndirən prezidentlər cənab
İlham Əliyev və cənab Rəcəb Tayyib
Ərdoğandır. Onların dəstəyi,
himayəsi və iradəsi ilə biz bu layihənin
önündəki bütün çətin əngəlləri
aşaraq bu gün TANAP layihəsinin təməlqoyma mərasiminə
gəlib yetişdik. Bütün bu layihələri
gerçəkləşdirərkən bizə inanıb dəstək
verdiklərinə və himayə etdiklərinə görə
hər iki böyük dövlət başçısına -
cənab Prezident İlham Əliyevə və cənab Prezident
Rəcəb Tayyib Ərdoğana hüzurunuzda minnətdarlığımı
bildirmək istəyirəm.
Eyni
zamanda, TANAP layihəsinin hər mərhələsində
vermiş olduğu dəyərli dəstəyinə görə
enerji naziri cənab Taner Yıldıza və Türkiyə
Respublikasının Enerji və Təbii Sərvətlər
Nazirliyinə, BOTAŞ şirkətinin əməkdaşlarına,
bununla yanaşı, SOCAR və TANAP-dakı əziz iş
yoldaşlarıma və zəhməti olan hər kəsə təşəkkür
edirəm.
Belə soyuq və sərt bir iqlimdə bizimlə bir yerdə
olub bu sevinci və qüruru paylaşdığınıza
görə hər birinizə minnətdaram. Hamınızı
bir daha salamlayıram.
X X X
ABŞ
Dövlət Departamentinin enerji ehtiyatları bürosunun
xüsusi nümayəndəsi Amos HOXSTAYN
çıxış edərək dedi:
- Prezident
Ərdoğan. Prezident Əliyev. Prezident
Marqvelaşvili.
Bu gün burada Prezident Obamanı və dövlət
katibi Kerrini təmsil etmək mənim üçün şərəfdir. Bir neçə ay bundan
öncə, “Əsrin müqaviləsi”nin
20-ci ildönümü ilə əlaqədar keçirilən
tədbirdə iştirak etmək üçün Azərbaycanda
olarkən dediyim kimi, ABŞ “Cənub” qaz dəhlizini 20 il
bundan əvvəl başladığımız
Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi
görür.
Hələ
o zaman Türkiyə və Azərbaycan hökumətləri Avropanın enerji
təhlükəsizliyinin kritik elementlərini təmin etməyə
və həyata keçirilməsi mümkün olan potensial
imkanı reallaşdırmağa nail olmuşdular.
Prezident Ərdoğan
və Prezident Əliyevin rəhbərliyi ilə biz bu gün
Avropanın enerji təhlükəsizliyində yeni dövrə
başlamaq və “bu, mümkünsüzdür” deyənlərin
əksinə həqiqi rəhbərlik və öhdəliklə
bunun mümkün olduğunu və bu kimi layihələrin nəinki
mümkün olduğunu, hətta reallıq
olacağını bütün dünyaya göstərmək
üçün buraya yenidən toplaşmışıq.
Bu gün biz başlanğıc nöqtəsi TANAP və davamı TAP olan layihəyə və Avropaya
çatdırılacaq qaz axınına nəzər yetirdikdə
görərik ki, Gürcüstan, Yunanıstan, Albaniya tərəfdaşları
ilə birlikdə Azərbaycan və Türkiyə hökumətləri Avropada və dünyada enerji təhlükəsizliyinin
yeni reallığının mühüm elementlərinə
çevriləcəklər. Belə layihələrə
başlamaq üçün təsəvvürə malik olmağın, bu kimi layihələri həyata
keçirmək üçün dünyanın hər tərəfindən
şirkətləri bir araya toplamağın nə qədər
əhəmiyyətli olduğunu
hər gün bizə xatırladırlar. ABŞ
hökuməti bu layihənin mühüm əhəmiyyətə
malik olduğuna inanır və Avropada enerji təhlükəsizliyinə
sadiqdir. Buna görə də ABŞ
hökuməti “Cənub” qaz dəhlizi kimi layihənin TANAP və
TAP vasitəsilə reallaşmasının öz milli təhlükəsizlik
maraqlarına uyğun olduğunu düşünür.
Bu gün ABŞ hökuməti adından Sizə söz verirəm
ki, indiyə qədər olduğu kimi, biz bu layihəni dəstəkləməyə
davam etmək, onun reallaşmasını təmin etmək və
qarşımıza çıxan maneələri birlikdə
aradan qaldırmaq üçün əlimizdən gələni
edəcəyik. Nitqimi
hər üç ölkənin prezidentini təbrik
etməklə yekunlaşdırmaq istəyirəm. Çünki nəticədə şirkətlərin
apardığı mükəmməl işlər olsa da, bu
layihənin reallığa çevrilməsi ölkələrin
ortaya qoyduğu mükəmməl rəhbərlik və səylər
nəticəsində mümkün olmuşdur.
Bunun üçün
də bu gün biz Sizi alqışlayır, təbrik edir və
layihə davam etdikcə öz dəstəyimizi əsirgəməyəcəyik. Çox sağ
olun.
X X X
Avropa
Komissiyasının enerji birliyi üzrə sədr müavini
Maroş ŞEFÇOVİÇ çıxış edərək
dedi:
- Zati-aliləri,
hörmətli prezidentlər.
Hörmətli nazirlər, iştirakçılar.
TANAP layihəsini təməlqoyma mərasimində burada
olmaqdan böyük məmnunluq duyduğumu ifadə etmək
istəyirəm.
Bu gün həqiqətən tarixi bir gündür. Mən bu
çox mühüm tarixi gündə prezident Yunkeri və
Avropa Komissiyasını təmsil etmək üçün dəvətinizə
görə Sizə səmimi qəlbdən təşəkkürümü
bildirmək istərdim. 2014-cü ilin
sentyabrında Bakıda Cənubi Qafqaz boru kəmərinin təməlqoyma
mərasimi keçirildi. Cəmi 6 aydan
sonra biz bu gün burada “Cənub” qaz dəhlizinin tikintisinin
növbəti mərhələsini qeyd etmək
üçün toplaşmışıq. Düşünürəm ki, bu, nəhəng
infrastruktur layihəsinin həyata keçirilməsi ilə
bağlı əldə olunan yaxşı irəliləyişi
aydın nümayiş etdirir. “Cənub” qaz
dəhlizi Avropa üçün böyük strateji əhəmiyyətə
malikdir. Bu, hazırda Avropanı yeni
marşrutlar, yeni qaz mənbələri ilə təmin edəcək
yeganə layihədir. Avropa Komissiyası, Avropa
İttifaqı bu layihəyə böyük diqqət yetirir.
Bildiyiniz kimi, üç həftə əvvəl biz
enerji birliyinin yeni çərçivə strategiyasını
təqdim etdik.
Bu strategiyada “Cənub” qaz dəhlizinin
Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək
əsas strateji təşəbbüs kimi göstərilməsini
təmin etdik. TANAP Xəzər dənizindən
təyinat nöqtəsi olan İtaliyanın Puliya regionuna
mühüm bağlantını əks etdirir. 1850 kilometr uzunluğunda boru xəttindən ibarət
olan TANAP bu layihənin ən uzun hissədir. Ona görə
də mən Azərbaycan, Türkiyə, Gürcüstan
prezidentlərini və hökumətlərini, həmçinin
TANAP konsorsiumunu, xüsusilə də SOCAR, BOTAS və bp şirkətlərini
indiyədək görülmüş mükəmməl
işlər münasibətilə təbrik etmək istərdim.
Çünki indiyədək şahidi
olduğumuz irəliləyiş bizim vaxt qrafikinə əsasən
hərəkət edə biləcəyimizin, razılaşmalar
əsasında işləyəcəyimizin və belə layihələrlə
əlaqədar hər zaman ortaya çıxan bütün maneələrin
və çətinliklərin öhdəsindən gələ
biləcəyimizin aydın sübutudur.
Mən bir daha Azərbaycan Prezidenti İlham Əliyevə
fevralın 12-də Bakıda belə mühüm bir layihənin
həyata keçirilməsi zamanı ortaya çıxan
potensial problemlərin öhdəsindən gəlməyə
kömək edəcək xüsusi məşvərət
şurasının toplantısını təşkil etdiyinə
görə təşəkkürümü bildirmək istərdim. Bakıda
keçirilən birinci görüş normativ, inzibati, hətta
bəzən siyasi məsələlərin öhdəsindən
gəlinməsində nə dərəcədə faydalı
olduğunu sübut etdi. Sizi əmin etmək
istərdim ki, Avropa Komissiyası məşvərət
şurasında fəal rolunu davam etdirməyə və layihənin
vaxtında tamamlanması üçün əlindən gələni
etməyə hazırdır.
Sonda mən Avropa Komissiyasının enerji birliyi üzrə
sədr müavini kimi bir daha bu layihədə fəal
iştirak edəcəyimi bildirmək istəyirəm və
sıx əməkdaşlıq edəcəyimizi səbirsizliklə
gözləyirəm. Cənab prezidentlər, bir daha dəvətinizə
görə Sizə dərin təşəkkürümü
bildirmək istəyirəm. Bu, çox
mühüm tarixi hadisədir. Təşəkkür edirəm!
X X X
Türkiyənin
enerji və təbii sərvətlər naziri Taner YILDIZ
çıxış edərək dedi:
- Hörmətli
Prezidentim.
Azərbaycanın və Gürcüstanın hörmətli
prezidentləri.
Ölkə xaricindən və daxilindən gələn
hörmətli qonaqlar və mətbuat nümayəndələri.
Mən də nümayəndə heyətlərinizi sevgi
və hörmətlə salamlayıram.
Əvvəla,
ali himayənizlə siyasi iradə göstərərək,
hörmətli Prezidentim, hörmətli Prezident Əliyev ilə
birlikdə verdiyiniz dəstək bu layihənin
inkişafında çox mühüm rol oynamışdır.
Biz bu siyasi qətiyyətdən ilhamlanaraq
dostlarımız – SOCAR və bp ilə birlikdə bu layihəni
həyata keçiririk.
2035-ci ilə qədər dünyada karbohidrogenlərin
istehlakı təxminən 40 faiz artacaq. Dünyada
neftin 35, təbii qazın isə 70 faizi boru kəmərləri
ilə daşınır. Türkiyə
coğrafi mövqeyinin üstünlükləri ilə
yanaşı, şərqindəki resursları qərbindəki
istehlak nöqtələrinə çatdırmaqda son dərəcə
fəal mövqe nümayiş etdirir. Avropa
İttifaqına üzv ölkələrin təbii qazla təmin
edilməsi təhlükəsizliyinin bir hissəsi olmaq
baxımından Türkiyə istər öz ehtiyacları, istərsə
də qeyd etdiyimiz ölkələrlə bağlı cəhdlərini
davam etdirir.
Türkiyə Xəzər bölgəsindəki neftin
Bakı-Tbilisi-Ceyhan və təbii qazın
Bakı–Tbilisi-Ərzurum boru kəmərləri ilə ölkəmizə
gəlməsinə və xarici bazarlara çıxmasına səbəb
oldu. “Cənub” qaz dəhlizinin ən mühüm hissələrindən
biri TANAP-dır. Bu, bir zəncirvarı sistemdir.
Təbii qaz Xəzərdə hasil olunacaq,
Gürcüstana nəql ediləcək, TANAP ilə Türkiyədən
keçəcək və TAP vasitəsilə Yunanıstan,
İtaliya və Cənubi Avropaya çatdırılacaq.
Bu zəncirin hər bir halqası
özlüyündə çox vacibdir. Həmin
halqaların hər biri tamamlandıqda bu layihələr
başa çatacaq. 2011-ci, 2012-ci və 2013-cü illərdə,
nəhayət, 2013-cü il dekabrın 17-də
investisiya qərarı imzalandı.
17 dekabr Türkiyədə siyasi sabitliyin pozulmasına cəhdlər
tarixidir, amma, eyni zamanda, TANAP üçün də investisiya
qərarının qəbul olunduğu tarixdir. Hansı
qazansa idi, digərinə mane olacaqdı. İnvestisiya
qərarı qalib gəldi və Türkiyədəki siyasi
sabitliklə birlikdə bu layihə davam etdi. TPAO olaraq Azərbaycana sonsuz etimadımızla birlikdə
Xəzər bölgəsindəki payımızı
artıraraq 9 faizdən 19 faizə çatdırdıq.
Hörmətli
Prezident, buradakı təlimatlarınızla bərabər, istər
ölkə daxilində, istərsə də xaricində
axtarışlarımızı sürətləndirdik və
eyni qaydada TANAP-dakı ortaqlıq anlaşmamızda
payımızı 30 faizə çatdırdıq.
50 milyard
kubmetr təbii qaz istehlak edən Türkiyə bu layihə ilə
birlikdə 20 vilayətdə, 67 qəsəbədə və
600 kənddə 5 minə yaxın iş yerinin
açılmasını reallaşdıracaq. Bildiyiniz
kimi, qrafiki qabaqlayırıq.
Hörmətli
Prezidentim, bizə bu layihələri həyata keçirin deyərkən
ətraf mühitə mütləq diqqət edin demişdiniz. Baxın, TANAP-ın marşrutu müəyyən
olunarkən çox maraqlı bir nümunə ilə
qarşılaşdıq. Bunlardan biri
Qarsın qədim Qazi kəndindəki tarixi qəbiristanlıq
ərazi idi. Sivasın Əmrə kəndində
də belə bir ərazi var idi. Əskişəhərin
Hamam Qara divarında isə Bizans dövrünə aid məzarlar
tapılmışdı. Ona görə də
istər Bursadakı çiyələk tarlaları, istərsə
də tarixi və mədəni abidələr marşrutumuzu
müəyyənləşdirərkən nəzərə
alındı. Biz bu layihəni irəlilətmək
üçün Ədalət və İnkişaf Partiyasının,
hökumətimizin mühüm dəstəyi və
Prezidentimizin himayəsi ilə yolumuza davam edəcəyik.
Bizə tapşırılan bu layihəni,
inşallah, vaxtında tamamlayacağıq.
Mən bu işdə əməyi olan bütün
dostlarıma bir daha təşəkkür edirəm və
hamınızı ehtiramla salamlayıram.
X X X
Sonra Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili
çıxış etdi.
Prezident
Giorgi Marqvelaşvilinin çıxışı
-
Türkiyə Respublikasının Prezidenti, cənab
Ərdoğan.
Azərbaycan Respublikasının Prezidenti hörmətli
cənab Əliyev.
Hörmətli
nazirlər, dost ölkələrin dəyərli təmsilçiləri.
Xanımlar və cənablar.
Çıxışıma
əvvəlcə dostum, Türkiyə Prezidenti Ərdoğana
bu gözəl dəvətə və tədbirə ev sahibliyi etdiyinə görə təşəkkürümü
bildirməklə başlamaq istəyirəm. Bu
gün çox gözəl gündür və burada olmaq da
gözəldir.
Trans-Anadolu boru kəmərinin təməlinin
qoyulması bizim üçün çox önəmli hadisədir. Bu layihənin
uğurlu olacağını bilirəm və bunu sizinlə də
paylaşmaq istəyirəm. Bunun səbəbi
ölkələrimiz arasında son 10 ildə əldə edilən
böyük işbirliyi və dostluqdur. Bu,
sadəcə önəmli bir layihə deyil. Ölkələrimizin
liderləri bu layihənin təməlini bir neçə il əvvəl qoyub, biz orada da bu, işbirliyini
gördük. O gün atdığımız addımlar nəticəsində
bu gün artıq buradayıq və bu ölkələrin, yəni,
Türkiyə ilə Azərbaycanın rolu bu mənada
çox önəmlidir, dünya siyasətində də bu
ölkələrin önəmi artır.
Hörmətli Heydər Əliyevi yad etdik. O, Gürcüstanın dostu
idi və Gürcüstan hələ də bu dostluğa
böyük önəm verir və üzərinə
götürdüyü öhdəliyi dərindən dərk
edir. Gürcüstan tranzit ölkə olmasına
baxmayaraq, bu layihədəki vəzifəsinə və öhdəliklərinə
böyük önəm verir. Bu mənada dəhlizin
təhlükəsizliyini təmin etmək üçün
üzərimizə düşənləri sona qədər həyata
keçirəcəyimizi bildirmək istəyirəm. Bu layihə sadəcə Gürcüstana deyil,
qonşularımıza da fayda gətirəcək bir layihədir
və öz mənfəətimiz və
qonşularımızın rifahı üçün üzərimizə
düşənləri, əlbəttə, həyata
keçirməyə hazırıq.
Gürcüstan da Avropa ilə Asiya arasında bir
qapı, keçid nöqtəsidir. Yüz illərdir
keçid nöqtəsi olmaq özəlliyi Gürcüstana
fayda gətirmişdir. Tranzit-keçid
nöqtəsi olmaq baxımından Gürcüstan bu nöqtələrin
əvvəlində və sonunda olanların maraqlarının
təhlükəsizliyi baxımından önəmlidir.
Bir tərəfimizdə Asiyaya - Çinə qədər
uzanan bir yol var, bir tərəfdə də Qərbə uzanan
yol var. Bu yollar çətinliklərlə dolu ola
bilər və o zəncirin bir həlqəsi kimi biz bölgəmizdə
üzərimizə düşəni həyata keçirməyə
çalışacağıq. Amma başqa vacib
məsələlər də var. Qitəmizdə 14 ölkə
var ki, onların Qara dənizə çıxışı
yoxdur. Sadəcə, Gürcüstan da daxil
olmaqla 8 ölkənin Qara dənizə
çıxışı var.
Ümumiyyətlə,
Gürcüstanın uğurlarını Türkiyə və
Azərbaycan kimi
dost və qardaş ölkələrin dəstəyi
olmadan əldə etmək mümkün deyil. Biz
regional baxımdan xoş niyyətlə öz münasibətlərimizi
davam etdiririk. Bunu sadəcə, enerji mənbələri
məsələsinə deyil, digər sahələrə də
aid etmək mümkündür. Bu gün
ölkələrimizin və xalqlarımızın rifahı məqsədilə
gələcəyə doğru daha bir önəmli addım
atırıq. Bu boru kəmərinin
“Şahdəniz”in ikinci mərhələsi olması çox
önəmlidir. “Şahdəniz” bölgəmizin,
Avropanın, bütün qitənin enerji təhlükəsizliyi
baxımından çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi də regiondakı
sabitlik baxımından mühüm əhəmiyyət
daşıyır. Bəzən enerji məsələsi
digər ölkələrə qarşı yönələ
bilir, bu baxımdan Avropa ilə Asiya arasında iqtisadi əlaqələr
mühüm əhəmiyyət kəsb edir. Bu layihə dediyim mənada çox mühüm dəhliz
yaratmaq, çox önəmli marşrut ortaya qoymaq
iqtidarındadır. Bütün bu yol əvvəldən
axıra qədər Gürcüstan, Azərbaycan və
Türkiyə ilə işbirliyi çərçivəsində
həyata keçirilmişdir. Bu layihə,
eyni zamanda, çox mühüm nəqliyyat və logistika layihəsidir.
Bizim ölkəmiz çox da böyük deyil.
İqtisadi inkişafımız da əsasən
regional layihələrlə əlaqəlidir. Gürcüstan iqtisadiyyatı üçün bu
layihələrə qoşulmaq, bu kimi beynəlxalq layihələrdə
iştirak etmək və bu baxımdan nümayiş etdirilən
işbirliyi strateji mənada mühüm əhəmiyyət
daşıyır. Eynilə bu, turizm və
ticarətə sirayət edir və edəcək də.
Bakı-Tbilisi-Ceyhan
Xəzər neftini Aralıq dənizinə, “Cənub” qaz dəhlizinin
önəmli qolu olan Bakı-Tbilisi-Ərzurum “Şahdəniz”
qazını Türkiyəyə daşıyır. Bunlar da bizim üçün mühüm layihələrdir.
Bundan əlavə, elektrik və enerji şəbəkələri
işbirliyi layihələrinə də böyük əhəmiyyət
veririk. Bütün bunlarla bağlı
faydalanacağımız fürsətlər bu gün də
realdır. Enerji müstəqilliyi və
enerji təhlükəsizliyi ölkələrimiz arasında
önəmli işbirliyi sahələridir.
Bakı-Tbilisi-Qars yeni nəqliyyat dəhlizi vasitəsilə
Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu
ilə bir-birinə bağlanacaq. Çindən, Asiya
ölkələrindən malların gəlişi getdikcə
artır və bununla bağlı təbii ki, bizim yaxşı
bazaya və logistik sistemə ehtiyacımız var. Buna görə
də Türkiyə və Azərbaycanla bu sahədə ticarət
tərəfdaşlığımızın yaranması bizim
iqtisadi inkişafımız üçün çox önəmlidir.
Hər üç ölkə bir-biriləri ilə
ticarət baxımından yaxşı tərəfdaşlardır,
bu sahədə əməkdaşlığımızın
daha da dərinləşdirilməsi lazımdır.
Ölkəmizə ən çox turist Türkiyə və Azərbaycandan
gəlir və biz onlara ev sahibliyi etməkdən
böyük şərəf və qürur duyuruq. Turizm,
yükdaşımalar, ticarət, enerji və digər sahələrlə
ölkəmizin inkişafı arasında olan əlaqəyə
nəzər salanda görürük ki, ölkələrimizin
tərəfdaşlığı baxımından bunların
regional mənada böyük təsirləri var. Enerji sahəsində
bu tərəfdaşlığı və işbirliyini
artırmaq lazımdır ki, bu potensialımızdan axıra qədər
istifadə edə bilək. Bununla da enerji təhlükəsizliyi
və enerji mənbələrinin şaxələndirilməsi
ilə bağlı hədəflərimizə çataq.
Çıxışımı yekunlaşdırarkən
bir daha hər kəsə dəvətə görə təşəkkür
edirəm və arzu edirəm ki, uğurlar hər zaman sizinlə
olsun. Bu mühüm günü heç vaxt unutmayaq.
Təşəkkür edirəm.
X X X
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev mərasimdə çıxış etdi.
Prezident
İlham Əliyevin çıxışı
- Hörmətli
Prezident Rəcəb Tayyib Ərdoğan, əziz
qardaşım.
Hörmətli
Prezident Giorgi Marqvelaşvili, əziz qardaşım.
Hörmətli xanımlar və cənablar.
Yenidən qardaş Türkiyədə olmağımdan
çox məmnunam. Mən ilin əvvəlində Türkiyədə
idim, qardaşımın dəvəti ilə Türkiyədə
dövlət səfərində idim. Bu
gün Türkiyədəyəm. Gələn
ay, inşallah, aprelin 24-də biz Çanaqqala zəfərini bərabər
qeyd edəcəyik. Yəni, bu,
özlüyündə bir göstəricidir.
Türkiyə
bizim doğma vətənimizdir və biz özümüzü
həmişə Türkiyədə öz evimizdəki kimi
hiss edirik. Bizim aramızdakı birlik, dostluq,
qardaşlıq əslində bu günü şərtləndirən
amildir.
Bu gün tarixi bir gündür – TANAP layihəsinə
start verilir, təməl daşı qoyulur. Bu layihə
enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi
layihəsidir. Amma ilk növbədə, bu
layihə Türkiyə-Azərbaycan birliyi,
qardaşlığı layihəsidir. Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra bizi
müstəqil dövlət kimi ilk tanıyan məhz qardaş
Türkiyə olmuşdur. O gündən bu günə qədər
biz bərabər irəliyə gedirik, bir-birimizi dəstəkləyirik,
bir-birimizin uğurlarına sevinirik, hər zaman bir-birimizə
arxa, dayaq oluruq.
Biz enerji layihələrimizi də birgə icra edirik. Bu gün bu salonda oturarkən
və dəyərli məsləkdaşlarımın
çıxışlarına qulaq asarkən sanki 21 il öncəyə
döndüm, yəni, xatirimdə o günlər canlandı –
1994-cü il 20 sentyabr, Bakı şəhəri,
Gülüstan Sarayı, “Əsrin kontraktı”nın
imzalanması mərasimi. Bəlkə biz o vaxt
heç təsəvvür edə bilməzdik ki, o gün nə
qədər böyük əhəmiyyət kəsb edir və
hansı böyük hadisələrə gətirib
çıxaracaq. O vaxt Azərbaycan müstəqil
dövlət kimi sadəcə üç ilə yaxın idi
ki, yaşayırdı. Bizim milli liderimizin – Heydər
Əliyevin baxışları, siyasi müdrikliyi, cəsarəti
sayəsində o vaxt Azərbaycanın yeni enerji strategiyası
başlamışdır. “Əsrin
kontraktı” əslində bu günə gedən yolumuzu
açdı. İlk dəfə olaraq biz Xəzər
dənizinə xarici neft şirkətlərini dəvət
etdik. O vaxta qədər Xəzər dənizi qapalı
bir su hövzəsi idi. Qısa müddət ərzində
“Azəri-Çıraq-Günəşli” yatağının
işlənməsinə başladıq. Buradan
ilk neft 1997-ci ildə çıxarılmışdır.
Ondan sonra təbii ki, bu neftin ixrac yolları
haqqında müzakirələr başlamışdır və
Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas ixrac marşrutu
kimi seçilmişdir. Xatırlayıram,
2006-cı ildə əziz qardaşım Prezident
Ərdoğanla bərabər biz Ceyhanda Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin açılışını qeyd
edirdik. Bu gün artıq bu layihəsiz
bölgənin və qitənin enerji təhlükəsizliyini
təsəvvür etmək mümkün deyil. Bakı-Tbilisi-Ceyhan əslində bir yol
açdı, bir enerji dəhlizi yaratdı. Bu gün artıq Qarsda xüsusi məmnunluq hissi ilə
qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu
da məhz bu enerji dəhlizi üzrə inşa edilir. Bu, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
inşasına da yol açdı. Yəni,
o tarixi günlər bu gün uğurlarımızı daha da
gücləndirir, çünki biz tarix əsasında gələcəyimizi
də qururuq, necə ki Türkiyə və Azərbaycan
xalqları öz gələcəyini müştərək
tarix üzərində qururlar.
Son 20 ilin tarixi hesab edirəm ki, dünya miqyasında
nadir bir tarixdir. 1996-cı ildə bp ilə SOCAR
arasında “Şahdəniz” qaz yatağının işlənməsinə
dair kontrakt imzalandı. O zaman biz bilmirdik ki, “Şahdəniz”
yatağında nə qədər qaz var. Ancaq yəqin ki, təxmin
edirdik, çünki əgər belə olmasaydı, o
yatağa “Şahdəniz” adı verilməzdi, yəni, dənizin
şahı. Xəzər dənizinin şahı
“Şahdəniz” öz adını doğrultdu. Bu gün “Şahdəniz” dünya miqyasında ən
böyük qaz yataqlarından biridir və “Cənub” qaz dəhlizi
üçün hazırda yeganə resurs mənbəyidir.
Mən ona görə hazırda deyirəm ki,
çünki əminəm, Azərbaycanın digər nəhəng
qaz yataqları yaxın zamanlarda qazı hasil edəcək və
beləliklə, biz “Cənub” qaz dəhlizini əlavə həcmlə
təmin edəcəyik.
TANAP layihəsinin tarixçəsi çox
qısadır, ancaq çox şərəflidir. 2012-ci ildə əziz
qardaşım Rəcəb Tayyib Ərdoğanla bərabər
biz İstanbulda TANAP anlaşmasını imzaladıq və
qısa müddət ərzində bu anlaşma dünya
miqyasında çox böyük dəstəyə nail ola bildi. Qısa müddət ərzində
artıq TANAP layihəsi gerçəkləşir, bu gün təməl
daşı qoyulur.
2013-cü ildə TAP layihəsi “Cənub” qaz dəhlizinin
tərkib hissəsi kimi seçilmişdir. Hazırda “Cənub” qaz dəhlizinin
tərkib hissələri, hər bir tərkib hissəsi üzrə
sürətli iş gedir. “Cənub” qaz dəhlizi dörd hissədən
ibarətdir: “Şahdəniz”, Cənubi Qafqaz qaz kəməri,
TANAP və TAP. Keçən il
sentyabrın 22-də biz Bakıda “Cənub” qaz dəhlizinin təməlini
qoyduq, indi işlər başlamışdır. Əminəm ki, bütün bu işlər cədvəl
üzrə gedəcək və biz bu işləri vaxtında
icra edəcəyik.
Bu gün “Cənub” qaz dəhlizi layihəsi Avropanın ən
böyük infrastruktur layihəsidir. Bu layihəyə
qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollardır.
Bu gün TANAP layihəsinin əsas
iştirakçıları Türkiyə və Azərbaycandır.
Çox şadam ki, bizim strateji tərəfdaşımız
bp şirkəti də səhmdar kimi bu layihəyə
qoşulmuşdur.
Azərbaycanın çox zəngin qaz ehtiyatları
vardır.
Ancaq təsdiq edilmiş qaz ehtiyatları 2,6
trilyon kubmetrə bərabərdir. Proqnoz
ehtiyatlar, yəni, ehtimal olunan ehtiyatlar isə ondan 2 dəfə
çoxdur. Bu resurs bazası bu gün “Cənub”
qaz dəhlizini təmin edir. Ancaq qeyd etdiyim kimi, bizim digər
yataqlar da var. İndi o yataqlar üzrə iş gedir. Əminəm ki, Azərbaycan qazı qonşu ölkələrə
və Avropaya böyük həcmdə nəql ediləcək.
“Cənub” qaz dəhlizinin əhəmiyyəti, eyni
zamanda, ondan ibarətdir ki, bu gün bizim regionumuzda - Avrasiyada
yeni bir əməkdaşlıq formatı yaranır. Biz ilk mərhələdə
üçtərəfli formatı yaratdıq - Türkiyə-Gürcüstan-Azərbaycan
enerji, nəqliyyat, siyasi, iqtisadi, strateji tərəfdaşlıq
formatı. Bu gün bu, real bir regional amil
kimi özünü göstərir. Amma bu
gün biz bu formatı genişləndiririk. Digər ölkələr bizim işlərimizə
qoşulur - Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya.
Balkan ölkələri gələcəkdə
Azərbaycan qazını ala biləcəklər. Mən buna əminəm. Eyni
zamanda, Nabukko layihəsinin üzvləri - Bolqarıstan
artıq bizim layihədə iştirak edir. Rumıniya, Macarıstan da əminəm ki, bu layihələrə
qoşula bilərlər və qoşulmalıdırlar. Çünki bir daha demək istəyirəm ki, qaz
resurs bazası kifayət qədər böyükdür.
“Cənub” qaz dəhlizinin ötürmə qabiliyyəti
kifayət qədər böyükdür və gələcəkdə
lazım olarsa bu imkanlar daha da genişlənə bilər. Biz
çalışmalıyıq ki, qonşu və dost ölkələri
maksimum dərəcədə öz təbii qazımızla təmin
edək. Beləliklə, yeni bir əməkdaşlıq
formatı yaranır. Bu işlərdə
iştirak edən ölkələr təbii müttəfiqlərə
çevrilirlər. Yəni, bu gün
Avrasiya bölgəsində çox ciddi və yeni bir müttəfiqlik
formatı yaranır. Bunun həm siyasi, həm
iqtisadi təsiri çox böyük olacaqdır. Bu ölkələrin tarixi, mədəniyyəti fərqlidir,
biz fərqli sivilizasiyalara mənsubuq. Ancaq
bizi birləşdirən xoş niyyətimizdir, eyni zamanda,
konkret layihələrdir. Ona görə “Cənub”
qaz dəhlizi sadəcə olaraq enerji layihəsi, boru kəməri
deyil, bu, ciddi siyasi təşəbbüsdür. Bu, iqtisadi mənfəət gətirən bir layihədir
və bu layihədə iştirak edən bütün ölkələr
mənfəət götürəcək.
Bizim əsas istəyimiz ondan ibarət idi ki, bütün
ölkələr qazansın. Hasil edən ölkə,
tranzit ölkələr, istehlakçı ölkələr -
onların maraqları birləşməlidir. Maraqlar balansı yarandı. Ancaq o təqdirdə
biz uğura nail ola bilərik. Bu məqsədlə biz keçən ay Bakıda “Cənub”
qaz dəhlizinin birinci Məşvərət
Şurasını keçirdik, çox böyük uğurla
keçirdik. Çox şadam ki, Avropa
İttifaqının vitse-prezidenti, ABŞ Dövlət
Departamentinin yüksək vəzifəli nümayəndəsi,
əlbəttə ki, “Cənub” qaz dəhlizinin bütün
üzv ölkələrinin nümayəndələri orada
iştirak etmişlər. Yəni, bu,
geniş beynəlxalq formatdır. Növbəti
dövr ərzində qarşılıqlı anlaşma,
işlərin əlaqələndirilməsi və
qarşılıqlı inam bizim işimizi sürətləndirəcək.
Çünki biz bir-birimizə daha da çox
inanmalıyıq. Qeyd etməliyəm ki, Azərbaycan
bu işlərdə bəlkə də ən böyük təcrübəsi
olan bir ölkə kimi əlbəttə, öz xidmətlərini
bundan sonra da göstərəcək.
Bizim bu günə qədər Türkiyə və
Gürcüstan ilə bərabər təşəbbüs
kimi irəli sürdüyümüz bütün layihələr
uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi Ərzurum. Bakı-Tbilisi-Qars da uğurla nəticələnir.
Ona görə də məndə heç bir
şübhə yoxdur ki, “Cənub” qaz dəhlizi və onun
önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək.
Bu, şaxələndirmə layihəsidir.
Avropaya və Türkiyəyə yeni mənbədən
böyük həcmdə əlavə qaz nəql ediləcəkdir.
Hazırda Avropa üçün yeganə
mövcud olan yeni qaz mənbəyi “Şahdəniz”
qazıdır, Azərbaycan qazıdır. Gələcəkdə
başqa mənbələr də olacaqdır, amma hazırda
budur. Mənbələrin şaxələndirilməsi
çox önəmlidir. Yolların şaxələndirilməsi
də önəmlidir. Biz hamımız
şaxələndirmə haqqında danışırıq,
amma ilk növbədə, yeni mənbələrin
mövcudluğu önəmlidir. Çünki
burada da qeyd edildi, dünyada və xüsusilə də Avropada
qaza olan tələbat getdikcə artacaq. Ənənəvi
mənbələr də təbii olaraq tükənir. Yeni resurs bazası olmalıdır. Hazırda bu resurs baza Azərbaycandır.
Mən əminəm ki, biz gələcəkdə də
bütün işləri lazımi səviyyədə
aparacağıq. Bizə lazım olan bütün əlaqələndirmə
işləri aparılır. Əsas məsələ
ondan ibarətdir ki, bizim aramızda qarşılıqlı
anlaşma, qarşılıqlı hörmət, bir-birimizə
inam var.
Mən TANAP layihəsinin Novruz bayramı ərəfəsində,
axır çərşənbə günündə təməl
daşının qoyulmasında da böyük rəmzi məna
görürəm. Biz milli ənənələrimizə
bağlıyıq, sadiqik, öz gələcəyimizi milli dəyərlər
üzərində qururuq. Biz bütün
dünyaya da açığıq. Bu
gün burada toplaşan, müxtəlif ölkələrdən
gəlmiş qonaqlar bizim dəyərli
dostlarımızdır. Bu işi biz bərabər
görürük və görəcəyik.
TANAP-a uğurlar və inşallah, üç ildən
sonra TANAP-ın açılışında bərabər
olacağıq. Sağ olun.
X X X
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan çıxış etdi.
Prezident Rəcəb
Tayyib Ərdoğanın çıxışı
- Hörmətli
Azərbaycan Prezidenti.
Hörmətli
Gürcüstan Prezidenti.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Sizi sevgi və ehtiramla salamlayır, “Cənub” qaz dəhlizi
layihəsinin onurğa sütununu təşkil edən
Trans-Anadolu təbii qaz boru kəmərinin – TANAP-ın təməlqoyma
mərasiminin ölkələrimiz, xalqlarımız, bölgəmiz
üçün xeyirli olmasını diləyirəm. Bu mərasim
münasibətilə ölkəmizi şərəfləndirdiyiniz,
qarslı qardaşlarımızla bir yerdə olduğunuz
üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür
edirəm. Qaz nəqlinin
başlayacağı 2018-ci ildə də bu xoşbəxtliyi,
inşallah, birlikdə paylaşmağı arzu edirəm.
Dünyada neft və təbii qaz layihələri təəssüf
ki, əksər hallarda münaqişələrlə, problemlərlə,
müharibələrlə, müstəmləkə ilə
xatırlanır. Mən bu layihənin sülhlə, rifahla,
əmin-amanlıqla birlikdə xatırlanacağına
inanıram. Biz heç vaxt başqa cəmiyyətlərin
və ölkələrin bədbəxtliyi üzərində
xoşbəxtliyimizi qurmaq məqsədi güdmədik. Belə bir düşüncəni əsla qəbul
etmədik. Siz, hörmətli prezidentlərin
də eyni yanaşmaya sahib olduğunu çox yaxşı
bilirəm. Dünyanı daha ədalətli,
yaşana bilən, əmin bir yerə çevirmək məsələsində
hamımız məsuliyyətimizi dərk edirik. Bu layihə ilə hamımız birlikdə təbii
sərvətlərin istifadəsi ilə bağlı yeni bir
yanaşmanı bütün dünyaya göstərə biləcəyimizi
düşünürəm. Türkiyənin şərq
sərhədindən başlayıb qərb sərhədində
başa çatacaq və “Şahdəniz” qazını Avropaya
daşıyacaq bu boru kəmərinin təbii qaz ilə
yanaşı, sülh və əmin-amanlığın da
daşıyıcısı olmasını ürəkdən
arzu edirəm.
Məlum olduğu kimi, təbii qazın tədarükçüsü,
tranzitçisi və istehlakçısı var. Təbii ki,
burada xüsusilə əsasən də Azərbaycan bu işin
tədarükçüsüdür. Digər tərəfdən,
Gürcüstan və biz bu işin həm tranzitçisi, həm
də istehlakçısıyıq. Avropa
isə bu işin istehlakçısı olacaqdır. Belə bir vəziyyət gündəmdədir.
İqtisadi resurslar əgər
insanlığın xidmətində deyilsə, fəlakətin
- yaşadığımız iki böyük dünya müharibəsinin,
irili-xırdalı saysız-hesabsız müharibənin,
münaqişənin səbəbi olduğunu gördük.
Biz bu layihə ilə eyni zamanda, sahib olduğumuz sərvətləri
öz vətəndaşlarımızın, onlarla birlikdə
bütün bölgə xalqlarının, bütün
insanlığın xidmətinə təqdim etmək iradəmizi
də ifadə etmiş oluruq. Bu yola birlikdə
çıxdığımız, bu yolda birlikdə irəlilədiyimiz
üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür
edirəm.
Hörmətli prezidentlər, əziz qonaqlar, Türkiyə
son 12 ildə həyata keçirdiyi böyük islahatlarla həm
demokratiya, həm də iqtisadiyyat sahələrində
çox böyük irəliləyişlər əldə
edib. Bu prosesdə ölkəmizi hər sahədə
üç dəfə böyüdərək, əsas
infrastruktur layihələrini reallaşdıraraq, investisiya
mühitini yaxşılaşdıraraq keçmişin çətinliklərini
aradan qaldırmağa səy göstərdik. Bu dövrdə, bildiyiniz kimi, adambaşına milli gəlirimiz
3500 dollardan 11 min dollara çatdı. İxracatımızı
36 milyard dollardan 158 milyard dollara qədər
çatdırdıq. Turizm sahəsində gəlirlərimizi
12,5 milyard dollardan 34,5 milyard dollara
çatdırdıq. Təhvil
aldığımız 6100 kilometr uzunluğunda magistral yollara
17 min 590 kilometr yol əlavə etdik. Sürətli
dəmir yolu xətti, hava limanları ilə ölkəmizin hər
bir bölgəsini sürətlə və etibarlı şəkildə
səyahət ediləcək səviyyəyə gətirdik.
Buraya da gələrkən bu şəhərimizin
də tikinti meydançasına çevrildiyini
gördünüz. Yaşayış
kompleksləri layihələri ilə bütün dünyada
nümunə göstərilən şəhərləşmə
kampaniyasını başlatdıq. Su
anbarları, suvarma və sutəmizləmə təsisləri,
kənd təsərrüfatı sahəsində inkişaf
layihələri, bütün sahələrdə infrastruktur sərmayələri
ilə ölkəmizin, necə deyərlər, simasını
dəyişdirdik.
İndi də
əsl hədəflərimizə - 2023-cü il
hədəflərinə hazırlaşırıq. Məqsədimiz 500 milyard dollarlıq ixracat, 2 trilyon
dollarlıq milli gəlir, birrəqəmli işsizlik və
inflyasiya səviyyəsi ilə gənc, təhsilli əhalimizi
maksimum şəkildə dəyərləndirərək
dünyanın ilk on iqtisadiyyatından biri olmaqdır. Bu baxımdan Türkiyəni bölgənin enerji
paylama mərkəzinə çevirməyi də
planlaşdırırıq. Ceyhan artıq
dünyanın ən mühüm neftpaylama mərkəzlərindən
birinə çevrilib. İraq və
Suriyada vəziyyətin normallaşması ilə Ceyhanın bu
mövqeyi daha da güclənəcək, qabiliyyəti daha da
artacaqdır. Digər ölkələrlə
də təbii qaz və neft boru kəmərləri layihələrimiz
davam edir.
TANAP bütün bu layihələrin arasında marşrutu və hədəfləri ilə xüsusi bir yerə, önəmə sahibdir. Bu layihə başqa heç bir layihənin alternativi olmadığı kimi, bu layihəyə alternativ başqa bir layihə də yoxdur. Bu baxımdan həqiqətən də özünəməxsus bir layihə olan “Cənub” qaz dəhlizini bütün mərhələləri ilə tamamilə həyata keçirdikdə Avropa ilə Xəzər bölgəsi arasında güclü bir əlaqə qurmuş olacağıq.
Bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı var. Bir az əvvəl Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini çıxışına türkcə sözlərlə başladı və məni xeyli məmnun etdi. Bunu xatırlatmaq istəyirəm ki, hətta bu səviyyədə türkcəsi ilə Adriatikdən Çin səddinə qədər heç bir çətinlik çəkmədən gedə bilər. Bu məsələdə arxayın olsun. Bir az əvvəl də dediyim kimi, bu layihənin iqtisadi funksiyası ilə yanaşı, sülhə və əmin-amanlığa verəcəyi töhfə də maraqla qarşılanacaq.
Təməlini qoyduğumuz TANAP 1850 kilometr uzunluğu və dostlarımın da söylədiyi kimi, 10 milyard dollar maliyyəsi ilə bu missiyaya artıqlaması ilə layiq olan layihədir. 16 milyard kubmetrdən başlayıb mərhələli olaraq 22 milyard kubmetrə və 31 milyard kubmetrə qədər çatdırılacaq qabiliyyəti ilə bu layihədə təbii qaz nəqlinin, inşallah, nəzərdə tutduğumuz tarixdə - 2018-ci ildə başlamasını arzu edirik. Planımız budur.
TANAP layihəsinin bu kəmərin keçdiyi Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxana, Giresun, Sivas, Yozqat, Kırşehir, Qırıqqala, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ, Ədirnə vilayətlərimizə də xeyirli olmasını diləyirəm. Ölkəmizi şərqdən qərbə qədər qət edəcək, 20 vilayətimizdən, 67 qəsəbəmizdən və 600 kəndimizdən keçəcək 1850 kilometr uzunluğundakı kəmərin sürətlə tamamlanaraq istifadəyə verilməsini arzu edirik.
Hörmətli prezidentlərə və hörmətli qonaqlarımıza bu münasibətlə ölkəmizə təşrif buyurduqları üçün bir daha təşəkkür edirəm. Fəaliyyəti davam etdirəcək firmalara, mühəndislərə, texniklərə, işçilərə uğurlar diləyirəm. Layihənin bu günə qədər gəlməsində əməyi və töhfəsi olan hər kəsə təşəkkür edirəm.
Bir daha Trans-Anadolu təbii qaz boru kəmərinin – TANAP-ın təməlqoyma mərasiminin xeyirli olmasını diləyir, “Allah qəzadan-bəladan hifz etsin” deyir, sizi sevgi və hörmətlə salamlayıram.
X X X
Sonra TANAP boru kəmərinin təməli qoyuldu.
AZƏRTAC
Azərbaycan.-2015.- 19 mart.- S.4-5.