Rəşid Behbudovun
100 illik yubileyinin
keçirilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur.
Rəşid Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. Özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Çoxşaxəli fəaliyyəti dövründə özünün qurduğu və bu gün də adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı mədəniyyətə sanballı töhfə təşkil edir. Rəşid Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz obrazlar ölkə kinematoqrafiyasının parlaq səhifələridir. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği naminə misilsiz xidmətlər göstərmiş qüdrətli sənətkar Rəşid Behbudovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi görkəmli musiqi xadimi Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il
Azərbaycan.-2015.- 19 mart.- S.6.